11 Iyun 2020 00:24
2129
Elm və texnika
A- A+

Azərbaycan alimləri dövlətin qayğısından razıdırlar


Hər bir xalqın ən böyük xoşbəxtliyi onun müstəqilliyi, azadlığı ilə bilavasitə bağlıdır. Dünya dövlətləri içərisində, bütün beynəlxalq təşkilatlarda özünə yer tutaraq suveren bir dövlət kimi tanınmaq, taleyini öz əllərilə həll etmək arzusu dünyada olan beş minədək xalqın bir çoxunun ən böyük istəyi olsa da, indiyədək təxminən 200 dövlət qurulmuşdur.

Bu baxımdan Azərbaycan xalqı xoşbəxt xalqlar sırasındadır və müstəqillik illərində iqtisadi baxımdan xeyli inkişaf etdiyi üçün daha xoşbəxtdir. 30 ilə yaxın müstəqillik tariximizin yarıdan çoxu bu iqtisadi uğurların baş memarı Heydər Əliyevin siyasi kursunu inamla davam etdirən möhtərəm Prezident İlham Əliyevin adı ilə bağlıdır. Praqmatik liderlik keyfiyyətlərinə malik olan Prezident İlham Əliyev Azərbaycanın müasir dövlətə çevrilməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. Onu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır.

Ötən illər respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də, regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın minimuma endirilməsinə, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır. O, milli təhsil konsepsiyasının müasirləşdirilməsini, "iqtisadi potensialı insan kapitalına çevirmək” strategiyasının reallaşmasını, Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılmasını cəmiyyət həyatındakı müsbət dəyişikliklərin fundamenti hesab edir.

İndi dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanan çətin sınaq dövründə ölkə rəhbərinin göstərdiyi iradə və mətinlik ən yüksək qiymətə layiqdir. Priventiv qərarlar, xalqımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində atılan innovativ addımlar, qabaqlayıcı tədbirlər artıq öz nəticəsini vermiş, ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin belə aciz qaldığı vəziyyətdən minimum ziyanlarla çıxmağımızı şərtləndirmişdir. Məhz hazırkı mürəkkəb tarixi mərhələdə pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın nümunəvi təcrübəsi artıq bir çox ölkələr tərəfindən fəaliyyət proqramı kimi geniş şəkildə istifadə olunur. Koronavirus fəlakətini, bu və ya digər səbəblərdən dünya iqtisadiyyatında yaranmış ciddi böhranı və onun təzahür formalarından biri kimi neftin qiymətində baş verən kəskin ucuzlaşmanı Azərbaycanın hazırlıqlı qarşılaması respublikada son illər aparılmış genişmiqyaslı islahatların, kadrların düzgün seçilməsi, rəhbər komandanın elmi əsaslarla formalaşdırılması və vahid orqanizm şəklində çalışması sayəsində mümkün olmuşdur. Bu çətin günlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqa bir neçə dəfə müraciət etdi: "Hələ bir il bundan əvvəl bizim əksəriyyətimiz sadəlövhcəsinə güman edirdik ki, bu günədək bəlli olmayan və insan həyatına son qoyan təhlükəli xəstəliklər dövrü geridə qalıb. Reallıq isə fərqli oldu”. Mehriban xanım bu məsələdə baxışından, düşüncəsindən asılı olmayaraq, bütün vətəndaşlarımıza həmrəy oldu, gözə görünməz dəhşətli bəlaya qarşı birgə mübarizə aparmağı, məsuliyyətli olmağı, Operativ Qərargahın verdiyi təlimatlara ciddi riayət etməyi tövsiyə etdi. Görülən əməli işlərin və çağırışların şahidi kimi biz bu mübarizədə yenə də hər zaman olduğu kimi öndə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı gördük. Azərbaycan xalqı bir daha öz xoşbəxt gələcəyini, sağlamlığının müdafiəsini və təhlükəsizliyinin təmin edilməsinin etibarlı əllərdə cəmləşdiyinə əmin oldu.

Son dövrlərdə ölkədə zəruri tibbi vasitələr, avadanlıq və ləvazimatlarla təminat yaxşılaşdırılır, ən müasir tələblərə cavab verən səhiyyə obyektləri istifadəyə verilir, yenilərinin inşası planlaşdırılır, xaricdə çalışan həkimlər, tibb üzrə alimlər ölkədə gedən proseslərə cəlb edilir. Bütün bunlar xalqın rifahı, təhlükəsizliyi və sağlamlığı naminə həyata keçən işlərdir. Bu gün Azərbaycanda nəinki koronavirus pandemiyası ilə ciddi mübarizə aparılaraq insanların həyatı xilas olunur, həmçinin əhalinin sosial rifahının yaxşılaşdırılması üçün əsaslı tədbirlər reallaşdırılır, postpandemiya dövründə iqtisadiyyatın inkişafı üçün müxtəlif proqramlar qəbul edilir. Bu il mayın 4-də cənab İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə videokonfrans formatında Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi, burada 120 ölkənin, o cümlədən Afrika İttifaqından 55 ölkənin, Avropa İttifaqından 27 ölkənin iştirakı, həmin görüşə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru və Avropa Komissiyasının vitse-prezidentinin qatılması Azərbaycanın beynəlxalq arenada çox yüksək nüfuz qazanmasının bariz nümunəsidir. Ölkə Prezidenti müsahibələrinin birində bununla bağlı çox dəqiq qeyd etdi ki, "Azərbaycan və Azərbaycanın təşəbbüsü praktiki olaraq bütün dünyanı birləşdirdi”.

