08:23 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

AÇG 27-ci ildönümünü 4 milyardıncı barel neft hasilatı ilə qeyd edir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:41 21.09.2021

 

Bu il sentyabrın 18-də “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı daha bir şanlı səhifə yazdı - yataqdan 4 milyardıncı barel neft hasil edildi. Sentyabrın 20-si tarixində qeyd etdiyimiz AÇG-nin 27-ci ildönümünə və “Neftçilər Günü”nə bundan da yaxşı hədiyyə ola bilməzdi. Bu əlamətdar hadisə həm də AÇG-nin dünya səviyyəli yataq olduğunu bir daha nümayiş etdirir.

20 senytabr təkcə Azərbaycanın neft-qaz sənayesində çalışan insanlar üçün yox, bütün ölkə üçün, həqiqətən də, əlamətdar bir tarixdir. 27 il öncə - 1994-cü il sentyabr ayının 20-də Azərbaycan hökuməti ilə 6 ölkəni təmsil edən bir qrup beynəlxalq neft şirkəti arasında imzalanan və sonradan Ulu Öndər Heydər Əliyev tərəfindən “Əsrin müqaviləsi” adlandırılan saziş, həqiqətən də, möhtəşəm bir tarix yazdı.

 Bu, Azərbaycanın ilk müstəqil enerji müqaviləsi idi və Azərbaycan bu müqavilənin sayəsində yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevriləcəyinə inanaraq onu imzalamışdı. Amma müqavilə gözlənildiyindən də möhtəşəm oldu. O, ölkənin tarixində bir dönüş nöqtəsinə çevrildi.

Azərbaycan xalqı üçün inanılmaz faydalar, böyükhəcmli gəlirlər, on minlərlə iş yeri, dünya səviyyəli infrastruktur və bacarıqlar təmin etməklə yanaşı, müasir texnologiya və sağlamlıq, təhlükəsizlik və ətraf mühit üzrə qabaqcıl sənaye standartlarına əsaslanan bu ilk müqavilə ölkənin misilsiz dirçəlişi və iqtisadi inkişafının təməlini qoydu. O, həmçinin Xəzəri dünyanın ən mühüm enerji istehsalı mərkəzlərindən və texnologiya baxımından ən qabaqcıl regionlarından birinə çevirdi.

Yataqda hasilat 1997-ci il noyabrın 7-də  “Çıraq” platformasından başlayıb. Bu tarixi hadisə noyabrın 12-də “Çıraq” platformasında Ulu Öndər Heydər Əliyev tərəfindən rəsmi surətdə qeyd olunub. Ulu Öndər həmin hadisəni öz uzaqgörən siyasətinə əsaslanan strategiyanı reallığa çevirmiş bir nailiyyət kimi qiymətləndirmişdi.

Həmin vaxtdan bəri “Çıraq” böyük bir tarix yazıb. İndi də - 24 il sonra yüksək texnologiyalı yeddi müasir platforma ilə birlikdə tarixi “Çıraq” platforması AÇG yatağından hasilatın təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirilməsində böyük rol oynamağa davam edir.

AÇG-nin möhtəşəm nailiyyətlərini nümayiş etdirən əsas faktlardan bəzilərini xatırlatmaq istərdim. Belə ki, layihə çərçivəsində 40 milyard ABŞ dolları həcmində kapital investisiya qoyulub, 50 milyard kubmetr səmt qazı Azərbaycana təhvil verilib, 3,7 milyard barel neft Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql edilib, 4850 tankerə yüklənib və dünya bazarlarına göndərilib, ətraf mühitə təsirlərin qiymətləndirilməsi üzrə 140 və ətraf mühiti mühafizə etmək üçün dəniz, quru və sahilyanı ərazilər üzrə 286 monitorinq tədqiqatı aparılıb, 94 milyon ABŞ dolları həcmində vəsait davamlı inkişaf layihələrinə xərclənib.

Çox məmnunuq ki, operator olaraq bp şirkəti növbəti otuz il ərzində də AÇG-nin ölkəyə möhtəşəm töhfələr verməsini təmin etmək üçün hökumət, SOCAR və digər tərəfdaşlarla sıx əməkdaşlığını davam etdirəcək.

Bu əlamətdar gündə bu il 25 ili tamam olan “Şahdəniz”i də qeyd etmək istərdim. Hamımıza məlumdur ki, “Şahdəniz” Azərbaycanın ən böyük qaz yatağıdır. Amma onun dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilən ən böyük və ən mürəkkəb layihələrdən biri olduğunu heç də hamı bilmir. Bu, həqiqətən nəhəng bir yataq və möhtəşəm bir işlənmə layihəsidir.

“Şahdəniz”ə aid hər şey heyrətamizdir. 25 il əvvəl hasilatın pay bölgüsü sazişini imzalayanda təxmin edə bilməzdik ki, cəmi üç il sonra, yəni 1999-cu ildə layihə çərçivəsində dünyanın ən böyük qaz-kondensat yataqlarından biri açılacaq. İlkin hesablamalara görə, 1 trilyon kubmetrdən artıq qaz və 2 milyard barel kondensat ehtiyatı olan bu dünya səviyyəli yataq bp-nin 110 ildən çox davam edən fəaliyyət tarixində açdığı ən böyük qaz yatağıdır.

“Şahdəniz” layihəsinin üstünlükləri bununla bitmir. Bir ölkənin gələcəyini müəyyən edə və bir regionun enerji perspektivlərini dəyişdirə bilən çox az layihə var. “Şahdəniz” də onlardan biridir.

AÇG-dən sonra “Şahdəniz” Azərbaycanda ölkə iqtisadiyyatını daha da gücləndirmiş ikinci ən böyük birbaşa xarici investisiya gətirən layihədir. Demək olar ki, AÇG və “Şahdəniz” Azərbaycanın şanlı enerji liderliyi tarixində eyni dərəcədə rol oynayıb və ötən iyirmi il ərzində ölkənin və bütövlükdə regionun misli görünməmiş dirçəlişi, inkişafı və irəliləyişinə böyük bir təkan verib.

Bu iki layihə birlikdə ölkənin tarixində yeni bir səhifə açaraq Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra yaşadığı iqtisadi intibahın etibarlı təməlini qoyub.

“Şahdəniz”in 25 illiyi Azərbaycanın tarixində ilk dəfə onun enerji resurslarını birbaşa Avropaya çıxarmaqla da əlamətdardır. Azərbaycan dünya neft-qaz sənayesinin yarandığı ölkədir və iki əsrə yaxındır ki, dünyaya enerji ixrac edir, amma ilk dəfədir ki, Avropa bazarları ilə birbaşa bağlantısı var. Bu da “Cənub qaz dəhlizi”nin başlanğıcı olan “Şahdəniz”in sayəsində mümkün olub.

AÇG və “Şahdəniz”in uğuru bu layihələrdə iştirak edən bütün tərəflərin və ən əsası Azərbaycan hökumətinin və şəxsən Prezident İlham Əliyevin nailiyyətidir. Bunlar yalnız kollektiv şəkildə həyata keçirilə bilən dünyasəviyyəli layihələrdir və yalnız Azərbaycan Prezidentinin, Azərbaycan hökumətinin, SOCAR-ın, digər regional və Avropa hökumətlərinin, milli və beynəlxalq təşkilatların, tərəfdaş və podratçı şirkətlərin, icmaların, və xüsusilə bir çox ölkələrdən keçən nəhəng “Cənub qaz dəhlizi” boyu tikinti işlərində iştirak edən on minlərlə insanın böyük səyləri sayəsində reallaşıb.

AÇG və “Şahdəniz” həmçinin bütün maraqlı tərəflərə fayda verən və qarşıdakı uzun illər boyu böyük töhfələr verə biləcək ən uğurlu tərəfdaşlıq nümunələridir.

20 sentyabr Azərbaycan neftçilərinin və bu möhtəşəm layihələrin uğurla gerçəkləşdirilməsinə töhfə vermiş hər kəsin əməyini, böyük səylərini, fədakarlığını və əzmini bir daha minnətdarlıqla qiymətləndirməklə yanaşı, həm də Azərbaycanın uzaqgörən neft siyasətinin və hamıya nümunə ola biləcək beynəlxalq tərəfdaşlığının uğurlarını bayram etmək günüdür.

Bayramımız mübarək!

 

Bəxtiyar ASLANBƏYLİ,

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM