26 Aprel 2014 09:04
519
Səhiyyə
A- A+

Akademik Zərifə Əliyeva: “Elm – nurdur, lakin göz olmasa, nur da yoxdur”

Müəllimim və məsləhətçim, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın işıqlı xatirəsinə həsr edilir
 
 

Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasında, Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.
1942-ci ildə orta məktəbi bitirən Z.Ə.Əliyeva elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə həmin ali məktəbi bitirmişdir. Sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçmişdir.
Z.Ə.Əliyevanın elmi araşdırmalara marağı onu Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutuna gətirib çıxarır. Burada həkim-ordinator vəzifəsində işləməyə başlamış Z.Ə.Əliyeva 1950-ci ildə aspiranturaya daxil olmuş, 1953-cü ildə aspiranturanı bitirəndən sonra 1957-ci ilə qədər Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.
Həmin illərdə Azərbaycanda traxoma göz xəstəliyi geniş yayılmışdı. O vaxt bu infeksiyanın müalicəsi üçün təsirli metodlar hələ yaradılmamışdı. Buna görə də həmin xəstəliyə qarşı mübarizə məsələsi təkcə oftalmologiya üçün deyil, bütövlükdə respublikanın səhiyyə sahəsi üçün böyük əhəmiyyət kəsb edirdi. Zərifə xanım traxomaya qarşı mübarizə üzrə müalicə-profilaktik tədbirlərin təşkilində və həyata keçirilməsində fəal iştirak edirdi. O, konkret müalicə praktikası ilə yanaşı, Azərbaycanda traxoma xəstəliyinin xüsusilə təhlükəli miqyas aldığı rayonlara gedir, oftalmoloq həkimlər üçün mühazirələr oxuyur, əhali ilə söhbətlər aparırdı.
Onun ilk elmi araşdırmalarının mövzusunu həyat özü diktə edirdi. Zərifə xanım öz tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, konkret olaraq traxomanın və onun fəsadlarının müalicəsində həmin dövrdə yeni yaradılmış bir antibiotikdən – həm antibakterial, həm də antixlamedial aktivliyə malik olan sintomitsin preparatından səmərəli istifadə edilməsi imkanlarının öyrənilməsinə həsr etmişdir. Bu araşdırmaların nəticələri Z.Ə.Əliyevanın “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomintsinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil etmişdir. 1960-cı ildə o, namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun baş elmi işçisi seçilmişdir.
Zərifə xanım traxomanın öyrənilməsi və müalicəsi üzrə silsilə araşdırmaları tamamlayandan sonra oftalmologiya üçün əhəmiyyətli olan başqa istiqamətlərdə tədqiqatlarla məşğul olmuşdur. O, qlaukomanın öyrənilməsinə həsr edilmiş bir sıra araşdırmalar aparmışdır. Bu araşdırmaların nəticələrinə əsasən onun dərc etdirdiyi elmi işlər göz xəstəlikləri klinikasının bu sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etmişdir.
1960-1967-ci illərdə Zərifə xanım Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə baş elmi işçi adı vermişdir.
1967-ci ildə Z.Ə.Əliyeva Səhiyyə Nazirliyinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının dosenti vəzifəsinə dəvət edilmişdir. Bu institut Zərifə xanımın atası, ömrünün son illərində həmin institutda rəhbərlik etmiş professor Əziz Məmmədkərim oğlu Əliyevin adını daşıyırdı. Zərifə Əziz qızı həyatının bu dövründə praktiki həkimlik fəaliyyətini də davam etdirir. O, çoxlu əməliyyatlar aparır, xəstələrə məsləhətlər verir. Bu fəaliyyət təkcə öz klinikası ilə məhdudlaşmayıb bütün oftalmologiya müəssisələrini və şöbələrini əhatə edirdi. Bundan əlavə, o, göz xəstəlikləri üzrə təkmilləşmə kurslarının müdavimləri olan həkimlərlə böyük pedaqoji iş aparırdı.
