09 Oktyabr 2011 11:10
360
SİYASƏT
A- A+

AŞ PA Dağlıq Qarabağda keçirilən qanunsuz seçkiləri qətiyyətlə pislədi

 

Beynəlxalq qurumlar bununla işi bitirməməli, separatçı rejimi birdəfəlik susdurmalıdır

 

Ermənistanın separatçı rejimi 21 ildir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və qəbul edilmiş ərazilərinin 20 faizini işğal edərək Dağlıq Qarabağda "müstəqil" qurum yaratmağa çalışır. Ona beynəlxalq hüquq donu geydirmək məqsədilə tez-tez gah prezident, parlament, gah da bələdiyyə və şəhər meri seçkiləri keçirir. Lakin bu qurumu indiyədək nəinki dünyanın hansısa ölkəsi, heç Ermənistanın özü belə tanımaq iqtidarında deyil. Məsələyə bir də beynəlxalq hüquq müstəvisindən yanaşsaq, bölgənin Ermənistana ilhaq edilməsi perspektivi də mümkün olası iş deyil. Lakin mövcud münaqişənin həll olunmamış vəziyyətdə qalması və bu qədər uzanması regionun inkişaf perspektivinə, iqtisadi faydalılığının artmasına əngəl yaradır. Nəzərə alsaq ki, Azərbaycanın iqtisadi potensialı, enerji resursları, kommunikasiya vasitələrini inkişaf etdirmək xətti tək region ölkələri üçün deyil, dünya üçün də faydalıdır və onlar buna maraqlıdır, onda anlaşılmayan bir iş qalmır.

Lakin Ermənistan hər gün vəziyyəti bir az da gərginləşdirir. Separatçı rejim  2011-ci il sentyabrın 18-də Dağlıq Qarabağda oyuncaq bələdiyyə və mer seçkisi keçirdi. Guya 54 min 658 nəfər seçkidə iştirak edib. Bu ölkənin hakim Respublika Partiyasından olan deputat Ernest Soqomonyan parlamentdə çıxışında demişdir: "Əhalinin ağır sosial problemlərinin səbəbi kimi təkcə Ermənistandan deyil, həm də Dağlıq Qarabağdan miqrasiya axınları son on ildə 4-5 dəfə artmışdır. Yerevan və Xankəndinin statistika xidmətində qeyd olunduğu kimi, miqrantların çoxu "mövsümi işlər" üçün getsə də, əslində onlar geri dönmək barədə düşünmürlər". 

Deməli, məsələ seçkilər keçirmək deyil, rejimin beynəlxalq hüquq normalarına aid dövlət olduğunu dünyaya göstərməkdir. Qondarma DQR-in əmək və müharibə veteranı şurasının sədri Serqey Barseqyan çıxışında açıq-aşkar bildirib ki, əsas məsələ insanların rifahı deyil, DQR-in "müstəqilliyinin" qorunub saxlanmasıdır: "Bu siyasətə dəstək verməyən hər hansı bir şəxsin aqibəti elə yerindəcə həll olunacaq. Bu mənzərəni ötən 20 il ərzində hamı müşahidə edib".

Azərbaycanın Xarici İşlər Nazirliyi sentyabrın 15-də separatçı rejimin işğal olunmuş ərazilərdə keçirdiyi seçki hoqqabazlığına kəskin etiraz bəyanatı vermişdir. Bəyanatda deyilir: "Azərbaycan bir daha bəyan edir ki, işğal olunmuş ərazilərində mövcud olan tanınmamış separatçı rejim Ermənistanın bu əraziləri azərbaycanlı əhalidən etnik təmizləməsi əsasında yaratdığı qanunsuz qurumdan başqa heç nəyi təmsil etmir. Qondarma seçkilər də Ermənistanın qəsbkarlıq siyasətini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində işğalın nəticələrini pərdələmək üçün keçirilmişdir. Azərbaycan Ermənistanı pozucu, qanunsuz əməllərini dayandırmağa çağırır. Çünki bu addımların heç bir perspektivi yoxdur..."

