21 Yanvar 2021 18:47
653
SİYASƏT
A- A+

Azərbaycan bütün dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmətlə yanaşır

 

Rusiyanın “Moskovski komsomolets” nəşrində Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundovun “Azərbaycan bütün dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmətlə yanaşır” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC həmin məqaləni təqdim edir.

X X X

Üçtərəfli bəyanatın imzalanmasından sonra həm Rusiya mətbuatının, həm Rusiya oxucu auditoriyasının Azərbaycan və Ermənistan arasındakı vəziyyətə marağı tamamilə aydındır. Bununla belə, Marina Perevozkinanın “Evin yarısını erməniyə saxlayır, yarısını əlindən alırlar”: azərbaycanlıları sərhədboyu işğalda təqsirləndirirlər” və “Ermənistan “türk çuvalı”ndan qorxdu” sərlövhəli məqalələrində sərhədin yalnız erməni tərəfinin mövqeyi misal çəkildiyi üçün əslində nələrin baş verməsinə aydınlıq gətirək və bunu izah etməyə çalışaq.

Ardıcıllıqla danışacağıq. “Evin yarısını erməniyə saxlayır, yarısını əlindən alırlar”: azərbaycanlıları sərhədboyu işğalda təqsirləndirirlər” sərlövhəli birinci məqalədə söhbət Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası prosesindən gedir. “Moskovski komsomolets”in müxbirinin həmsöhbəti - Ermənistanın sərhəd qoşunlarının sabiq komandanı Levon Stepanyan müasir dünya üçün maraqlı və təhlükəli arqumenti misal gətirir: “Ermənilər həmişə bu sərhəddən narazı idilər”. O, daha sonra danışır ki, indi “onların hərbçiləri (azərbaycanlılar – F.A.) bizim orada qoşunlarımızın olmadığını, yalnız sadə kəndlilərin olduğunu bilərək həyasızcasına Ermənistan ərazisinə keçir, bununla da sovet sərhədlərini pozaraq, oraya öz bayraqlarını sancır, özlərinin GPS cihazlarını açaraq deyirlər ki, bura onların torpağıdır və “Azərbaycana xoş gəlmisiniz” lövhələri qoyurlar. Onlar GPS üzrə sərhədləri müəyyən edirlər, bu cihaz, bir qayda olaraq həmişə Azərbaycanın xeyrinə işləyir, nəticədə Ermənistan çox böyük ərazilərini itirir”.

Beləliklə, “Moskovski komsomolets” oxucularını da, cənab Stepanyanın özünü də məlumatlandırmaq istərdim: biz də mövcud sərhəddən narazıyıq. Dəqiq desək, XX əsrin iyirminci illərində Azərbaycanın əzəli torpaqları olan Zəngəzur qanunsuz şəkildə Ermənistana verilib və ölkəmizin ərazisini iki yerə bölərək, Naxçıvanı Azərbaycanın digər ərazilərindən təcrid ediblər. Lakin Azərbaycan dünya arenasında dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın tərəfdarı kimi ardıcıl çıxış edir. Bu isə qarşılıqlı prosesdir. Sərhədləri bəyənib-bəyənməməkdən asılı olmayaraq. Dünya tarixi sərhədləri güc hesabına “düzəltməyi” arzulayan siyasətçilərin öz xalqlarını hansı bəlalara sürüklədiyi barədə xeyli nümunələr qoruyub saxlayıb.

Ən əsası odur ki, nə üçün bu mərdimazar GPS cihazlarının “bir qayda olaraq Azərbaycanın xeyrinə işləməsinə” aydınlıq gətirək. Doğrusu, bu barədə Stepanyan özü də danışır: “Sovet dövründə bu, inzibati sərhəd idi, sonra o, tamamilə formal oldu, belə ki, ətrafdakı ərazilər bizim nəzarətimiz altında idi”.

Burada nə qədər sərt və həyasızcasına səslənsə də, bu torpaqların və evlərin tarixi barədə soruşmaq lazımdır.

