20 Oktyabr 2021 00:10
814
SİYASƏT
A- A+

Azadlığın mübarək, Zəngilan...

 

VƏTƏN! Nədir Vətən? Niyə sevməliyik Vətəni? Beş hərfdən ibarət olan bu kəlmə böyük məna kəsb edir. Vətən mən, sən, o və ən nəhayət, bizik. Kimliyindən, tutduğu mövqeyindən, həyatın bizlərə bəxş etdiklərindən asılı olmadan sevməliyik Vətəni. O Vətən ki, hər qarışı doğma, əzizdir bizlərə. Bir ovuc torpaq olsa belə, bir qarış yer olsa belə, bütövlükdə Vətəndir.

Vətən doğulub böyüdüyümüz, üzərində yaşadığımız doğma məskəndir, el-obadır, yurddur. Daha sonralar isə “Ana” və “Vətən”, bu qoşa kəlmələr yaddaşımıza, hafizəmizə əbədi həkk olundu. Dərk etdik ki, Anasız Vətən, Vətənsiz də Ana olmaz. İkisini eyni dərəcədə sevməli, qorumalı, sahib çıxmalıyıq.

Mənim də Ana Vətənim, yurdum, elim-obam vardı...

Sonralar həsrətimiz, nisgilimiz, qəlbimizdə gəzdirdiyimiz ağrı olan Zəngilan! Əlçatmaz zirvəmiz, başıqarlı uca dağımız idi. Sərv boylu çinarların arasından boylanan yaz günəşi tək qəlbimizi isidir, bütün vücudumuza hakim kəsilirdi o doğma torpaq. Yağışdan sonra torpağından aldığımız qoxu bizi qayğısız uşaqlığımızdan ayrılmamağa səsləyirdi... Yaşadığımız o gözəl hisslər, müqəddəs torpağa olan sevgi bizi doğulduğumuz yerlərə qırılmaz tellərlə bağlayırdı...

Sanki hansısa qüvvə “bu torpaqdan ayrılmaq olmaz, bu el-oba, bu yurd sənin özünsən” söyləyirdi.

Burada deyiblər, sən saydığını say, gör fələk nə sayır... Bəli, fələk arzuları Zəngilanda boy atan o uşaqla, o uşaqlarla çox pis oyun oynadı... 

Bəlkə də çoxlarınıza maraqlı gələcək ki, niyə yazımda bir uşaqdan bəhs edirəm? Çünki yaddaşıma Zəngilanda qoyub gəldiyim uşağın siması həkk olunub. Xatirəmdə hələ də arzuları, xəyalları, istəkləri bitib-tükənməyən, “Bir gün olsun belə doğulduğum torpaqdan ayrı qalmaram”, - söyləyən 16 yaşlı oğlan qalıb...

28 avqust 1993-cü il. Məhz, sonuncu dəfə bu tarixdə çıxmışam Zəngilandan. Bakıda oxuyurdum. Dərslərin başlamasına 4 gün qalırdı deyə, tez çıxmalı olmuşam rayondan. Zəngilan işğal olunmamışdan düz 2 ay öncə.

16 yaşım tamam olmamışdı hələ. Bəlkə elə buna görə də bu gün Zəngilana o 16 yaşı tamam olmamış bir kənd uşağının gözü ilə baxır, orada yaşadığımız qayğısız günlərimizi düşünürəm. Mənim kimi yüzlərlə uşağın yaşaya bilmədiyi yeniyetmə və gənclik illəri əcaba, necə keçərdi rayonda? Dayanmadan bu sualı verirəm özümə. Bilmirəm, bəlkə də xoşbəxt bir həyat sürərdim, bəlkə də əksi...

16 yaşlı o oğlanı Zəngilanda qoyub gəldim. Hansı ki, böyük həvəslə arzularının arxasınca gələn, bunun müqabilində Zəngilana həsrət qalan, doğma torpağından ayrı düşən, sağollaşmağa, halallıq istəməyə, əlvida söyləməyə macal tapmayan bir uşağın taleyini yaşamalı oldum...

Ömür kitabında yeni səhifə açmaq üçün Bakıya üz tutan 16 yaşlı oğlan yaman tez böyüdü... 1993-cü ilin 29-30 oktyabr tarixləri tək o oğlanın həyatını dəyişmədi. Bu gün Zəngilan həsrəti ilə alışıb-yanan, amansız, fani dünyadan elə o həsrətlə də vaxtsız köç edən neçə-neçə insanın həyatını dəyişdi. Uşaq kimi gəldi, böyüyüb gənc oldu, gənc kimi gələn yaşa doldu, cavan kimi gələn isə vaxtsız olaraq daha da yaşlaşdı.

Vətən həsrəti, Zəngilan nisgili xəncər olub ürəklərə sancıldı. Sağalmayan yara olub illərlə qaysaq bağladı. Hər dəfə Zəngilandan söz düşəndə o yara yenidən qanadı. Zəngilan adlı yaranın bir gün sağalacağına ümid hissi ilə yaşayan insanların həsərti nə az, nə çox düz 27 il çəkdi. Bu müddətdə çox mətləbləri daha yaxşı anladıq...

