17 Iyun 2020 00:19
1293
Səhiyyə
A- A+

Andına sadiq qalanlar


Bu da bir tarix, bu da bir həqiqətdir ki, hər il iyunun 17-də böyük təntənə ilə qeyd etdiyimiz Tibb işçiləri günü XXI əsrin 20-ci ilində qanlı-qadalı koronavirusla mübarizə dövrünə təsadüf etmişdir. Bu bayram ərəfəsində ilk yada düşən həm də odur ki, bəşəriyyəti qəfil ölüm təhlükəsi ilə üz-üzə qoyan bu pandemiyaya qarşı mübarizədə ən böyük məsuliyyət, ən böyük çətinliklər ağ xalatlı tibb işçilərinin üzərinə düşmüşdür. İstər səhiyyə, istərsə də iqtisadi baxımdan dünyanın ən inkişaf etmiş ölkələrini belə çıxılmaz vəziyyətə qoyan COVID-19 pandemiyası ilə ölüm-qalım məsələsində ölkəmizdə bütün insanların köməyinə çatan, ilk növbədə, Azərbaycan Prezidentinin uzaqgörən siyasətinə əsaslanan qabaqlayıcı tədbirlər, digər tərəfdən də Hippokrat andına sadiq qalan həkimlər olmuşdur.

Xalqımızın COVID-19 pandemiyası ilə üzləşdiyi belə çətin bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışı, yəni öndə ölkəmizin tibb işçiləri olmaqla problemə strateji baxışı və hamını bu mübarizədə bir olmağa, həmrəyliyə çağırışı öz bəhrəsini verməkdədir. Dövlət başçısının təşəbbüsü ilə "Biz birlikdə güclüyük!” şüarı altında qısa müddət ərzində respublikamızda görülən işlər, ilk növbədə, ölkə rəhbərinin "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli fərmanı ictimaiyyətdə böyük məmnunluq doğurmuşdur. Çünki fərmana əsasən, respublikamızda əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən hesab edilirdi. Koronavirus infeksiyasının respublikamızda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərin maliyyə dəstəyini təmin etmək məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. Bu fondun xətti ilə pandemiyanın qarşısının alınması və tibb işçilərinin fəaliyyətinin gücləndirilməsi ön plana çəkilmişdir. Xatırladaq ki, bu qəbildən olan fond dünyada ilk dəfə məhz Azərbaycanda təsis edilmişdir. Fond fəaliyyətə başladığı günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva birillik əməkhaqqı məbləğlərini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmişlər. Bundan sonra qısa müddətdə dövlət qurumları, bir çox fiziki və hüquqi şəxslər də könüllü olaraq bu təşəbbüsə qoşularaq fonda müəyyən miqdarda ianələr köçürmüşlər.

Koronavirusa qarşı çalışan tibb işçilərinin əməyini yüksək dəyərləndirən ölkə Prezidenti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncam imzalamışdır. Sərəncama əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavələr müəyyən edilmişdir. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin də əməyinin ödənilməsi nəzərə alınmışdır.

Qeyd etmək yerinə düşər ki, riskli və ölümlə əlbəyaxa şəraitdə çalışan tibb işçilərinin zəhmətini yüksək qiymətləndirən dövlət başçısı bu zaman əhalinin sosial müdafiəsinə qayğını da ön plana çəkmişdir. Dövlət sektoru üzrə 900 mindən çox işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğu təmin edilmiş, hər hansı əsassız ixtisarlara yol verilməməsi üçün bütün dövlət qurumlarına müvafiq tapşırıq verilmiş, habelə sahibkarlara müraciət olunmuşdur. Pandemiya nəticəsində işsiz qalan şəxslərə birdəfəlik ödəmələr həyata keçirilmiş, habelə 80 min ailə - 330 min nəfər ünvanlı sosial yardım proqramından faydalanmışdır. Digər sosial-iqtisadi tədbirlər nəticəsində koronavirusla mübarizəyə cəlb edilən yeni tibb heyətinin də əməkhaqının 3,4, hətta 5 dəfə artımla ödənilməsi təmin olunmuşdur.

Qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibb müəssisələrində təcrübəli həkimlərin nəzarəti altında müalicə alırlar. Amma dünyanın bir çox ölkələrində bu xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə olunurlar, onları heç xəstəxanalara belə qəbul etmirlər. Bilməliyik ki, ölkəmizdə koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən birincisi dövlətin və bu sahədə çalışan tibb işçilərinin xəstələrə göstərdikləri diqqət və qayğıdan qaynaqlanırsa, digər başlıca səbəb isə xəstəliyə yoluxmuş bütün pasiyentlərin tibb müəssisələrinə qəbul edilməsində və onlara lazımi tibbi xidmətin göstərilməsindədir.

Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri çərçivəsində insanların sağlamlığının qorunması və koronavirus infeksiyasının qarşısının alınması istiqamətində görülən tədbirlər sırasında modul tipli xəstəxanaların yaradılması və burada peşəkar tibb işçilərinin çalışması da ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana komplekslərinin açılışı olmuşdur. Bununla da ölkəmizdə modul tipli xəstəxanaların sayı 4-ə çatdırılmışdır. Xatırlayırsınızsa, ilk modul tipli xəstəxana bundan təxminən bir ay əvvəl, yəni may ayının 7-də istifadəyə verilmişdir. Bu xəstəxanalarda yalnız koronaviruslu xəstələr müalicə olunurlar. Azərbaycan Prezidentinin tapşırığına əsasən, respublikamızda bu tipli xəstəxanaların sayının qısa müddətdə 10-a çatdırılması nəzərdə tutulmuşdur. Odur ki, iyun ayının sonları, iyul ayının əvvəllərinədək daha 6 modul tipli xəstəxananın quraşdırılıb istifadəyə verilməsi istiqamətində işlər sürətlə davam etdirilir.

İyunun 9-da Saray qəsəbəsində modul tipli xəstəxananın açılışında Prezident İlham Əliyev demişdir: "Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır. Son 10 gün ərzində yoluxanların sayı artır. Bu da ondan irəli gəlir ki, yumşalma dövründə bəzi vətəndaşlar məsuliyyətsizlik göstərmişlər. Buna baxmayaraq, vəziyyət tam nəzarət altındadır. Bizim xəstəxanalarda kifayət qədər yerimiz var, reanimasiya şöbələrimizdə də həmçinin. Eyni zamanda iki min çarpayılıq 10 xəstəxanada koronavirus xəstələrinin müalicəsi nəzərdə tutulur. Ancaq biz bütün addımlarımızı elə atmalıyıq ki, ən kritik vəziyyətə hazır olaq, ən böhranlı vəziyyətdə də bütün xəstələrə tibbi xidmət göstərilsin”.

Məmnunluq doğuran həm də budur ki, respublikamızda koronavirusa qarşı aparılan mübarizə tədbirləri, habelə dövlət başçısı tərəfindən insanların sağlamlığı naminə qəbul edilən sosial müdafiə qərarları, atılan addımlar beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Bu mənada ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış məktubda respublikada görülmüş işlərə yüksək qiymət verilərək, Azərbaycan nümunəvi ölkə kimi qiymətləndirilmişdir. Qürur doğuran haldır ki, Tedros Adhanom Gebreyesus tərəfindən ölkəmizdə COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasət və atılan addımlar təqdir edilmişdir.

Görünən odur ki, pandemiya dövründə Azərbaycanın səhiyyə sistemində qısa müddət ərzində həyata keçirilən qabaqlayıcı tədbirlər və yenidənqurma işləri uğurlu nəticələrə səbəb olmuşdur. İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB-in fəaliyyəti xüsusilə diqqətçəkəndir. Burada fəaliyyət göstərənlərin əksəriyyəti gənclər və yüksək ixtisaslı tibb işçiləridir. Ekspertlərin fikrincə, belə bir çətin şəraitdə heç bir ölkənin səhiyyə sistemi buna hazır deyildi. Ancaq Azərbaycan dövləti, Azərbaycan səhiyyəsi, xüsusilə tibb işçilərimiz bu çətinliklərin öhdəsindən bacarıqla gəldilər. Modul tipli xəstəxanaların açılışı zamanı Prezident İlham Əliyev məhz bu uğura rəğmən demişdir: "Mən bir daha həkimlərin fəaliyyətini qiymətləndirmək istəyirəm. Mən, Azərbaycan dövləti, Azərbaycan xalqı bu dövrdə gördük ki, həkimlər içdikləri Hippokrat andına sadiqdirlər, öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Həkimlərin arasında yoluxmalar da var və onlar öz həyatlarını risk altına ataraq xəstələri müalicə edir, onları həyata qaytarırlar. Təsadüfi deyil ki, mənim təşəbbüsümlə ölkəmizin, şəhərimizin yeni simvollarından biri olan Alov qüllələrində məşhur şüar əks olunmuşdur: "Azərbaycan həkimlərinə eşq olsun!”

Milyonlarla insan bu təbrikə qoşulur: Azərbaycan Prezidentinin, Azərbaycan xalqının rəğbətini qazanmış cəfakeş və qayğıkeş tibb işçiləri, bayramınız mübarək!

Rəhman SALMANLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video