Xatırladaq ki, 1992-1994-cü illərdə Ermənistan sərhədləri, beynəlxalq hüququ və sivil əxlaq normalarını dünya arenasında pozaraq, Azərbaycan ərazilərinin 20 faizini, o cümlədən keçmiş DQMV və Ermənistan arasında yerləşən Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarını işğal etmişdi.

Nəticədə, keçmiş sovet sərhədinin bir tərəfində Ermənistan torpaqları, digər tərəfində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları yerləşirdi. Xatırladaq ki, bu rayonlarda praktik olaraq erməni əhalisi yox idi. Azərbaycanlılar isə işğal nəticəsində amansız “etnik təmizləmə”yə məruz qaldılar. İnsanlar qarlı aşırımlardan, sözün həqiqi mənasında, ayaqyalın qaçırdılar, onlarca dinc sakin hələ də itkin düşmüş hesab edilir, onlar, sadəcə, dağlarda soyuqdan donublar.

Nəticədə, erməni tərəfdən sərhədlə bağlı narahatlıq keçirmədilər – onlar nəinki torpağı şumlayıb, Ermənistan əhalisinin dolanması üçün tələb olunan məhsulun yarısını yığır, Vejnəli və Söyüdlü yataqlarında qızıl hasil edir, həm də evlər tikir və sərhədboyu kəndlərə yollar çəkirdilər... İndi isə, Ermənistan müharibəni uduzduqdan, işğal edilmiş ərazilərdən güc hesabına çıxarılmağa məcbur edildikdən sonra sərhədlərin hərənin ürəyinin istədiyi kimi deyil, xəritədə qeyd olduğu kimi çəkilməsi vaxtı gəlib çatıb. GPS cihazları daha əvvəl işğal olunan sahələrdə sözsüz ki, təkcə Azərbaycanın xeyrinə deyil, həm də bu sərhədləri tanıyan Birləşmiş Millətlər Təşkilatının xeyrinə göstərir. Sərhədlərin GPS üzrə, yaxud köhnə qayda ilə - ensiz taxta və teodolitlə çəkilməsindən asılı olmayaraq, bu, belə olacaq.

Əlbəttə, bu, hər şeydən əvvəl, bu gün evləri və bağları “düşmənə qalmamaqdan ötrü” od vurub yandıran sərhədyanı sakinlərin özləri üçün ağrılı prosesdir. Bəs indiki ev yiyələri orada nə vaxtdan yerləşib? Bəs daha əvvəl orada yaşayanların aqibəti necə olub? Bu, xoşagəlməz suallardır, bu suallara cavab vermədən hazırda sərhədboyu rayonlarda nə baş verdiyini başa düşmək olmur.

“Ermənistan “türk çuvalı”ndan qorxdu” məqaləsindəki “qaranlıq yerlər”ə eynilə aydınlıq gətirmək vacibdir. Həmin məqalədə Marina Perevozkinanın həmsöhbəti – Ermənistanın Demokratik partiyasının sədri Aram Sarkisyan kommunikasiyaların açılması kimi humanitar addımın Ermənistanda nə üçün “birmənalı” qarşılanmadığını şərh edərək deyir: “Vəd etmək (Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Azərbaycan ərazisi vasitəsilə Rusiyaya tranzit alacağı barədə vədi – F.A.) və reallıq ayrı-ayrı məsələlərdir. Hətta sovet vaxtı Ermənistandan gəlib Naxçıvandan keçən qatarlara daş atırdılar, qatarlar şüşələri sınmış vəziyyətdə gəlirdilər. Eyni hal Azərbaycanda da baş verirdi. Hətta Ermənistanda zəlzələ zamanı, oraya humanitar yüklər gedən zaman bu, belə idi”. Ümumiyyətlə, sanki “bizim tarixi yaddaşımız türklərin sözünə inanmağa imkan vermir”.

