19:25 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
17:20 26.02.2021 Sükut dəqiqəsi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan gəncliyi tariximizin qüdrətli dövrünün müəllifinə çevrildi

ANA SƏHİFƏ / SİYASƏT
00:56 02.02.2021

 

“Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.

 

İlham ƏLİYEV

 

Müstəqillik tariximizin bir çox əlamətdar anları kimi 2 fevral Azərbaycanda gənclər günü olaraq 1996-cı ildən bəri hər il ölkəmizdə təntənə ilə qeyd edilir. Bu il isə gənclər gününün xüsusilə böyük mənası var. Çünki Azərbaycan gəncliyi yeni və möhtəşəm bir tarix yazdı.

Şanlı Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini Qələbə ilə tamamladı. İşğalçı ermənilər torpaqlarımızdan qovuldu. Tarixi ədalət bərpa olundu. İllərlə çəkən həsrətimiz sona yetdi.

Xalqımızın Vətən müharibəsində tarixi qələbəsi böyük milli potensialımızı üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz. Haqqımız olanın əlimizdən alınması ilə barışmaz. Canı-qanı bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edər.

 

Yurdu yaşadan qəhrəmanlar

 

Ermənistanın təcavüzkar siyasəti nəticəsində ərazilərimizin 20 faizinin işğal altında qaldığı, doğma yurdlara doğru aparan yolların üzümüzə qapandığı təxminən 30 ilə yaxın müddət ərzində Qarabağ problemini həyatımızda böyük bir boşluq kimi yaşayırdıq.

İlk baxışdan sanki hər şey qaydasında idi. Amma nəyinsə çatmadığının, özümüzü xoşbəxt sanmaq üçün hər şeyin yerli-yerində olmadığının hər birimiz fərqində idik, ürəyimizdəki Qarabağ nisgilini duyurduq. Çatışmayan işğal altında yolumuzu gözləyən müqəddəs ocaqlarımız, yağı düşmənin Azərbaycanın bağrından qoparmağa çalışdığı yaralı torpaqlarımız idi. Bu acını iliklərimizə qədər hiss edirdik. Gündəlik həyatımızın hər anında işğalın kədərli nişanələri bu itkini bizə hansısa formada xatırladan əlamətlərlə qarşımıza çıxarırdı. İllər keçdikcə bu boşluq aradan qalxmırdı, daha da böyüyürdü.

Nəhayət, o gün gəldi. Ötən ilin sentyabrında başlayan Vətən müharibəsinin cəmi 44 gün içində Qələbə ilə bitməsi bizi illərlə ürəyimizdə gəzdirdiyimiz ağır yükdən xilas etdi. Həyatımızdakı bu boşluq qələbə ruhu, nigaran yurdlarımıza qovuşmağın vüsalı ilə doldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderin ən böyük vəsiyyətini yerinə yetirdi. Azərbaycan xalqının arzusunu gerçəkliyə çevirdi. Torpaqlarımızı azad edən ən güclü Lider kimi adını tarixə əbədi həkk etdi.

Milli maraqlarımızı təmin edən, bizi böyük zəfərlərə qovuşduran, həm Vətən müharibəsinə qədərki hazırlıq illərində, həm müharibə gedişində, həm də Ermənistanın kapitulyasiyasından sonra nümayiş etdirdiyi parlaq keyfiyyətlərlə, mahir dövlət adamı, diplomat səriştəsi ilə, qətiyyətli sərkərdə qərarları ilə əsrimizin ən uğurlu liderlərindən olduğunu bir daha sübuta yetirdi. Azərbaycan Prezidenti İlham Əliyev kimi bir rəhbərə malik olmaq xalqımızın ən böyük xoşbəxtliyidir.