Ölkəmizin son illərdə əldə etdiyi uğurlar, yüksək nailiyyətlər Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. YAP Ümummilli Lider Heydər Əliyevin ideyalarını gerçəkliyə çevirən nüfuzlu bir siyasi təşkilatdır. Yarandığı ilk günlərdən müstəqilliyimizin qorunması, dövlətimizin dünyada layiqli yer tutması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması kimi mühüm vəzifələrin icrası istiqamətində mühüm işlər görmüş Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin inkişafına öz layiqli töhfələrini verir. Həyata keçirilən islahat konsepsiyasında avanqard rol Yeni Azərbaycan Partiyasına məxsusdur. Cəmiyyətin sosial-psixoloji impulslarını dəqiq müşahidə etmək, ölkədəki ictimai-siyasi durumu düzgün araşdırmaq, əhalinin mənəvi ovqatını, daim yenilənən baxış və gözləntilərini aydın müəyyənləşdirmək xalqın partiyası olan YAP-ın tarixi missiyasıdır. Heydər Əliyev ideyaları əsasında işini davam etdirən Yeni Azərbaycan Partiyası zamanın nəbzini dəqiqliklə tutaraq strateji hədəfləri, taktiki gedişləri dəqiq müəyyənləşdirir və Azərbaycanda misli görünməmiş dəyişikliklərə müəlliflik edir.

Son illər Azərbaycanda elm sahəsində aparılan uğurlu islahatlar, qəbul edilən fərman və sərəncamlar müsbət nəticələrə gətirib çıxarmış, Azərbaycan alimlərinin beynəlxalq aləmə inteqrasiyası istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Bu gün elm və təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, dünya elminin tələblərinə cavab verən multidissiplinar tədqiqatların aparılması, elmi-texniki potensialın qorunub saxlanılması, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Müasir dövrdə dayanıqlı inkişafın əsasında elmi-texniki tərəqqinin rolunu və əhəmiyyətini ciddi bir faktor kimi qəbul edən Azərbaycan Prezidenti ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması, respublikada alınmış elmi nəticələrin xaricdə tanıdılması, elmi tədqiqatların infrastrukturunun modernləşdirilməsi sahəsində bir sıra mühüm qərarlar qəbul edib. 2009-cu ildə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın müəyyənləşdirilməsi, 2010-cu ildə Elm fondunun təsis edilməsi, 2016-cı ildə "Elm haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, 2017-ci ildə Yüksək Texnologiyalar Parkının yaradılması və Azərbaycan Milli Elmlər Akademiyasının dünya elminə inteqrasiyası istiqamətində atılan addımlar bu sahəyə xüsusi diqqətin göstəricilərindəndir. Belə addımlardan biri də ölkəmizdə yeni elm sahəsi kimi nanotexnologiyanın təşəkkülüdür. Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 4-də Rumıniyaya rəsmi səfəri zamanı Azərbaycan və Rumıniya universitetləri arasında nanotexnologiya istiqamətində müqavilə imzalanmış, dövlət başçısının göstərişinə əsasən bir il sonra BDU-da Nano Araşdırmalar Mərkəzi, ardınca Nanomaterialların kimyəvi fizikası kafedrası yaradılmış və dünya elminin bu prioritet istiqaməti üzrə tədqiqatlara başlanmışdır. Universitet alimləri müxtəlif texnoloji üsullarla nanohissəciklərin alınması, stabilləşdirilməsi, xassələri və tətbiq imkanlarının müəyyən edilməsi ilə texnika, tibb, neft, ekologiya, kənd təsərrüfatı və hərbi sahələrdə uğurlu nəticələr əldə etdilər. Belə ki, BDU alimləri ilk dəfə olaraq nanohissəciklərin bitki hüceyrələrinin membranından daxilinə diffuziya yolu ilə keçərək həmin hüceyrənin həyat fəaliyyətinin pozulmasına səbəb olduğunu müəyyənləşdirdilər ki, bununla dünyada yeni bir elmi istiqamətin-nanotoksikologiyanın əsası qoyuldu. Bununla yanaşı, məhz həmin laboratoriyada dərman maddələrinin digər hüceyrələri zədələmədən xəstə hüceyrələrə daşına bilməsi, metal əsaslı nanohissəciklərlə yükləndikdən sonra bitki toxumlarının şoran torpaqlarda inkişaf qabiliyyətinin artması, şiş hüceyrələrinə maqnit nanohissəcikləri vasitəsilə dərman maddələrinin daşınması kimi çox mühüm uğurlar əldə edildi. Nanoaraşdırmalar Mərkəzinin əldə etdiyi uğurlar dünyanın bir çox elm mərkəzlərinin, o cümlədən ABŞ-ın Massaçutes Texnologiya Universiteti, Yaponiyanın Kumamoto universiteti, İsveçrənin Lozanna Politexnik Federal İnstitutu və digər nüfuzlu qurumların diqqət mərkəzinə düşdü və onlarla intensiv əlaqələr quruldu.

