16 Mart 2021 01:45
1581
SİYASƏT
A- A+

AĞDAMI DÜŞMƏNDƏN GERİ ALAN ONU HƏM DƏ TİKİB QURACAQDIR

 

Həmişə doğma ana dilimlə, onun saflığı, şirinliyi, zəngin  ifadə imkanları  ilə fəxr etmişəm!

Amma...

Azərbaycan  dilində:

* erməni mənfurluğunu;

* erməni şərəfsizliyini;

* erməni murdarlığını;

* erməni alçaqlığını;

* erməni xəyanətkarlığını...

- əks etdirən, özündə dolğun ehtiva edən bir sözün olmaması  məni həm təəssüfləndirir, həm də kədərləndirir...

Bəlkə də Azərbaycan xalqı mövcud  olduğu minilliklər ərzində  özündə bütün alçaqlıqları, yaramaz xislətləri  birləşdirən bir  ünsürə rast gəlmədiyindən belə bir sözü yaratmayıb?!

Bu fikir ağlabatan olduğundan bir qədər sakitləşirəm.

Müharibədən sonra  Qarabağa gedən  jurnalistlərin çəkib göstərdikləri fotolara və telesüjetlərə  baxdıqdan sonra keçirdiyim hisslər məndə qəti qənaət yaradıb ki, belə əməlləri yalnız insan cildinə girmiş nəsə başqa bir varlığa bənzərlər törədə bilirlər! 

Bir baxın:

* evləri yandır və dağıt;

* məscidləri və kilsələri xaraba günə qoy;

* Allahın evində inək, donuz saxla;

* ağacları, meşələri qır, yandır;

* tarixi abidələri məhv et;

* qəbiristanlıqları yerləyeksan elə...

Gör insana və insanlığa, yerə və göyə, dirilərə və ölülərə, keçmişə və bu günə, bütün  canlılara və cansızlara, ən nəhayət, Allaha  və onun yaratdıqlarına nə qədər kin, nifrət  bəsləməlisən ki, qabağına çıxan hər şeyi  dağıdıb  məhv  edəsən, özündən sonra yalnız xarabalıqlar, bayquş ulayan yerlər-yurdlar qoyub gedəsən! 

Bu millət özünün qənimidir!

Bu  millət heç zaman  gün görüb xoşbəxt ola bilməz!

Bu millətə Allah həmişə bəla göndərər!

Bu millət öz ağlı və xisləti ilə heç zaman  vətənə, yurda, daimi yaşayış  yerinə sahib ola bilməz!

İndi başa düşdüm ki, niyə erməninin öz vətəni, tarixi, keçmişi, mədəniyyəti, musiqisi, mətbəxi yoxdur!

Niyə həmişə gözü onda-bundadır!

Niyə daim başqalarından  oğurlayaraq  özününküləşdirir!

Niyə soyqırımına uğramaq arzusundadır və bu adı almaq uğrunda daim  mübarizə aparır!

Bu onun illərboyu törətdiyi çirkin əməllərinin bəhrəsi, Allahın ona verdiyi əbədi cəzadır!

 

Mənim gözəl Vətənim

 

Vətənin hər güşəsi gözəldir!

Ölkə paytaxtı Bakı isə bir ayrı aləmdir!

Əyalətlərdə yaşayan hər kəsin ən böyük uşaqlıq arzularından biri Bakını görmək olur!

Nə vaxtsa hər bir azərbaycanlı bu arzusuna qovuşur...

Hətta bu nəhəng  şəhərin daimi sakininə də çevrilə bilir...

Bakı təkcə gözəl deyil!

Həm də mehriban, qonaqpərvər, çörəkli, arzuların  reallığa çevrildiyi şəhərdir!

Bu gözəl  məkanı bir dəfə görən, daha ondan ayrılmaq istəmir.

Aralı  düşəndə darıxır, tezliklə dönməyə, yenidən görməyə can atır.

Bəlkə də Bakıya  böyük  Azərbaycanın kiçildilmiş, yığcam variantı  desək, yanılmarıq!

Doğulduğumuz yer, yurd və paytaxt Bakı!

Hansı birinci yerdə durur, o da baxır bu barədə düşünərkən harada olmağımızdan!

Bakıda olanda Vətən çəkir, Vətəndə olanda isə Bakı!

27 illik yurd həsrəti, 27 illik qaçqın həyatı,  27 illik ayrılıq,  möhnət hər adamın  çəkə biləcəyi dərd deyildi!

Çoxları yurd həsrətilə dünyasını dəyişdi...

Ən böyük arzumuz və alqışımız isə “növbəti ili Vətəndə  qarşılamaq”, “tezliklə doğma torpaqda görüşmək” idi!

