11 Iyun 2021 02:36
812
İDMAN
A- A+

Avropa çempionluğuna gedən yol Bakıdan da keçir

 

Paytaxtımız “Avro-2020”nin 4 matçına evsahibliyi edir

 

XVI qitə birinciliyində komandaların sayının, xüsusən də qələbəyə iddialı kollektivlərin çox olması azarkeşlərə maraqlı və gərgin idman mübarizəsi vəd edir. Belə ki, son Avropa birinciliyinin qalibi Portuqaliya, hazırkı dünya çempionu  Fransa, çempionatlara xüsusi oyun planı ilə rəng qatan Almaniya, “Biz bitdi demədən bitməz” deməklə sürpriz nəticələr qazanan Türkiyə, eləcə də heyətlərində ulduz futbolçuların yer aldığı İtaliya, İngiltərə favoritlər hesab olunur.

Məlum olduğu kimi, Bakıda 4 qarşılaşma keçiriləcək ki, bunlardan 3-ü A qrupunun matçlarıdır. Bütün bunları nəzərə alaraq A qrupunda yer alan komandaların mövcud vəziyyəti barədə qısa məlumat vermək istərdik.

 “Avro-2020”nin  A  qrupunda yer alan ev sahiblərindən İtaliya tarixində ilk dəfə qitə çempionu olmaqla yanaşı, 3 dəfə də ardıcıl turnirin finalında çıxış edib. 2006-cı ildə dünya çempionu olduqdan sonra elə də yüksək nəticə göstərə bilməyən italyanların azarkeşlərin dəstəyindən istifadə edərək çempion olmaq üçün ciddi mübarizə aparacaqları şübhəsizdir. Roberto Mançininin komandasındakı oyunçular əsasən “İnter”, “Yuventus”, “Roma”, “Latsio” və “Napoli”də forma geyinirlər. Lakin İtaliya klublarının ötən mövsüm avrokuboklarda heç  də uğurlu olmayan çıxışlarının milli komandaya necə sirayət edəcəyi  də çox maraqlıdır. Hücumçulardan Çiro İmmobile 2020-2021-ci il mövsümünü olduqca yüksək səviyyədə keçirib. Heyətində “İnter”də uğurla çıxış edən Nikolo Barella, “Çelsi”də Jorqinyo və “PSJ”də Marko Veratti kimi yarımmüdafiəçilər olan komandanın müdafiə xətti də inamlı təsir bağışlayır. 2006-cı il dünya birinciliyindən sonra Avropa və dünya çempionatlarında güclü rəqiblərlə qarşılaşmada qələbə qazana bilməyən italyanlar üçün qitə birinciliyinin ilk oyununda Türkiyəyə qalib gəlmək mühüm əhəmiyyət daşıyır.

A qrupunun digər favoriti yeni nəsil futbolçuları ilə seçilən, təsnifat mərhələsində öz qapısından cəmi 3 top buraxan Türkiyə millisidir. Turnirə kimi keçirdiyi 3 yoldaşlıq qarşılaşmasının 2-dən qalib ayrılan Türkiyə çempionatın ən inadkar komandalarındandır. Təsnifat mərhələsində yer aldığı qrupda Fransa ilə birlikdə çempionata vəsiqəni çətinlik çəkmədən əldə edən Türkiyə oynadığı matçlarda nümayiş etdirdiyi kompakt futbolla diqqət mərkəzindədir. Müdafiədə Merih Demiral, Çağlar Söyüncü, yarımmüdafiədə Hakan Çalhanoğlu, Yusuf Yazıcı və Okay Yokuşlu ilə çox yaxşı bir komanda formalaşdıran Şenol Günəşin hücum xəttində əsas qol silahı isə Burak Yılmaz olacaq. Start 11-likdə yer alan oyunçulardan 9-nun legioner həyatı yaşaması da “ay-ulduzlular”ın daha baxımlı futbol nümayiş etdirməsində mühüm rol oynayır.

Təsnifat mərhələsində D qrupunun lideri olaraq final mərhələsinə vəsiqə qazanan İsveçrə qatıldığı turnirlərdə bir qədər qəribə çıxışları ilə yadda qalıb. Belə ki, qatıldığı son 6 dünya və Avropa çempionatlarının 4-də qrup mərhələsini rahat keçən isveçrəlilər sonrakı mərhələdə məğlub olaraq mübarizəni dayandırıblar. Onu da deyək ki, İsveçrə millisi eyni qrupda yer aldığı Türkiyə yığması ilə “Avro-2008”də qarşılaşmış və 1:2 hesabı ilə uduzmuşdu. Komandanın heyətində daha çox diqqət çəkən futbolçular Qranit Caka və Xerdan Şakiridir.

Avropa çempionatına qatılan və sürpriz nəticə gözlənilən komandalardan biri də Uelsdir. Uelslilərin “Avro-2020”yə yüksəlməsində sözsüz ki, “Real”ın ulduzu Qaret Beylin rolu böyükdür. Komandanın seçmə mərhələdə qazandığı qələbələrdə oyun planında önəmli rol oynayan Beyl baş məşqçi Rayan Qiqqsin əvəzedilməz futbolçularından biridir. Komandanın heyətində yer alan futbolçular əsasən İngiltərə Premyer Liqasında və Uels liqasında forma geyən oyunçulardır.

Beləliklə, azarkeşlərin böyük səbirsizliklə gözlədikləri “Avro-2020” həyəcanı başlayır. Bakı Olimpiya Stadionunda iyunun 12-də Uels - İsveçrə, iyunun 16-da Türkiyə - Uels, iyunun 20-də isə İsveçrə - Türkiyə matçları oynanılacaq. İyulun 3-də isə Azərbaycan  dörddəbir final mərhələsinin bir qarşılaşmasına evsahibliyi edəcək. Ümid edirik ki, Bakıda keçiriləcək oyunlarda tamaşaçılar baxımlı və gərgin matçların şahidi olacaqlar.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video