06 Fevral 2021 13:10
840
SİYASƏT
A- A+

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 15 illiyi münasibətilə videoformatda konfrans keçirilib

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyi münasibətilə videoformatda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabana gedərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova konfransı açaraq Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliğinin, qadın və uşaq hüquqlarının müdafiəsinin, gender bərabərliyinin təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu söyləyib. Azərbaycanda qadın məsələlərinin dövlət səviyyəsinə qaldırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan komitə sədri deyib ki, məhz Ulu Öndərin hakimiyyəti illərində bir sıra sərəncamların imzalanması ilə ölkəmizdə müxtəlif sahələrdə gender bərabərliyinin təmin edilməsinə zəmin yaranıb. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissəsi idi. Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da məhz dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. 2006-cı il fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə komitənin adı dəyişdirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Məqsəd ölkədə ailə və uşaq problemlərinin qadın problemləri ilə kompleks şəkildə öyrənilməsi və həll yollarının tapılması idi. Bu il 15 yaşını qeyd edən komitə üzərinə düşən vəzifəni məsuliyyətlə və layiqincə yerinə yetirməyə çalışaraq, Azərbaycanda ailə, qadın, uşaq və gender siyasətinin formalaşmasına öz töhfəsini verib. Komitə həm də bu siyasətin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş istiqamətlər üzrə müvafiq sahələrdə vahid dövlət siyasətinin formalaşdırılmasında yaxından iştirak edib. Ötən müddətdə nəzərdə tutulan proqramlar və sərəncamlar üzrə müəyyən işlər görülüb, dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilib, bir sıra dövlət proqramları, fəaliyyət planları uğurla icra olunub.

Bahar Muradova bildirib ki, kişilər və qadınlar üçün bütün sahələrdə bərabər imkanların yaradılması, gender stereotiplərinin aradan qaldırılması hər zaman dövlətimizin diqqətində duran məsələlərdəndir. Komitə sədri ölkəmizdə qadın və uşaqların hüquqlarının müdafiəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində mühüm işlər görüldüyünü də diqqətə çatdırıb. Bildirib ki, müvafiq mexanizmlərin işlənib hazırlanması uğurla həyata keçirilib və ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində nailiyyətlər əldə olunub. Dövlət Komitəsi həm də vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, media ilə işini günün tələbləri səviyyəsində qurmağa çalışıb və öhdəliklərin yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb. Komitə hər zaman öz fəaliyyətini Azərbaycanın ümumi inkişaf tempinə uyğun qurmağa çalışıb. Bu inkişaf tempinin təmin olunmasında mühüm rol oynayan Dövlət Komitəsinin əməkdaşları beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində çalışıblar.

Komitə sədri ölkəmizdə qadınların öz hədəflərinə çatmaları və iqtisadi imkanlardan yararlanmalarında mühüm rol oynayan Qadın Resurs mərkəzlərinin sayının artmasından məmnunluğunu ifadə edib. O, həmçinin Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, Dövlət Komitəsinin dəstəyi ilə 2020-ci ildə 15 uşağın təmsilçiliyi ilə Uşaq Səfirlər Məclisinin yaradılması uşaqlarda müstəqil özünüifadəetmə bacarığının formalaşmasında, liderlik keyfiyyətlərinin təkmilləşdirilməsində önəmli rola malikdir. Bundan başqa, Dövlət Komitəsi Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili, ailə və nikah, boşanmalar, selektiv abortlar, uşaq əməyinin istismarı, qadına qarşı zorakılığın iqtisadi nəticələri və digər mövzularda araşdırma və tədqiqatlar aparılıb və hesabatlar təqdim edib. Məişət zorakılığı, gender əsaslı zorakılıq hallarının qarşısının alınmasının vacibliyini qeyd edən komitə sədri regionlarda fəaliyyətin genişləndirilməsinə diqqət çəkib. Bildirib ki, Azərbaycanda gender əsaslı zorakılığın bütün növlərinin minimuma endirilməsi üçün qüvvələrimizi səfərbər edəcəyik.