Ən nəhayət,  bu müqəddəs, qarışıq hisslərlə dolu  görüş baş tutdu!

Müzəffər Ali Baş Komandan

İlham Əliyevin  şücaət və qəhrəmanlığı sayəsində!..

İlham Əliyevin dəmir yumruğunun qüdrəti sayəsində!..

Azərbaycan əsgəri və zabitinin misilsiz  igidliyi sayəsində!..

Bu xoşbəxtliyi bütün  Azərbaycan xalqına yaşadan Ali Baş Komandanımıza əbədi minnətdarıq!

Bu səadəti bizə qismət edən Azərbaycan Ordusuna, al-qanları ilə ucalan və vətəni ucaldan şəhidlərimizə daim borcluyuq!

 

Abad  eldən viran yurda

 

Bakıdan çıxıb ölkənin hansı səmtinə doğru hərəkət etsən,  boş torpaq, boş sahə görməzsən!

Yolboyu rast  gəldiklərin  ya bir-birindən gözəl  evlərin tikildiyi  yaraşıqlı yaşayış məntəqələri, ya da əkin sahələri, üzüm plantasiyaları olacaqdır.

Müstəqillik illərində, xüsusən son dövrdə Azərbaycan başdan-başa yenidən tikilib, qurulub, abadlaşıb, gözəlləşib.

Ta keçmiş təmas xətlərinə qədər...

Bəli, bu bir faktdır ki,  işğalın davam etdiyi 27 ildə  Azərbaycan  daim  tikilib, qurulub, abadlaşıb, yeniləşib!

İşğalın davam etdiyi 27 ildə faşist xislətli erməni  isə Qarabağı yandırıb, dağıdıb, meşələri və ağacları qırıb, tarixi və mədəni abidələri məhv edib - bir sözlə, ərazini  xarabalığa çevirərək orada  pərakəndə şəkildə bayquş kimi ömür sürüb.

Özündən sonra  isə yalnız dağıntılar və ölüm tələləri sayılan minalar qoyaraq cəhənnəm olub!

Normal məntiqlə anlamaq çox çətindir:

Niyə bütün evləri, meşələri,  abidələri, qəbiristanlıqları yandırıb dağıdırsan?

Doğrudanmı erməni elə zənn edirdi ki, Azərbaycan xalqı  öz torpağından əl çəkəcək, viran qoyulmuş yerlərə geri dönməyəcək, Vətənini murdar ünsürlərə bağışlayacaqdır?!

Belə düşünmək üçün, belə məntiqə sahib olmaqdan ötrü yalnız erməni olmalısan!

Axı heç zaman  öz vətəni, öz torpağı olmayan başqa cür necə fikir yürüdər?

Keçmiş təmas xəttini adlayan kimi  mənzərə kəskin şəkildə dəyişir!

Cənnət bölgə arxada qalır...

Buradan oyana isə...

İndiyə qədər Ağdamın dağıdılmış yaşayış məntəqələri, məhv edilmiş təbiəti və abidələri ilə bağlı hər birimiz çoxlu şəkilləri görmüş, videolara baxmışıq...

Ürək ağrısı, nifrət və qəzəb hissi ilə!

Dodaqaltı söylədiyimiz söyüşlər, sıxılmış yumruqlar yalnız ürək soyutmaq üçündür!

Əsas təsəllimiz  budur ki, artıq  Vətənimizə qayıtmışıq!

Müzəffər Ali Baş Komandan ermənini bu torpaqlardan iti qovan kimi qovub!

Dəmir yumruğu ilə belini qıraraq  qovub!

Ordusunu diz çökdürərək məhv edib!

Başını ilan başı kimi əzib!

İlham Əliyevin  Ermənistan ordusuna tutduğu divandan sonra  ordunun da,  vassal  dövlətin də özünə gəlməsi, dirçəlməsi bir də getdi Allah bilir nə vaxta!..

İndi bilmirlər ölülərini ağlasınlar, ya dirilərinin dərdini çəksinlər!

Hakimiyyət, xalq, ordu, müxalifət, qisasçı ünsürlər qarışıb bir-birinə!

İt yiyəsini tanımır!

Hamısı başını itirib, nə edəcəyini kəsdirmir!

Nə ölən əsgərə, nə əlilə, nə evsizə yiyə duran var, nə də işsizə iş, aca çörək verən!

Dövlət, xalq, cəmiyyət - hamısı birlikdə əməllərinin bəhrəsini bol-bol dadırlar!

Hələ bu harasıdır!

Azərbaycan xalqı isə öz müdrik Prezidenti ilə bundan sonra  hansı işləri görəcəyini dəqiqləşdirib və fəaliyyətə başlayıb!

 

Göylərə ucalan qoşa minarə

 

Ağdamın nəbzi, adətən, şəhərin mərkəzi meydanında, unikallığı ilə seçilən bazarında  və məsciddə döyünüb!

İlin və günün müxtəlif vaxtlarında bu döyüntü artıb, yaxud da zəifləyib.

Ağdam məscidi qoşa minarəlidir!

Göylərə doğru  ucalan minarələr məscidlərə xüsusi əzəmət gətirir.

Həm də uzaqdan insanlara Allah evinin yerini nişan verir.

Əsas təyinatı isə azan səsini ətrafa  yaymaqla mömin bəndələri namaza çağırmaqdır.

Qaydaya  görə, gündə üç dəfə Ağdam məscidindən azan verilərdi.

Bu səsi eşidənlər ayaq saxlayaraq salavat çevirib yollarına davam edər, namaz qılanlar isə  ibadətə tələsərdilər.

Azan vermək o qədər də asan iş deyil.

Əvvəla, yaxşı, həm də güclü səsin olmalıdır.

İkincisi, gündə üç dəfə darısqal pillələrlə  minarəyə qalxıb-düşməyi bacarmalısan.

Adətən azan verənlər yaşlı insanlar olur.

Elə pilləkən çıxmağın çətinliyi də ondadır.

Yaxşı azançılardan  Molla Rəşid və Alış kişi yadımda qalıb.

Bəli, Ağdamın məşhur “Alış, nəynən?”  lətifəsinin qəhrəmanı Alış kişi!..

Nə sirri-Xudadırsa, azanı hamı dinləmək istəyir, onu eşidən kimi dayanaraq qulaq kəsilirlər...

Sovet  ideologiyası Allahı tanımırdı, onu inkar edirdi. 

Yeniyetmələr və gənclər arasında  ateizm təbliğatı aparılır, pionerdən tutmuş Sov.İKP üzvünə qədər hamıya  dini etiqad, məscidə getmək qadağan edilirdi.

“Dini inanclılara şərait yaradılır” görüntüsü yaratmaqdan ötrü çox az miqdarda  məscidlərin fəaliyyətinə icazə verilmişdi.

Onlardan biri də Ağdam məscidi idi və bütün dövrlərdə qapıları daim hamının üzünə açıq olmuşdu.

Hətta qonşu rayonlardan da buraya molla dalınca, yaxud dua etməyə gələrdilər.

Xüsusən məhərrəmlik ayında və aşura günündə...

O zaman insanlar nəinki məscidin binasına, heç həyətinə də sığışmaz, küçədə maşın-maşına söykənər, qarşı tərəfdəki  Lenin bağında adamlar toplaşaraq həyətə girməyə məqam gözləyərdilər.

Qətl sınanda isə iynə atsan yerə düşməzdi!

Ağlayan, dua edən kim, sinə döyən, zəncir vuran kim!

Bax belə günlərdə görərdin ki, heç kim Allahını unutmayıb, ondan üz döndərməyib!

“Ateistlik” isə dövrün tələbinə uyğunlaşmaq, cəza, repressiya  və təqibdən yaxa qurtarmaq naminədir!

Ağdam məscidi həmişə dinimizi, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi qoruyub saxlayan bir məkan olub!

Erməninin dağıtdığı Ağdam məscidi...

Bu müqəddəs yerin ikinci həyatı isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə başladı.

Çoxtərəfli funksiya daşıdı.

Əsas funksiyası şəhidlərin yuyulub kəfənlənməsi, dini qaydada dəfni üçün  sahibinə, habelə müxtəlif rayonlardakı insanlara çatdırılması idi.

I Qarabağ müharibəsi dövründə  Ağdam Qarabağın qeyri-rəsmi mərkəzinə çevrildiyindən bu funksiyanı da yerinə yetirirdi. Azərbaycanın  hər yerindən  ürəyinin hökmü ilə torpaqların müdafiəsinə gələn, müxtəlif  özünümüdafiə  batalyonlarında döyüşən igid əsgərlərimiz  həmişə Ağdamı özlərinə dayaq bilirdilər.

Hər yerdən əlləri üzülən, kimsədən kömək ala bilməyən insanlar da Ağdam məscidinə gələr, Allahın mərhəmətinə sığınaraq ondan kömək dilərdilər.

Ağdam məscidinə xeyli ziyan dəysə də,  bu gün yenə öz yerindədir.

Dövlət başçısı İlham Əliyev,  Birinci vitse-prezident Mehriban xanım Əliyeva  Ağdam məscidinə baş çəkdilər, burada Allaha dua etdilər, müqəddəs Qurani-Kərimi  bağışladılar.

Müzəffər Ali Baş Komandan İlham Əliyev məscidin həyətindən xalqa müraciət etdi, düşmənə növbəti xəbərdarlığını çatdırdı.

Həm də Ağdam məscidinin tezliklə təmir edilərək əvvəlkindən də yaxşı hala gətiriləcəyini, yenidən qapılarını dindarların üzünə açacağını bildirdi.

 

Sükuta  dalmış baş meydan

 

Ağdamın baş meydanı heç zaman boş olmazdı.

Gün ərzində daim dolub-boşalar, müxtəlif istiqamətlərə gedən, yaxud gəzməyə gələn insanlar üçün “qapısı” daim açıq olardı.

Bakıdan Şuşaya gedən magistral yolun Ağdam ərazisindəki ən kəsəsi də bu meydandan keçərdi.  Odur ki, gecə sübhədək maşın səsi də əskik olmazdı.

Baş meydan həm də rayonun inzibati mərkəzini  ətrafına cəmləmişdi.

Məscidlə arası heç bir kilometr olmazdı.

Meydanın mərkəzində Fərhadın qaya çapan  fəvvarəli heykəli qoyulmuşdu.

Külüngü  dəyən yerdən su fışqırardı...

Ətrafa gözəllik və sərinlik yayırdı...

Ermənilər bu heykəli də  qırıqlayaraq uzaqlara atdılar...

Hər il mayın 1-də ənənəyə uyğun olaraq baş meydanda parad qəbul edilərdi.

Əvvəlcə taxtadan tribuna qurardılar.

Sonralar onu mərmər üzlüklü daş tribuna ilə əvəz etdilər.

Meydanın bir tərəfində raykomun (rayon partiya komitəsinin) köhnə,  ikimərtəbəli binası, digər tərəfində isə  RİH-nin  yeni tikilən üçmərtəbəli  binası vardı. “Ağdam” qəzeti redaksiyası da burada idi.

Meydanın bir qırağında ikimərtəbəli (uçuqları qalmaqdadır) mehmanxana  vardı.

Onun 1-ci mərtəbəsində Tələtin  apteki yerləşirdi.

Ağdamda mağazaları müdirinin, yaxud satıcısının adı ilə tanıyardılar.

Məsələn, məscidin yaxınlığında

“Səmədin kitab mağazası”, ondan aralıda “Məcidin qəlyanaltısı” yerləşirdi.

Yaxud raykomun köhnə binasının üst tərəfində “Kamilin çörək dükanı”, ondan bir qədər yuxarıda “Hüseynin dükanı” yerləşirdi.

Son illərdə mağaza, univermaq, ticarət mərkəzlərinin sayı o qədər artmışdı ki, saymaqla qurtarmazdı.

Qıtlığın hökm sürdüyü sovet dövründə  Ağdam bazarında və  mağazalarında nə desən tapılardı.

Dövlət Dram Teatrının binası meydana xüsusi yaraşıq verərdi (indi  yalnız qarşı tərəfdəki tağları qalıb).

Sovet dövrünün tipik “Mədəniyyət evi” kimi inşa olunmuşdu.

Əvvəllər xalq teatrı bu binada yerləşirdi.

Xalq artisti Arif  Babayevin  “Əsli və Kərəm” operasına uşaq vaxtı burada tamaşa etmişəm.

Teatrı bizə sevdirməkdə  bu binanın və buradakı tamaşaların xüsusi rolu olub.

Sovet dövrünün maraqlı mədəniyyət siyasəti vardı.

Yay aylarında Bakıdakı teatrlar  mövsümü  başa çatdırar, tamaşalarını dayandırardılar.

Sonra  rayonlara qastrol səfərlərinə  başlardılar.

Hansı rayonlarda  sərinlik, tamaşalar verməyə və qalmağa yaxşı şərait vardısa, orada qərar tutardılar.

Ağdam tamaşaçı sarıdan da bol idi.

Hamı bəzənib-düzənib teatra gələr,  respublikanın məşhur artistlərini, ifaçılarını görməkdən, dinləməkdən, tamaşalara baxmaqdan zövq alar, qürur duyardılar.

Axşam tamaşalarına uşaqları buraxmazdılar.

Amma, necə də olsa, tanışlıqla keçmək mümkün olardı.

SSRİ  Xalq  artisti Ələsgər Ələkbərovun ifasında  V. Şekspirin  “Otello”,  Səməd Vurğunun “Vaqif” əsərlərinə  Ağdam mədəniyyət evinin səhnəsində baxmışam...

Otello  haray çəkərək  Dezdomonanı  boğanda qorxub ağlamışam...

Hüseyn Cavidin “Şeyx Sənan”  pyesindəki  Kor Ərəbin  mahnısı  hələ də qulaqlarımdadır...

Ağdamda mədəniyyət, musiqi,  elm, bilik  mühiti var idi.

Şahbulağın ağ daşından  insanlar özlərinə gözəl evlər tikmişdilər.

Dövlət Dram Teatrının binası ilə  üzbəüzdə bizim bina - doğulduğum, boya-başa çatdığım ev yerləşirdi. 

27 ailənin yaşadığı  ilk üçmərtəbəli bina...

İndi heç bünövrəsi də qalmayıb.

Bu binada  əsasən ziyalılar yaşayardı.

Əməkdar artist Narınc Məlikova, Xalq artisti Fatma Mahmudova qonşumuz idi.

Göz xəstəxanasının baş həkimi  Nazxanım, burun-qulaq həkimi  Soltan Bayramov,  neçə-neçə  tanınmış müəllim bu yaraşıqlı binada yaşayırdı.

Baş meydan həm də  görüş, ünsiyyət qurmaq yeri idi.

Xüsusən yay aylarında...

İşdən evə qayıdanlar yemək yedikdən sonra  ailə və uşaqları ilə meydana çıxar, gəzişər, necə deyərlər, havalarını dəyişərdilər.

Ali məktəbə qəbul olmuş  tələbələr, yay tətilinə  gələnlər meydanda gəzişməklə fəxr duyar, sinif yoldaşları ilə  görüşüb söhbətləşər,  gələcək planlarından danışardılar...

Üçmərtəbəli binanın arxasında  Nizami parkı vardı.  Dahi  şairə burada heykəl də ucaldılmışdı.  Park 1941-1945-ci il müharibəsindən sonra  salınmışdı. Bəzəkli  ağaclar, çoxsaylı skamyalar, dekorativ heykəllər, uşaqlar üçün əyləncəli karusellər burada istirahəti  maraqlı edərdi.

Ağdamda  3 yay kinoteatrı  fəaliyyət göstərərdi.  Biri  Mədəniyyət evinin  arxa həyətində, biri  “Müəllimlər evi”ndə, biri də  kino Fazilə məxsus idi.  Hamısı baş meydana yaxın idi. Ən çox tamaşaçı hind filmlərinə toplaşardı. Aralarında rəqabət olsa da, hərəsinin öz kontingenti vardı.

Hərdən  səsgücləndirici ilə filmdəki hind musiqisini ətrafa yayar tamaşaçı yığardılar.

Ağdamın özünün  tumsatanları da vardı.  Ən məşhuru Bəndalı  sayılırdı. Ağzı qızıl dişlə dolu idi. Tumları çox dadlı qovurardı.  Gəzməyə çıxanlar hökmən tum çırtlayardılar.

Hər səhər Komxozun  (rayon  kommunal təsərrüfatı şöbəsi)  süpürgəçiləri meydanı, parkları və küçələri deyinə-deyinə süpürərdülər.

Rayon icraiyyə komitəsinin, təzə mehmanxananın  binası da meydana yaxın idi.

Ağdamın  baş meydanının ikinci  həyatı müharibə  dövrünə təsadüf edir.

Əslində, Qarabağ müharibəsi  bu meydanın da  mahiyyətini və funksiyasını dəyişdi.

Onu yurd-yuvasından zorla qovularaq Ağdam şəhərinə pənah  gətirən insanların toplaşdıqları, bu haqsızlıqlara, dövlət başçılarının fəaliyyətsizliyinə etirazlarını bildirən meydana çevirdi.

1992-ci ilin fevralında qələmə aldığım və “Həyat” qəzetində dərc etdirdiyim “Qaçqınlar meydanı” adlı yazımda bu barədə ətraflı bəhs etmişdim.  Məqaləni yenidən diqqətinizə təqdim edirəm:

“Hər rayonun mərkəzində  bir baş meydan olur. Burada nümayiş  keçirilər, parada çıxardılar, tribuna  önündən  addımlayarkən  “yuxarıda” duranlara  əl yelləyib, bəxtəvərliklə gülümsəyərdilər. Adətən   bu meydanlar  “böyük Lenin”in  adını daşıyırdı.  Sonra çoxlarına  elə həmin adət üzrə  “Azadlıq” adı verildi. Ağdam  şəhərində də belə  bir meydan var. İcra hakimiyyəti  aparatının, Qarabağ  üzrə respublika  qərargahının  yerləşdiyi binalar  da bu meydanın  kənarındadır. İndi  burada  nə parad olur, nə də nümayiş keçirilir. Ancaq  meydanın  boş vaxtı da olmur. Dağ  Qarabağının azərbaycanlılar yaşayan kəndlərindən qovulan  qaçqınlar  buraya toplaşır. Daha gülüş səsi  və alqış  sədaları eşidilmir. Ancaq  bolluca göz yaşı axıdılır, göylərə ah-nalə  yüksəlir. Kişi də ağlayır, qadın da, acından və soyuqdan gömgöy  göyərmiş uşaq da. Doğrudur,  hərdən  sevinc  yaşlarını da görmək olur...  Tankın və avtomatın  qabağında  pərən-pərən düşərək hərəsi bir tərəfə  qaçan, sonra xeyli müsibətlə uzun-uzadı piyada yol gedərək  bir-birini ölmüş  zənn edən  qohum-qardaş,  həmkəndli rastlaşanda. Sakitcə bir-birlərinin boynunu  qucaqlayaraq azacıq göz yaşı axıdaraq, sonra  başqaları barədə  hal-əhval  tuturlar.  Hərdən meydanda mitinq də olur. Natiqlər respublika  hökumətini qətiyyətsizlikdə,  tökülən qanların qarşısını vaxtında almamaqda  ittiham  edir, prezidenti, müdafiə nazirini Ağdama “çağırır”,  ürəklərini boşaltdıqdan sonra  dağılışırdılar.

1991-ci ilin oktyabrından bəri  meydana gələn  “dəstələr” dəfələrlə dəyişib. Dəyişməz qalan ümumi mənzərə olub.

Sübh tezdən kimisi yük maşınında, kimisi avtobusla, bəziləri isə  pay-piyada  meydana yığışır. Gümrah görkəm, gülümsər üz görmək qeyri- mümkündür. Hərə əlinə keçəni əyninə geymiş olur. Adətən qadınlar çiyin şalı  ilə kürəklərini sarıyır, kişilər üst-üstə pencək, gödəkçə geyinirlər, Çiyni ov tüfəngli, əliavtomatlı adamlar da olur. Qadınlar meydanın yuxarı hissəsində yığışıb dəstə bağlayır, ağı deyərək üzlərini cırır, başlarını yolur, əzizlərini oxşayırlar. Kişilərdən də  onlara qoşulan olur. Ancaq  onlar ağı söyləmirlər.  Hərdən üzlərini göylərə tutub Allahı bu zülmü götürməməyə, kömək  durmağa çağırırlar. Sonra respublika qərargahından meyitləri gətirmək üçün maşın, yaxud  vertolyot almaq barədə “danışıqlar” başlanır. Qərargah kömək edir,  bəzən də aciz, “köməksiz” qalır...

Bu kükrəyən qəzəb dalğası,  ərşə dirənən ah-nalə uzaqlara getmir. Nəinki Bakıya, hətta  bir çox ətraf rayonlara  belə çatmır... o ki qaldı  suveren respublikanın sərhədlərindən çox-çox  uzaqlara ola...

“Qaçqınlar meydanı”nda  hamı qanıqara, kövrək və əsəbi olur. Burada  mətbuata da inanmırlar. “Qarabağdan düzgün informasiya getmir”, - deyə biz  jurnalistləri  məzəmmət edirlər. Televiziyadan xüsusilə  narazıdırlar: “Burada qan tökülür, - orda isə bütün günü  “Qarabağ şikəstəsi” oxudurlar. Guya  bundan dərdimizə  əlac olacaq. Hanı əsl vəziyyəti əks etdirən gündəlik xəbərlər,  videoreportajlar?”. Fotoaparatı işə  salmaq, dəftərçə çıxarıb qeyd aparmaq kimsəyə xoş gəlmir. Kinokameraya isə heç dözmürlər.  Xüsusən də  yadellilərin əlində görəndə. O qədər  bizim kəndlərin  acınacaqlı  mənzərəsini çəkib erməni yaşayış məntəqələri adı  ilə göstəriblər ki... Daha  heç kimə etibar qalmayıb.

“Qaçqınlar meydanı”ndakı söhbətlər də eyni mövzuda  olur. Adamlar yana-yana qoyub  gəldiklərindən  danışırlar:  kimi ömürboyu özünün və ailəsinin  boğazından  kəsib  tikdirdiyi  evinin yandırıldığından, kimi mal-qarasının  qovulub  aparıldığından, kimi  taxılını və  qış azuqəsini, minik maşınını qoyub  gəldiyindən  təəssüflə söz açır. Basqınlar eyni ssenari üzrə keçirilmiş olur. Ermənilər vərəqlər atmaqla,  hava telefonu  ilə bir neçə günə kəndi boşaltmaq barədə xəbərdarlıq edirlər. Müddət bitəndə  Xankəndidəki  “sovet ordusunun” zirehli texnikası ilə kəndə yerli sakinlərdən qat-qat artıq sayda  yaraqlılar yeridilir. Silahda  və qüvvədə geri qalan, kömək almayan camaat  qaçmağa üz tutur. Düşmən qırdığını qırır,  sonra isə evlərə  od  vurub yandırır, nəhayət, gətirilən buldozerlərlə  kəndin  yerini düzləyir. Ələ keçən  qız-qadınlar  isə rüsvay edilir...

Meydan  söhbətlərindən:

Meşəli kəndindən qaçan zaman ata  qoşalülə  tüfəngini  14  yaşlı  oğluna  verib 12 yaşlı  bacısını ona   qoşur: “Yolda erməni  quldurlarına rast  gəlsən, əvvəlcə bacını vur öldür, sonra özünü”, - deyə  bərk-bərk  tapşırır. Tələsiyən ata  bu sözləri qızının yanında  deyir. Onlar bir zülmlə Ağdama gəlib  çatırlar. Səhəri gün qızın  bədəni şişməyə başlayır. Həkimlər müayinə  edib keçirdiyi güclü qorxu və həyəcan  nəticəsində  yaranan fəsad olduğunu müəyyənləşdirirlər.

... Göz yaşını sel kimi axıdan  qadına yanındakı  yaşlı kişi  toxtaqlıq verir:

- Yarasını öz əlimlə sarıdım, güllə  ayağından dəymişdi.

- Bəs deyirlər... - hönkürtü sözün  sonrasını eşidilməz edir.

- Mənə inanmırsan? Yarası  yüngüldü... Sabah  gedərik Gəncəyə, xəstəxanada özün görərsən, indi gecdir...

-  Evimizi də yandırıb külə döndərdilər.

Gəlinin qucağından körpə nəvəsini alan  ağsaqqal   qəzəbini güclə boğur:

-  Cəhənnəmə yandırsınlar. Evi  mən  tikdirmişdim, birini də tikdirərəm. Yüz elə ev qurban olsun bu  uşağın bir tükünə, - deyə  nəvəsini bağrına basır.

Ağdamdakı “Qaçqınlar meydanı”ndan   Qarabağın  dağlıq hissəsindəki  azərbaycanlılar  yaşayan   Tuğ, Xocavənd,  İmarət-Qərvənd, Həsənabad, Cəmilli, Meşəli,  Kərkicahan, Axullu, Salakətin, Zəyəm... kəndlərinin “nümayəndələri” gəlib keçiblər. İndi meydan malıbəylililərlə  dolub. Növbədə isə xocalılılar dayanıb. Şuşada da  vəziyyət son dərəcə ağırdır. Ondan sonra isə  Ağdamdakı  “Qaçqınlar meydanı” da  yerini dəyişə bilər: ya  Kürün o  tərəfinə, ya da  Xankəndiyə köçürülməsi  mümkündür. “Qaçqınlar meydanı” heç olmaya da bilər. Bundan  ötrü isə indiyədək etdiyimiz kimi etməməliyik. Daha  Beyker  də gəlib-getdi, Avropa  müşahidəçiləri də...”

İndi isə boş meydanın üçüncü dövrüdür!

Dağıdılmış, kimsəsiz qalmış dövrü!

Amma həm də yeni başlanğıc dövrüdür!

 

Oğru və qatil millət

 

Bu qədər xarabalıqları gördükdən sonra  istər-istəməz  öz-özündən  xəbər alırsan:

- Görəsən erməni  niyə hər şeyi və hər yeri söküb dağıdıb?

Əvvəla, sirr deyil ki, sökülən  evlərdəki tikinti materiallarının alıcısı olub!

Erməni bundan pul qazanıb!

Amma özgə evini söküb özünə ev tikənlər  gərək heç zaman unutmasınlar ki, bundan heç zaman  xeyir  tapmayacaqlar!

Məhəmməd Peyğəmbər səlavatüllahın dəyərli bir  kəlamını xatırlatmaq  yerinə düşər: “Qəsb edilmiş  kərpiclə tikilən xanə xaraba qalmağa girovdur!”

İkincisi, heç nəyi olmayan millət dəyərlərin  qədrini bilməz!

Bu millət  oğru millətdir!

Təkcə  torpağımızı yox, musiqimizi, xalçalarımızı, mətbəximizi, alban kilsələrini  də  oğurlayır.

Ermənilər yaxşı bilirdilər ki, Ağdamda  qızıl diş saldırmaq dəbdə olub. Hər kəsin yaşından asılı olmayaraq, ağzında bir neçə qızıl dişi olub.

Odur ki, qəbirləri söküb, meyitlərin qızıl  dişlərini oğurlayıblar!

İnsanın, torpağın, dini abidələrin, keçmişin qədrini bilməyən millətin gələcəyi ola bilməz!

 

Dönüşün başlanğıcı

 

Bura qədər danışdıqlarım  hamısı xatirimdəki Ağdam idi!

Bir zamanlar qaynayıb daşan, yaraşıqlı evləri, abad küçələri, gözəl park və bağları, ziyalı və əməksevər insanları, məlahətli səs sahibi olan xanəndə və müğənniləri, düşmənə ağır zərbələr endirən igid oğulları ilə fəxr edən Ağdam!

Yiyə vay dərdindən işğala məruz qaldı!

Qorxaq, maymaq, səriştəsiz, şəxsi maraqları xalqın marağından üstün tutan bacarıqsız ölkə başçıları Ağdamı da  köməksiz və arxasız qoydular!

Nə ordu yarada bildilər, nə torpaqların müdafiəsini təşkil etdilər, nə də  düzgün siyasət yeritdilər!

Onların bəd əməllərinin  ağrı-acısını bütün xalq, o cümlədən müharibənin  ilk günlərindən düşmənlə qabaq-qarşıya döyüşən Ağdam çəkdi.

Dünyanın ən varlı şəhərlərindən biri sayılan Ağdam!..

Ağdamın etdiklərinin əvəzini  çıxmaq üçün düşmən onu viran qoydu!

Bu gün isə dövlətin rəhbəri və sahibi  öz yerindədir!

İlham Əliyev ordu da qurdu, müharibə də apardı, 44 gündə düşməni yerlə yeksan edərək Ağdam qarışıq torpaqları azad etdi!

Bəli, Müzəffər Ali Baş Komandan

İlham Əliyev  Vətən müharibəsindəki zəfərlə iki əsirlik münaqişəyə  birdəfəlik son qoydu, beş əsrlik  tariximizdə ilk dəfə olaraq  itirilən  torpaqları geri qaytardı!

Bütün Qarabağı, o cümlədən Şuşanı  murdar ləpirlilərdən təmizlədi.

Azərbaycan xalqına verdiyi vədini şərəflə yerinə yetirdi!

İndi isə geniş və vüsətli quruculuq işlərinə başlanılıb.

Möhtərəm Prezidentimiz Qarabağı  yenidən dirçəldəcəyinə, cənnətə çevirəcəyinə söz verib!

Biz öz  rəhbərimizə inanırıq!

Sözü ilə əməli bir olan müdrik rəhbərimizə!..

***

27 il bundan qabaq  Ağdamdan çıxmışıq...

Dünyanın ən  varlı, ən inkişaf etmiş əyalət şəhərlərindən  birini qoyub gəlmişik.

Biz Ağdamı tərk edəndə  5 il  düşmənlə gecə-gündüz çarpışan, 6 minədək şəhid verən bir şəhər qoyub gəlmişdik.

Bu şəhərdə hər şey vardı:

* bir-birindən gözəl evlər, binalar;

* yaraşıqlı küçələr, parklar bağlar;

* Məşhur Ağdam bazarı, dolu univermaqlar, ticarət mərkəzləri, mağazalar;

* Kinoteatrlar, mədəniyyət evləri, kitabxanalar,  unikal “Çörək muzeyi”;

* İstehsalat müəssisələri, restoranlar, kababxanalar, yeməkxanalar, çayxanalar;

* Abad qəbiristanlıqlar, üstü götürülmüş, dəmir cağlara alınmış qəbirlər;

* Və daha nələr, nələr...

İndi onların heç biri yoxdur!

Çünki ora  27 il ərzində ermənilər sahiblik ediblər!

Faşist və bayquş xislətli ermənilər!

Qayıtdığımız Ağdam əvvəlki Ağdam deyil!

Amma bu viran yurda qayıtdığımıza görə dəmir yumruq sahibinə  - Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq!

Azərbaycan əsgər və zabitlərinə minnətdarıq!

Şəhidlərimizin xatirəsi önündə baş əyirik!

Qayıda bildiyimizə görə hədsiz dərəcədə  xoşbəxtik!

Viran qoyulmuş yaşayış məntəqəsi də bizə son dərəcə əziz və doğmadır.

Ağdamda yox olan  təkcə daş, divar, ağac və s. deyil.

Daha  Ağdamda erməni də yoxdur!

Və heç zaman olmayacaqdır!

Vətənin, torpağın qədrini onun əsl sahibi bilər!

Əminik ki, torpağı düşməndən  qaytarıb alan  onu həm də yenidən tikib quracaqdır!

Qarabağ  Azərbaycandır!

 

 

Bəxtiyar  SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video