06 Iyul 2021 00:38
1344
Mədəniyyət
A- A+

Abşeronun beş min yaşı olan kəndi

 

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda olan abidələr yüzilliklərdən soraq verir

 

Respublikamızın zəngin tarixi sərvətlərlə dolu olan bölgələrindən biri də paytaxt Bakının yerləşdiyi, Xəzərətrafı Abşeron yarımadasıdır. Burada Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə də yerləşir.

Respublika ərazisinin təqribən 7 faizini əhatə edən, “şoran” və “su” sözlərindən yaranan Abşeron tarixi qədim yaşayış məntəqələri ilə də tanınır. Abşeronun hər bir kəndinin özünəməxsus tarixi keçmişi, təsərrüfat-məişət həyatı, qiymətli memarlıq abidələri olub. Qədim tarixi keçmişi olan belə yaşayış məntəqələrindən biri də Qala kəndidir. Coğrafi mövqeyinə görə, Qala Abşeron yarımadasının şimal-şərqində yerləşir. Kənddə olan memarlıq abidələrinin yaranma tarixi XII-XIII əsrlərə gedib çıxır. Həmin dövrə aid olan Qala divarları bugünədək qalmaqdadır. Belə tikililər göstərir ki, Qala hələ qədim zamanlarda da mədəni-ticarət mərkəzi olub. 1873-cü ildə Qalada 431 həyət, 2331 nəfər əhali yaşayıb. Kənd karvan yolu üzərində yerləşib. Qalalıların əsas məşğuliyyəti əkinçilik və maldarlıq imiş. Yerli əhali Qalanı  vaxtilə “Taxıl kəndi” adlandırıb. Çünki Qalada taxılçılıq daha çox inkişaf edib. Kənddə bağçılığa da xüsusi diqqət yetirilib.

 

Bir kəndin 228 memarlıq və arxeoloji abidəsi var

 

Qalanın tarixi çox acınacaqlı olub. XIX əsrdə bu yerlərdə neft çıxarılmağa başlanıb ki, bu da əkinçilik və maldarlıq yerlərinin azalmasına gətirib çıxarıb. Qalada onlarca misgər, dulusçu, dərzi, dəmirçi emalatxanaları, silahsaz, örkəntoxuyan (kişilər), boyaqçılar, xalçaçılar da var idi.

 Qala kəndi Orta əsrlərdə bir sıra məhəllələri ilə də məşhur imiş. Hər məhəllədə isə ictimai mərkəz kimi, məscidin qarşısında kiçik meydança olub. Qalanın daha bir özünəməxsusluğu burada binaların küləyin istiqaməti nəzərə alınmaqla inşa edilməsidir. Bundan başqa, Qalada xalqımızın tarixini yaşadan etnoqrafiya qoruğunun olması da maraqlı faktlardandır. Burada, sözün həqiqi mənasında tarixi dünənimiz yaşadılır, canlandırılır. Söhbət Nazirlər Kabinetinin 18 aprel 1988-ci il tarixli qərarı ilə fəaliyyət göstərən “Qala” Dövlət Tarix-Enoqrafiya Qoruğundan gedir. Qoruq Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Ərazisi 8,5 hektar olan qoruqda ən qədim abidə e.ə. III minilliyə aid olan yaşayış məskənidir. Kənddəki memarlıq abidələri arasında 5 məscidin, 3 hamamın, yeraltı kəhrizlərin, 4 ovdanın, qəsrin qalıqlarının, məqbərə, sərdabələr və yaşayış evlərinin mövcudluğu göstərir ki, bura, əslində, açıq hava altında tarix-diyarşünaslıq muzeyidir.

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktor müavini, Əməkdar mədəniyyət işçisi Nahidə Bəkirova bildirir ki, xalqımızın milli və mədəni dəyərlərinin mühafizə edilməsi, bərpası, həmçinin onların təbliği sahəsində əhəmiyyəti böyükdür: “...Ona görə də Qala qəsəbəsinin tarixi hissəsində olan elmi, bədii əhəmiyyət daşıyan bütün tarix və mədəniyyət abidələri dövlət tərəfindən qorunur. Əslində, Qala vaxtilə kiçik şəhər olub. Əhalisinin böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olsa da, kəndin daxilində əkin sahələri yox imiş və bağ da salınmayıb. Bütün əkin sahələri kənddən kənarda olub. Ekspozisiyada “sədd daşı” deyilən kiçik bir daş da nümayiş edilir. Qədimdə ayrı-ayrı mülkədarlara və ya dövlətə aid torpaqların sərhədi bu cür daşla işarələnərək ayrılırdı”.

 

Evin və elin “Elçi daşı”

 

Xalqın tarixi köklərini özündə əks etdirən daşlar indi muzeyləşmiş qoruqlarda özünü dünyaya tanıdır və mədəniyyətin təbliğində mühüm rol oynayır: “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda daşla bağlı çox geniş material və məlumatlar var. Burada daşların həyatverici gücü bir daha təsdiqlənir, tarixən insan həyatındakı rolundan danışılır. “Qala” qoruğunun ərazisi beşminillik tarixi olan Qala kəndinin ən qədim hissəsində yerləşir. Son araşdırmalara görə, Qalada e.ə. III minillikdən XX əsrə qədər tarixi əhəmiyyət daşıyan 228 memarlıq və arxeoloji abidə - kurqan, dolmen, sərdabə, əmanət qəbir, türbə, məscid, ovdan, hamam və samanlıqlarla bərabər, yaşayış evləri də mövcuddur. Burada hər daş qədim Abşeron həyatının bir parçasıdır və hər daş öz tarixini danışır”.

