19 Avqust 2021 00:32
985
SİYASƏT
A- A+

Azərbaycan bundan sonra da milli maraqlarını qətiyyətlə təmin edəcək

 

İkinci Qarabağ müharibəsindəki Qələbə Azərbaycanın son 200 illik tarixinin döyüş meydanında yazılan şanlı səhifəsi oldu. Ermənipərəst dövlətlərin və beynəlxalq təşkilatların təzyiq və təhdidlərinin qarşısını qətiyyətlə alan möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Aradan aylar, illər, onilliklər, qərinələr keçəcək, lakin bu Qələbə həmişə xalqımızın yoluna işıq salacaq, keçmişimizin qürur mənbəyi kimi gələcəyimizi qurmağa kömək edəcək.

Cəmi bir neçə aydan sonra tarixi qələbəmizin bir ili tamam olacaq. Bir il elə də böyük zaman kəsiyi deyil. Amma bu qısa zaman kəsiyində Azərbaycan dövlətinin işğaldan azad edilən torpaqlarımızda həyata keçirdiyi quruculuq işləri bəlkə də onilliklərə bərabərdir. Avqustun 16-da cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Kəlbəcər rayonuna səfərləri zamanı təməli qoyulan və ölkə rəhbərliyinin tanış olduğu layihələr hər birimizdə qürur doğurdu. Bəli, torpaqlarımızın cəmi 44 günə işğaldan azad olunmasını təmin edən İlham Əliyev indi onu sürətlə yenidən qurur, bərpa edir.

Dövlət başçısı Kəlbəcərdə Lev çayının kənarında çay süfrəsi ətrafında həm də Ermənistana və onun havadarlarına mesaj verdi, bu torpaqların əsl sahibinin Azərbaycan  xalqı olduğunu bəyan etdi: “Biz buraya qayıtmalı idik və qayıtdıq. Onlar buradan getməli idilər və getdilər. Tarixi ədalət bərpa olundu və biz ölkəmizin bəlkə də ən gözəl rayonlarından biri olan Kəlbəcərə nəinki qayıtmışıq, Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq”.

Dövlət başçısının Kəlbəcərdə bildirdiyi kimi, Ermənistanın məqsədi zəbt etdiyi bütün torpaqları əbədi işğal altında saxlamaq idi. Danışıqlar prosesində Ermənistan tərəfindən Kəlbəcər və Laçın rayonlarının qaytarılması ilə bağlı Azərbaycanın maraqlarına uyğun olmayan şərtlər irəli sürülürdü. Amma bu ölkə danışıqlarda həmişə qeyri-səmimi və qeyri-konstruktiv mövqe ortaya qoyub və işğal etdiyi rayonlarımızı qaytarmaq fikrindən uzaq olub. Əgər belə olmasaydı, Kəlbəcərə Ermənistanın Basarkeçər rayonu istiqamətindən avtomobil yolu çəkməzdilər. Üçtərəfli Bəyanata uyğun olaraq Ermənistan Kəlbəcər və Laçın rayonlarından çıxmağa məcbur edildi. Həmin avtomobil yolu isə qələbədən sonra qənimət kimi Azərbaycana qaldı. Hansı ki Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı həmin  yoldan da istifadə etdi.

Kəlbəcər şəhərində dövlət bayrağını ucaldan Prezident İlham Əliyev çıxışında bir çox məsələlərə nəzər saldı, Azərbaycan-Ermənistan dövlət sərhədindəki son proseslər və perspektiv vəzifələr barədə məlumat verdi. Bəli, məhz Prezidentin qətiyyətli siyasətinin nəticəsidir ki, hazırda Kəlbəcərdə dövlət sərhədi istiqamətində hərbi vəziyyət tam Azərbaycanın nəzarəti altındadır. Ermənistan bu istiqamətdə nə qədər təxribatlar törətsə də, Azərbaycan Vətən müharibəsindki qələbənin davamı olaraq dövlət sərhədini də bərpa etdi və Murovdağdan Araz çayına qədər bütün sərhəd infrastrukturu yaradılır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan-Ermənistan sərhədində biz söz sahibiyik. Bu, təbiidir və bundan sonra da söz sahibi olacağıq”.

Cənab Prezidentin “Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq” sözləri də siyasi və hərbi-strateji şəraitin tam Azərbaycanın nəzarətində olmasına işarə olmaqla yanaşı, son zamanlar Ermənistanda baş qaldırılmasına cəhd olunan revanşist meyillərə mesaj idi. Son günlərdə Ermənistanın və onun təəssübkeşlərinin yenidən vəziyyəti gərginləndirmək cəhdləri, cəhənnəmə göndərilmiş status məsələsini qabartmaları hiss olunur. Amma statusun harada olduğunu hələ ötən il noyabrın 10-da Prezident İlham Əliyev göstərib. Bu gün Ermənistanın müdafiəsinə qalxan, erməni lobbisinin əlində alətə çevrilən dövlətlər və siyasi mərkəzlər yaxşı anlayırlar ki, status məsələsini ortaya atmaqla Azərbaycana təsir edə bilmələri qeyri-mümkündür. 30 ilə yaxın müddətdə ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyən, 44 günlük Vətən müharibəsində isə  yaxından dəstək verilən Ermənistanı darmadağın edən Azərbaycan bundan sonra da öz milli maraqlarını qətiyyətlə təmin edəcək.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video