Bir neçə gün sonra beynəlxalq qurumlar da bu qanunsuz seçkilərə etirazlarını bildirdilər. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində keçirdiyi növbəti qanunsuz seçkilər təcavüzkar ölkənin beynəlxalq aləmdə ifşasına səbəb oldu.

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Strasburqda keçirilən payız sessiyasında separatçı qüvvələrin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında keçirdiyi qondarma bələdiyyə seçkilərini pisləyən yazılı bəyanat verdi. AŞ PA sədri tərəfindən toplantıda təqdim olunan bəyanat qurumun əksər ölkələrinin üzvləri tərəfindən imzalandı. Assambleyanın rəsmi sənədi kimi yayılan bəyanatda deyilir: "Beynəlxalq aləmin etirazlarına və məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə baxmayaraq, Ermənistan indiyədək işğal etdiyi əraziləri azad etməkdən boyun qaçırır. Bununla da beynəlxalq hüquq normalarını tapdalamaqda davam edir. Bəyanatda AŞ PA-nın da Ermənistanın Azərbaycan torpaqlarının işğalını pisləyən və öz hərbi qüvvələrini zəbt etdiyi torpaqlardan dərhal çıxarmasını nəzərdə tutan 1416 saylı qətnamə qəbul etdiyi xatırlanır: "Ermənistan bir daha bilərəkdən AŞ PA və BMT qətnamələrinə məhəl qoymayaraq 2011-ci il sentyabrın 18-də işğal etdiyi Azərbaycan torpaqlarında qeyri-qanuni bələdiyyə seçkiləri keçirib. Bu qeyri-qanuni seçki beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə zidd olmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan arasında gedən çox həssas müzakirə prosesinə də ciddi zərbə vurur. Ermənistanın bu addımları onsuz da gərgin olan regionda vəziyyəti daha da ağırlaşdırır. Bütün bunları nəzərə alaraq Assambleya qeyri-qanuni keçirilmiş seçkiləri pisləyir və Ermənistanı bu cür destruktiv və qeyri-qanuni əməllərdən çəkinməyə, beynəlxalq hüquqa və beynəlxalq qurumların qəbul etdikləri qətnamələrə zidd addımlardan geri çəkilməyə çağırır. Çünki bu addımlar beynəlxalq hüquqa və beynəlxalq qurumların qətnamələrinə zidd olmaqla bərabər həm də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində davam edən danışıqlar prosesinə mənfi təsir göstərir, sülhü təhlükə altına alır. Bütün bunlara diqqət çəkərək Assambleya Ermənistan rəhbərliyini beynəlxalq hüquq normalarına əməl etməyə və münaqişənin tənzimlənməsi prosesində konstruktiv mövqe tutmağa çağırır".     

ABŞ Dövlət Departamentinin mətbuat xidməti də qanunsuz seçkilərə etirazını bildirərək qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəflərlə işləyərək Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsiplərinə, o cümlədən zorakılıqdan çəkinməyə, ərazi bütövlüyünə sadiq qalır. Beynəlxalq qurumların Azərbaycan ərazilərində keçirilən bu cür qanunsuz seçkiləri və başqa aksiyaları pisləməsi və tanımaması təqdir olunsa da, problem yenə də həll olunmamış qalır. Bunun üçün separatçı rejim birdəfəlik susdurulmalıdır.   

"Qafqazda ermənilərin yeri və mövqeyi" layihəsinin müəlliflərinin fikrincə, hər il Ermənistan, DQR və Gürcüstanda erməni əhalisinin sayının azalması müşahidə olunur. Ermənistanda və DQR-də mövcud rejimlər özlərini doğrultmur, çünki burada hədəf insanların rifahı deyil, separatçı rejimin "qanunları" və yürütdüyü siyasi xətdir. Digər tərəfdən də "böyük Ermənistan" ideologiyası artıq sadə ermənilər üçün maraqsız və mənasız mövzuya çevrilib, əhəmiyyətini itirib. Dağlıq Qarabağdakı son bələdiyyə seçkiləri isə bir daha sübut etdi ki, erməni xalqı irəliyə doğru deyil, geriyə və keçmişə boylanmağı sevir...".

 

Rəsmiyyə RZALI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video