14 Iyul 2021 00:43
1459
İDMAN
A- A+

AFİNADAN TOKİOYADƏK

 

32-ci Yay Olimpiya Oyunlarına sayılı günlər qalır

 

İdmansevərlərin böyük həyəcanla gözlədiyi an gəlib çatır. İyulun 23-də Yaponiyanın paytaxtı Tokioda 32-ci Yay Olimpiya Oyunları start götürəcək. Qeyd edək ki, ötən il keçirilməli olan Olimpiada pandemiya səbəbindən bu  ilə təxirə salınmışdı.

Olimpiadanın tarixinə nəzər yetirdikdə qədim Yunanıstanda hələ 28 əsr bundan əvvəl kimin daha güclü, çevik və cəld olduğunu aşkara çıxarmaq üçün atletlərin yarışı keçirilirdi. Elə bu səbəbdən ən böyük və məşhur idman yarışları Olimpiya şəhərində təşkil olunurdu. Elə ona görə həmin oyunlar Olimpiya oyunları adlanırdı. Yunanıstanda bu, ən böyük bayram hesab olunurdu və hər 4 ildənbir (1417 gün) keçirilirdi.

 

Ən qədim idman festivalı

 

Qədim Olimpiya oyunlarının yaranmasından söz açarkən vurğulamaq lazımdır ki, o dövrdə bu, bir növ dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı və  stadion, teatr və məbəd müqəddəs yer sayılırdı. İki şəhərdə - Olimpiya və Delfidə hər dörd ildənbir keçirilən Olimpiya oyunlarının yaranma tarixi ilə bağlı bugünümüzə qədər gəlib çatmış bir sıra rəvayətlər mövcuddur.

Onların birində qeyd olunur ki, Olimpiya oyunları ilk dəfə eramızdan əvvəl 776-cı ildə Yunanıstanda Olimpiya şəhərində Zevsin şərəfinə keçirilməyə başlanmışdı. Olimpiada beş gün ərzində keçirilir - 1-ci və 5-ci günlər təntənəli mərasimlərə, qalan günlər isə idman yarışlarına həsr edilirdi.

Digər rəvayətə görə, Ellada hökmdarı İfıt Sparta hökmdarı Likurqla müqavilə bağlayır və bu şərəfə dostluq bayramı keçirməyi qərara alırlar. Müəyyən müddət keçdikdən sonra Ellada torpağında bütün hərbi əməliyyatlar dayandırılır. Oyunların keçirilməsi mərasimi əmək, məişət və sülh rəmzinə çevrilir.

Klassik dövr (e.ə. V-IV əsrlər) Olimpiya oyunlarının proqramına ikitəkərli arabalarda yürüş, yumruq döyüşü, beşnövçülük (qaçış, nizə və disk tullamaq, uzununa tullanmaq, güləş), həmçinin incəsənət müsabiqələri və s. daxil idi.

Lakin müasir Olimpiya oyunlarının tarixin sınağından keçərək bugünkü günə gəlib çatmasında ən böyük rol fransız pedaqoq Baron Pyer de Kubertenə məxsusdur. Tarixi araşdırmalarda yer alan mənbələrə əsasən, o, bu zaman Olimpiya ideyalarını dərisinin rəngindən, sosial, siyasi, dini əqidəsindən və idmana dəxli olmayan digər amillərdən asılı olmayaraq, bütün qitələrin atletləri arasında vicdanlı idman mübarizəsinin simvolu kimi qəbul etmişdir. Bir faktı da unutmamaq lazımdır ki, Kubertenə qədər Olimpiya oyunlarının bərpası ilə məşğul olanlar arasında İtaliyanın görkəmli dövlət xadimi Mateo Palmiyer də var. O, hələ intibah dövründə antik Olimpiya oyunlarının bərpası ilə məşğul olmuşdur. Sonrakı cəhdlər isə ingilis alimləri Robero Dovero və Jilberta Vestan (1703-cü və 1756-cı illər) tərəfindən edilmişdir. Hətta J.Vestan özünün doktorluq dissertasiyasını bu mövzuya həsr etmişdir.

