31 Iyul 2021 00:54
1761
Səhiyyə
A- A+

“Alfa”, “beta”, “qamma” və “delta”...

 

Dünyanı çənginə alan qorxulu koronavirus ştamlarından yalnız peyvənd sayəsində qurtulmaq mümkündür

 

Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni ştamlar bütün dünyanı çənginə alıb. Xüsusilə, “narahatlığa səbəb olan variantlar” kateqoriyasına aid edilən dörd ştamın (“alfa”, “beta”, “qamma” və “delta”) coğrafiyası getdikcə böyüyür.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu qrupa daxil olan ştamların dünyada sürətlə yayılmasından narahatlığını ifadə edərək məlumat verib ki, ilk dəfə 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada aşkar olunan “alfa” variantı iyulun 28-nə olan məlumata görə, artıq 182 ölkədə aşkarlanıb. Ötən ilin avqust ayında Cənubi Afrikada ortaya çıxan “beta” variantı, hazırda 131 dövlətdə mövcuddur, sentyabr ayında Braziliyada aşkar edilən “qamma” variantı isə, yeddi gün ərzində coğrafiyasını 78-dən 81 ölkəyə qədər genişləndirib.

Yüksək yoluxuculuğu ilə fərqlənən koronavirusun “delta” ştamının yayıldığı ölkələrin sayı isə 132-yə çatıb. ÜST-ün həftəlik epidemioloji bülletenində məlumat verilir ki, son bir həftə ərzində dünyada yoluxma hallarının sayı 8 faiz artıb: koronavirusa 4 milyondan çox yoluxma halı aşkar edilib. Eyni zamanda ölüm hallarının sayı 21 faiz artıb, həftə ərzində 69 mindən çox ölüm halı qeydə alınıb. ÜST-ün məlumatına görə, pandemiya başlandığından bəri dünyada koronavirusa 194 milyondan çox yoluxma halı və 4 milyondan çox ölüm halı qeydə alınıb.

Epidemioloji vəziyyətin gərgin olaraq qalması dünyanın normala dönməsinin hələ də mümkün olmadığını göstərir. Buna görədir ki, bir müddət əvvəl müəyyən yumşaldılmalara gedən ölkələr, yoluxmanın sayının artması ilə əlaqədar bu qərarları ləğv edib və yenidən mübarizə tədbirlərini gücləndirməyə başlayıblar.

 

“Delta” fərqli simptomlarla özünü büruzə verir

 

Mütəxəssislər virusların davamlı olaraq mutasiya etməsini təbii hal kimi dəyərləndirirlər və məlumat verirlər ki, yaranan variantların əksəriyyəti ziyansız sayılsa da, bəziləri daha yoluxucu, daha ölümcül ola bilirlər.

Araşdırmalara əsasən, koronavirusun yeni ştamı Hindistan variantı olaraq bilinən “delta” variantının, “alfa” variantından daha sürətli yayıldığı məlum olub.

İngiltərədə aparılan bir araşdırma isə “delta” variantının əvvəllər COVID-19 yoluxmalarında rast gəlinəndən fərqli simptomlar göstərə biləcəyini ortaya qoyub.

İngiltərədə “Zoe Covid Simptomları” adlı araşdırma aparan professor Tim Spector “delta” variantına sahib olanlar arasında daha çox baş, boğaz ağrısı və burun axması kimi simptomlara daha çox rast gəlindiyini bildirib. O qeyd edib ki, bu ştama yoluxan gənc xəstələr özlərində şiddətli soyuqdəymə hiss edirlər.

Əvvəllər COVID-19 simptomları İngiltərə Səhiyyə Xidməti tərəfindən öskürək, qızdırma, qoxu və dad itkisi kimi sayılırdısa, araşdırmalar zamanı anket formalarını dolduran minlərlə COVID-19 xəstəsinin hesabatlarına görə, bu simptomların indi daha az yayıldığı ortaya çıxıb: “İnsanlar bir növ mövsümi soyuqdəymə keçirdiklərini düşünürlər və başqaları ilə əlaqə saxlayırlar. Bu yolla virusu daha altı nəfərə ötürə bilirlər. Düşünürük ki, yoluxmaların artmasında bu hal mühüm rol oynayır”, - deyə professor Spektor bildirib.

