03 Iyul 2021 22:35
1231
İDMAN
A- A+

“Avro-2020”: Danimarka millisi Bakıda Çexiya yığmasını məğlub edərək yarımfinala yüksəlib  

 

Futbol üzrə Danimarka millisi Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib.

AZƏRTAC xəbər verir ki, iyulun 3-də turnirin dörddəbir final mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka yığmaları qarşılaşıblar.

Çexiya millisinin heyətində meydana Tomaş Vaclik, Yan Boril, Tomaş Kalas, Ondrey Çelustka, Vladimir Soufal, Tomaş Souçek (k), Tomaş Holeş, Petr Şevçik, Antonin Barak, Lukaş Masopust və Patrik Şik çıxıblar.

Danimarka yığmasının start heyətində isə Kasper Şmeyxel, Yannik Vesterqaard, Simon Kyer (k), Andreas Kristensen, Yoakim Mehle, Tomas Delaney, Pyer-Emil Hoybyerq, Yens Striqer, Mikkel Damsqaard, Kasper Dolberq və Martin Breytveyt yer alıblar.

Niderlandlı baş hakim Byörn Kuipersin idarə etdiyi oyuna Danimarka millisi daha fəal başlayıb. Skandinaviya təmsilçisi istəyinə oyunun 5-ci dəqiqəsində çatıb. Belə ki, danimarkalı futbolçu Tomas Delaney fərqlənərək “Avro-2020”də ilk qolunu vurub.

Matçın 42-ci dəqiqəsində Danimarka millisi hesab arasındakı fərqi artırıb. Kasper Dolberq komandasının ikinci qolunun müəllifi olub. Bu, K.Dolberqin “Avro-2020”də vurduğu üçüncü qoldur. Görüşün birinci hissəsi Danimarka seçməsinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissəsinin əvvəlində təşəbbüsü ələ alan Çexiya millisi hesab arasındakı fərqi azaltmağı bacarıb. Qarşılaşmanın 49-cu dəqiqəsində Patrik Şik rəqib qapısına yol tapıb. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib. Beləliklə, 2:1 hesabı ilə qalib gələn Danimarka yığması “Avro-2020”nin yarımfinal mərhələsinə adlayıb.

Xatırladaq ki, “Avro-2020”nin D qrupunda yer alan Çexiya birinci oyunda Şotlandiyanı 2:0 hesabı ilə məğlub etsə də, ikinci görüşdə Xorvatiya ilə heç-heçə edib – 1:1. Komanda qrupda sonuncu qarşılaşmada İngiltərəyə minimal hesabla uduzub. Çexiya seçməsi səkkizdəbir finalda turnirin favoritlərindən sayılan Niderlandı mübarizədən kənarlaşdırıb – 2:0.

Mübarizəyə B qrupunda başlayan Danimarka yığması isə ilk iki görüşdə Finlandiyaya (0:1) və Belçikaya (1:2) uduzsa da, sonuncu oyunda Rusiyanı 4:1 hesabı ilə məğlub etdiyindən top fərqinə görə qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Danimarkalılar səkkizdəbir finalda Uelsi 4:0 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıblar.

Danimarka millisi yarımfinalda İngiltərə-Ukrayna qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Romadakı “Olimpiko” stadionunda baş tutacaq İngiltərə-Ukrayna oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi almaniyalı Feliks Brix olacaq. Britaniyalılar əvvəlki raundda Almaniyanı (2:0), Ukrayna isə İsveçi üstələyib – 2:1.

“Avro-2020”nin yarımfinal mərhələsinin görüşləri iyulun 6-7-də, final matçı isə iyulun 11-də keçiriləcək. Yarımfinal və final görüşlərinə Londondakı “Uembli” stadionu ev sahibliyi edəcək. Birinci yarımfinal matçında İtaliya və İspaniya komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu “Avro-2020”nin A qrupu çərçivəsində Uels-İsveçrə (1:1), Uels–Türkiyə (0:2) və İsveçrə-Türkiyə (3:1) oyunlarına ev sahibliyi edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video