Anladıq ki, 27 illik bu yara Vətəndə Vətənsiz yaşamaqdır...

Anladıq ki, 27 il doğulub boya-başa çatdığın torpağın hər il işğal gününü qeyd etməkdir...

Anladıq ki, 27 il Zəngilan deyilən zaman gözləri dolmaq, boğazı qəhər boğmaqdır...

Anladıq ki, 27 il əslən zəngilanlı olub, başqa ünvanda dünyaya göz açdığı üçün o yerləri görməməkdir, tanımamaqdır...

Anladıq ki, 27 il Zəngilanlı günləri yada salıb yalnız xatirələrə dalmaq, daxilən əzab çəkməkdir...

Anladıq ki, 27 ildə çəkilən Vətən həsrəti doğulduğun və böyüdüyün yerdən məcburən uzaq yaşamağın yaratdığı əzab və sıxıntıdır...

Anladıq ki, 27 il məcburi köçkün statusunu istəmədən, məcbur olaraq daşımaqdır...

Anladıq ki, 27 il ümidlə gözləmək, sonunda uşaq ikən qoyub gəldiyin o doğma torpağa qayıtmaq istəyidir...

Bəli, deyirlər ümid sonda ölür... 16 yaşlı o oğlanın da ümidi heç zaman ölmədi, həmişə, hər an qəlbində boy atdı, yenidən cücərdi... Bir gün doğma Zəngilana qayıtmaq istəyi bir an olsun belə onu rahat buraxmadı...

Bütün zəngilanlılar kimi, doğma elindən ayrı düşən o uşaq da dövlətinə, onun rəhbərinə, ordusuna inandı, güvəndi... Bildi ki, gün gələcək şad-xürrəm ayrıldığı o cənnət-məkana yenidən qayıdacaq...

İndi hamı kimi, o da 2020-ci ilin 20 oktyabr gününü yaddaşına əbədi həkk edib. Çünki oktyabrın 20-si illərdir ayrı düşdüyü doğma Zəngilanın mənfur düşmənin caynağından, tapdağından azad edildiyi gündür. İllərdir özünü Zəngilansız hesab edən 16 yaşlı oğlan sanki yenidən dünyaya göz açıb. Həm də bu dəfə əvvəlki tək Zəngilanlı kimi doğulub.

Bu gün özümü - uşaqlıq arzularının arxasınca gələn 16 yaşlı oğlanı yenidən tapmışamsa, Zəngilansız günlərimi unudub, yenidən zəngilanlı olmuşamsa, buna görə bir ömür boyu borclu və minnətdar olduğumuz insanlar var...

Ömrümün yetdiyi qədər mən və başqaları Zəngilanlı olsun deyə, minlərlə insanın yurd həsrətinə son qoyulsun deyə, övladlarımız, analarımız, bacılarımız daha gözüyaşlı qalmasın deyə, şirin canından, qanından keçən şəhidlərimizə borcluyuq.

Vətənin dar günündə döyüşən, döyüş meydanında şəhidini tək qoymayan, yarasını bağlayıb qan qardaşlarının, can yoldaşlarının qisasını alan, ölməkdən çəkinməyən, ölməsəm də, qazi olsam belə, təki Vətənim bütöv olsun deyən, bu yolda sağlamlığını itirən qazilərimizə borcluyuq.

Ən nəhayət, illərdir doğma Zəngilana qayıtmaq ümidini yaşadan, xalqımıza, zəngilanlılara o ümidi vəd edən və sonda Qələbə sevincini bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə borcluyuq!

Baş Sərkərdəmizin “dəmir yumruğ”u altında tarixi Qələbə, böyük Zəfər əldə edən şanlı ordumuza minnətdarıq. Qalib ölkənin vətəndaşı olaraq minnətdarıq. 27 illik həsrətdən, nisgildən sonra yenidən zəngilanlı olduğumuz üçün minnətdarıq.

Bir vaxtlar arzularının, xəyallarının arxasınca gələn o 16 yaşlı oğlanın adından minnətdaram... Çünki o oğlan Zəngilandan hansı yaşda çıxmışdısa, bu gün də o torpağa həmin yaşda qayıdacaq... Bu gün o oğlan Zəngilanda aparılan abadlıq-quruculuq işlərini qürurla, fəxrlə izləyərək o doğma torpağa Böyük qayıdışı arzularındakı tək xəyal edir. Zəngilanlıların, 16 yaşlı o oğlanın elinə, obasına, doğma yurduna, Zəngilanına qayıdacağı gün isə elə də uzaqda deyil...

Azadlığın mübarək, Zəngilan!

Böyük qayıdışın mübarək, Zəngilan!

 

Dönməz ABBASOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video