 

26 əsrlik fasilədən sonra yenidən Yunanıstanda

 

Müasir Olimpiya oyunlarının yaranması ilə bağlı ən uğurlu təşəbbüs XIX əsrin sonlarında qeydə alınır. Belə ki, fransızlar gənclərin fiziki tərbiyəsi təcrübəsinin öyrənilməsini qərara alırlar. Bu işi isə 1889-cu ildə P.Kubertenə tapşırırlar. O, bütün ölkələri gəzir, universitetlərdə, kolleclərdə, liseylərdə olur və xarici ölkələrdəki həmkarlarına məktublar yazır. O, əsasən yunanların 1859-1889-cu illərdə keçirdikləri oyunları dərindən öyrənir. 1892-ci il noyabrın 25-də Fransaya qayıdaraq Sorbon Universitetində özünün məşhur “Olimpiya renessans” adlı mühazirəsini oxuyur. Yalnız bundan sonra XIX əsrin sonunda müasir Olimpiya hərəkatı salnaməsinə ilk sətirlər yazılır. Bir çox ölkələrdə idman təşkilatları və klublar, beynəlxalq idman birliklərinin yaradılması Fransanın ictimai xadimi Pyer de Kubertenə Olimpiya oyunlarını bərpa etmək ideyasını həyata keçirməyə imkan yaratmışdır.

1894-cü ilin iyun ayında Sorbon Universitetinin akt salonunda Pyer de Kuberten 13 ölkənin 79 nümayəndəsi qarşısında Olimpiya oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsi (BOK) yaradılması layihəsi ilə çıxış edir. Təsis Konqresi Kubertenin təklifini bəyənir. Olimpiya hərəkatına rəhbərlik və oyunların təşkili üçün həmin il iyunun 23-də Beynəlxalq Olimpiya Komitəsi yaradılır. Onun tərkibinə konqresdə iştirak edən ölkələrin  nümayəndələri - fransız, yunan, ingilis, rus, isveç, amerikan, ispan və macarlar səs verirlər. Təsis Konqresi Kubertenin Olimpiya oyunlarının əsas prinsiplərini, qayda və müddəalarının xartiyasını bəyənir. Konqres Olimpiya oyunlarını antik ənənələr üzrə - dörd ildə bir dəfə keçirməyi qərara alır.

Qəbul edilmiş qərardan sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ildə Parisdə keçirməyi təklif edir. Hamı buna səs verir. Lakin Yunanıstan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadanı 6 il gözləməyərək ilk oyunları 1896-cı ildə keçirməyi təklif edir: “Qoy Paris oyunları 1900-cü ildə keçirsin. Məgər ellinlər torpağı, antik olimpiadalar beşiyi Olimpiya oyunlarını bundan dörd il əvvəl keçirməyə layiq deyildirmi?” Bu çıxışdan sonra təklif qəbul olunur. BOK-un ilk prezidenti D.Vikelas, baş katib isə baron Pyer de Kuberten seçilir (O həm də 1896-cı ildən 1925-ci ilədək Beynəlxalq Olimpiya Komitəsinin prezidenti olmuşdur).

Beləliklə, Birinci Olimpiya Xartiyası təsdiq olunur və Olimpiya oyunlarının müddəti və keçirilmə yeri müəyyən edilir. İlk Olimpiya oyunları 1896-cı ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilir.

 

Olimpiya məşəli

 

Olimpiya oyunlarında qaldırılan bayraqla yanaşı, açılış günü stadionda yandırılan məşəl də yadda qalır. Ənənəyə görə, məşəlin alovu Yunanıstanın Afina şəhəri yaxınlığında yerləşən Olimpiya məbədindən götürülür. Bundan sonra xüsusi seçilən oğlan və qızlar məşəli Olimpiya oyunları keçirilən şəhərə doğru qaça-qaça bir-birilərinə ötürürlər. Son anda məşəl adlı-sanlı bir idmançıya verilir və o, stadiona daxil olub Olimpiya oyunlarının məşəlini yandırır. Bu məşəl yarışların açılışından bağlanışına qədər söndürülmür.

