17 Sentyabr 2021 11:32
1142
Elm və texnika
A- A+

AMEA-nın müxbir üzvü Arif Quliyev vəfat edib

 

Azərbaycanın neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı, neft-qaz resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilməsi sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü Arif Mehdi oğlu Quliyev sentyabrın 16-da ömrünün 88-ci ilində vəfat edib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Arif Quliyev 1933-cü il dekabrın 15-də Füzuli rayonunun Gecəgözlü kəndində kolxozçu ailəsində anadan olmuşdu. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki ADNSU) fərqlənmə diplomu ilə bitirmişdi. Təyinat üzrə o, Azərbaycan Elmlər Akademiyasında (indiki AMEA) elmi fəaliyyətə başlayıb, böyük laborant, kiçik və böyük elmi işçi, laboratoriya müdiri, Geologiya və Geofizika İnstitutunda şöbə rəhbəri vəzifələrində çalışıb.

A.Quliyev 1963-cü ildə texnika elmləri namizədi, 1974-cü ildə texnika elmləri doktoru elmi dərəcələrini, 1977-ci ildə isə professor elmi adını alıb. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib. Alimin elmi fəaliyyəti çoxşaxəli olub, neft-qaz elminin bir çox mühüm sahələrini əhatə edirdi. O, neft və qaz yataqlarının işlənməsi, yeraltı hidrodinamika, lay və quyuların tədqiqatı, neft-qaz resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilməsi, neft-qaz kompleksinin inkişafının proqnozlaşdırılması və optimal idarə olunması, layların neft veriminin yüksəldilməsi və hasilatın intensivləşdirilməsi kimi mühüm elm sahələrinin fundamental və tətbiqi problemlərinin işlənilməsində xüsusi xidməti olan və aldığı nəticələrlə tanınan neftçi-alim idi.

AMEA-da iş fəaliyyətinə başladığı ilk gündən, o, Qaradağ qazkondensatneft yatağının işlənilmə layihəsinin tərtibi, quyuların tədqiqi və işlənilmənin hidroqazodinamiki hesablama üsullarının hazırlanması ilə məşğul olmuşdu. Bundan sonra respublikamızın, Rusiyanın və Türkmənistanın neft-qaz sənayesi ilə əlaqəli elmi-tətbiqi fəaliyyətini Cənub, Bahar, Bulla-Dəniz, Palçıq Pilpiləsi, Sotçemyu-Talyu, Qoturtəpə və s. yataqlarda lay parametrlərinin təyini, yataqların ehtiyatlarının hesablanması və işlənilmə layihələrinin tərtibi və s. kimi işlərdə davam etdirib.

O, Almaniya, Türkiyə, İran, Rusiya və başqa ölkələrdə elmi konfranslarda iştirak edib, “YUNOKAL” şirkəti ilə birgə layihəyə əsasən ABŞ-da şirkətin əməkdaşları ilə birlikdə elmi-tədqiqat işləri aparıb. Arif Quliyev 4 elmlər doktoru və 14 elmlər namizədi hazırlamışdır. O, 244 elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın, rusca-ingiliscə-azərbaycanca izahlı lüğətin, istehsalatda tətbiq olunan 6 təlimat və metodik rəhbərliyin, 12 ixtira və patentin müəllifi idi.

Alim keçmiş SSRİ EA “Neft və qaz yataqlarının işlənilməsi” üzrə Problem Şurasının üzvü və AMEA “Neftçıxarma” problemləri üzrə Elmi Şuranın sədr müavini, “Xəbərlər” (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini, bir sıra ixtisaslaşdırılmış şuraların üzvü, Azərbaycan Sovet Ensiklopediyasının elmi məsləhətçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Yer elmləri üzrə Ekspert Şurasının sədri olub. Amerika Neftçi-Mühəndislər Cəmiyyətinin və Azərbaycan Geofiziklərinin Milli Komitəsinin üzvü idi. O, M.İ.Qubkin adına mükafatın laureatı, SSRİ ixtiraçısı, ali məktəbdə yüksək nailiyyətlərinə görə fəxri adlara layiq görülüb və keçmiş Sov. İKP MK, SSRİ Nazirlər Sovetinin, SSRİ maarif nazirliyinin, eləcə də AMEA Rəyasət Heyətinin bir sıra fəxri fərmanları ilə, həmçinin medallarla təltif olunub.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı Arif Mehdi oğlu Quliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video