18 Avqust 2021 01:57
959
SİYASƏT
A- A+

Azərbaycan erməni faşizminin təzədən baş qaldırmasına imkan verməyəcək

 

Yeni müharibə məğlub Ermənistanın sonu olacaq

 

Ermənistan sülh çağırışlarına məhəl qoymayaraq bölgədə yenidən vəziyyəti gərginləşdirməyə cəhd göstərir. Münaqişələr törətməyi özünün dəyişməz “vərdiş”inə çevirən bu ölkə son günlər sərhədyanı ərazilərdən Azərbaycanın hərbi mövqelərini atəşə tutmaqla təxribatlar həyata keçirir.

Azərbaycan Ordusu hazırda əməliyyat şəraitinə nəzarət edərək düşmənin bütün təxribatlarının qarşısını alır. Dövlətimizin hərbi gücü Ermənistanı yerləyeksan etməyə belə qadirdir. Lakin Azərbaycan sülhə tərəfdardır. Ölkəmizin əsas gözləntisi ötən ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın bütün müddəalarının yerinə yetirilməsi, Rusiyanın bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməməsi və Ermənistanın digər ölkələr tərəfindən silahlandırmamasıdır.

Bəzi dövlətərin dəstəyi ilə yenidən müharibə “həvəs”inə düşən Ermənistana isə Azərbaycan Prezidenti İlham Əliyev bir daha xəbərdarlığını edib. Türkiyənin “CNN Türk” televiziyasına verdiyi müsahibəsində dövlət başçısı deyib: “Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik. Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”.

Görünən odur ki, cəmi 10 ay əvvəl bir dövlət kimi yox olmaq təhlükəsi ilə üz-üzə qaldığını unudan bu terror yuvası aldığı dərsdən hələ də nəticə çıxara bilməyib. İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramış Ermənistanın rəsmi mənbələri bu savaşda 4000-ə yaxın hərbçinin həlak olduğunu, 300-dən çox hərbçinin isə itkin düşdüyünü açıqlasa da, əslində, bu rəqəmlər daha böyükdür. Hətta o dərəcədə ki, əhalisinin sayı onsuz da az olan bu ölkə çoxlu insan itkisi ilə nəticələnmiş müharibənin demoqrafik vəziyyətə təsirlərini hələ uzun müddət hiss edəcək.

Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu vəziyyətin gərginləşməsində Qərb amilinin xüsusi rolunun olması qənaətindədir. Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan Qərbin təlimatlarına uyğun olaraq, vəziyyəti gərginləşdirmək üçün əlindən gələni edir. Elşad Mirbəşiroğlu hesab edir ki, birgə bəyanatın sadəcə kağız üzərində qalması üçün Qərbin ciddi siyasi və maliyyə resursları səfərbər etdiyi göz önündədir. ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa tənzimləmənin birbaşa digər həmsədr ölkənin - Rusiyanın vasitəçiliyi ilə edilməsini heç bir halda qəbul etmək istəmir. Münaqişənin indiki şərtlər daxilində aradan qalxması digər həmsədrlərin regionda mövcudluğunu əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu baxımdan Ermənistanı təxribatlara sövq etməklə münaqişənin hələ də davam etdiyi təəssüratı yaradılmaqdadır. Qərb dairələrinin düşüncəsinə görə, belə olan halda “tənzimləmə” məsələsini aktuallaşdırmaq və Minsk qrupunu yenidən proseslərə cəlb etmək olar: “Paşinyanın hökumətin sonuncu iclasında səsləndirdiyi fikirlər də aydın göstərir ki, təlimatlar Qərbdən gəlir və əsas hədəf ATƏT-in Minsk qrupu platformasında yenidən müzakirələrə nail olmaqdır. Paşinyanın Azərbaycanla danışıqlara hazır olduğunu bildirməsi də konstruktivlikdən xəbər vermir. Bu, əksinə, siyasi təxribatların daha intensivləşdirildiyini göstərir. Çünki təcavüzkar Ermənistanın baş naziri məhz münaqişənin tənzimlənməsi istiqamətində Azərbaycanla danışıqlara hazır olduğunu bildirir. Əlavə olaraq da ATƏT-in Minsk qrupundan təkliflər gözlədiyini dilə gətirir. Göründüyü kimi, belə yanaşma tərzi Paşinyan kimi dar siyasi təfəkkürə malik olan birisinə aid ola bilməz. Qərbin təlimatlarına uyğun mövqe sərgiləyən Paşinyan vəziyyətin gərginləşərək açıq münaqişə həddinə çatması üçün əlindən gələni etməkdədir”.

