30 Dekabr 2011 02:12
337
CƏMİYYƏT
A- A+

«Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar «dəyirmi masa» keçirilmişdir

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" sərəncam imzalamışdır.

Dekabrın 29-da "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə "dəyirmi masa" keçirilmişdir.

"Dəyirmi masa"da Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri, araşdırma mərkəzlərinin nümayəndələri iştirak etmişlər.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz MEHDİYEV "dəyirmi masa"nı açaraq demişdir ki, müzakirəyə çıxarılmış mövzunun fövqəl əhəmiyyət kəsb etməsi hamı üçün aydındır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 noyabr tarixli Sərəncamı ilə müvafiq dövlət orqanlarına ölkəmizin gələcək inkişafının əsaslarını müəyyənləşdirəcək "Azərbaycan 2020: gələcəyə baxış" Konsepsiyasının hazırlanması tapşırılmışdır. Bu baxımdan bu gün təşkil olunmuş "dəyirmi masa"nın fəaliyyətini ilk və mühüm təcrübə kimi qiymətləndirmək olar.

Azərbaycanın öz müstəqilliyinin 20 ili ərzində çox mürəkkəb və eyni zamanda, şərəfli yol keçdiyini vurğulayan akademik R.Mehdiyev demişdir ki, ölkəmiz 1990-cı illərin əvvəllərində böyük təhlükələrlə üzləşmiş, hərbi təcavüzə məruz qalmış, torpaqlarımızın 20 faizi işğal edilmiş, bir milyon azərbaycanlı yurd-yuvasından vəhşicəsinə qovulmuşdur.

Ötən əsrin 90-cı illərinin ortalarından etibarən ölkəmiz müdrik ulu öndər Heydər Əliyevin rəhbərliyi altında tədricən dirçəlməyə və taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atmağa başlamışdır. Bu dövrdə ilk növbədə bərpa olunmuş dövlət müstəqilliyimizin dayanıqlığı təmin edilmiş, ölkə daxilində siyasi sabitliyə nail olunmuş, makroiqtisadi tarazlığın köklənməsi və o vaxt mövcud olan hiperinflyasiyanın qarşısının alınması istiqamətində təsirli tədbirlər görülmüş, ağıryüklü sosial məsələlərin həllinə başlanmışdır. Azərbaycanın karbohidrogen ehtiyatlarının ölkənin və xalqın maraqlarına sərf olunmasının əsası məhz bu dövrdə "Əsrin müqaviləsi"nin bağlanılması ilə qoyulmuş, eyni zamanda, düşünülmüş şəkildə genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsinə başlanmışdır.

Prezident Administrasiyasının rəhbəri demişdir ki, 2000-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan genişmiqyaslı islahatların daha da dərinləşdirilməsi sürətli tərəqqinin təmin olunmasına əlverişli imkanlar açmış, cəmiyyətimizin daha önəmli sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi sistemi müasir meyarlara uyğun yenidən qurulmuşdur.

Bu illərdə sosial problemlərin səmərəli həllində dönüşlü irəliləyişə nail olunduğunu, əhalinin sosial müdafiəsi sisteminin qabaqcıl beynəlxalq standartlara uyğun yenidən qurulduğunu diqqətə çatdıran akademik Ramiz Mehdiyev demişdir ki, yeni pensiya sistemi fəaliyyətə başlamış, ünvanlı yardım, sosial müavinətlər sistemi təsbit olunmuş və inkişaf etdirilmişdir.           

Bununla yanaşı, qeyri-neft sektorunda yeni istehsal sahələrinin açılması və yeni iş yerlərinin yaradılması, istehsal, nəqliyyat və kommunal infrastrukturun misli görünməmiş miqyasda inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması, o cümlədən yeni təhsil, səhiyyə, idman müəssisələrinin inşası həmin dövrdə bütövlükdə ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin əsasını təşkil etmişdir.

Ramiz Mehdiyev qeyd etmişdir ki, beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan ən ciddi meyarlar (adambaşına düşən ümumi daxili məhsulun məbləği və İnsan İnkişafı İndeksi) baxımından ölkəmiz artıq orta inkişaf səviyyəsində olan ölkələr sırasındadır. Bütün bunlar düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl surətdə həyata keçirilməsinin nəticəsində mümkün olmuşdur. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan dövlət proqramları, konsepsiya və strategiya xarakterli sənədlər, onların əməli surətdə icra olunması bu siyasətin reallaşdırılması mexanizmi kimi vacib əhəmiyyət kəsb edir. Təkcə onu demək kifayətdir ki, hazırda ölkəmizdə 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" Prezident İlham Əliyevin sərəncamının əhəmiyyətindən danışan akademik Ramiz Mehdiyev demişdir ki, bu sənəd ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşımızda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarını nəzərə alınması ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir, strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır.

Konsepsiyanın hazırlanmasının əsas istiqamətlərini şərh edən akademik Ramiz Mehdiyev demişdir ki, bunlar aşağıdakılardır:

- dövlət müstəqilliyimizin daha da gücləndirilməsi, ölkənin ərazi bütövlüyünün təmin olunması və qorunması;

- siyasi sahədə demokratiya institutlarının daha da inkişaf etdirilməsi, dövlətin funksiyalarının yerinə yetirilməsinin və vətəndaş cəmiyyəti təsisatlarının rolunun gücləndirilməsi, qanunun aliliyini tam təmin edən mexanizmlərin təkmilləşdirilməsi;

- iqtisadi sahədə, ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması, iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsinin genişlənməsi, ölkəmizin ümumi daxili məhsulunun tərkibində və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi;

- iqtisadiyyatda innovasiyaların tətbiqinin təmin edilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi;

- mövcud resurslardan və coğrafi mövqedən istifadə olunmaqla Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmin edilməsi;

- Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi, milli məhsulların dünya bazarlarında layiqli yer almasına nail olunması;

- sosial sahədə yoxsulluq səviyyəsinin mümkün minimuma endirilməsi istiqamətində yürüdülən siyasətin davam etdirilməsi, aztəminatlı ailələrin etibarlı sosial müdafiəsinin təmin olunması, əhalinin orta təbəqəsi dairəsinin genişləndirilməsi və onun cəmiyyətin həyatında rolunun və əhəmiyyətinin artırılmasına nail olunması;

- Azərbaycanda təhsilin, səhiyyənin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması, insan amilinin yüksək inkişaf səviyyəsinə çatdırılmasına nail olunması, Azərbaycan xalqının bilik və bacarıqlarının səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin olunması;

- bölgədə və bütün dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan dövlətinin səylərinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi.

Akademik Ramiz Mehdiyev vurğulamışdır ki, Konsepsiyanın hazırlanması zamanı dünya təcrübəsi araşdırılmalı, bu işə xarici mütəxəssislər cəlb olunmalı, dövlət və ictimai təşkilatlarla geniş müzakirələr aparılmalıdır. Konsepsiyanın hazırlanması üçün komissiya da yaradılmalı və işçi qruplar müəyyən olunmalıdır. Gələn ilin yanvarında komissiyanın və işçi qrupunun tərkibi müəyyən edilməlidir.

Azərbaycan Respublikasının iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid AXUNDOV bildirmişdir ki, Konsepsiyanın yaradılması ölkənin inkişafının əsas istiqamətlərini müəyyən etməyə imkan verəcəkdir. Bununla yanaşı, Konsepsiya hazırlanarkən dayanıqlı iqtisadiyyatın təmin edilməsi diqqət mərkəzində olmalı, intellektual baza formalaşdırılmalı, informasiya texnologiyalarından istifadə edilməlidir.

Azərbaycanın son yeddi ildə çox ciddi nailiyyətlər əldə etdiyini vurğulayan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman RÜSTƏMOV ölkədəki inkişafın artıq yeni keyfiyyət dəyişiklikləri tələb etdiyini demişdir. O bildirmişdir ki, yeni Konsepsiyanın tətbiqində neft strategiyasının üstünlüklərindən istifadə olunması məqsədəuyğundur.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad SƏMƏDZADƏ vurğulamışdır ki, ölkəmizdə müşahidə olunan sürətli iqtisadi inkişaf Azərbaycan cəmiyyətində də güclü konsensusun əldə edilməsinə şərait yaratmışdır. Yeni Konsepsiyanın hazırlanması zamanı iqtisadiyyatdakı hansı meyillərin daha da gücləndirilməsi müəyyən edilməli, qarşıdakı on ildə iqtisadiyyatda səmərəlilik amili ön plana çəkilməlidir.

Rabitə və informasiya texnologiyaları naziri Əli ABBASOV da əsas diqqəti Konsepsiyanın hazırlanması zamanı informasiya-kommunikasiya texnologiyalarından istifadəyə yönəltmiş, bu iddialı hədəfə çatmaq üçün ölkəmizdə güclü potensialın formalaşdığını bildirmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran HÜSEYNOVA Konsepsiyada insan amilinə daha çox diqqət yetirilməsinin vacibliyini vurğulayaraq gender və uşaq məsələlərinin orada əksini tapmasının əhəmiyyətini diqqətə çatdırmışdır.