 

Vətənə sevgi nümunə kimi xatırlanacaq

 

Hazırda dünya mediası, beynəlxalq təşkilatlar, xarici nümayəndəliklər əsgər və zabitlərimizin qəhrəmanlıqlarından böyük heyrətlə söz açırlar. Azərbaycanın igid oğulları bu qəhrəmanlıqları real həyatda yaratdılar. Canları-qanları ilə tarix yazdılar. Göstərdilər ki, belə övladları olan, cəsur, mərd qəhrəmanlar yetişdirən Vətən heç vaxt yenilməz. Azərbaycan bundan sonra hər birimiz üçün həm də igidlərimizin mərdliyinə, fədakarlığına görə dəyərlidir. Ölümsüz qəhrəmanlarımızın yaddaşlarda qalan silinməz izləri ilə müqəddəsdir. 

44 günlük Vətən müharibəsinin ən ağır yükü cəbhədə misilsiz qəhrəmanlıqlar göstərən, ərazi bütövlüyümüz naminə şəhid olan, yaralanan, hər bir yüksəkliyin, kəndin, qəsəbənin, şəhərin azadlığı üçün silah yoldaşları ilə birgə böyük əziyyətlər çəkən gənc əsgər və zabitlərimizin üzərinə düşdü. Qarabağın tacı, ruhumuzun şəhəri olan Şuşanın azad edilməsi üçün qayalardan dırmanaraq yüngül silahlarla - bıçaqla, avtomatla tankın, topun üzərinə atılan, bu igidliyi dünyanın hərb tarixinə düşən Azərbaycan gəncliyinin qəhrəmanlığını unutmaq olarmı?! 

Düşmənə qisas hissi ilə kükrəyən, torpaqlarımızın azadlığı üçün hərbi əməliyyatların tezliklə başlanmasını arzu edən necə vətənpərvər, qəhrəman ruhlu gəncliyin yetişdiyinə hələ ordumuzun 2016-cı ildəki Aprel zəfəri zamanı hamımız şahid olmuşduq. 

Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi. Prezidentin səfərbərlik çağırışına on minlərlə gənc mərdliklə cavab verdi. Hamı  döyüşə getmək üçün könüllü yazılırdı. Gənclərimiz yerli səfərbərlik idarələrindən dərhal orduya aparılmalarını israrla tələb edirdilər. Hər vəchlə cəbhədəki dostlarının, həmyaşıdlarının yanında olmağa, düşməndən qisas almağa can atırdılar. Hərb meydanına, qanlı savaşa ruh yüksəkliyi ilə yollanırdılar. Düşmənlə üz-üzə yalnız qələbə barədə düşünür, vətənpərvərlikləri, döyüş ruhları, hazırlıqları, əzmkarlıqları ilə işğalçının qorxulu yuxusuna çevrilirdilər. Onların azad edilmiş məskənlərimizdə üçrəngli bayrağımızı qaldırmaları, Dövlət himnimizi oxumaları Azərbaycan gəncliyinin Vətən qarşısındakı müstəsna xidmətlərinin tarixdə əbədiləşmiş mənzərəsidir. Bu mənzərədə tarix hər zaman Azərbaycan xalqının yenilməzliyini görəcək.

44 günlük Vətən müharibəsi gedişində cəmiyyətdə, ölkəmizin ərazi bütövlüyü kimi taleyüklü məsələdən sonra gələn bütün müzakirə mövzuları arxa plana keçirildi. Xalq böyük qələbə üçün imkanlarını tam səfərbər etdi. Əsgər və zabitlərimiz ön cəbhədə düşmənlə üz-üzə əlindəki silahı ilə, cəmiyyət həyatının müxtəlif sahələrində çalışan əmək adamlarımız arxa cəbhədəki fəaliyyəti ilə, informasiya savaşında iştirak imkanı olan hər kəs səsi-sözü, milli həqiqətlərimizi çatdırmağı ilə Qələbəyə öz töhfəsini verməyə çalışdı. İndi hamı deyir, Vətən müharibəsində qazandığımız qələbə, milli birliyimizin qələbəsidir. Ona görə bu qələbə bizim üçün bu qədər dəyərli və tarixidir.

Azərbaycan övladları əvvəlcə cəbhəətrafı kəndlərimizi, ardınca Suqovuşan qəsəbəsini, Cəbrayıl rayonunu, sonra Hadrut qəsəbəsini, Füzuli, Zəngilan, Qubadlı rayonlarını işğaldan azad etdilər. Noyabrın 8-də xalqımızın mədəniyyət məbədi, musiqi beşiyi Şuşa 28 illik işğaldan sonra ordumuzun şücaəti sayəsində istiqlalına qovuşdu.

Mərd oğullarımız müqəddəs şəhərimizi qol gücünə, ağır silahlardan istifadənin mümkün olmadığı çətin dağlıq şəraitində düşmənlə əlbəyaxa vuruşaraq azad etdilər. Gəncliyi tərənnüm edən əsl vətənpərvərlik ruhu budur!

 

44 günlük müharibənin gerçəkləri

 

Həmin günlərdə bəşəriyyətə aid bir çox gerçəklər Azərbaycanın diktəsi ilə dünyaya çatdırıldı. 44 günlük müharibənin gerçəkləri göstərdi ki, hansısa xalqların ermənilər kimi özlərindən saxta nağıllar uydurub regional münaqişələrə zəmin hazırlaması dövrü daha keçmişdə qalıb. Artıq bu cür saxta miflərə heç kim inanmır. Belə nağılların, əfsanələrin səsləndirilməsini də istəmir. Eyni zamanda bir həqiqət ortaya çıxdı ki, keçmişə aid yalanlardan yapışıb qalmış istənilən toplum özünü gələcəkdən də məhrum edir. Uydurulmuş miflər, keçmişlə bağlı kin-küdurətin bu günə və gələcəyə də daşınması mühiti zəhərləyir. İlk növbədə bu zəhəri yayanların özlərini məhv edir.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bu məsələyə toxunaraq münasibət bildirib: “Bizə saxta tarix lazım deyil. Sovet dövründə nə qədər saxta tarixlə üzləşmişdik. Bizim qəhrəmanlarımız düşmən kimi göstərilirdi. Xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi. 26 Bakı komissarı - o erməni bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilirdi. Biz bunu görmüşük. Bizim nəsil bunu görüb, saxta tarix nədir. İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir”.

 

Gəncliyin missiyası davam edir

 

Azərbaycan gəncliyi öz missiyasını bu gün də davam etdirir. Azad edilmiş torpaqlarımızı qarlı-şaxtalı səngərlərdə göz bəbəyi kimi qoruyur. Orduda xidmət etməyənləri də əsgər və zabitlərimizə apardığı sovqatlarla, şəhid, yaralı ailələrimizə hansısa formada dəstəyi ilə Vətənin zəfərinə töhfə verməyə çalışırdı. Vətən müharibəsinin gedişində, ondan da əvvəl dünyanın müxtəlif səmtlərində yüz minlərlə azərbaycanlı gənc düşmənin informasiya təxribatlarına qarşı savaşırdı. Onların illərdir ki, dünyaya yaydıqları yalanları ifşa edirdi. Tarixi həqiqətləri, ermənilərin insanlığa sığmayan müharibə cinayətlərini, mülki əhaliyə qarşı törətdikləri qətliam faktlarını beynəlxalq ictimaiyyətə çatdırırdı. Döyüş meydanında bir-birinin ardınca qələbələr qazanan ordumuza informasiya savaşı meydanında da bacardığı dəstəyi verməyə çalışırdı. Eyni missiya bu gün də davam edir. Azərbaycan gəncliyi mənfur düşməni bu savaş meydanında da üstələyir. Azərbaycanın maraqlarını qorumağı bacarır. Vətənpərvərlik ruhu da budur!

Vətən müharibəsində şücaət göstərmiş Azərbaycan gənclərinin qəhrəmanlığı layiqincə qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti on minlərlə gəncimizi Vətən müharibəsindəki xidmətlərinə görə dövlətimizin ali orden və medalları ilə təltif edib. Onlar hər zaman bu orden və medalları sinələrində şərəflə daşıyacaqlar. Elin-obanın, gələcək nəsillərin qürur yeri olacaqlar. Vətən müharibəsində şəhid olmuş gənclərimizin məzarları ən müqəddəs and yerimizdir.  Dövlətimiz şəhid ailələrinin, müharibədə sağlamlığını itirmiş əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın hər zaman yanındadır. Onların sosial müdafiəsi üçün lazımi tədbirlər görülür. Azərbaycan gəncləri də müxtəlif vətəndaş təşəbbüsləri ilə bu məsələlərdə dövlətimizə dəstək olmağa çalışırlar.