Elşad Mirbəşiroğlu bildirir ki, Ermənistan təxribatlar törətməklə Azərbaycanın daha sərt cavab reaksiyasına nail olmağa çalışır. Bununla KTMT-in proseslərə qoşulması üçün əsas yaranmasını istəsə də, əslində onların əsl məqsədi bu da deyil: “Əksinə, təşkilatın real olaraq, proseslərə qoşulması Paşinyana təlimatlar verən Qərb dairələrinin maraqları ilə ziddiyyət təşkil edir. Belə olan halda strateji məqsəd bütün vəziyyətlərdə KTMT-dən imtina almaqla, erməni cəmiyyətində antirusiya meyilliliyini gücləndirməkdir. İctimai rəy də Qərbin tərəfində olduqda Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşması üçün əlavə təsir elementi yaranmış olacaq. Avropa İttifaqının Ermənistana az qala onun büdcəsi qədər maliyyə yardımı ayırması da birbaşa geosiyasi hədəflərə hesablanıb”.

Deputatın qənaətinə görə, çox istiqamətli strateji-taktiki addımları ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olan Prezidenti İlham Əliyevin Cənubi Qafqaz regionunda yaratdığı yeni geosiyasi reallıqlardan bəlli dairələrin narazı qalacağı gözlənilən idi: “Sirr deyil ki, istənilən coğrafiyada münaqişənin olması ora daha rahat müdaxilə imkanı yaradır. Ermənistan-Azərbaycan münaqişəsinin uzun illər həllini tapmamasının başlıca səbəbi də məhz münaqişənin tənzimlənməsi prosesində vasitəçiliyi həyata keçirmiş ATƏT-in Minsk qrupunun geosiyasi mübarizəsi oldu. Həmsədrlər münaqişənin tənzimlənməsi istiqamətində təsirli addımlar atmaq əvəzinə bu tənzimlənmə prosesini öz nəzarətlərində saxlamaq üçün fəallıq göstərirdilər”.

E.Mirbəşiroğlunun fikrincə, hazırda da ATƏT-in Minsk qrupunun prioriteti münaqişənin tənzimlənməsi deyil, onun davam etməsinə nail olmaqdır. Çünki imzalanmış birgə bəyanatın şərtlərinə əməl olunması postmünaqişə mərhələsində sülhə və təhlükəsizliyə xidmət edəcək növbəti elementləri yarada bilər.

Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə də deyir ki, Azərbaycan bugün hərbi əməliyyatların, qarşıdurmanın olmasında maraqlı deyil. Amma qarşı tərəf Azərbaycana qarşı hərbi təxribatlarından əl çəkmədiyi üçün vəziyyətin normallaşması vacibdir.

Azərbaycanın hazırkı gərginlikdən rahatsız olduğunu deyən Aydın Mirzəzadə hesab edir ki, ermənilərin hərbi mövqelərimizə atəş açması Azərbaycanın suveren hüquqlarını qoruması üçün çox ciddi addımlar atmasına səbəb ola bilər.

Deputat ermənilərin hazırkı əməllərini terrorçuluq sayır. O qeyd edir ki, ermənilərin indiki addımları Azərbaycanın suveren ərazisində hərbi hakimiyyətə tabe olmayan hərbi birləşmələrin dövlətə qarşı hərbi əməliyyatlarıdır. Buna görə məsuliyyəti həm ermənilər, həm də Rusiya sülhməramlıları daşıyır. Çünki sülhməramlıların vəzifəsi nəzarəti altında olan ərazilərdə hərbi əməliyyatların aparılmasına yol verməməkdir: “Ermənilər öz praktikalarını dəyişiblər, amma bu dəyişiklik heç də onların Azərbaycanla münasibətlərini normal hala yönləndirmir. Onlar artıq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən, sülhməramlıların arxasında gizlənərək Azərbaycanın hərbi nöqtələrinə atəş açırlar. Hazırkı vəziyyət situasiyanı kökündən dəyişir. Çünki artıq müharibə qurtarıb, Azərbaycan və Ermənistan postmüharibə dövrünü yaşayır”.

Azərbaycan postmüharibə dövründə azad edilmiş ərazilərdə sürətlə quruculuq işlərinin aparılması ilə məşğul olsa da, Ermənistan münaqişənin yenidən alovlandırılması ilə məşğuldur. Bu ölkə Azərbaycana qarşı təxribatlarını getdikcə daha da intensivləşdirir. Son baş verənlər də onu göstərir ki, Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına könüllü şəkildə əməl etmək istəmir. Beynəlxalq hüququn norma və prinsiplərini tanımayan Ermənistan bölgədəki sülh üçün yenə də təhdid yaradır. Azərbaycan bu təhdidlərin, eləcə də suverenliyimizə qarşı həyata keçirilən bütün təxribatların qarşısını ən sərt formada ala bilmək gücündədir. Ermənilər əslində bunu bilirlər və 44 günlük Vətən müharibəsində bunun canlı şahidi olublar.

Ermənistan Cənubi Qafqazda sülhün, sabitliyin və inkişafın davamlı olmasını təmin etmək üçün üçtərəfli bəyanatın müddəalarına şərtsiz əməl etməlidir. Bu terrorçu dövlətin yeni reallıqları qəbul etməsi üçün bütün region ölkələri də öz prinsipial mövqeylərini ortaya qoymalı və Ermənistanı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə məcbur etməlidirlər.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video