Azərbaycanın artıq keçid dövrünü başa vurduğunu deyən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli HƏSƏNOV demişdir ki, indi milli inkişafın yeni strategiyasının müəyyən olunmasının vaxtı çatmışdır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Prezident İlham Əliyevin sərəncamının əhəmiyyətini vurğulayan Əli Həsənov bildirmişdir ki, Konsepsiya praqmatik, praktiki və tətbiqi olmalıdır.

Ə.Həsənov diqqətə çatdırmışdır ki, Konsepsiyada neft gəlirlərindən istifadə edilərək bütün infrastrukturun, regionların inkişaf etdirilməsi, sosial problemlərin həll olunması, kənd təsərrüfatı sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsi, gənc nəslin yetişdirilməsi, sahibkarlığın dəstəklənməsi, çoxmülkiyyətçilik və iqtisadiyyatın əsas yükünün sahibkarlığın üzərinə yüklənməsi, turizm potensialının inkişafı zamanı turistlərin cəlb olunma mexanizminin formalaşdırılması məsələləri əksini tapmalıdır.

Ə.Həsənov bildirmişdir ki, yeni Konsepsiyanın həyata keçirilməsində əsas məqsəd Azərbaycanın inkişaf etməkdə olan ölkələri qabaqlamasını təmin etməkdir. Azərbaycanın gələcək on ildə iqtisadi və sosial inkişafında əsas istiqamətlərdən biri maliyyə vəsaitinin xərclənməsi üzrə milli strategiyanın müəyyənləşdirilməsidir.

Azərbaycanda adambaşına düşən məhsul istehsalının inkişaf etməkdə olan ölkələr səviyyəsində olduğunu diqqətə çatdıran Prezident Administrasiyasının şöbə müdiri bunun üçün resurslarımızın mövcudluğunu və bu istiqamətdə rasional proqramın yaradılmasının zəruriliyini qeyd etmişdir.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu BAĞIROV demişdir ki, Konsepsiyanın hazırlanması zamanı qarşıdakı vəzifələr müəyyən edilərkən real olanların əsas götürülməsi vacibdir. Nazir qeyd etmişdir ki, müəyyən olunan hədəflərə çatmaq üçün Azərbaycan dövlətinin qarşısında heç bir maneə yoxdur.

"Qafqaz" Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Nazim MÜZƏFFƏRLİ hədəflərin ölçüləbilən olmasının əhəmiyyətini qeyd edərək bu Konsepsiyanın dövlətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını bildirmişdir.

Konsepsiyanın hazırlanması zamanı riyazi modelləşmədən istifadə olunmasının vacibliyini vurğulayan Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma ABDULLAZADƏ bu mövzu ilə bağlı bütün ideyaların diqqətlə araşdırılmasının vacibliyini qeyd etmişdir.

Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal NAĞDƏLİYEV Konsepsiyanın hazırlanması zamanı insanları narahat edən məsələlərin öyrənilməsinin əhəmiyyətini vurğulayaraq demişdir ki, bu sənəd hakimiyyətlə cəmiyyət arasında dialoqu daha da gücləndirəcəkdir.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim MÜSLÜMOV "Azərbaycan 2020: gələcəyə baxış" Konsepsiyasının hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulamışdır.

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar MÖVSÜMOV demişdir ki, belə bir Konsepsiyanın hazırlanması artıq cəmiyyətin sifarişidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan ƏLƏKBƏROV aparılan müzakirələr zamanı elmi yanaşmanın zəruriliyini bildirmişdir.

Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər ƏMİRASLANOV demişdir ki, inkişafla bağlı yeni sənəd təkcə iqtisadiyyatı yox, bütünlükdə ölkənin ümumi inkişafını əhatə etməlidir.

Milli Məclisin deputatları Fazil MUSTAFA müzakirələri tender formalı prosesə çevirməyin, Asim MOLLAZADƏ isə bu prosesə vətəndaş cəmiyyətinin cəlb olunmasının vacibliyini vurğulamışlar.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət ASLANOVA bildirmişdir ki, Konsepsiya hazırlanarkən xarici mütəxəssislərin iştirakı o qədər də vacib deyildir. Çünki 20 il ərzində böyük nailiyyətlərə imza atan Azərbaycanda bu Konsepsiyanın hazırlanması üçün kifayət qədər mütəxəssis vardır.

Xəzər Universitetinin təsisçisi Hamlet İSAXANLI da ölkəmizin inkişafı ilə bağlı həyata keçiriləcək Konsepsiyanın bütün sahələrdə ciddi uğurların əldə olunmasına şərait yaradacağını demişdir.

Müzakirələrə yekun vuran Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz MEHDİYEV bildirmişdir ki, "dəyirmi masa"da səslənən fikirlər nəzərdən keçiriləcək və faydalı olanlardan Konsepsiyanın hazırlanması zamanı istifadə ediləcəkdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video