30 Iyun 2014 02:06
338
Elm və texnika
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilmişdir

 

 

İyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilmişdir.

AMEA-nın prezidenti akademik Akif Əlizadə tədbirdə akademiyanın 48 həqiqi üzvündən 44-nün, 96 müxbir üzvündən 83-nün iştirak etdiyini, yığıncağın işə başlamağa səlahiyyətli olduğunu bildirmişdir.

Gündəliyi elan edən akademik A.Əlizadə bildirmişdir ki, yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər keçiriləcək, akademiyanın yeni nizamnaməsi və “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” müzakirəyə çıxarılacaq, yaradılması nəzərdə tutulan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutu haqqında məlumat veriləcəkdir.

A.Əlizadə bildirmişdir ki, yeddi ildən bəri akademiyada seçkilər keçirilməmişdir. Bu isə müəyyən çətinliklər yaradır. Belə ki, akademiyada bəzi prioritet istiqamətlər zəifləyir, kadr hazırlığı işində çətinliklər meydana çıxır. Hesab edirəm ki, bəzi elmi məktəblərin də fəaliyyəti zəifləyir. Bu baxımdan bugünkü tədbir böyük əhəmiyyət kəsb edir.

Akademik A.Əlizadə son zamanlar AMEA-da mühüm məsələlərin müzakirə olunduğunu və vacib qərarların qəbul edildiyini diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, bugünkü gündəlikdən də göründüyü kimi, ümumi yığıncaqda bir sıra  əhəmiyyətli məsələlər müzakirə ediləcəkdir.

Azərbaycanda elmin inkişafına göstərilən dövlət qayğısından danışan A.Əlizadə bu sahədə həyata keçirilən mühüm tədbirlərdən də söz açmışdır. AMEA-nın rəhbəri alimlərimizin şərəfli əməyinin stimullaşdırılması ilə bağlı təkliflərin ölkə rəhbərliyi tərəfindən böyük həssaslıqla qarşılandığını, Azərbaycan elminin inkişafı naminə akademiyaya hər cür qayğı göstərildiyini, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırmış, elmi ictimaiyyət adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir. AMEA-nın prezidenti əminliklə qeyd etmişdir ki, Azərbaycanın elmi potensialı dövlətin diqqət və qayğısı, həmçinin özünün daxili intellektual səfərbərliyi sayəsində yeni dövrün tələbləri baxımından daha da mütəşəkkilləşəcək, respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bundan sonra da yaxından iştirak edəcək, dünya elminə layiqli töhfələrini verəcəkdir. O, bugünkü seçkilərin ölkədə elmin gələcək inkişafına böyük fayda verəcəyinə inamını ifadə etmişdir.

Sonra AMEA-nın vitse-prezidenti, nizamnamə komissiyasının sədri, akademik İsa Həbibbəyli akademiyanın yeni nizamnaməsi ilə bağlı çıxış etmişdir.

Son illər AMEA-nın böyük inkişaf yoluna qədəm qoyduğunu bildirən akademik İ.Həbibbəyli vurğulamışdır ki, Prezident İlham Əliyev akademiyanın inkişafına hərtərəfli şərait yaratmış, bu qurumun dövlətimizin böyük qayğısı ilə regionda iri elmi mərkəzə çevrilməsini azərbaycanlı alimlərin qarşısında mühüm vəzifə kimi qoymuşdur. Bu strategiyaya uyğun olaraq bir ildən artıqdır ki, AMEA-da bu elm məbədinin bütün sahələrini əhatə edən geniş islahatlar kompleksi ardıcıl həyata keçirilir. Struktur, kadr islahatları, innovativ fəaliyyətin hüquqi bazasının möhkəmləndirilməsi, sahibkarlıq fəaliyyətinə keçid, beynəlxalq əlaqələrin genişləndirilməsi və digər sahələrdə yenilənmə sürətlə davam etdirilir. Lakin AMEA-nın 2002-ci ildə qəbul olunmuş nizamnaməsi bu islahatlara, inkişafa və reallığa cavab vermir. Çünki 6 bənddən və 67 maddədən ibarət olan həmin nizamnamə keçid dövrünün akademiyada funksiyalarını tənzimləmək üçün nəzərdə tutulmuşdur. Ona görə də hazırda AMEA-da aparılan islahatlar, ölkədə gedən sürətli inkişaf prosesləri zəminində yeni nizamnamənin yaranması zərurəti meydana çıxmışdır. AMEA-nın rəyasət heyətinin 2013-cü il  sentyabrın 18-də akademiyanın yeni nizamnamə komissiyasının tərkibini müəyyənləşdirdiyini və ona yeni nizamnaməni hazırlamağı tapşırdığını vurğulayan İ.Həbibbəyli yeni nizamnamənin layihəsi haqqında geniş məlumat vermişdir. Bildirilmişdir ki, sənəd elmin inkişafının müasir tələblərinə uyğunlaşdırılmış, müvafiq komissiya və rəyasət heyəti tərəfindən baxılmış, müzakirə edilmişdir. Akademik yeni nizamnamənin qəbulunu elmi fəaliyyət sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirmişdir.

