07 May 2021 19:07
1534
PARLAMENT
A- A+

Adil Əliyev: Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsi Qarabağımıza yeni nəfəs verəcək

 

Mayın 7-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev növbəti dəfə Vətən müharibəsində arxa cəbhədə xüsusilə fəallıq göstərmiş vətəndaşlarla, habelə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılarla görüş keçirib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Adil Əliyev ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin əsasını qoyduğunu və onun başladığı böyük işlərin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, aparılmış uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmiz uzun illərdir ərazilərimizi işğal altında saxlayan Ermənistana layiqli dərs verdi.

Bildirilib ki, ötən illər ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməsinin icra edilməməsi Ermənistana öz işğalçı siyasətini davam etdirməyə imkan vermişdi. Təxribatlar törətməyə davam edən işğalçı ölkə hər addımda humanitar hüququn tələblərini kobud şəkildə pozaraq mülki əhalini hədəfə alırdı. Nəticədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən başladılan əks-hücum əməliyyatları nəticəsində düşmənə döyüş meydanında ardıcıl sarsıdıcı zərbələr vuruldu və düşmən geri çəkilməyə məcbur edilərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Bu gün isə bizi qarşıda daha böyük işlər - işğaldan azad edilmiş ərazilərimizin qısa müddət ərzində bərpası, məcburi köçkünlərimizin öz dədə-baba yurd-yuvalarına geri qayıtmasının təmin edilməsi kimi vacib məsələlər gözləyir. İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın bütün maddi-mədəni obyektləri məhv etməsinə, tarixi abidələri dağıtmasına toxunan sədr müavini baş verənlərin qəbuledilməz olduğunu bildirib.

Adil Əliyev dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsindən danışaraq, bunun Şuşanın tarixi kimliyinin özünə qaytarılması üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Şuşa şəhərinin tarixi əhəmiyyət kəsb etdiyini deyən Milli Məclis sədrinin müavini ulu öndər Heydər Əliyev tərəfindən 1977-ci ildə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edildiyini diqqətə çatdırıb. Bildirib ki, qəbul edilmiş bu qərarın nəticəsində Şuşa şəhərində olan tarixi abidələr qorunmuş, görkəmli şəxslərin abidələri abadlaşdırılıb. İndi isə Şuşa şəhərinin “Mədəniyyət paytaxtı” elan edilməsi ilə artıq Şuşa nəinki Qafqazın, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Uzun illər düşmən tapdağı altında qalmış Şuşanın və işğaldan azad edilmiş ərazilərin yenidən dirçəlməsi ilə Qarabağımıza yeni nəfəs gələcək.

Söhbət zamanı görüş iştirakçıları Vətən müharibəsində qazanılmış qələbənin hər kəsin qəlbində böyük sevinc yaratdığını və bu tarixi qələbədən xalqımızın fərəhləndiyini qeyd ediblər. Görüş iştirakçıları dövlətimizin daha da inkişafı üçün bundan sonra da hər zaman üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini diqqətə çatdırıblar.

Sonda görüş iştirakçılarına Vətən müharibəsində arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanları təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video