Bahar Muradova qeyd edib ki, ailə, qadın və uşaq problemləri ilə bağlı nə qədər işlər görülsə də, hələ də müəyyən problemlər qalmaqdadır: “Biz bu gün ümummilli lider, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin məzarını ziyarət etdik. Biz bu gün həm də ölkədə qadın siyasətinin təməlini qoyan Ulu Öndərin məzarı qarşısında ehtiram sözü verdik. Söz verdik ki, onun qarşıya qoyduğu vəzifələri yerinə yetirəcəyik. Biz həm də Vətən uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət etdik. Uzun illər sonra şəhidlərimizi yad etməyə qalib ölkənin vətəndaşları kimi getdik. Bu, çox qürurvericidir. Hər birimiz Qarabağ müharibəsində canından keçən şəhidlərimizə, qazilərimizə borcluyuq. Komitə olaraq fəaliyyətimizlə doğma Azərbaycanımızın inkişafı naminə bundan sonra da əlimizdən gələni etməyə çalışacağıq. Bünövrəmiz möhkəm və şəffaf qoyulub. Biz bu şəffaflığı qorumalı, ənənəviliyi, müasirliyi bir arada tutmalıyıq. Qarşıda görüləcək işlər hələ çoxdur”.

Komitə sədri bildirib ki, qarşıda ümumi inkişaf proseslərinə töhfə verməklə yanaşı, bu istiqamətdə görməli olduğumuz işi daha sürətli, çevik və dinamik həyata keçirmək kimi bir vəzifə dayanır. Daha çox gələcəyə baxışlarımız, gələcəyə yanaşmalarımız üzərində düşünməliyik. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qarşımızda qoyduğu vəzifələrin yüksək səviyyədə icra edilməsi üçün maksimum səy göstərməliyik.

Sonra Ailə və Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 15 illik fəaliyyətini əks etdirən film nümayiş olunub və komitənin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların yubiley təbrikləri çatdırılıb.

Ailə və Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova konfrans iştirakçılarını komitənin 15 yaşı olması münasibətilə təbrik edib və kollektivə fəaliyyətlərində uğurlar arzulayıb. O, uzun illər bu sahədə çalışdığını və ötən dövr ərzində komitənin kifayət qədər səmərəli və məhsuldar fəaliyyət göstərdiyini vurğulayıb. Respublikanın regionlarında 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinin və 9 Qadın Resurs Mərkəzinin yaradılmasını komitənin səmərəli fəaliyyətinin nəticəsi kimi qiymətləndirib. Sədr müavini qarşıya qoyulan hədəflərə çatmaq üçün bundan sonra da daha məsuliyyətlə işləməyə davam edəcəklərini deyib.

Ailə və Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva da təbriklərini çatdıraraq, dövlətçiliyimizin inkişafında komitənin də payı olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi prioritet istiqamət kimi qarşıya qoyulub. A.Sofiyeva komitənin bundan sonra da dövlətçiliyin möhkəmləndirilməsi və sağlam cəmiyyətin inkişaf etdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Yaqut Qəhrəmanova, Sabirabad Qadın Resurs Mərkəzinin rəhbəri Aygün Əliyeva və Dövlət Komitəsinin əməkdaşı Kamilə Əliyeva konfransda çıxış edərək fikirlərini bildiriblər.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 15 illiyi münasibətilə ölkədə gender problemlərinin həlli və sosialyönümlü siyasətin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə təltif olunan əməkdaşların adları diqqətə çatdırılıb.

Milli Məclisin sədri Sahibə Qafarovanın və parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın ölkədə gender siyasətinin inkişafına verdikləri dəstəyə görə Dövlət Komitəsinin xatirə medalı ilə təltif olunduqları bildirilib. Eyni zamanda, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin Dövlət Komitəsi ilə əməkdaşlığı təşəkkürnamələrlə qiymətləndirilib. Ailə və Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi səmərəli fəaliyyətlərinə görə bir sıra əməkdaşlarını fəxri fərman və təşəkkürnamə ilə mükafatlandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video