20:28 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Arının zəhəri də dərmandı
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:08 16.08.2012

 

Balanın baldan, balın isə baladan şirin olmasını hər iki tərəfin anası daha yaxşı bilər. Arılarla bağlı hikmətamiz fikirlər az deyil. Lakin, nədənsə, bu qəribə canlının sirlər dünyasını tamamilə tədqiq etmək kiməsə nəsib olmayıb. Əlbəttə, balın min bir dərdin dərmanı olması təsdiqləyir ki, bu sahədə hələ də "qatı açılmamış" sirlər yatır. Arı dünyasının yazılmamış "dəmir qanunlar"ı var.

Arı ailəsində qəribə bir bərabərlik mövcuddur. Hansı miqdarda toplamasından asılı olmayaraq, arıların yuvadakı qidadan istədiyi kimi istifadə etmək ixtiyarları var. Burada "mənim-sənin" prinsipi yoxdur. Yaxşı-pis, nə varsa, hamının sayılır və istifadə olunmasında hər bir arı sərbəstdir. Daha maraqlı məqamlardan biri də odur ki, hər arı öz şahı - anası ilə istədiyi vaxt görüşə bilər, qolları və ağzı ilə ona toxuna, hətta ağzındakı şirə ilə onu yemləyə bilər. Arı şahlığa layiqdirsə, onu qorumağa ehtiyac qalmır.

Çəkisinə görə, canlılar arasında ən güclü sayılan arı (qarışqadan sonra) özündən 20 dəfə ağır yükü dartıb yuvadan bayıra ata bilir. Maraqlı təkcə o deyil ki, yay aylarında yaxşı arı ailəsində 50-60, bəzənsə 70-80 minə qədər işçi qüvvə fəaliyyət göstərir. Arının çəkisi bir qram olur. Onun hər kiloqramında on minə qədər arının olması, sadəcə, möcüzədir. İnsanlardan fərqli olaraq, arı ailələrinin qonşuluq əlaqələri çox pis olur. Bu aləmdə qonşuya diləyə getmək, yardım ummaq yasaqdır. Bir ailədə arıların sayının həddən artıq çox olmasına baxmayaraq burada çoxtirəlik, qruplaşma, qarşıdurma mümkün deyil.

Bu sirli dünyanın möcüzələrini araşdıran və müəyyən kodlar açan arıçı Nəsib Bayramoğlunun təbirincə desək, təəssüf ki, iş arının cövhəri deyil. Ən çox işləyən və az yaşayan işçi arılarıdır: "Cəmi on yeddi günə əmələ gələn erkək - eşşək arıları işçilərin yığıb toplayıb gətirdiyindən geninə-boluna yeyib, onlardan dörd dəfə də çox yaşayırlar. Bu hələ harasıdır! Əgər payızın düşməsi ilə işçi arılar onları yuvadan qovub çıxarmasalar, onda bu müftəxorlar daha çox, bəlkə də 8 dəfə artıq uzun ömür sürərlər".

Dünyaya  göz açdığı Qəbələdə arıçılıq təsərrüfatının inkişafına göstərilən dövlət qayğısından danışan Nəsib Bayramoğlu bununla əlaqədar bir neçə kitabı ilə də oxucularla görüşə gəlib. Onun "Qəribə dünya", "Boyunduruq", "Arı və demokratiya", "Yuvalar" kitablarından da görünür ki, o, arıçılığın çoxlarına məlum olmayan möcüzə və  sirlərini öyrənməkdən yorulmur. Onun  bu il çapdan buraxılan "Sirli dünya"sında isə arılar barəsində indiyədək yazılmayan  bir çox maraqlı məlumatlar verilir.

Yeri gəlmişkən qeyd edək ki, "Arıçılıq haqqında" Azərbaycan Respublikasının 2 fevral 2009-cu il tarixli qanunu və onun tətbiq edilməsi barədə Azərbaycan Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanına uyğun olaraq, ölkəmizin bir sıra bölgələrində, o cümlədən Lerik, Şəki, Qax, Balakən, Oğuz və Qəbələ rayonlarında bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Məsələn, bu ilin əvvəlində Qəbələdə arıçılıqla məşğul olan 243 ailədə yetişdirilən arı ailələrinin sayı 1548 olub. Bu gərəkli və gəlirli sahənin daha da inkişaf etdirilməsi, arıçılıqla məşğul olan sahibkarların  problemlərinin həllinin aradan qaldırılması üçün 2009-cu ilin aprelində rayonda Azərbaycan Arıçılar İttifaqının Qəbələ filialı da yaradılıb. Hər ilin payızında paytaxt Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkasının keçirilməsi isə  yalnız bu sahənin inkişafına yönəldilən təbliğat deyil. Bu, eyni zamanda bala olan tələbatın öyrənilməsi və ödənilməsinin bir formasıdır. Qəbələnin məşhur arıçılarından hesab edilən İlham Vəliyevin, Kamran Bayramovun və digərlərinin becərdiyi keyfiyyətli məhsullarla da məhz belə sərgi-satış yarmarkalarında tanış olmaq mümkün olur.

...Hələ eramızdan əvvəl məşhur filosoflar, təbiblər arı haqqında, onun məhsullarının insan sağlamlığında oynadığı rol barədə dəyərli fikirlər söyləyiblər. Bu qəbildən Aristotelin, Demokritin və İbn-Sinanın adlarını çəkmək olar. Aristotelin "Arı günəşi" kitabı belə mövzuya həsr edilən ilk nəşrlərdən sayılır. Arıların döyüşkənlik xarakterinin dəyişməzliyini bilən böyük sərkərdə Napoleonun döyüşə gedərkən geyindiyi plaşın  sinəsinə  simvolik olaraq arı nişanı taxması da bu sirli varlığın mübarizliyinə və döyüşkən ruhlu olmasına işarə kimi qiymətləndirilib. N.Bayramoğlu "Sirli dünya"sında göstərir: "Napoleonun arını çox sevdiyini bilən dostları onun nəvəsinə hədiyyə verdikləri qızıl beşiyin başında arı emblemi həkk etdirmişdilər. Hələ çoxları bilmir ki, arı ailələrində bərabərlik prinsipi pozularsa, onda orada həyat sona çatar. Arı ailələri daxilində birinin varlı, digərlərinin kasıbı olmur. Orada ruzi boldursa, arıların hamısı toxdur-varlıdır. Ruzisi bol olan  ailənin arılarının hamısı da kök olur. Ailədəki var-dövlətdən işçi arı ilə anaya - şaha bərabər miqdarda pay düşür. Bu, hər bir arının öz tələbatını ödəyəcək qədər qida ilə təmini deməkdir. Heç bir arı ona lazım olduğundan artıq qida qəbul etmir".

Arıların yaddaşı ilə kompyuterlərin biosunu eyniləşdirənlərin əllərində kifayət qədər əsas var. O da maraqlıdır ki, həyat və sağlamlığımızda həddən artıq əhəmiyyətli rol oynayan arıları biz nə qədər tanıyırıq? Bunun üçün bəzi xarici mənbələrə də müraciət etmək yerinə düşərdi. "Dicsover Maqazin"də dərc edilən maraqlı məlumatlar göstərir ki, nə qədər tədqiq olunursa-olunsun, arılar dünyasının sirləri və möcüzələri hələ də öz kəşfini gözləyir. Dünyada 16 min arı növü var. Əksəriyyəti tək yaşayan bu növlərin cəmi beş faizi bizim tanıdığımız bal arısıdır. 1660-cı ildə hollandiyalı elm adamı olan Svammerdam şandakı böyük arını araşdırıb. Məlum olub ki, onun yumurtalığı var. Həmin tədqiqata qədər ailədəki "kral"ın "kraliça" olduğunu kimsə bilməyib. Demək, "kraliça" daim özünü "kral" - arı ailəsinin başçısı kimi aparıb.

 Sancmağından daha çox qorxulu və vahiməli olan arı vızıltısını yaradan onun bir dəqiqədə 11 min 400 dəfə çırpdığı dörd qanadının səsi imiş. Saatda 25 km məsafə qət etməyə çalışan arıların qanadı onun "mühərrikinin pəri" hesab edilir.

Nəhayət, onu qeyd etmək lazımdır ki, arını yalnız balına görə sevənlər və onlara qulluq göstərən "arıçılar" da var ki, onlar halallıqda nümunə olan bu ailələrə xəyanət edir. Arı ailəsi kimi, bal da xalisliyi və halallığı sevir. Kimsə arının məhsuluna nəsə qarışdırıb satırsa, bu, həmin "arıçı"nın son alveri olur. Növbəti ildə arı ailəsi onun "balını zəhərə döndərir": ya arı ailəsi məhv olur, ya da şəkər tozundan "istehsal etdiyi" "bal"ı alan olmur. "Zəhmətkeş arının balını zəhərə döndərənlərin ruzisi kəsilər". Bu isə ulularımızdan qalma hikmət dolu əmanətlərdəndir. Bu sirlər dünyasından xəbəri olan arıçılar arıların daha neçə-neçə şəfaverici məhsullarını üzə çıxarıblar. Hətta arının təkcə balı deyil, zəhərinin də müalicəvi əhəmiyyəti təbabətdə öz təsdiqini çoxdan tapıb.

 

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM