29 Dekabr 2011 01:12
237
CƏMİYYƏT
A- A+

AHİK mətbuatın imkanlarından maksimum yararlanmağı qarşıya məqsəd qoyub

 

Dekabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının  IV Məclisi keçirildi. Tədbiri açan AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev əvvəlcə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışdı. Bildirdi ki, AHİK ölkədə uğurla həyata keçirilən gənclər siyasətinə özünün töhfələrini verir. Bu məqsədlə müxtəlif ali məktəblərdə ödənişli əsaslarla təhsil alan 38 tələbənin illik təhsil haqqının 30 faizinin AHİK tərəfindən ödənilməsi barədə qərar qəbul edilib. Səttar Mehbalıyev tədbirdə iştirak edən həmin tələbələrə bununla bağlı müvafiq sənədləri təqdim etdi.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq AHİK-in Məclisinə və İcraiyyə Komitəsinə yeni üzvlərin seçilməsi ilə bağlı təşkilati məsələyə baxıldı.

Daha sonra "Azərbaycan həmkarlar ittifaqları, kütləvi informasiya vasitələri və qarşıda duran məsələlər" mövzusunda məsələ müzakirə olundu. Məsələ ilə bağlı AHİK sədrinin müavini Aqil Dadaşovun məruzəsi dinlənildi. Qeyd edildi ki, Azərbaycanın sosial-iqtisadi inkişafı, hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə daxil olması, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi informasiyaya olan tələbatı artırır və KİV-lərin ictimai həyatda rolunu xüsusilə vacib edir. AHİK bütün bunları nəzərə alaraq KİV-lərin həmkarlar ittifaqlarının fəaliyyətindəki rolunu və bu sahədə qarşıda duran vəzifələri müəyyənləşdirmişdir. Həmin vəzifələr əsasən həmkarlar ittifaqları haqqında müsbət ictimai fikrin formalaşdırılmasında KİV-lərin imkanlarından maksimum yararlanmaq, həmkarlar ittifaqı - mətbuat əməkdaşlığını gücləndirmək, KİV-in müstəqilliyini dəstəkləmək, həmkarlar ittifaqı mətbu orqanların nəşrinə yardım mexanizmini təkmilləşdirməkdir.

AHİK-in ölkənin müxtəlif nüfuzlu KİV-ləri ilə yaxından əməkdaşlıq etdiyini deyən Aqil Dadaşov, eyni zamanda, AHİK-in mətbu orqanı olan "Ülfət" qəzetinin və digər sahə həmkarlar təşkilatlarının nəşrlərinin həmkarlar ittifaqlarının fəaliyyətini yaxından işıqlandırdıqlarını diqqətə çatdırdı. Eyni zamanda, təəssüflə qeyd etdi ki, bəzi sahə həmkarlar ittifaqlarının maliyyə və digər imkanları olsa da, özlərinin mətbu orqanını təsis etmək üçün təşəbbüs göstərmir, qəzetlərin əhatə etdikləri sahənin əsl informasiya mənbəyi rolunu yerinə yetirdiyinə əhəmiyyət vermirlər. Aqil Dadaşov üzvlərinin sayı və maliyyə imkanları çox olan həmkarlar ittifaqlarının öz qəzetlərini təsis etmələrinin və internet saytları yaratmalarının məqsədəuyğun hesab edildiyini bildirdi. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev 2011-ci il iyulun 12-də "Azərbaycan Respublikasının dövlət hakimiyyəti və digər qurumların rəhbərlərinə" ünvanladığı məktubda informasiya-kommunikasiya texnologiyalarının bütün orqanlarda geniş tətbiqinin, müasir standartlara cavab verən, normativ hüquqi aktların tələblərini özündə əks etdirən internet saytların və elektron xidmətlərin yaradılmasının zəruriliyini vurğulamışdır. Respublika əhalisinin elektron kütləvi informasiya vasitələri ilə müraciət etmək imkanlarının artırılması və müraciətlərə baxılması nəticələrinin öyrənilməsini asanlaşdırmaq üçün həmin məktubda tövsiyələr verilmişdir.

Mövzu ətrafında Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarovanın və digərlərinin çıxışları dinlənildi. Tədbirə yekun vuran AHİK-in sədri Səttar Mehbalıyev dedi ki, müzakirə olunan məsələ olduqca aktualdır. Həmkarlar ittifaqlarının yerlərdə öz səlahiyyətləri çərçivəsində əmək hüquqlarının qorunması və digər məsələlərlə bağlı mühüm tədbirlər həyata keçirdiklərini deyən AHİK sədrinin sözlərinə görə, bütün bunlar barədə  ictimaiyyətə vaxtında və dolğun məlumatlar verilməlidir. S.Mehbalıyev bu istiqamətdə sahə həmkarlar təşkilatlarının KİV-lə sıx əməkdaşlıq etmələrinin, həmçinin özlərinin mətbu orqanlarını və internet saytlarını yaratmalarının vacibliyini bildirdi.

Yekunda müzakirə olunan məsələlərlə bağlı qərarlar qəbul olundu.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video