Torpaqlarımızın azadlığından sonra indi Azərbaycan gəncliyi qarşısında həm də o torpaqların bərpası, abadlaşdırılması, sosial-iqtisadi dirçəlişi, yurdlarımızın yenidən gülüstana çevrilməsi missiyası durur. Azərbaycan gəncləri bunu da bacaracaqlar. Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yetişdirdiyi gənclik buna da qadirdir. Onların həyata keçirdiyi gənclər siyasəti, müəyyən etdiyi düzgün istiqamət Azərbaycan gəncliyini vətənpərvər ruhda tərbiyələndirdiyi qədər, həm də zəhmətə, əməyə, ölkəmiz üçün də, dünya üçün də faydalı olmağa, gözəlliklər yaratmağa, inkişafa təkan verməyə alışdırıb.

 

Yeni gələcəyin addım səsləri

 

Gənclik bu gün ölkəmizdə aparılan köklü islahatların əsas aparıcı qüvvəsini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti gənclərə yüksək vəzifələrdə etimad göstərir, müəyyən etdiyi strateji vəzifələrin yerinə yetirilməsində onlara böyük ümid bəsləyir. Bu ümidi doğrultmaq, vətənpərvərlik əzmini, azərbaycançılıq ruhunu qorumaq Azərbaycan gəncliyinin ümdə vəzifəsidir.

Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda yeni nəslin elmi bacarıqlarının inkişaf etdirilməsi, innovativ fəaliyyətinə dəstək göstərilməsi, qanunvericiliyin təkmilləşdirilməsində, vətəndaş cəmiyyətinin inkişafında daha yaxından iştirakı, institusional bacarıqlarının artırılması və s. ilə bağlı konkret hədəflər var.

Gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar yaradılıb. Hazırda paytaxt və bölgələrdə yüzlərlə gənclər təşkilatı fəaliyyət göstərir. Müstəqilliyin ilk illərində gənclərin əsasən beynəlxalq qurumlar tərəfindən dəstəklənən təşəbbüslərinə son illərdə dövlət büdcəsindən maliyyələşən fondlar və digər təsisatlar vasitəsilə dəstək verilir. Gənclər arasında könüllülük ənənələri inkişaf edir. Müxtəlif könüllülük proqramları vasitəsilə onların liderlik bacarıqları artırılır. Çoxşaxəli fəaliyyət istiqamətləri üzrə təcrübə toplaması, müəyyən mənada məşğulluğu, işgüzar çevrə yarada bilməsi təmin edilir.

Elmi fəaliyyətlə məşğul olan gənclərin dəstəklənməsi istiqamətində də əhəmiyyətli işlər görülür. Gənc alimlərimizin apardıqları tədqiqatlar müxtəlif qrant proqramları ilə dəstəklənir. Gənclərin elmə marağının artırılması üçün zəruri islahatlar həyata keçirilir. Bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir. Azərbaycanın gənc alimlərinin dünya elmi arenalarında təmsil olunması üçün lazımi şərait yaradılır. Bunun nəticəsidir ki, son illərdə öz elmi nəticələrini dünyanın nüfuzlu nəşrlərində, beynəlxalq tədbirlərdə təqdim edən, xarici ölkələrin elmi mərkəzlərinin əməkdaşları ilə müştərək tədqiqatlara cəlb olunan gənc alimlərimizin sayı getdikcə artır.  

*  *  *

Bu gün artıq yeni bir gələcəyin addım səsləri eşidilir. Bu gələcəkdən kənarda qalmaq istəməyən kər kəs ondan faydalana bilər. Qələbənin cəmiyyətimizə qazandırdığı qalibiyyət ruhu bu firavan hədəfləri ölkəmiz üçün misilsiz bir nailiyyət tarixinə çevirəcək, mohtəşəm salnamələr yaradacaq.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM