18 Sentyabr 2021 00:21
802
SİYASƏT
A- A+

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə Ağdamda erməni barbarlığı barədə məlumat verilib

 

Sentyabrın 17-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfər edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Pənahəli xanın Ağdam şəhərində yerləşən imarəti və İmarət stadionu ilə tanış olub.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov erməni barbarlığına məruz qalan tikili barədə məlumat verib. Bildirilib ki, erməni vandalizmi təkcə yaşayış yerlərindən deyil, Azərbaycanın tarixi abidələrindən də yan keçməyib.

Qonaqlar Ağdam şəhərindəki Şəhidlər xiyabanında da olublar. Erməni vəhşiliyi zamanı Xocalıda qətlə yetirilən azərbaycanlıların bir çoxu vaxtilə burada dəfn edilib. Lakin Ağdam işğal olunduqdan sonra bu məzarlıq da ermənilərin vəhşiliyinə məruz qalıb, qəbirlər qazılaraq cəsədlər çıxarılıb. Həmçinin məlumat verilib ki, burada İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış abidə də ermənilər tərəfindən dağıdılıb.

Sonra xüsusi nümayəndə Toivo Klaar şəhər mərkəzində yerləşən Ağdam Cümə məscidini ziyarət edib. Bildirilib ki, digər tarixi abidələrimiz kimi, 1868-ci ilin yadigarı olan Ağdam məscidi də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan olunub, yandırılıb. Binanın minarələrinin uçurulmamasına səbəb isə erməni işğalçılarının buradan müşahidə məntəqəsi kimi istifadə etməsi olub. Cümə məscidinin minarələrindən ətrafı asan müşahidə etmək mümkün olduğuna görə tarixi abidə dağıdılmayıb. Buna baxmayaraq, erməni vandalları bütün müqəddəs məkanlarımız kimi, bu məscidin də ibadət zalından heyvan saxlamaq üçün istifadə ediblər. Həmçinin səfər iştirakçıları erməni vəhşiliyi nəticəsində yerləyeksan edilən Ağdam şəhərinin dağıntıları ilə tanış olublar. Şəhər Dram teatrının salamat qalan divarına baxış keçirilib.

Daha sonra nümayəndə heyəti Ağdamın Qiyaslı kənd məscidinə gəlib. Məlumat verilib ki, ermənilər Qiyaslı məscidindən də tövlə kimi istifadə edib. Bununla da erməni vandalları azərbaycanlılara, müsəlman aləminə qarşı nifrətlərini nümayiş etdiriblər.

Qonaqlara Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlini qoyub, park-meşədə ağac əkib. Baş plana əsasən Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada “ağıllı” və dayanıqlı sosial infrastruktur yaradılacaq. Şəhərdə 15 məktəb və uşaq bağçasının inşası nəzərdə tutulub.

Ağdamda ilkin olaraq şəhər sakinləri və qonaqlar üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burada yaradılacaq gölə töküləcək. Həmçinin Ağdamda Sənaye Parkı da yaradılacaq. Park qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdam şəhəri üçün yeni məscid nümunələri, bina tipologiyaları və şəhərətrafı obyektlər, yol-nəqliyyat infrastrukturu ilə tanış olub. Diqqətə çatdırılıb ki, “Qafqazın Xirosiması” kimi tanınan Ağdam tezliklə Azərbaycan Prezidentinin və hökumətinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video