16 Oktyabr 2019 12:32
2322
Səfərlər
A- A+

Azərbaycan-Koreya əlaqələri uğurla inkişaf edir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Əminəm ki, sizin səfəriniz iki ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Bizim əlaqələrimiz uğurla inkişaf edir və şadam ki, Koreya-Azərbaycan əlaqələri yeni pilləyə qalxıb. Siyasi əlaqələrimiz yüksək səviyyədədir və sizin səfəriniz bunu bir daha təsdiqləyir. Dövlət başçıları səviyyəsində qarşılıqlı rəsmi səfərlər həyata keçirilmişdir. Əlbəttə ki, iqtisadi sahədə əməkdaşlıq daha da geniş vüsət alır. Azərbaycanda 70-ə yaxın Koreya şirkəti rəsmi qeydiyyatdan keçib. Bir neçə Koreya şirkəti Azərbaycanda müxtəlif infrastruktur və inşaat layihələrində iştirak edir. Bakı şəhərində yeni tikilmiş, arxitektura baxımından cəlbedici olan bəzi binaların memarlıq dizaynı Koreya şirkətləri tərəfindən təmin edilmişdir. Ümumiyyətlə, biz istəyirik ki, qarşılıqlı investisiya qoyuluşu daha geniş vüsət alsın. Azərbaycan sizin ölkəyə yarım milyard dollara yaxın sərmayə qoyub. Bizim Dövlət Neft Fondumuz Koreyada daşınmaz əmlaka sərmayə qoyub və əminəm ki, gələcək illərdə qarşılıqlı sərmayə qoyuluşu daha geniş vüsət alacaq.

Şadam ki, Koreyadan Azərbaycana gələn turistlərin də sayı artır. Bildiyiniz kimi, Koreya vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq olunur və onlar elektron vizanı bir neçə gün ərzində alıb Azərbaycana gələ bilərlər. Bilirəm, koreyalılar xarici ölkələrə səfər etməyə çox həvəslidirlər və ümid edirəm ki, Azərbaycan onlar üçün çox maraqlı bir yer ola bilər.

Əlbəttə, parlamentlərarası əlaqələrə xüsusi diqqət yetirilir. Şadam ki, bu gün sizin rəhbərliyinizlə yüksəksəviyyəli nümayəndə heyəti bizim qonağımızdır. Səfər zamanı həm parlamentlərarası əlaqələr müzakirə ediləcək və bununla bərabər gündəlikdə duran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Əminəm ki, səfəriniz uğurlu olacaq, bir daha xoş gəlmisiniz.

x x x

Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq dedi:

-Çox sağ olun, cənab Prezident, Sizinlə görüşdüyümə görə çox şadam və çox şərəf hissi duyuram. Mən bilirəm, xəbərdaram ki, Siz nə qədər məşğulsunuz və belə bir vaxtda bizə görüş üçün vaxt ayırmısınız. Bildiyimə görə, Siz oktyabr ayında Rusiyada olmusunuz, Gürcüstanın Baş Naziri Azərbaycana səfərə gəlib və dünən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Azərbaycanda keçirilib. Mənə çox maraqlıdır, Sizin bu tükənməz enerjiniz haradan gəlir? Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Macarıstan və başqa bir ölkə, sadəcə, müşahidəçidir, üzv deyil. Mən düşünürəm ki, bizim də təşkilata müşahidəçi kimi üzv ola bilmək imkanımız var. Ola bilərikmi?

Prezident İlham Əliyev: Çox yaxşı olar. Mən elə bu məsələni sizinlə müzakirə etmək istərdim.

Milli Assambleyanın sədri Mun Hi-sanq: Çox istərdim həyata keçsin.

Prezident İlham Əliyev: Ona görə, əgər belədirsə, onda gərək səfər zamanı bu məsələ müzakirə olunsun. Gələn il Türkiyədə keçiriləcək növbəti Zirvə Görüşündə Koreya əgər müşahidəçi qismində iştirak edərsə, biz çox məmnun olarıq. Macarıstan müşahidəçi kimi bizim tədbirlərdə artıq ikinci dəfədir ki, iştirak edir. Bu, onu göstərir ki, bu təşkilat yeni üzvləri, müşahidəçi qismində iştirak edən yeni ölkələri qəbul etməyə çox böyük maraq göstərir. Dünənki Zirvə Görüşündə həm qarşılıqlı siyasi dəstək göstərildi, eyni zamanda, iqtisadi sahədə bir çox önəmli layihələr müzakirə olundu. Ona görə xahiş edirəm, siz bu məsələni ciddi müzakirə edəsiniz və ümidvaram ki, nəticələr yaxşı olacaq.

Milli Assambleyanın sədri Mun Hi-sanq: Mən əminəm ki, uğurlu nəticə əldə olunacaq. Çünki Ural-Altay mədəniyyətinə daxil olan xalqlar həmişə ailəyə çox böyük önəm verib, böyükləri hər zaman özlərindən yüksəkdə tutublar. Buna görə də inanıram ki, biz eyni mədəniyyətə daxilik və bu əməkdaşlığımız uğurla nəticələnəcək.

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video