Qeyd olunmuşdur ki, sənədin layihəsi rəyasət heyətinin ümumi yığıncağında müzakirə edilmiş və bəyənilmişdir. Nizamnaməyə ilk dəfə AMEA-nın beynəlxalq əlaqələri ilə bağlı xüsusi maddə əlavə olunmuş, akademiyanın regional bölmələri və elmi mərkəzləri barədə ayrıca maddə daxil edilmişdir.

Nizamnamə səsə qoyulmuş, ümumi yığıncağın qərarı ilə təsdiq olunmuşdur.

Müzakirəyə təqdim edilən növbəti məsələ “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” olmuşdur. AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev çıxış edərək diqqətə çatdırmışdır ki, konsepsiyada elmi fəaliyyətin yeni əsaslarla təşkili, tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması və elmi infrastrukturun müasirləşdirilməsi kimi mühüm məsələlər nəzərdə tutulur. Maliyyələşdirmə mexanizmləri, maddi-texniki və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin beynəlxalq elm məkanına inteqrasiya da konsepsiyada elmin inkişafına xidmət edən hədəflərdəndir. Sənəd ümumi yığıncağın qərarı ilə qəbul olunmuşdur.

Sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov akademiyanın  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması zərurətindən danışmışdır. Bildirilmişdir ki, son illər biologiya elminin sürətli və dinamik inkişafı bir çox yeni elmi istiqamətlərin və elm sahələrinin formalaşmasına zəmin yaratmış, molekulyar biologiya, biotexnologiya, gen mühəndisliyi, genomika, bioinformatika və digər yeni elmi sahələrin meydana çıxmasına səbəb olmuşdur. Molekulyar biologiya və biotexnologiyalar sahəsində sanballı elmi tədqiqatların aparılması akademik Cəlal Əliyevin adı ilə bağlıdır. Hələ ötən əsrin sonlarında onun rəhbərliyi altında AMEA-nın Botanika İnstitutunda böyük bir bölmə yaradılmış, bu sahədə dünya miqyasında qəbul edilən elmi tədqiqatlar aparılmış, yüksək ixtisaslı kadrlar hazırlanmışdır. İndi həmin bölmədə 11 laboratoriyanın fəaliyyət göstərdiyini diqqətə çatdıran akademik Ə.Əmiraslanov aparılan elmi tədqiqatların keyfiyyətini və səmərəliliyini, kadr hazırlığının səviyyəsini daha da yüksəltmək üçün Botanika İnstitutunun nəzdindəki eyniadlı şöbənin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının vacibliyini vurğulamışdır.

Daha sonra akademik İsa Həbibbəyli AMEA-nın Elm Tarixi və Dünya Siyasəti institutlarının yaradılmasını zəruri edən amillərdən söz açmışdır. Qeyd edilmişdir ki, AMEA-nın İctimai və Humanitar Elmlər Bölməsinin fəaliyyətində laboratoriyalarla yanaşı, arxiv materiallarından istifadə etmək mühüm yer tutur. Bu mənada elmi irsin toplanması, sistemləşdirilməsi və öyrənilməsi məsələləri ilə məşğul olacaq Elm Tarixi İnstitutunun yaradılması mühüm əhəmiyyət kəsb edir. Hazırda elmi irsin elektron versiyalarının hazırlanması müasir dövrün ən yeni tələblərindəndir. Bu məsələni Elm Tarixi İnstitutu səviyyəsində qurmaq həm də bu institutun müasir texnologiyalar əsasında elmi irsi elmi dövriyyəyə gətirməsi, dünya arxivləri ilə əlaqələrin qurulması baxımından da əhəmiyyətli ola bilər. Dünya Siyasəti İnstitutunun yaradılmasının vacibliyindən danışan akademik İ.Həbibbəyli demişdir ki, Azərbaycanın beynəlxalq aləmə, həm Qərbə, həm Şərqə inteqrasiyası akademiyanın institutlarında da əksini tapmalıdır. Azərbaycanın hazırkı inkişaf səviyyəsi, dünya miqyasında tutduğu yer, dövlətimizin yürütdüyü  siyasətin ümumi şəkildə öyrənilməsi bu yeni institutun yaranması  zərurətini meydana çıxarır.

Yığıncaqda AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutunun təşkili səs çoxluğu ilə təsdiq edilmişdir.

Akademik Akif Əlizadə bu ilin sentyabrında akademiyanın təşkilatçılığı ilə Qafqazda ilk elm festivalının planlaşdırıldığını, ilin sonunda Azərbaycan alimlərinin I qurultayının keçiriləcəyini, həmçinin növbəti ilin əvvəllərində AMEA-nın 70 illik yubiley tədbirlərinə başlanacağını yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.

Çıxışının sonunda akademik A.Əlizadə AMEA-nın həqiqi üzvlüyünə 43, müxbir üzvlüyünə isə 265 nəfərin namizəd olduğunu qeyd etmişdir.

Sonda AMEA-nın bölmələri üzrə təşkil olunmuş məntəqələrdə akademiyanın həqiqi və müxbir üzvlüyünə namizədlərə səsvermə keçirilmişdir.

AMEA-nın ümumi yığıncağında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, digər dövlət və hökumət rəsmiləri, rəyasət heyətinin üzvləri, akademiyanın institutlarının, təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak etmişlər.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video