Qala abidə kompleksində böyük sal daşlar diqqəti cəlb edir. Vaxtilə bu daşlara neçə-neçə insanlar söykənib, arxalanıb. Yolçular soyuqdan, küləkdən və günəşdən qorunmaq üçün bu daşların kölgəsində oturub dincəliblər.

Muzey kompleksində yerləşən, el arasında “elçi daşı” adlanan bir daş öz funksiyasına görə, turistlərin marağına səbəb olur. Yaxın zamanlara qədər hər bir evin qarşısında oturmaq üçün daş qoyardılar. Kim bu evə gələrdisə, o, daşın üstündə oturub ev sahibinin dəvətini gözləyərdi.

 

Əsrlərdən qalan Qəsr-qala

 

Qalada zaman-zaman bir sıra sənət sahələri inkişaf etdirilib. Qala xalçaçıları, dəmirçiləri, dulusçuları, bənnaları, dülgərləri, silahsazları ilə də məşhur olub.

Qalanın qəbiristanlıq ərazisində, tikinti texnikası Şirvan-Abşeron memarlıq üslubuna xas olan iki türbə, müxtəlif vaxtlarda tikilmiş 5 məscid də  var. Onlardan biri “Cümə məscidi”dir ki, Hacı Ramazan məhəlləsində yerləşir. Balaverdi məscidi Balaverdi məhəlləsinin ictimai-ibadət tikilisidir. İnşa tarixi 1864-cü ilə təsadüf edən məscidin Kərbəlayı Süleyman tərəfindən tikdirildiyini söyləyir.

“Göy günbəzli məscid” - Tərəkəmə məscidi kəndin şimal hissəsində yerləşən eyni adlı məhəllənin yeganə monumental tikilisidir. Məscid 1911-ci ildə Hacı Ağahüseyn və Məşədi Məmmədyarovlar tərəfindən tikdirilib...”

Kənddə “Şor hamamı”, “Qum hamamı”, “Bayraməli hamamı” da məşhur imiş. Onlardan yalnız biri bu günə qədər fəaliyyət göstərir. Həmin hamam çox vaxt “Cümə hamamı”, yaxud “Bayraməli hamamı” adlanırmış. Yaşına görə “Qum hamamı” daha qədimdir. Hamam XII-XIV əsr memarlıq quruluşuna malikdir. Torpağın altında yerləşdiyindən, “Qum hamamı” adlanıb.  Onunla bağlı türk səyyahı Cəlal Əsəd yazırdı: “Hamamlar müsəlmanlar üçün məscidlər kimi lazımdır”.

Həmsöhbətimiz xüsusi olaraq vurğulayır ki, Arxeoloji Etnoqrafik Muzey Kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qala qoruğu ərazisində açıq səma altında yaradılıb: “Bu ərazidə e.ə. III-II minilliklərə aid kurqanlar, arxeoloji abidələr, həmin dövrə aid yaşayış məskənləri, Orta əsrlərdən soraq verən başqa memarlıq  nümunələri ilkin görünüşündə qurulub.

Abidə kəndin ən qədim yaşayış ərazisində tikilib. 2009-cu ildə kəndin ətrafında  başlayan arxeoloji qazıntılar zamanı qalanın X-XII əsrlərə aid olması sübut edilib. Bizim dövrümüzə yalnız qalanın bir hissəsi və divar qalıqları gəlib çatıb. 2011-ci ildə Qəsr-qala Heydər Əliyev Fondu tərəfindən  yenidən bərpa olunub...”

 

Mədəni irsimizin təbliği

 

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2011-ci ildə mühəndis, bərpaçı, xeyriyyəçi, Qarabağ müharibəsi əlili, “Azərbaycan bayrağı” ordenli Şahid Həbibullayevin topladığı şəxsi kolleksiya əsasında yaradılıb. Burada həmin unikal toplunun yalnız 800 eksponatı nümayiş etdirilir.

Ekspozisiya şöbəsinin müdiri Turan Həsənova isə onu əlavə edir ki, 1988-ci ildən kəndin tarixi hissəsi Dövlət Tarix-Etnoqrafiya Qoruğu elan edilib: “...Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə qoruğun ərazisində yaradılan Arxeoloji-Etnoqrafik Muzey-Kompleksi isə mədəni irsimizi geniş təbliğ etməyə, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir. Görülmüş işlər nəticəsində muzey-kompleksində Azərbaycan xalqının mədəniyyətinin və məişətinin əsrlər-boyu necə inkişaf etdiyini bir məkanda canlı izləmək imkanı yaradılıb.

Dövlət başçısının 22 dekabr 2011-ci il tarixli sərəncamı ilə  yaradılan “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu 2012-ci il yanvarın 1-dən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən çıxarılaraq, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyinə verilib.

Qısası, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ölkəmizin çox əhəmiyyətli tarixi abidələrindən biridir. On-on dördüncü yüzilliyə aid qala qəsrini, qədim evləri, türbə və məscidləri, müxtəlif sənət nümunələrinin cəmləşdiyi Əntiq Əşyalar Muzeyini, qayaüstü təsvirləri və Arxeoloji-Etnoqrafik Muzeyi özündə birləşdirir”.

 

Məhəmməd NƏRİMANOĞLU,

İlham BABAYEV (foto),

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video