26 Dekabr 2012 01:12
441
PARLAMENT
A- A+

Azərbaycan İtaliya ilə müdafiə sahəsində əməkdaşlıq edəcək

 

Yaxın zamanlarda Azərbaycan və İtaliya hərbi sahədə əməkdaşlıq edəcək. Bununla bağlı "Azərbaycan Respublikası hökuməti və İtaliya Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. Sənəd təsdiqlənməsi üçün Milli Məclisə göndərilib.

Dünən parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında adıçəkilən saziş müzakirə edildi. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov bildirdi ki, iki ölkə arasında 6 may 2012-ci il tarixində Roma şəhərində imzalanan bu sənəd 9 maddədən ibarətdir. Sazişə əsasən, tərəflər təhlükəsizlik və müdafiə siyasəti, hərbi-siyasi sahədə əməkdaşlıq, sülhü dəstəkləmə əməliyyatları və humanitar əməliyyatlar, silahlı qüvvələrin təşkili və idarə edilməsi, hərbi sahədə təhsil və təlim, hərbi tibbi xidmət, hərbi idman və tərəfləri maraqlandıran digər hərbi sahələr üzrə əməkdaşlıq edəcək. Ziyafət Əsgərovun sözlərinə görə, bu saziş Azərbaycanın dövlət maraqlarına uyğundur və imzalanması respublikamız üçün əhəmiyyətlidir.

Müzakirələr zamanı komitə üzvü Elman Məmmədov bildirdi ki, İtaliya  Avropada nüfuzlu bir ölkədir və belə bir dövlətlə Azərbaycanın hərbi sahədə əməkdaşlığı müsbət qiymətləndirilməlidir. Onun sözlərinə görə, Avropa ölkələri ilə belə sazişlərin imzalanması Azərbaycanın müdafiə sənayesinin daha da qüdrətlənməsinə xidmət edir.

Komitənin üzvü Fərəc Quliyev vurğuladı ki, İtaliya kimi güclü bir dövlətlə hərbi əməkdaşlıq Azərbaycana yalnız xeyir verə bilər. Eyni zamanda bu sazişlə İtaliya hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə daha çox məlumatlandırıla bilər.

Deputat Aqil Abbas isə bildirdi ki, hazırda Azərbaycanın modern ordusu var və ölkəmiz gündən-günə hərbi qüdrətini artırır. Bu cür əməkdaşlıqlar beynəlxalq təcrübə baxımından da əhəmiyyətlidir. Tərəflərin bir-birinə qarşılıqlı yardım məsələlərini müsbət qiymətləndirmək olar.

Sonda Ziyafət Əsgərov diqqətə çatdırdı ki, həqqətən Azərbaycan Silahlı Qüvvələri bu gün modern silahlarla silahlanıb və Azərbaycanda istehsal edilən ən müasir silahlar xarici bazarlara da çıxarılır. 

Müzakirələrdən sonra sənəd təsdiq olunması üçün Milli Məclisin plenar iclasına tövsiyə edildi.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video