Tibbi təcrübə və kadr hazırlığı məsələlərinə xeyli vaxt sərf etməsinə baxmayaraq, Z.Ə.Əliyeva öz elmi araşdırmalarını da davam etdirir, bu işə böyük diqqət yetirirdi. Həmin dövrdə o, kliniki və nəzəri oftalmologiyanın bir sıra aktual məsələləri ilə maraqlanır. Bu məsələlər arasında qlaukomanın və görmə orqanının bəzi iltihabi xəstəliklərinin diaqnostikası, müalicəsi, gözün travmaları və digər problemlər xüsusi yer tutur. Oftalmologiyanın az öyrənilmiş sahəsi olan görmə orqanının peşə patologiyası Zərifə xanımın diqqətini cəlb etmişdi. Bu problemin aktuallığı bir tərəfdən kimya və elektrotexnika sənayesinin geniş inkişafı, digər tərəfdən isə bir sıra yeni kimyəvi birləşmələrin görmə orqanına təsiri mexanizmi ilə əlaqədar bir çox məsələlərin praktiki olaraq hələ tədqiq edilməməsi ilə bağlı idi.
1968-ci ildən Z.Ə.Əliyeva görmə orqanının peşə patologiyası məsələləri ilə məqsədyönlü şəkildə məşğul olmağa başlayır. Burada xüsusi vurğulamaq lazımdır ki, Zərifə xanımın məşğul olduğu məsələlərin əhatə dairəsinin geniş olmasına baxmayaraq gözün peşə xəstəlikləri probleminə dərin və çoxtərəfli marağı ömrü boyu azalmamışdır. O, yod, rezin-texniki məmulatlar və neft-kimya sənayesi müəssisələrində işlə əlaqədar əlverişsiz peşə amillərinin görmə orqanının və köməkçi aparatın mikro və ultramikrostrukturuna, onun funksiyasına və biokimyasına təsiri problemlərinə xüsusi diqqət yetirirdi.
Zərifə xanım bu problem üzərində işləyərkən bilavasitə sənaye müəssisələrində xeyli vaxt keçirirdi, peşə fəaliyyəti ilə əlaqədar müxtəlif zərərli amillərin təsiri şəraitində işləyən şəxslərin oftalmoloji müayinəsini aparırdı. Paralel olaraq Bakı və Sumqayıt şəhərlərindəki yod və şin zavodlarının, digər sənaye müəssisələrinin sexlərində heyvanlar üzərində yüzlərlə laboratoriya təcrübəsi aparmışdır. Alim bu geniş miqyaslı klinik və eksperimental araşdırmalar sayəsində zərərli maddələrin görmə orqanına təsirinin ən mühüm qanunauyğunluqlarını aydınlaşdırmağa müvəffəq olmuşdu. Bundan əlavə, hərtərəfli düşünülmüş və diqqətlə icra edilmiş eksperimental araşdırmaların nəticələrinin təhlili peşə amillərinin patogen təsirinin reallaşmasının biokimyəvi mexanizmlərinin çox cəhətlərini aydınlaşdırmağa imkan vermişdir.
Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanımın “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. Dissertasiya işi dünyanın nüfuzlu oftalmoloji mərkəzlərindən birində - H.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edilmişdir. Z.Ə.Əliyevanın oftalmoloq alimlər tərəfindən yüksək qiymətləndirilmiş doktorluq dissertasiyası peşəkar oftalmologiya sahəsində ilk işlərdən biri idi. 1977-ci ildə Z.Ə.Əliyevaya tibb elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
Həmin illərdə mən Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsinin tələbəsi idim. Əməliyyatdan sonrakı irinli-iltihablı infeksiya problemləri ilə maraqlanırdım. Lakin bu məsələlər bizim fakültənin tədris planlarına daxil edilməmişdi. 1980-ci ildə mənə Z.Ə.Əliyevanın apardığı oftalmoloji əməliyyatda iştirak etmək, əməliyyatdan sonrakı infeksiyalar mövzusunda onunla söhbət etmək xoşbəxtliyi nəsib oldu. O, sözün yaxşı mənasında təəccüblənmişdi ki, sanitariya-gigiyena fakültəsinin tələbəsi həm SSRİ-də, həm də dünyanın digər inkişaf etmiş ölkələrində cərrahiyyə sahəsində bu cür aktual və mürəkkəb bir problemlə maraqlanır. Bundan sonra Zərifə xanım Əliyeva mənə, başlanğıc üçün aseptika və antiseptika məsələlərini öyrənməyi məsləhət gördü və onun apardığı başqa əməliyyatlarda iştirak etməyimə icazə verdi.