İlk Olimpiya oyunlarında stadiondakı məşəli əsasən kişi idmançı yandırırdı. Qadın idmançılar arasında isə ilk dəfə bu şərəfə 1968-ci ildə Mexikoda keçirilən Olimpiadada meksikalı Enriketta Basilio Sotelo layiq görülmüşdür. Maraqlıdır ki, BOK rəhbərliyi məşəli əlində tutan idmançını seçəndə əsasən onun ad-sanına, qazandığı uğurlara və yaraşıqlı olmasına fikir verirdi. Ancaq 1958-ci ildə Melburn Olimpiadasında məşəli 18 yaşlı, heç kimin tanımadığı avstraliyalı Ronald Klark yandırmışdı. 8 il sonra isə Tokioda məşəli yandırmaq hüququ Yaponiyanın Xirosima şəhərinə atom bombası düşən gün anadan olmuş İosinori Sakaiyə verilmişdi.

 

Olimpiya andı

 

“Bütün idmançılar adından mən Olimpiya oyunlarında idman qanunlarına hörmət edib, əsl idman ruhunda və komandalarımızın uğurunu düşünərək çıxış edəcəyimə and içirəm!” İlk dəfə 1920-ci ildə Antverpendə keçirilən olimpiadada yerli qılıncoynadan Viktor Buan bu andı söyləmişdi. Və həmin vaxtdan indiyədək Olimpiya oyunlarında hər bir idmançı bu yarışların həmin qanunlarla keçiriləcəyinə and içir.

1968-ci ildə Meksikada keçirilən Olimpiadada idmançılarla yanaşı, hakimlər də ilk dəfə and içmişdilər. Onun məzmunu belədir: “Hakimlərin adından mən Olimpiya yarışlarının bitərəf keçiriləcəyinə və yarışların qanunlarına hörmət ediləcəyinə and içirəm”.

Onu da əlavə edək ki, Olimpiya oyunlarını yarışların keçirildiyi ölkənin Prezidenti açır. Dördilliyin ən əsas yarışını Beynəlxalq Olimpiya Komitəsinin prezidenti bağlayır. 1952-ci il Helsinkidə keçirilən Olimpiya oyunlarından sonra yeni bir ənənə yarandı. Yarış bağlı elan edilən kimi stadionda olan tabloda “Əlvida, Helsinki! Melburn bizi gözləyir!” sözləri yazıldı.

 

Olimpiya bayrağı

 

Hər bir Olimpiya oyununun açılışı keçirilən stadionda havaya Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bayrağı qaldırılır. Ağ rəngli bu bayraqda dünyanın beş qitəsinin rəmzi rənglərində olan bir-birinə keçirilmiş dairələr təsvir olunmuşdur. İlk dəfə bu bayraq 1920-ci ildə Belçikanın Antverpen şəhərində keçirilən Olimpiya oyunlarında qaldırılmışdır. Məhz o vaxtdan etibarən ənənəyə görə, əvvəlki Olimpiya oyunlarının keçirildiyi şəhərin nümayəndəsi bayrağı BOK prezidentinə təqdim edir.

Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri isə bayrağı növbəti Olimpiadanın keçiriləcəyi şəhərin merinə təhvil verir. Bu ənənə o vaxtdan indiyədək saxlanılmışdır. Onu da əlavə edək ki, yarışların açılışından sonuna qədər Olimpiya bayrağı stadionda dalğalanır. Məlumat üçün onu da qeyd edək ki, Olimpiya bayrağı ideyasını 1913-cü ildə BOK prezidenti Pyer de Kuberten vermişdir.

 

Olimpiadanın ən çox keçirildiyi ölkə

 

Qeyd etdiyimiz kimi, ilk Olimpiya yarışları 1896-cı ildə Afinada keçirilmişdir. Həmin yarışlarda 13 ölkənin 311 idmançısı medallar uğrunda mübarizə aparmışdır. İndiyədək 31 Yay Olimpiya Oyunları keçirilmişdir. Məlumat üçün qeyd edək ki, Olimpiya oyunlarının keçirilmədiyi hallarda da olimpiadaya sayca nömrə verilir.

Yunanıstanın paytaxtı Afinada start götürmüş ilk Yay Olimpiya Oyunları 2004-cü ildə də eyniadlı şəhərdə keçirilmişdir. ABŞ isə 4 dəfə (1904-cü il Sent-Luis, 1932-ci və 1984-cü illərdə Los-Anceles, 1996-cı il Atlanta) belə bir mötəbər turnirə evsahibliyi etmişdir. Böyük Britaniyanın paytaxtı London isə 3 dəfə (1908-ci, 1948-ci, 2012-ci illər) turnirin evsahibi olmuşdur. Almaniya (Berlin - 1936-cı il və Münxen - 1972-ci il), Fransa (Paris - 1900-cu və 1924-cü illər) və Avstraliya (Melburn - 1956-cı il, Sidney - 2000-ci il) hərəyə 2 dəfə, İsveç (Stokholm - 1912-ci il), Belçika (Antverpen - 1920-ci il), Hollandiya (Amsterdam - 1928-ci il), Finlandiya (Helsinki - 1952-ci il), İtaliya (Roma - 1960-cı il), Yaponiya (Tokio - 1964-cü il), Meksika (Mexiko - 1968-ci il), Kanada (Monreal - 1976-cı il), SSRİ (Moskva - 1980-ci il), Cənubi Koreya (Seul - 1988-ci il), İspaniya (Barselona - 1992-ci il), Çin (Pekin - 2008-ci il) və Braziliya (Rio - 2016-cı il) isə bir dəfə Yay Olimpiya Oyunlarını keçirmişlər.

Xatırladaq ki, 1916-cı, 1940-cı və 1944-cü illərdə Olimpiya oyunları təşkil olunmamışdır. Bunun əsas səbəbi həmin illərin I və II Dünya müharibələri dövrünə təsadüf etməsidir.

 

Olimpiya yarışlarının ən yaşlı qalibləri

 

Planetin ən güclü idmançılarının yarışdığı Olimpiya oyunları rekordları ilə də yadda qalmışdır. Çoxları hesab edirlər ki, burada ancaq gənclər iştirak edə və medal qazana bilərlər. Lakin 1972-ci ildə Almaniyanın Münxen şəhərində keçirilən Olimpiya oyunlarında iştirak edən ingiltərəli Xilda Lorna Consonun 70 yaşı olmuşdu. Bu yaşa baxmayaraq, Xilda atçılıq idmanının çıxışetmə növündə böyük məharət göstərmişdi.

Kişilər arasında ən yaşlı Olimpiya iştirakçısı isə isveçli Oskar Svan olmuşdur. O, 1920-ci ildə Stokholmda keçirilən Yay Olimpiadasında 73 yaşında güllə atıcılığı proqramında iştirak etmişdi. Maraqlıdır ki, Oskar Svan dörd il sonra Parisdə keçirilən Olimpiya oyunlarına da hazırlaşırmış, ancaq səhhətində yaranmış problemə görə çıxış edə bilməmişdir. Qeyd edək ki, Svan həmçinin Olimpiya oyunlarının tarixində ən yaşlı qalib adına malikdir. O, 1908-ci ildə 61 yaşında iki qızıl medal qazanmışdır.

Olimpiya tarixinə Norveç yaxtaçısı Maqnus Konovun adı qızıl hərflərlə daxil omuşdur. O, 40 il ərzində - 1908-ci, 1912-ci, 1920-ci, 1936-cı və 1948-ci illərdə keçirilən beş Olimpiya oyununda iştirak etmiş, 2 qızıl və 1 gümüş medal qazanmışdır.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video