 

Koronavirusa qarşı kütləvi immunitet qazanılmalıdır

 

Əksər elm adamlarının birgə qənaəti isə COVID-19-dan və onun getdikcə ortaya çıxan müxtəlif qorxulu ştamlarından qurtuluş yolunun yalnız peyvəndləmə ilə mümkün olması ilə bağlıdır. Koronavirusun daha geniş yayılmasının qarşısının alınması, eləcə də təsirinin azaldılması istiqamətində aparılan mübarizədə vaksinasiyanın mühüm rolu var. Peyvənd sayəsində dünya əhalisi koronavirusa qarşı kütləvi immunitet qazandıqdan sonra COVID-19 bəlasından qurtula bilər.

Azərbaycan da vaksinləri əldə edən və əhalinin kütləvi vaksinasiyasına başlayan ilk ölkələr sırasındadır. Ölkəmizdə yanvar ayının 18-dən tibb işçilərinin peyvəndlənməsi ilə start verilən bu proses uğurla davam etdirilir. Artıq 5 milyona yaxın doza peyvənd vurulub və bu peyvəndlər tam təhlükəsizdir.

Respublikamızda COVID-19 xəstəliyinə qarşı 4 istehsalçının vaksini tətbiq olunur: SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya).

Son zamanlar isə bəzi ölkələrin tibbi tövsiyələrində iki dozadan sonra yeni peyvəndin, eləcə də sağalmış xəstələrin vaksinasiyasının zəruriliyi qeyd olunur.

Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü buster-doza (qüvvətləndirici əlavə peyvəndləmə) vaksin vurulması məqsədəuyğun hesab edilir.

 

3-cü doza şərtdirmi?

 

Türkiyəli professor-doktor Osman Müftüoğlu 3-cü doza ilə bağlı məlumat verərək bildirir ki, bir neçə istisna xaricində vaksinlər üçün də müəyyən bir “güvənmə” müddəti var. Bu müddət hər vaksin üçün fərqlidir. Aralığı təyin edən, peyvənd tərəfindən təmin edilən hüceyrə və sekretor qoruma, yəni antikor səviyyəsi və T hüceyrə toxunulmazlığıdır. Əksər peyvəndlər üçün zamanla azalmış toxunulmazlıq səviyyəsini artırmaq və əvvəlki səviyyəsinə qaytarmaq üçün “gücləndirici doza”, “xatırlatma dozası”, yəni bir növ “artırıcı doza” tələb oluna bilər. Bu doza sayəsində artan antikor gücü və gücləndirilmiş hüceyrə immun reaksiyası insanları daha çox qoruyur.

“3-cü doza şərtdirmi” sualına aydınlıq gətirən professor söyləyir ki, mütəxəssislərin də ortaq qənaəti budur ki, qrip peyvəndi hər mövsüm təkrar edildiyi kimi, ehtimal ki, ildə bir dəfə koronavirus üçün peyvənd edilməli və ya 2 dozadan sonra 3-cü doza peyvənd vurulmalıdır: “İstər ölü virus peyvəndi, istərsə də vektor peyvəndi və ya mRNA (BioNTech) peyvəndi olsun, nəticənin əhəmiyyəti yoxdur, digər peyvəndlərdə olduğu kimi, zaman keçdikcə COVID-19 peyvəndi ilə təmin edilən toxunulmazlıq da azalır. Buna görə də 3-cü doza vaksin vurdurmağın faydası var.

ABŞ-ın səhiyyə mütəxəssisi doktor Entoni Fauci də koronavirusla bağlı son açıqlamalarının birində peyvəndin üçüncü dozasının lazım olacağını söyləyib.

Göründüyü kimi, koronavirus dünyanın bir nömrəli problemidir və hər ötən gün yoluxma arealını artıraraq insanların həyatını təhlükəyə atmaqda davam edir. Amma hazırda bəşəriyyət koronavirusun yayıldığı ilk zamanlarda olduğu kimi çarəsiz deyil. COVID-19-a qarşı təsirli silah - peyvəndlər tapılıb. Sadəcə olaraq, hər kəs vaksinasiya prosesində aktiv iştirak edərək, tezliklə “taclı bəla”nın tərksilah olmasına çalışmalıdır.

 

Yasəmən  MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video