Yadımdadır, 1980-ci ildə belə bir hadisə olmuşdu. Öz araşdırmaları ilə keçmiş SSRİ hüdudlarından uzaqlarda da tanınmış istedadlı gənc fizik-alim gözündə təkrar əməliyyat aparılması üçün göz şöbəsinə qəbul edilmişdi. Diaqnoza görə bu gəncin gözündə Krasnodarda əməliyyat aparılandan sonra onun yarasına infeksiya düşmüş, nəticədə görmə qabiliyyəti xeyli itirilmişdir. Xəstə keçmiş SSRİ-nin bir sıra aparıcı klinikalarında, o cümlədən Moskvada, Kiyevdə və Odessada həkimlərlə məsləhətləşmiş, lakin bunların heç bir səmərəsi olmamışdı. Zərifə xanım bu alimə görə çox narahatlıq keçirirdi. Onun sözlərini heç vaxt unutmaram: “Elm – nurdur, lakin göz olmasa, nur da yoxdur”. Zərifə xanımın apardığı uğurlu əməliyyat və uzunmüddətli reabilitasiya sayəsində gənc alimin görmə qabiliyyəti bərpa olundu. Həmin əməliyyatdan sonra Zərifə xanım mənə dedi: “Cavan oğlan, indiki halda cərrahiyyə yarasına infeksiya düşməsi əməliyyatdan sonrakı dövrdə baş vermişdir, bunun səbəbinin öyrənilməsi isə bizdə hələ mövcud olmayan hospital epidemiologiyası mövzusudur. Sizə bu mövzu ilə məşğul olmağı məsləhət görürəm”. Bu sözlər mənim sonrakı taleyimdə və elmi karyeramda həlledici rol oynadı. 2008-ci ildə Ukraynanın paytaxtı Kiyevdə namizədlik dissertasiyası, 2013-cü ildə isə doktorluq dissertasiyası müdafiə etdim. Mənim elmi işlərim əməliyyatdan sonrakı irinli-iltihablı infeksiyaların profilaktikasına həsr edilmişdir. Təəssüf ki, mən Ukraynaya köçəndən sonra Zərifə xanım Əliyeva ilə daha görüşmədik. Vaxtilə onun mənə göstərdiyi etimad və mənəvi dəstək elmi araşdırmalarımı davam etdirmək üçün mənə güc və ilham verdi.
Zərifə xanım doktorluq dissertasiyası müdafiə edəndən bir il sonra Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya kafedrasının professoru, 1983-cü ildə isə oftalmologiya kafedrasının müdiri seçilir. Z.Ə.Əliyeva burada işlədiyi ilk gündən qabiliyyətli gənc həkimləri ətrafına toplamış, elmi tədqiqat işini, kadrlar və elmi işçilər hazırlanmasını uğurla təşkil etmişdi. Lakin kafedranın mövcud bazası elmi araşdırmalar aparılması üçün tələbatı təmin etmirdi. Bunun üçün təşəbbüskarlıq lazım idi. Zərifə xanım bu problemi həll etmək üçün bir sıra konkret addımlar atır. Məsələn, 1977-ci ildə professor Z.Ə.Əliyevanın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin idarə heyətinin plenumu Bakı şəhərində keçirildi. İlk dəfə idi ki, Bakıda belə plenum keçirilirdi. Təşkilati işlər böyük təcrübə tələb edirdi və bu plenumun hazırlanması və keçirilməsi üzrə işin çox hissəsi Zərifə xanımın üzərinə düşürdü. Bu plenumun keçirilməsi həm Azərbaycanda, həm də keçmiş İttifaqın ən yaxşı akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, elmi və elmi-pedaqoji kadrların hazırlanmasında böyük rol oynamışdır.
Plenum görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə Azərbaycanda ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılması barədə professor Z.Ə.Əliyevanın təşəbbüsünü dəstəklədi. Bu, bilavasitə istehsalatda – Bakı Məişət Kondisionerləri Zavodunda yaradılmış unikal elmi bölmə idi. Laboratoriyanın əsas elmi istiqaməti kimi müasir istehsalat şəraitində az intensivlikli zərərli istehsal amillərinin görmə orqanına təsirinin öyrənilməsi məsələsi müəyyən edilmişdi. Laboratoriyada klinik və funksional diaqnostika bölməsi ilə yanaşı, cərrahiyyə bölməsi də vardı.
