02 May 2020 01:02
1754
Səhiyyə
A- A+

Arxayınlaşmaq tezdir: təhlükə hələ qalır


İnsanlar profilaktik tədbirlərə uyğun davranmasa, prosesin ikinci dalğası başlaya bilər


Ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanan yeni növ koronavirus (COVID-19) artıq planetin 210 ölkə və bölgəsinə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada bu virusa yoluxanların sayı 3 milyondan çoxdur.

Xəstəlikdən sağalanların sayı 1 milyonu ötsə də, pandemiya qurbanlarının sayı 300 minə yaxınlaşır. Hazırda dünyanın ən böyük problemi olan COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə bütün dövlətlər çoxsaylı tədbirlər görür, virusun təsirinin azaldılması üçün addımlar atırlar. Bəzi ölkələr bu addımları atmaqda geciksələr də, vaxtında zəruri və səmərəli tədbirlər həyata keçirən dövlətlər də oldu.


Azərbaycanda koronavirusa yoluxma və ölüm halları azdır


Azərbaycan dünyada az-az dövlətlərdəndir ki, xalqının sağlamlığını düşünərək virusun yayılmasının qarşısını almaq üçün vaxtında qabaqlayıcı, çevik tədbirlər həyata keçirdi. Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Martın 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə dayandırıldı. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salındı və ya ləğv edildi. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq olundu. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edildi.

Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırıldı. Aprelin 5-dən etibarən bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verildi. Beynəlxalq ticarət daşımaları istisna olmaqla, qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində qonşu dövlətlərlə yerüstü və hava nəqliyyatı bağlantıları, digər ölkələrlə beynəlxalq hava sərnişin daşımaları dayandırıldı. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alındı, diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək tibb müəssisələrinə təhvil verildi.

Pandemiya ilə mübarizə çərçivəsində səhiyyə, sosial, iqtisadi və s. sahələrdə müxtəlif istiqamətlərdə işlər görülür. Dövlət koronavirusun Azərbaycanda geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxmanın sürətini azaltmaq, vətəndaşının sağlamlığını qorumaq üçün lazımi hər bir tədbiri həyata keçirir.

Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən bu cür zəruri qabaqlayıcı və səmərəli tədbirlər artıq öz effektini verməkdədir. Məhz pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində dövlət tərəfindən vaxtında atılan mühüm addımlar, eləcə də karantin rejiminin tətbiqi nəticəsində ölkədə COVID-19-la bağlı vəziyyət nəzarət altına alınıb, insanların koronavirusa kütləvi yoluxma hallarının azaldılmasına nail olunub. Dünya dövlətləri ilə müqayisədə Azərbaycanda koronavirusa yoluxma və ölüm halları azdır. Sağalmalar isə kifayət qədər yüksəkdir. Koronavirusla bağlı son günlərin rəqəmləri də ölkədə pozitiv statistikanın tendensiya halını almasına dair göstəricidir. Azərbaycan bu gün dünyanı bürümüş pandemiyaya qarşı mübarizədə ən ciddi tədbirlər görmüş və uğur qazanmış ölkələr sırasındadır.


Təhlükə hələ tam sovuşmayıb


Nazirlər Kabineti yanında Operativ Qərargah da COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyəti, xüsusilə xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma hallarını təhlil edərək aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verdi. Yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırıldı.

Lakin bu qərardan sonra əhali arasında bir arxayınlaşma, laqeydlik nəzərə çarpmaqdadır. Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar əhalidə təhlükənin sovuşması əhvali-ruhiyyəsi yaranmaqdadır. Paytaxtın Nizami küçəsi və Fəvvarələr meydanında dükanların fəaliyyətə başlamasından istifadə edən bəzi vətəndaşlar nəsə almağa ehtiyac olmadığı təqdirdə SMS icazə alaraq gəzməyə çıxırlar. Üstəlik tibbi maska taxmadan...

