15 Aprel 2021 14:11
689
SİYASƏT
A- A+

Andrey Petrov: Əgər Ermənistanı qarşıdurmanın yenidən başlanmasına kənardan sövq etməyi dayandırsalar, o halda problemin həlli mümkünsüz görünməyəcək

Aprelin 13-də ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib. Dövlət başçısı konfransdakı çıxışında Cənubi Qafqazın gələcək inkişafının mühüm aspektlərinə toxunub, regionda sülhün və sabitliyin təminatı yollarını göstərib. Prezident İlham Əliyevin nitqi bütün dünyada, o cümlədən Rusiyada böyük rezonans doğurub.

“Vestnik Kavkaza” agentliyinin baş direktorunun müavini Andrey Petrov ATƏT-in Minsk qrupunun gələcək missiyası, Cənubi Qafqazda münaqişədən sonrakı dövrdə əmələ gələn yeni iqtisadi və siyasi tandemlər və Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin bağlanması perspektivi barədə AZƏRTAC-ın müxbirinin sualını cavablandırıb.

-Prezident İlham Əliyev “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusuna həsr olunmuş beynəlxalq konfransdakı çıxışında qeyd edib ki, Azərbaycan ATƏT-in Minsk qrupundan regionda sülh şəraitinin bundan sonra nizamlanması üzrə yeni təkliflər gözləyir. Rusiya Minsk qrupunun həmsədri kimi bu prosesdə hansı rol oynaya bilər?

-Zənnimcə, müharibədən sonrakı dövrdə ATƏT-in Minsk qrupunun mövcudluğuna yeni hədəf yaranıb – Ermənistan və Azərbaycan dövlətlərinin və xalqlarının barışması prosesi mükəmməl finala, yəni elə vəziyyətə çatdırılmalıdır ki, artıq istər daxili, istərsə də xarici amillər Cənubi Qafqazda sülhə və sabitliyə təhlükə yarada bilməsinlər. Bunun üçün, ilk növbədə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri yeni reallıqları qəbul etməli, Ermənistan-Azərbaycan əlaqələrində vasitəçiliyə yanaşmalarına yenidən nəzər salmalı, özləri üçün işlərin vəziyyətinin həqiqətən sabitləşdirilməsinə yönələn fəaliyyət planı hazırlamalıdırlar.

Prezident İlham Əliyev də müharibə başa çatandan sonra bu barədə müntəzəm danışır: Azərbaycan ATƏT-in Minsk formatından imtina etmir, lakin gözləyir ki, həmsədrlər bu formatın əvvəlki kimi davam etməsinin mümkün olmadığını dərk etsinlər və özləri onun mövcudluğunun yeni mənasını tapsınlar, xüsusən ona görə ki, yeni məna var. Müharibə başa çatıb, lakin regiona mənfi təsir göstərmək cəhdləri davam edir və ATƏT-in Minsk qrupu ölkələri belə fəallığa qarşı birgə müqavimət göstərə bilərlər.

Ermənistan öz qonşularına militarist münasibətini dəyişmək üçün uzun yol keçməlidir. Erməni diasporunun iri və nüfuzlu hissəsinin yaşadığı dövlətlər erməni millətindən olan vətəndaşlarına başa sala bilər ki, onlar revanşist planlardan əl çəksinlər, azərbaycanofobiya və türkofobiyadan müalicə olunsunlar və Ermənistana millətçilik ideyalarının məkanı kimi baxmasınlar. Erməni vətəndaşlara və rəsmi Yerevana çatdırmaq lazımdır ki, Azərbaycan Ermənistan Respublikasına qarşı ərazi deyil və bu ərazilərə hansısa yolla hücum etmək niyyəti yoxdur, belə qorxu nəinki əsassız, həm də təhlükəlidir. Ona görə ki, regiondan kənarda dayanıb bu münaqişədən faydalananlar bu qorxu hissi ilə oynamaqda davam edir, Ermənistan Respublikasının və onun sakinlərinin normal dinc həyat sürməsinə imkan vermirlər.

Moskva 2020-ci il 10 noyabr Bəyanatının şərtlərinə riayət olunmanı təmin edən sülhməramlı kimi, müharibədən sonrakı dövr üçün Bakı ilə razılaşdırılmış nizamlama tədbirlərini ATƏT-in Minsk qrupu formatı ilə heç bir əlaqə olmadan tamamilə uğurla həyata keçirir. Lakin əgər Minsk qrupu həqiqətən format çərçivəsində mövcud olmaq istəyirsə, o halda ABŞ və Fransa ilə əməkdaşlıq edə, məsələn, yuxarıda adıçəkilən iki məsələ - erməni diasporu daxilində azərbaycanofob və türkofob əhval-ruhiyyənin azaldılması və Ermənistanın daxilində millətçi cərəyanlarla mübarizə ilə məşğul ola bilərdi. Bu məsələlərin həyata keçirilməsi üçün məhz ATƏT-in Minsk qrupu çox münasib məkandır, çünki bir ölkə bu məsələnin öhdəsindən gələ bilməz: əgər antiazərbaycan əhval-ruhiyyəsi Rusiya KİV-lərindən və Rusiya siyasi məkanından çəkilərsə, amma ABŞ və Fransada bu vəziyyət davam edərsə, o halda bunun səmərəsi olmayacaq, diasporun Yerevana mənfi təsiri qalacaq. Əlbəttə, bu, müasir şəraitdə xəyal kimi səslənir. Lakin başqa yol yoxdur: nə qədər ki, müharibənin ardınca millətçilik də tarixə çevrilməyib, o halda Cənubi Qafqazda sabitlik olmayacaq. Regionun belə sabitlik proqramı ATƏT-in Minsk qrupunun fəaliyyətində yeni mərhələnin əsası ola bilərdi - əlbəttə, əgər iştirakçı ölkələr bu formatı qoruyub saxlamaq istəsələr.

