16 Mart 2014 06:03
1588
CƏMİYYƏT
A- A+

Azərbaycan arxeologiya elminin inkişafı və prioritet istiqamətləri

Azərbaycan arxeoloqlarının uzun illər apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya məkanlarından biri olması maddi faktlarla sübuta yetirilmişdir. Qarabağdakı Azıx mağarasında aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, Tunc dövrünün şəhərləri, yüzlərlə abidəni, Antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir.

 

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatmışdır. Ölkəmizdə  arxeoloji və etnoqrafik tədqiqatların yüz ildən artıq tarixinin olmasına baxmayaraq, bu sahələrdə əsaslı dönüşə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə - ötən əsrin 70-80-ci illərində nail olunmuşdur. Həmin dövrdə bütün bölgələrimizdə arxeoloji və etnoqrafik ekspedisiyalar fəaliyyət göstərmiş, xalqımızın maddi-mədəni irsinə dair yüz minlərlə qədim nümunə - arxeoloji-etnoqrafik materiallar toplanmışdır.

Son illər ölkə rəhbərliyi tərəfindən maddi-mədəni irsimizin qorunması, tədqiqi, təbliği, tarixi abidələrin bərpa və konservasiya məsələlərinə xüsusi diqqət yetirilir. Bununla əlaqədar Prezident İlham Əliyev bir sıra sərəncamlar imzalamışdır. Həmin sərəncamlarda Milli Elmlər Akademiyası qarşısında da mühüm vəzifələr qoyulmuşdur. Bu vəzifələr abidələrin tədqiqi işinin genişləndirilməsi, təkmilləşdirilməsi və dünyada təbliği məsələlərindən ibarətdir. Bu istiqamətdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən  çox böyük işlər görülmüş, tarixin bütün mərhələlərinə aid abidələrdə arxeoloji qazıntılar aparılmış, əvvəllər tədqiqatlardan kənarda qalmış bölgələrə ekspedisiyalar təşkil edilmiş, yüzlərlə arxeoloji abidə aşkar edilmişdir.

Xüsusilə qeyd etmək lazımdır ki, son illər arxeoloji tədqiqatlara maliyyə vəsaitinin ayrılması, onların tədqiqi, konservasiyası və bərpası işlərinə qayğı göstərilməsi qonşu region ölkələri ilə müqayisədə çox yüksək səviyyədədir. Məhz  dövlət qayğısı nəticəsində Azərbaycan arxeoloqları respublika ərazisində geniş qazıntı - tədqiqat işləri aparmaqla yanaşı, bir sıra beynəlxalq layihələrdə, mötəbər elmi konfranslarda Azərbaycan elmini layiqincə təmsil edirlər.

Beynəlxalq elmi əlaqələri genişləndirmədən hər hansı elm sahəsinin, o cümlədən arxeologiya elminin inkişafından danışmaq mümkün deyil. Bu baxımdan son illər Arxeologiya və Etnoqrafiya İnstitutu mühüm işlər həyata keçirmişdir. Fransa, Yaponiya, Almaniya, Koreya, Türkiyə, Rusiya, ABŞ və s. ölkələrin alimləri ilə birgə Azərbaycanın müxtəlif bölgələrində arxeoloji tədqiqatlar aparılır, beynəlxalq elmi konfranslar təşkil edilir. Şübhəsiz ki, beynəlxalq əməkdaşlıq əlaqələri milli mənafelərimizə uyğun şəkildə və tam obyektiv olaraq elmimizin inkişafına xidmət göstərməlidir. Bunun üçün isə sadəcə, mövcud elmi həqiqətlərin yazılması yetərlidir.

Təəssüflə qeyd etmək lazım gəlir ki, bu sahədə bəzi qüsurlara da yol verilir. Məsələn, Şərur rayonundakı Eneolit - ilk Tunc dövrü Ovçulartəpə yaşayış məskənində Azərbaycan arxeoloqları ilə birgə çox dəyərli elmi fəaliyyət göstərən Fransa mütəxəssislərindən fərqli olaraq, Fransa arxeoloqlarından ibarət digər bir qrup son 2 ildə Lerik rayonu ərazisində fransız "arxeoloqu" Jak de Morqanın 1890-cı ildə bu bölgədə apardığı işlərlə bağlı "Jak de Morqanın irsinin öyrənilməsi" layihəsi üzrə çöl-tədqiqat işləri aparmışlar. Fikrimizcə, sırf elmi nöqteyi-nəzərdən bu işləri uğurlu hesab etmək olmaz. Burada başqa bir məsələyə xüsusi diqqət yetirilməlidir. Əslində, J.Morqan kimdir? Bu sualın cavabı arxeoloq və tarixçi alimlərə çoxdan məlumdur və bu barədə cənub-şərqi Azərbaycan bölgəsinin arxeoloji abidələrini tədqiq etmiş görkəmli alim, mərhum Fərman Mahmudov da öz kitabında ətraflı məlumat vermişdir (Farman Maxmudov. Kultura öqo-vostoçnoqo Azerbaydjana v gpoxu bronzı i ranneqo jeleza. Baku 2008. Str. 10-13). J.Morqan Cənubi Qafqazın bir sıra bölgələrində, o cümlədən Azərbaycanın cənub-şərq ərazilərində ilk növbədə qarət məqsədilə "arxeoloji qazıntı" işləri aparmışdır. Onun istəyi zəngin arxeoloji materiallar əldə edərək Fransa muzeylərinə satmaq idi. Bir sözlə, onun bölgədəki "tədqiqatları" qiymətli əşyaların əldə edilməsi məqsədilə aparılırdı. Bunu J.Morqan özü də inkar etmirdi. Yazırdı ki, "mənim adamlarım bir neçə qazıntı aparmışdılar ki, mənim üçün əşyalar əldə etsinlər". Onun qarət xarakterli qazıntıları barədə məlumatlar o zaman siyasi rəhbərliyə qədər gedib çatmış və hətta Rusiya İmperator Arxeoloji Cəmiyyəti ona qazıntılar aparmağı qadağan etmişdir. Digər tərəfdən bir faktı da qeyd etmək lazımdır ki, J.Morqan ermənipərəst mövqeyi ilə də fərqlənirdi. O,  Avropanın erməni lobbisinə xidmət edərək bu mənfur millətin sifarişi və onların verdiyi yalan və uydurma məlumatlar əsasında XX əsr tarixində ilk dəfə olaraq 1919-cu ildə "Erməni xalqının tarixi" adlı saxtakarlıqla dolu kitab nəşr etdirmişdir (Kəmuran Qörön. Armənskoe dosğe. Baku 1993. Str. 9-12; Sabir Asadov. Mif o "Velikoy Armenii". Baku 1999. Str. 25-28). J.Morqan vaxtilə Azərbaycana məxsus arxeoloji materialları Fransa muzeylərinə "fars və erməni maddi mədəniyyət nümunələri" kimi təqdim etmişdir və təəssüf ki, həmin materiallar bu günə qədər həmin adlarla Fransa muzeylərində saxlanılır. Məntiqi sual meydana çıxır: Cənub-Şərqi Azərbaycan ərazisində J.Morqanın hansı irsinin öyrənilməsi nəzərdə tutulur? Fikrimizcə, həmin bölgənin arxeoloji abidələri heç bir "Morqan layihəsi" nəzərdə tutulmadan sadəcə, Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən geniş tədqiq edilməlidir. Həmin tədqiqatlarda Fransanın və digər xarici ölkələrin alimləri yalnız elmi məqsədlərlə iştirak edə bilərlər.

Bu gün ölkə başçısının müvafiq sərəncamları və AMEA-nın yeni rəhbərliyinin elmin qarşısında qoyduğu tələblər arxeologiya elminin 2014 - 2020-ci illər üçün prioritet istiqamətlərinin bir daha müəyyənləşdirilməsi zərurətini irəli sürür. Fikrimizcə, ilk növbədə, Prezidentin müvafiq sərəncamlarının yerinə yetirilməsi üçün bütün elmi qüvvələri səfərbər etmək lazımdır. İkincisi, Qarabağ abidələrinin, xüsusilə də Alban dövrü abidələri istiqamətində elmi araşdırmaları genişləndirmək, işğal olunmuş ərazilərimizdəki abidələr barədə mövcud elmi informasiyanı toplamaq, müxtəlif dillərdə nəşr etdirmək, təbliğat işini artırmaq vacibdir. Bunun üçün isə xüsusi internet səhifəsinin yaradılmasının böyük əhəmiyyəti olardı.