Almanların və fransızların özlərinin qan yaddaşı ilə necə rəftar edərək, Yelisey sazişi bağlamalarından və SSRİ-nin ən iri xarici ticarət tərəfdaşı olan AFR-lə necə hərəkət etməsi barədə istehzalı suallar verməyəcəyik. Dünyada belə misallardan çox çəkmək olar və müharibələr sonda məhz onların sayəsində başa çatır.

Cənab Sarkisyanın söhbətində “Hətta sovet vaxtı Ermənistandan gəlib Naxçıvandan keçən qatarlara daş atırdılar, qatarlar şüşələri sınmış vəziyyətdə gəlirdilər” hissəsinə diqqət yetirək. O, xırda detal barədə susur: bu hadisə Ermənistan ərazisində baş verirdi!

Bütün işlərin səbəbi Cənubi Qafqazın “dəmir yolu coğrafiyasındadır”. Azərbaycandan Naxçıvana dəmir yolu Ermənistan ərazisindən, 46 kilometr uzunluğunda “Mehri sahəsi” (Mehri stansiyasının adı ilə bağlı) adlanan ərazidən keçirdi. Bununla belə, bu sahə Ermənistan ərazisində yerləşsə də, Azərbaycan dəmir yollarına mənsub idi. Qarabağda münaqişənin əvvəlində erməni ifrat millətçiləri məhz orada qatarları daş-qalaq edirdilər. Artıq 1989-cu ildə Naxçıvan MSSR tam blokadaya alınmışdı. Gülünc vəziyyət yaranmışdı: SSRİ yollar naziri Nikolay Semyonoviç Konarev 24 saat fasilə ilə “Vremya” proqramına iki dəfə müsahibə vermişdi.

Əvvəlcə yoldaş Konarev bəyan etmişdi ki, qatarlar Azərbaycan dəmir yollarında daş-qalaq edilir, lakin Bakıda gözlənilən hiddətdən sonra o, növbəti müsahibəsini verdi. Dəmir yolunun Azərbaycana məxsus olduğunu, lakin Ermənistan ərazisi ilə keçdiyini izah etdi. İndi isə cənab Sarkisyan eynilə bu cür nağıllar danışır.

Onu da xatırladaq: Ermənistan və Azərbaycan arasında davam edən münaqişənin bütün 30 ili ərzində Yerevanda 1988-ci ildə olduğu kimi “blokada”dan şikayət edirdilər. Halbuki, dəmir yollarının “açarları” həmin dəmir yollarının 150 kilometrini işğal etmiş Ermənistanın özündə idi. Sərhədləri tanımaq və qoşunları özgə, yəni işğal edilmiş Azərbaycan torpaqlarından çıxarmaq kifayət idi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də bunu tələb edirdi. Lakin Ermənistan könüllü şəkildə bunu etmədi.

Bununla belə, bu gün İkinci Qarabağ müharibəsindən sonra, Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanat regionun bütün ölkələrinə kommunikasiyaları blokadadan çıxarmaq, sözün həm məcazi, həm də həqiqi mənasında yeni yollar açmaq fürsəti verir. Ermənistanın Suxumi vasitəsilə dəmir yolu açmağa nail olmasına, yeni “istiqamətlər” qurmaq və öz logistik problemlərinin həlli yollarını axtarmağına heç kəs qadağa qoymur.

Lakin bunu yadda saxlamaq vacibdir: nə yaxşı ki, yaxud da təəssüf ki, ölkələr öz ünvanlarını dəyişmir. Kiminsə xoşuna gəlsə də, gəlməsə də Ermənistan Azərbaycan və Türkiyə ilə sərhəddə yerləşir. Belə vəziyyətdə Ermənistanda “şlaqbaumu endirmək” və izolyasiyada qalmağı arzulayan, “türk çuvalı” və s. barədə mühakimələr yürüdənlərin mövcudluğu, sadəcə olaraq, şok təsiri bağışlayır. Çünki əslində, bu gün Ermənistanın özünün olduğu “çuval”ın ağzı içəridən bütün qonşuları ilə olan sərhədlərdən hələ də xoşu gəlməyən kəslər tərəfindən dartılıb bağlanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video