15:15 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Akademik Vahid Hacıyev Azərbaycanda geobotanika məktəbinin yaradıcısıdır
 
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
13:00 14.02.2021

Fevralın 14-ü görkəmli botanik alimin doğum günüdür 

Görkəmli alim, pedaqoq və elm təşkilatçısı, akademik Vahid Hacıyev Azərbaycanda geobotanika məktəbinin yaradıcısıdır. O, elmi əsərlərində geobotanikanın ən müxtəlif sahələrinə, o cümlədən rayonlaşdırma, xəritələşdirmə, təsnifat, bitki ehtiyatları və onların qorunması məsələlərinə geniş yer ayırıb. Alim uzun illər Botanika İnstitutuna rəhbərlik edib.

AZƏRTAC akademik Vahid Hacıyevin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Vahid Cəlal oğlu Hacıyev 1928-ci il fevralın 14-də Azərbaycanın dilbər guşəsi Şuşada dünyaya göz açıb. 1943-cü ildə Tərtər şəhərində orta məktəbi bitirib. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) ali təhsil alıb. Sonra Kənd Təsərrüfatı Nazirliyində geobotanik kimi fəaliyyətə başlayıb. Elmi tədqiqatlarını davam etdirmək arzusu onu 1949-cu ildə Sankt-Peterburqda SSRİ Elmlər Akademiyasının V.Komarov adına Botanika İnstitutunun aspiranturasına istiqamətləndirib. 1952-ci ildə “Azərbaycanın quraqlığa davamlı paxlalı yem bitkiləri və onlardan qış otlaqlarında istifadə imkanları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycana qayıdıb. Respublika ərazisində yüksək dağ çəmənlərinin geobotaniki tədqiqat işlərinin çox səthi və aşağı səviyyədə olduğunu görən alim geobotanikanın məhz bu sahəsini əsaslı öyrənməyi və inkişaf etdirməyi qərara alıb. Gərgin elmi axtarışlar bəhrəsini verib. 1966-cı ildə “Böyük Qafqazın yüksək dağ bitkiliyi (Azərbaycan daxilində), onun dinamikası və təsərrüfat əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

O, yüksək dağ çəmənlərinin flora və bitki örtüyünə dair tədqiqatlara diqqət yetirib, elmi fəaliyyətinin əhatə dairəsini genişləndirərək Böyük və Kiçik Qafqazın, Talışın yüksək dağ çəmənlərini dərindən öyrənib. Tədqiqatlarında geobotanikanın klassik və müasir metodlarından, həmçinin bitki örtüyünün aerokosmik və məsafə metodlarından istifadə etməklə onların öyrənilməsinə geniş yer verən alimin bilavasitə elmi rəhbərliyi və iştirakı ilə Azərbaycanın qış (1,5 milyon hektar) və yay (0,5 milyon hektar) otlaqlarının ən müasir geobotaniki tədqiqi və pasportlaşdırılması aparılıb. V.Hacıyev uzun illər apardığı hərtərəfli elmi müşahidələr və çöl tədqiqatları zamanı topladığı zəngin materiallar əsasında “Böyük Qafqazın yüksək dağ bitkiliyi (Azərbaycan daxilində) və onun təsərrüfat əhəmiyyəti” (1970), “Böyük Qafqazın yüksək dağ bitkiliyi formasiyalarının dinamikası və məhsuldarlığı” (1974) monoqrafiyalarını nəşr etdirib. Həmin əsərlərdə dağ yamaclarının bərpasında və heyvandarlığın inkişafında xüsusi əhəmiyyəti olan Böyük Qafqazın yüksək dağ bitkiliyinin tam floristik təhlili verilib, dominant və subdominant bitki formasiyalarının geobotaniki səciyyəsi və bitki örtüyünün dinamikası, ekzogen və endogen, xüsusilə antropogen amillərin təsiri açıqlanıb.

“Talışın yüksək dağ çəmənlərinin florası və bitkiliyi” (1979) əsərində alim Talışın endemik növlərinin Hirkan mənşəli bitkilər olmaqla genetik cəhətdən Mərkəzi Anadolu və İran növ əmələgəlmə mərkəzləri ilə sıx qohumluq əlaqələrinin olduğu fikrini irəli sürüb və ilk dəfə Talışın yüksək dağ-çəmən bitki tiplərinin formalaşmasının əsas fitosenoloji parametrlərinin dinamikasını araşdıraraq geobotanikа və floristika sahəsində çox mühüm elmi və tətbiqi nəticələrin alınmasına əsas verib.

Akademik V.Hacıyevin tədqiqatları sırasında Moskvada 1985-ci ildə nəşr edilən “Zaqatala qoruğu” adlı irihəcmli əsəri də diqqəti cəlb edir. Əsərdə Zaqatala qoruğunun təşkilindən, onun florasından, yayılmış nadir bitkilərinin qorunmasından ətraflı bəhs olunur və elmi tövsiyələr verilir.

V.Hacıyev 1949-cu ildən AMEA-nın Botanika İnstitutunda çalışmağa başlayıb. İyirmi ildən çox bu elmi müəssisəyə rəhbərlik edib, institutun maddi-texniki bazasının möhkəmləndirilməsində, kadr potensialının inkişafında böyük xidmətlər göstərib.

Akademikin elmi tədqiqatları bitkilərin təsnifatı sahəsini də əhatə edib. Belə ki, “Flora Azerbaydjana” kitabının V-VIII cildləri üçün alim beş fəsilə, 25 cinsə aid işlədiyi 84 növün elmi təsvirini verib. V.Hacıyevin, həmçinin 1989-cu ildə kollektivin ümumi səyi nəticəsində tərtib olunaraq nəşr edilən Azərbaycan florasının nadir, relikt, endemik növlərindən olan 140 bitkini əhatə edən “Azərbaycanın Qırmızı Kitabı”nın II hissəsində həmin bitkilərin yayılmasına, qorunmasına dair kifayət qədər təklifləri verilib.

Azərbaycanda, habelə keçmiş Sovet İttifaqında və digər xarici ölkələrdə nəşr edilən 350-dək elmi işin, o cümlədən yeddi monoqrafiyanın müəllifi V.Hacıyev flora, bitki örtüyü və bitki ehtiyatlarına həsr edilən 30-dan çox kitabın, dərslik və terminoloji lüğətlərin elmi redaktoru olub. 1979-cu və 1987-ci illərdə onun tərtib etdiyi “Azərbaycan bitki örtüyü” xəritələrində ilk dəfə yüksək dağ çəmənlərinin bitki örtüyü rayonlaşdırılıb və assosiasiya səviyyəsində təsnifatı verilib. Alimin rəhbərliyi və iştirakı ilə 1992-ci ildə yenidən hazırlanan və sonralar rus, ingilis dillərində də nəşr edilən “Azərbaycanın bitki örtüyü” xəritəsi bu sahənin tam aynasıdır.

Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə alim “Şöhrət” ordeni ilə təltif edilib.

Akademik Vahid Hacıyev 2008-ci il aprelin 7-də vəfat edib. Onun tələbələri ölkədə və xaricdə fəaliyyətlərini uğurla davam etdirirlər. Alimin Azərbaycan elminin inkişafına, dünyada təbliğinə töhfələri daim böyük ehtiramla xatırlanır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM