18 Iyul 2021 11:15
1111
İQTİSADİYYAT
A- A+

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub  

 

Ölkəmizə işgüzar səfərə gələn Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 18-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Şarl Mişel burada nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə görüşüb. Nazir Rəşad Nəbiyev Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Nazir müxtəlif sahələrdə, eləcə də nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Azərbaycanda kosmik sahənin inkişafından bəhs edən Rəşad Nəbiyev qeyd edib ki, “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peyklərinin Fransanın “Arianespace” şirkəti tərəfindən orbitə buraxılması ölkəmizin avropalı tərəfdaşlarla əməkdaşlığa önəm verdiyinin bariz nümunəsidir. Nazir əlavə edib ki, “Azersky” – Yerin məsafədən müşahidəsi peyki 2014-cü ildə “Airbus Defence and Space” şirkətindən alınıb.

Rəşad Nəbiyev Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin “Azərkosmos” ilə Avropa Geostasionar Naviqasiya Xidməti (EGNOS) arasında əlaqələrin genişləndirilməsindəki səylərini yüksək qiymətləndirib.

Diqqətə çatdırılıb ki, 2023-cü ildə Bakıda Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. Bu beynəlxalq tədbir barədə məlumat verən Rəşad Nəbiyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli həmin konqresdə iştirak etməyə dəvət edib.

Görüş çərçivəsində ölkəmizdə kosmik sahənin yaradılması və inkişafı, “Azərkosmos”un fəaliyyəti ilə bağlı təqdimat nümayiş olunub. “Azərkosmos”un missiyasının dünyada sülh və firavanlıq naminə qabaqcıl texnologiyalara əsaslanan peyk həlləri təqdim etmək olduğu, yerli və qlobal təşəbbüslərə dəstək məqsədilə yeni xidmətlər və həllər üzərində işlərin aparıldığı diqqətə çatdırılıb.

Nazir deyib ki, Avropa Geostasionar Naviqasiya Xidmətinə məxsus antenlərin “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşdirilməsi istiqamətində işlər davam edir.

Sonda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa Geostasionar Naviqasiya Xidmətinə məxsus antenlərin yerləşdirildiyi teleport stansiyası ilə tanış olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video