-Prezident İlham Əliyev Cənubi Qafqaz regionunda əməkdaşlığın qurulmasını Azərbaycanın beynəlxalq uğuru adlandırıb. Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran kimi əməkdaşlıq konfiqurasiyaları regionda sabitliyə gətirib çıxara bilərmi?

-Azərbaycan regiondaxili əməkdaşlıq formatının təşkilində beynəlxalq həyatda işin vəziyyətinin dəyişməsində düzgün anlayış nümayiş etdirdi: dünyanın birqütblülüyü ilə mübarizə çoxqütblülükdən daha çox siyasi və iqtisadi proseslərin regionallaşmasına gətirib çıxarıb. Azərbaycan xarici siyasətdə həqiqətən suveren və müstəqil dövlət kimi lap əvvəldən qonşularla əlaqələrin prioritetliyinə tərəfdar olub: regionda mövcud olmağı yalnız öz məqsədlərinə çatmaq üçün münasib məkan hesab edən xarici aktorlardan fərqli olaraq qonşular bir-birinin maraqlarını daha yaxşı başa düşür və onlara məhəl qoymaya bilməzlər. Yanaşı yaşayanları təbii halda ümumi problem və məsələlər birləşdirir. Burada təəccüb doğuran odur ki, niyə Cənubi Qafqazda buna bənzər üçbucaqlar hələ 90-cı illərdə formalaşmayıb? Yeri gəlmişkən, bu, regionun əvvəllər xarici təsirə nə dərəcədə məruz qaldığını və buna görə parçalandığını göstərir.

Lakin Bakının öz ətrafı ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş ardıcıl siyasəti sayəsində hazırda bu parçalanmanı bir çox cəhətdən aradan qaldırmaq mümkün olub. Siyasətdə və iqtisadiyyatda ümumi gündəlikdə duran məsələlərin mövcudluğu artıq onu sübut edir ki, Böyük Qafqaz regionunun çox hissəsində sabitlik hökm sürür, artıq ölkələr arasında onların maraqlarının əsaslı şəkildə fərqlənə biləcəyi mövzular demək olar ki, qalmayıb, Prezident İlham Əliyev tərəfindən səsləndirilən formatların qorunub saxlanması, yaxud böyüdülməsi regionun bu gün özünü nə dərəcədə yaxşı hiss etməsinin indikatoru olacaq. Sözsüz ki, vaxt keçdikcə Ermənistan da qonşularla açıq və qarşılıqlı faydalı əməkdaşlığa qoşulmalıdır. “3+3” formatı artıq səsləndirilib, onun həyata keçirilməsi Cənubi Qafqazda tam sabitliyə və davamlı dinc həyata gətirib çıxaracaq.

-Son vaxtlar Ermənistanda revanşa çağırışlar səslənir. Prezident İlham Əliyev konfransdakı çıxışında Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin bağlanmasının mümkünlüyünü bir daha qeyd edib. Belə bir saziş bağlanması perspektivləri barədə siz nə düşünürsünüz?

-Ümidvaram ki, Ermənistanın növbəti hökuməti radikal meyilli və müxalifət siyasətdə özünü doğrultmağa çalışan Qarabağ klanı üzərində qələbədən sonra Azərbaycan ilə münasibətləri normallaşdırmaq üçün daha çox daxili siyasi sərbəstlik əldə edəcək. Azərbaycanofobiyaya bir il ərzində, xüsusən də kənardan millətçi meyillərin təsiri şəraitində qalib gəlmək çətindir, lakin Bakı ilə sülh sazişi bağlamaq üçün Yerevanın siyasi iradə göstərməsi kifayət edəcək. Bütövlükdə, ötən beş ay göstərdi ki, Ermənistan cəmiyyəti Qarabağ müharibəsindəki məğlubiyyəti ilə razılaşmağa və bundan sonra həyatını davam etdirməyə hazırdır. İnsanların irimiqyaslı etiraz nümayişlərinə çıxmaq və Nikol Paşinyan hökumətini istefaya çağırmaq üçün bütün imkanlar vardı, lakin onlar bunu etmədilər. Deməli, məsələ yalnız siyasətçilərdən asılıdır.

Sülh sazişinə hər hansı variantda ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə maddə daxil edilməlidir. Bu isə Xankəndidə oyuncaq rejimin qalıqlarının təxribatçı fəallığına son qoyulmasını və bütövlükdə separatçı layihənin bağlanmasını tələb edir. İndi Yerevan üçün bu qərar çox mürəkkəb görünür, bu isə onu göstərir ki, Azərbaycan ilə sülh sazişi bağlamağa Ermənistanın hakimiyyət orqanlarının güclü iradəsi olmalıdır. Lakin yenə də, əgər Ermənistanı qarşıdurmanın yenidən başlanmasına kənardan sövq etməyi dayandırsalar, o halda problemin həlli mümkünsüz görünməyəcək. Əlavə etmək vacibdir ki, belə sazişin möhkəmliyinə yalnız Ermənistan hakimiyyət orqanlarının və Ermənistan cəmiyyətinin həqiqi istəyi zəmanət verə bilər. Bundan ötrü onlara, sözün həqiqi mənasında, Cənubi Qafqazın müasir reallıqları şəraitində yaşamağı öyrənmək lazımdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video