Sonralar, 1979-cu ildə Z.Ə.Əliyevanın təklifi ilə Azərbaycan Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunda görmə orqanının fiziologiyası və peşə patologiyası problem laboratoriyası yaradılmış, həmin laboratoriyada az intensivli zərərli istehsal amillərinin görmə orqanına fizioloji, klinik, funksional, histoloji təsir mexanizmlərinin öyrənilməsi üzrə bir sıra uğurlu və dərin araşdırmalar aparılırdı. Bu elmi tədqiqatların nəticəsində Z.Ə.Əliyeva bir neçə monoqrafiya, o cümlədən bütün dünyada qəbul edilmiş “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliklərinin profilaktikası” monoqrafiyalarını çap etdirdi.
1981-ci ildə professor Z.Ə.Əliyeva görmə orqanının peşə patologiyası sahəsində oftalmologiyanın inkişafına böyük töhfə vermiş silsilə elmi araşdırmalara görə oftalmologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Bu da əlamətdar faktdır ki, professor Z.Ə.Əliyeva bu yüksək mükafata layiq görülmüş ilk qadın alim idi.
1983-cü ildə Z.Ə.Əliyeva Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya kafedrasının müdiri seçiləndən sonra onun fəaliyyət sahəsi genişlənir. Qeyd etmək lazımdır ki, Z.Ə.Əliyevanın elmi maraqları təkcə görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının viruslara yoluxmasına həsr edilmiş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Bu sahədə aparılmış tədqiqatların nəticələrinin praktikaya tətbiq edilməsi həmin xəstəliklərin diferensial diaqnostikasını yaxşılaşdırmağa, onların müalicəsinin effektivliyini artırmağa imkan vermişdir. Oftalmoloq həkimlər üçün nəzərdə tutulan “Gözün herpetik xəstəliyi”, “Kəskin viruslu konyunktivitlər” və digər dərs vəsaitləri bu məsələlərə həsr edilmişdir.
Həmin dövrdə Zərifə xanım qlaukomanın etiologiyası, diaqnostikası və müalicəsi məsələlərinə həsr edilmiş maraqlı tədqiqatlar aparmışdır. Bu tədqiqatların nəticələrinə əsasən bir sıra məqalələr, habelə “Gözün hidrodinamik sisteminin anatomik-fizioloji xarakteristikası” və “Gözün və görmə-əsəb yolunun yaş dəyişiklikləri” monoqrafiyalar dərc edilmişdir.
Z.Ə.Əliyeva gözün zədələnməsinin profilaktikası və ona qarşı mübarizə imkanlarını da tədqiq etmişdir. O, özünün bir sıra işlərində gözün travmasının cərrahi müalicəsinin nəticələrinə metodik yanaşmaları təhlil etmiş və bu metodun təkmilləşdirilməsinə dair bir sıra faydalı tövsiyələr hazırlamış, onlar gözün travmatik zədələrinin müalicəsinin nəticələrini yaxşılaşdırmağa imkan vermişdir.
Alimin gözün bəzi bədxassəli şişlərinin diaqnostikası və müalicəsi məsələlərinə həsr edilmiş bir sıra əsərlərində göz melanomasının klinik gedişatının xüsusiyyətləri öyrənilmiş, şişlərin bu növünün biokimyasına aid maraqlı məlumatlar əldə edilmişdir. Z.Ə.Əliyevanın daktriologiyaya aid “Gözün sulanmasının fiziologiyası”, “Gözün sulanmasının cərrahi müalicəsinin müasir metodları”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyəsi” adlı monoqrafik əsərləri həm oftalmoloqların, həm də fizioloqların diqqətini cəlb etmişdir.
Zərifə xanım Əliyeva “Terapevtik oftalmologiya” adlı kollektiv fundamental əsərin müəlliflərindən biridir. Bu kitab gündəlik praktiki fəaliyyətlə məşğul olan hər bir oftalmoloq həkim üçün bu gün də masaüstü kitab olaraq qalır.
Gözün əlvan təbəqəsini dəyişikliyinin xarakterinə əsasən orqanizmin xəstəliklərinin diaqnostikasında yeni bir istiqamətin – iridodiaqnostikanın əsasını qoymuş Z.Ə.Əliyeva bu istiqamətin inkişafına bir sıra elmi məqalələr həsr etmişdir. Bu sahədə çalışan praktiki həkimlər arasında bu gün də ən populyar olan “İridodiaqnostikanın əsasları” kimi unikal əsərin müəlliflərindən biri Z.Ə.Əliyeva olmuşdur.
Z.Ə.Əliyevanın zəngin pedaqoji, elmi və praktiki təcrübəsi professorlar N.B.Şulpina və L.F.Moşetova ilə birgə yazdığı “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında da öz əksini tapmışdır. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə institutlarının və fakültələrinin müəllimləri üçün böyük əhəmiyyət kəsb edir.
Həkim etikası və tibbi deontologiya məsələləri Z.Ə.Əliyevanı həmişə narahat edirdi. Gənc həkimlərin tərbiyəsi məsələlərinə böyük əhəmiyyət verən Z.Ə.Əliyeva həkimin cəmiyyətdə rolu ilə bağlı problemlərin öyrənilməsi və araşdırılmasına, həkimin peşə fəaliyyətində mənəvi-əxlaqi tərbiyə probleminə də çox vaxt ayırırdı. Onun bu məsələyə həsr edilmiş çoxsaylı məqalələri, çıxışları və “Yüksək amal” kitabı bizim cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə sanballı töhfə vermişdir.
Z.Ə.Əliyeva səhiyyədə kadrın hazırlanması və həkimlərin ixtisas səviyyəsinin artırılması işinə də çoxlu vaxt və qüvvə sərf edirdi. Gənc alimlərin və oftalmoloq-həkimlərin böyük bir qrupu bilavasitə onun rəhbərliyi ilə hazırlanmışdır. Zərifə Əziz qızı öz zəngin peşə və həyat təcrübəsini, diqqətini və qəlbinin hərarətini bütün şagirdlərinə səxavətlə bəxş edirdi. Zərifə xanım ilhamla, həvəslə və gərgin işləyirdi. Zərifə xanıma xas olan həkim fədakarlığı, yüksək vətəndaşlıq hissi, qeyri-adi səmimiyyət və həssaslıq, insanlara və onların problemlərinə göstərdiyi diqqət və fəal həyat mövqeyi haqlı olaraq ona öz həmkarları, şagirdləri və pasiyentləri arasında böyük hörmət qazandırmışdır.
1983-cü ildə professor Z.Ə.Əliyevanın Azərbaycan Elmlər Akademiyasının akademiki seçilməsi onun böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə verilən qiymətin təsdiqi oldu.
Akademik Z.Ə.Əliyeva keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” cəmiyyəti idarə heyətinin üzvü və keçmiş SSRİ Oftalmoloqları Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü kimi böyük ictimai iş aparırdı, “Vestnik oftalmoloqii” jurnalının redaksiya heyətinin üzvü idi.
Z.Ə.Əliyevanın xidmətləri orden və medallarla qiymətləndirilmişdir. Ona Azərbaycanın Əməkdar Elm Xadimi fəxri adı verilmişdir.
Vaxtsız ölüm akademik Z.Ə.Əliyevanın elmi axtarışlarını yarımçıq qoydu. O, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etdi. Lakin Z.Ə.Əliyeva bu gün də dünya alimlərinin çoxu üçün fədakarlıq nümunəsi olaraq qalır. Onun bütün elmi nailiyyətləri praktiki səhiyyə sisteminə tətbiq edilmişdir və bu işlər neçə-neçə insanın görmə qabiliyyətini xilas etməyə imkan verir.
Allah rəhmət eləsin!

Aydın Salmanov
Tibb elmləri doktoru, Ukrayna Dövlət Sanitar-Epidemioloji

Xidmətinin baş mütəxəssisi, Dünya Səhiyyə Təşkilatının Avropa

Bürosu yanında Ukraynanın milli əlaqələndiricisi, “Ukrayna Səhiyyə

Nazirliyinin elmi jurnalı” elmi-praktik nəşrin məsul katibi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video