Bəli, yazdır, hava gözəldir, evdə oturmaq çətindir. Hər kəs gəzmək, təbiətin, şəhərimizin gözəlliyindən zövq almaq istəyir. Amma unuduruq ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Təhlükə hələ tam sovuşmayıb. Yoluxma halları davam edir. Ona görə də indiki vəziyyətdə hər şey insanlara bağlıdır. Karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər. Bu səbəbdən hamının sosial məsuliyyətdən irəli gələrək mövcud qaydalara və şəxsi gigiyenaya, zəruri profilaktik tədbirlərə əməl etməsi olduqca vacibdir. Çölə çıxarkən tibbi maska və əlcək taxmağa laqeyd yanaşılmamalıdır. Əlləri tez-tez və 20 saniyədən az olmamaq şərtilə sabunla, spirt tərkibli antiseptik vasitələrlə yumaq lazımdır. Öskürərkən və ya asqırarkən ağızı bükülmüş dirsək və ya salfet parçası ilə örtməli, daha sonra isə həmin salfet parçasını bağlı zibil qutusuna atmalıyıq. Vətəndaşlar əvvəlki dövrdə olduğu kimi, 2 metrlik distansiya tələbinə riayət etməlidirlər.


Virusun ikinci dalğası qayıda bilər


Azərbaycanda koronavirusun müayinəsi və müalicəsini həyata keçirən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəhbəri Ramin Bayramlı brifinq zamanı karantin tədbirlərinin tam aradan qaldırılması ilə ikinci dalğanın qayıtması, virusun yayılması təhlükəsinin ola biləcəyinə diqqət çəkmişdi: "Karantin rejiminin tətbiqi nəticəsində əldə olunan nailiyyətlər qətiyyən laqeydlik yaratmamalıdır. Vaksinasiya problemi həll edilməyənədək virusun əhali arasında yayılma riski böyükdür. Vaksinasiyanın bir il ərzində tapılması proqnozlarını nəzərə almalıyıq”.

Dövlət başçısı İlham Əliyev aprelin 24-də Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında karantin müddətində daim monitorinq aparılacağını qeyd etdi: "Əgər bu yumşalmadan sonra görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik. Ona görə də bir daha demək istəyirəm ki, əsas məsələ vətəndaşların sağlamlığıdır, onların həyatıdır”.

Baş Nazir Əli Əsədov Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında bildirmişdi ki, yoluxma hallarının təkrar artacağı halda Operativ Qərargah xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi haqqında qərar qəbul edə bilər.

Bəli, xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Amma vətəndaşlar bilməlidirlər ki, epidemioloji vəziyyət tələb edərsə, xəstəliyin dinamikasında artım olarsa, yoluxma sürəti çoxalarsa, karantin rejimi yenidən sərtləşdiriləcək və müvafiq məhdudiyyətlər tətbiq olunacaq.


Ən böyük məsuliyyət vətəndaşların üzərinə düşür


Koronavirusun Azərbaycanda geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxmanın sürətini azaltmaq, vətəndaşların sağlamlığını qorumaq üçün hökumət tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir. Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsəd güdür - vətəndaşların sağlamlığını maksimum dərəcədə qorumaq. Lakin xəstəliklə mübarizədə müsbət nəticələrə nail olmaq üçün təkcə dövlət tərəfindən görülən işlər kifayət deyil. Ən böyük məsuliyyət vətəndaşların üzərinə düşür. Dövlətin gördüyü tədbirlərin effektivliyi həm də fərdi qaydada hər bir vətəndaşın üzərinə düşən məsuliyyəti yerinə yetirməsindən asılıdır. Unutmayaq ki, hər bir məsuliyyətsizlik, hər bir qayda pozuntusu koronavirusa yoluxmaq və nəinki öz canını, ətrafdakıların da həyatını təhlükəyə atmaq deməkdir.

Məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısını almaq, xəstəliyin yeni dalğasına yol verməmək üçün kütləvi tədbirlər, toplantılar keçirilməməli, vətəndaşlar şəxsi gigiyena qaydalarına, əvvəlki dövrdə olduğu kimi sosial məsafə tələbinə əməl etməli və özünütəcrid, "Evdə qal!” kampaniyasına davam etməlidirlər. Məhz o zaman gözəgörünməz düşmənlə mübarizədə tam qələbədən danışmaq olar. Hələlik isə tezdir...

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video