Nəticədə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESKO) "Elm və Texnologiya sahəsində 2012-ci ilin ICESKO mükafatı”nı nanomateriallar və nanotexnologiyalar sahəsindəki böyük uğurlarına görə Bakı Dövlət Universitetinə vermişdir. Fərəhli haldır ki, bu tədqiqatlar ICESKO-nun üzvü olan 56 müsəlman ölkəsi arasında sosial-iqtisadi əhəmiyyətli elmi-texniki problemlərin həll olunması uğrunda görülən mühüm işlərin ən yaxşısı kimi dəyərləndirilmiş, ilk dəfə azərbaycanlı alimlərə təqdim edilmişdir.

Yeri gəlmişkən qeyd edək ki, müxtəlif vaxtlarda Nano Araşdırmalar Mərkəzində olan Nobel mükafatı laureatları Robert Laflin, David Gross, John Polanyi, Markus Rudolf Artur aparılan araşdırma işlərinə yüksək qiymət vermiş və universitet alimlərinin bu istiqamətdə inkişaf etmiş ölkələrin alimləri ilə bərabər səviyyəli işlər apardıqlarını vurğulamışlar. Son illərdə Mərkəzdə Fransa, İtaliya, Almaniya, İspaniya, Çexiya, Yaponiya və digər ölkələrlə uğurla yerinə yetirilən layihələrin ümumi həcmi təqribən 10 milyon ABŞ dolları həcmindədir və bu, bir daha göstərir ki, beynəlxalq səviyyədə yalnız Azərbaycanın təbii resurslarına, kənd təsərrüfatına deyil, həm də elminə investisiya qoyulur. Bu, dövlət başçısının Azərbaycanda elmin inkişafına, alimlərimizin beynəlxalq nüfuzunun yüksəlməsinə göstərdiyi qayğının daha bir bariz nümunəsidir. Elmin, təhsilin, mədəniyyətin inkişafı istiqamətində atılan uzaqgörən addımlar, səmərəli investisiya və innovasiya siyasətinin aparılması, istehsalın müntəzəm olaraq modernləşdirilməsi, intellektual mülkiyyətin inkişafı və ölkənin əmək potensialından səmərəli istifadə edilməsi Azərbaycan Prezidentinin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.

Ölkə rəhbəri əsas vəzifəsini xalqına xidmətdə görür və hər bir məmurdan da bunu tələb edir. Yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları dayanır. Elə buna görə də xalq öz liderinə bütün zamanlarda böyük dəstək göstərib və göstərir.

Bu ardıcıl, çoxşaxəli və müdrik siyasətin nəticəsidir ki, bu gün dünyada Azərbaycana inanırlar, etibar edirlər və respublikamız dünyanın mədəniyyət mərkəzinə çevrilmişdir. Azərbaycan "Eurovision” mahnı müsabiqəsinə, I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Qadınlar arasında futbol üzrə dünya çempionatına, "Formula-1” yarışlarına, şahmat, gimnastika, cüdo üzrə dünya birinciliklərinə, futbol üzrə Avropa Liqasının final oyununa yüksək səviyyədə evsahibliyi etmiş, bütün bu tədbirlər yüksək təşkilatçılıq və təhlükəsizlik şəraitində reallaşmışdır. Bu gün ölkəmiz hərtərəfli inkişaf edir, respublikanın ümumi tərəqqisində milli resurslardan istifadə imkanlarının daha səmərəli və elmi əsaslar üzərində səfərbər olunması, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirilməsi ölkəmizi dünyada maraqla qarşılanan və bir çox dövlətlər üçün örnəyə çevrilən milli inkişaf modelinə sahib etmişdir. Əldə olunan möhtəşəm uğurlar cənab Prezidentin, ilk növbədə, ölkədə sosial ədalət prinsiplərinin yüksək səviyyədə təminatına yönələn siyasi kursun, müasir yanaşmalara əsaslanan mükəmməl islahatlar konsepsiyasının Cənubi Qafqaz məkanında iqtisadi qüdrətinə görə öndə olan Azərbaycanın perspektiv strateji hədəflərinə nail olması və inkişaf etmiş güclü dövlətlər sırasında yer alması üçün də alternativsiz olduğunu təsdiq edir.

Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil və azad olmayıb. Ulu Öndər Heydər Əliyevin yaratdığı və şah əsəri olan müstəqil Azərbaycan dövləti bu gün daha möhtəşəm, daha nüfuzlu, daha füsunkardır.

Abel MƏHƏRRƏMOV,

YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvü, YAP Elm və Təhsil Komissiyasının sədri, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video