20 Dekabr 2018 00:55
1438
SİYASƏT
A- A+

Azərbaycan Ermənistan üzərində hərbi üstünlüyünü davamlı artırır


Yeni müasir silahlar isə işğalçı ölkəni daha çox qorxuya salır


İnkişaf göstəricilərinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada addımlayan Azərbaycan ordu quruculuğu prosesində də kifayət qədər mühüm nailiyyətlərin müəllifi qismində çıxış edir. Sözügedən istiqamətdə görülən işlərin məntiqi nəticəsidir ki, indi Azərbaycan təkcə mövcud olduğu regionda yox, ümumiyyətlə dünya miqyasında ən güclü, hazırlıqlı, qarşıya qoyulan tapşırığı müvəffəqiyyətlə yerinə yetirməyə qadir olan orduya malik ölkələrdən biridir.

Ölkənin dinamik tərəqqi parametrlərinə uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrini gündən-günə daha da modernləşdirməkdə, onu istər şəxsi heyət, istərsə də hərbi texnika və digər maddi resurslar baxımından yüksək səviyyədə təchiz etməkdədir. Yüksək səviyyədə verilən açıqlamalardan isə aydın olur ki, qarşıdakı dövr ərzində ordumuzun ixtiyarında Ermənistanı lərzəyə salacaq yeni müasir hərbi texnikaların sayı daha da artacaq.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində çıxışı zamanı bu xüsusda çox maraqlı fikirlər səsləndirib. Azərbaycanda ordu quruculuğu prosesinin uğurla, sürətlə getdiyini bildirən dövlət başçısı qeyd edib: "Azərbaycan dünyada güclü orduya malik olan ölkələrin sırasındadır. Ordumuzun maddi-texniki bazası möhkəmlənir, ən müasir texnika, silahlar alınır. Bu il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya göstərib. Bu gün ordumuz texniki təchizat baxımından dünya miqyasında seçilən ordular sırasındadır. Əlbəttə ki, bizim güclü hərbi potensialımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir. Ordumuzun döyüş qabiliyyəti artır. Bu gün ordumuz istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir”.

Prezident onu da diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün başqa amillərlə yanaşı, ən birinci amil bizim hərbi gücümüzdür, qüdrətimizdir: "Biz gücümüzü artırırıq və artıracağıq. Onu da bildirməliyəm ki, bu il bir çox önəmli kontraktlar imzalanmışdır. Bu kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcəkdir. Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək. Əlbəttə, hər bir ölkənin, o cümlədən müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir”.

Həqiqətən də ən müasir texnikaya malik olan və mənəvi-psixoloji hazırlıq cəhətdən yüksək səviyyədə olan Azərbaycan Ordusu işğal edilmiş əraziləri qısa zaman ərzində tam azad etmək gücündədir və bu, beynəlxalq dairələrdə, o cümlədən işğalçı Ermənistanın özündə də açıq etiraf olunmaqdadır. Təsadüfi deyil ki, indi işğalçı dövlətdə Azərbaycan və Ermənistan orduları arasında fərqin böyük sürətlə ölkəmizin lehinə dəyişməsinə dair etiraflar çoxalmaqda və Dağlıq Qarabağ münaqişəsinin həllinin hərbi müstəviyə keçəcəyi təqdirdə, bunun onlar üçün əsl fəlakət olacağını qəbul edənlərin sayı sürətlə artmaqdadır.

Düzdür, indi Dağlıq Qarabağ münaqişəsinin hələ sülh yolu ilə həllinə ümidlər tükənmədiyindən Azərbaycan məsələnin hərbi müstəvidə çözümünə lüzum görmür. Bununla belə Ermənistana və dünya ictimaiyyətinə yaxşı məlumdur ki, zəbt olunmuş ərazilərinin azad edilməsi üçün Azərbaycan beynəlxalq hüquq çərçivəsində hər an hərbi əməliyyatlara başlamaq və ərazilərini az vaxtda düşməndən tam təmizləmək iqtidarındadır. Bunun üçün isə Azərbaycanın hər keçən gün daha da güclənən ordusu var.

Ermənistan müzəffər Azərbaycan Ordusunun ən qısa zaman kəsiyində işğal altındakı əraziləri azad etmək iqtidarında olmasını 2016-cı ilin aprel döyüşündə, cari ilin mayında Naxçıvanda baş tutan əməliyyatlarda aydın gördü. Elə bu səbəbdən hazırda təcavüzkarın ən böyük qorxusu Azərbaycanın zəbt olunmuş ərazilərini güc yolu ilə qaytara biləcəyi ilə bağlıdır. Çünki işğalçı ölkə Azərbaycan Ordusunun bir zərbəsi ilə tam şəkildə darmadağın olacağını hər keçən gün daha yaxış görür.

Alınan yeni müasir silahlar isə bu fonda düşməni getdikcə daha çox qorxuya salır. Özü də burada nəzərə almaq lazımdır ki, ordumuz təkcə xaricdən alınan yox, həm də ölkə daxilində istehsal edilən silahar hesabına daha da güclənir. Belə ki, ölkəmizdə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətə başlamasından sonra onun müəssisələrində ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi yaradılıb. Görülən işlər nəticəsində 2018-ci ildə ümumi məhsul istehsalının həcmi 2007-ci illə müqayisədə 6,8 dəfə, müdafiə təyinatlı məmulatların həcmi isə 33 dəfə artıb. İstehsal olunan ümumi məhsulun 80 faizdən çoxu müdafiə, xüsusi təyinatlı məmulatlardır. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1200-ü keçib.

O da təqdirəlayiq haldır ki, nazirliyin müəssisələri beynəlxalq bazarlara çıxaraq müxtəlif tenderlərin qalibi olublar və bu da ölkəmizdə hazırlanan silahların yüksək keyfiyyətindən xəbər verir. Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, zirehli texnikaların, xüsusi təyinatlı patrul maşınının və digər məmulatların ixracı həyata keçirilir. Hazırda onlarla ölkəyə Azərbaycan istehsalı olan hərbi məhsullar ixrac edilir.

Beləliklə, Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan hərbi məmulatlar Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir. Bütün bunlar həm də ordumuzun təminatının yüksək səviyyəsinin mühüm göstəricisi kimi çıxış edir.

İşğalçı ölkənin isə bu ordunun qarşısında durması sadəcə mümkünsüzdür. Özü də nəzərə alaq ki, Ermənistanda digər sahələrdə olduğu kimi, orduda da vəziyyət getdikcə daha acınacaqlı xarakter alır. Bütün parametrlər baxımından erməni ordusunun böyük tənəzzül içində olması aydın görünür. Bu halda istənilən savaş erməni ordusunun qısa zaman kəsiyində darmadağın olması ilə nəticələnəcək. Bundan xilas üçün yeganə yol ərazilərimizin işğalına son qoyulmasıdır.

İndi dünya miqyasında birmənalı qəbul olunan həqiqətdir ki, işğal siyasətinə son qoymayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Bu vəziyyətdə işğalçı ölkə daha böyük problemlərlə üzləşib, ordumuzun sərt zərbəsini görmək istəmirsə, məntiqli hərəkət edib işğaldan əl çəkməlidir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video