Bundan başqa, Naxçıvanın arxeoloji abidələrinin öyrənilməsinin intensivləşdirilməsi olduqca zəruridir. Belə ki, Naxçıvan təkcə Azərbaycanda deyil, bütövlükdə Qafqazda tarixi dövrlərin qırılmaz ardıcıllığının arxeoloji abidələrlə əks olunduğu nadir bölgələrdən biridir.

Müasir arxeologiya elmində ibtidai insanların Yer kürəsində ilkin yayılma dövrü və arealı mühüm elmi problemlərdən biridir. Azərbaycanda son illər bu istiqamətdə mühüm işlər görülmüş, Mingəçevir gölü ətrafında və Şəki - Zaqatala bölgəsində əvvəllər elmə məlum olmayan, yaşı 1 milyon və 500 min il olan abidələr aşkar edilmişdir. Bu sahədə araşdırmaların davam etdirilməsi vacibdir.

Məlumdur ki, Qafqaz arxeologiyasının mühüm istiqamətlərindən birini erkən istehsal mədəniyyətinin yaranma tarixi təşkil edir. Bu elmi problemlə əlaqədar son 5 ildə Azərbaycanın qərb bölgəsində qafqazşünas arxeoloqların diqqətini xüsusilə cəlb edən bir sıra arxeoloji qazıntı işləri aparılmışdır. Bunlardan daha geniş qazıntı işləri aparılan e.ə. VI minilliyə aid Göytəpə son Neolit dövrü yaşayış məskənidir. Bu abidənin qazıntıları ilə 2012-ci ildə şəxsən tanış olan Prezident İlham Əliyev burada arxeoparkın yaradılması ilə əlaqədar xüsusi sərəncam imzalamışdır. Bununla yanaşı qeyd etmək lazımdır ki, Ağstafa rayonundakı Həsənsu və Tovuz rayonundakı Hacıələmxantəpə neolit yaşayış yerləri (e.ə. VII min. axırları - VI min. əvvəlləri) erkən istehsal mədəniyyətinin meydana çıxma tarixinin öyrənilməsi baxımından həm Azərbaycan, həm də xarici ölkə alimlərinin diqqətini cəlb etmişdir. Hazırda bu istiqamətdə işlərin davam etdirilməsinə böyük ehtiyac var.

Azərbaycan ərazisində geniş tədqiq edilən və xarici ölkə alimlərinin də marağına səbəb olan mühüm elmi problemlərdən biri də beynəlxalq səciyyəli Leylatəpə arxeoloji mədəniyyətinin öyrənilməsidir. İlk dəfə XX əsrin 80-ci illərində Qarabağdakı son Xalkolit dövrü (e.ə. IV minilliyin birinci yarısı) Leylatəpə yaşayış məskəninin qazıntısı nəticəsində müəyyən edilmiş bu mədəniyyət mənşə etibarilə Şərqi Anadolu və Şimali Mesopotamiyanın sivilizasiya mərkəzləri ilə sıx bağlıdır. Digər tərəfdən, son illərin araşdırmaları göstərmişdir ki, Şimali Qafqazın dünya arxeologiya elmində məşhur Maykop arxeoloji mədəniyyəti də məhz Leylatəpə arxeoloji mədəniyyətinin bazasında yaranmışdır. Cəmiyyətdə erkən təbəqələşmənin, istehsalın mərkəzləşməsinin və nəzarətə alınmasının, metallurgiyanın geniş təşəkkül tapdığı Leylatəpə arxeoloji mədəniyyət abidələrinin son illər Azərbaycan ərazisində geniş yayılma arealına malik olduğu müəyyənləşdirilmişdir. Hazırda bu mədəniyyətə aid Qəbələ rayonu ərazisində Qalayeri yaşayış məskəni, Qarabağda və Muğanda bir sıra abidələr tədqiq edilir. Leylatəpə arxeoloji mədəniyyətinin abidələri həm Azərbaycanın, həm də Yaxın Şərq - Qafqaz regionunun Xalkolit dövrü tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bir məsələyə də xüsusi diqqət yetirək. Tunc dövründə (e.ə. IV min. ikinci yarısı - II min. sonu) regionda yaşayan qədim tayfalar arasında iqtisadi-mədəni əlaqələr genişlənir, yüksək dağlıq zonaların əsaslı məskunlaşmasına başlanılır, istehsalın intensiv inkişafı cəmiyyətin təbəqələşmə prosesini gücləndirir və nəticədə erkən dövlətçilik ənənələri, şəhər tipli yaşayış məskənləri yaranır. Bu dövrə aid Kür-Araz, boyalı qablar, Xocalı-Gədəbəy, Muğan arxeoloji mədəniyyətləri bölgənin maddi mədəniyyətini səciyyələndirir. Arxeologiya və Etnoqrafiya İnstitutu bu mədəniyyətlərin öyrənilməsi istiqamətində son illər geniş işlər aparmışdır.

Bundan başqa, Alban dövrü abidələrinin, xüsusilə də şəhər tipli yaşayış məskənlərinin və dini abidələrin öyrənilməsi institutun əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Bu baxımdan qədim Qəbələ şəhər yerinin və Ağcabədidəki Qalatəpə, Xocavənddəki Nərgiztəpə qədim yaşayış məskənlərinin tədqiqinin həm elmi, həm də siyasi əhəmiyyəti var və bu tədqiqatlar dövlətçilik ənənələrinin öyrənilməsi ilə yanaşı, Azərbaycanın tarixi torpaqlarına olan xarici iddialara qarşı tutarlı cavablar verilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Orta əsrlər dövrü şəhərlərimizin tədqiqi də onilliklər ərzində Azərbaycan arxeoloqlarının tədqiqat obyekti olmuşdur. Bu işlər hazırda Şəmkir və Şabran şəhər yerində uğurla davam etdirilir. Şəmkir şəhər yerində aparılan arxeoloji, konservasiya və bərpa işləri təkcə Azərbaycan üçün deyil, bütövlükdə Qafqaz regionu üçün orta əsr şəhərinin tədqiqi baxımından etalon rolunu oynaya bilər.

Bir məsələyə də diqqət yetirmək lazımdır ki, arxeoloji qazıntılar zamanı aşkar edilən maddi mədəniyyət qalıqlarının müvafiq laboratoriyalarda analizləri aparılmadan qədim tarix barədə ətraflı məlumat almaq mümkün deyil. Bu sahələrdən antropologiya, paleobotanika, paleozoologiya, arxeometallurgiya, arxeobotanika, trasologiya, dendraxronologiya və radiokarbon analizlərini xüsusilə qeyd etmək lazımdır. Bu sahələr üzrə gənc mütəxəssislərin inkişaf etmiş ölkələrin elmi qurumlarında təhsil almasına və təcrübə toplamasına böyük ehtiyac var.

Bu gün arxeologiya elmi, xüsusilə də arxeologiyanın son nailiyyətləri nəzərə alınmaqla respublikanın təhsil sistemi ilə sıx əlaqələrin qurulması ən mühüm işlərdən biridir. Azərbaycanın qədim dövr tarixinin yalnız arxeoloji qazıntılarla öyrənilməsini və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində abidələrimizin mühüm rola malik olduğunu nəzərə alsaq, belə əlaqələrin yaradılması dövrün tələbidir.

Bölgələrdə arxeoloji bazaların inşa edilməsi də tədqiqatların daha səmərəli aparılmasına imkan yaratmış olardı. Qazıntılar zamanı aşkar edilmiş maddi mədəniyyət qalıqları həmin bazalarda müvəqqəti olaraq saxlanılmaqla yanaşı, kameral işlərin aparılması və hesabatların hazırlanması da həyata keçirilə bilər. Bu, dünya arxeologiya elmində çoxdan təsdiqini tapmış təcrübi işlərdən biridir.

İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmimizə göstərdiyi böyük diqqət və qayğı sayəsində Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları qarşıda duran bu vəzifələri yüksək səviyyədə, layiqincə yerinə yetirəcəklər.

 

Nəcəf MÜSEYİBLİ,

AMEA Arxeologiya və

Etnoqrafiya İnstitutunun

elmi işlər üzrə direktor müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video