28 Noyabr 2021 00:30
447
İQTİSADİYYAT
A- A+

Abşeron yarımadasının dayazsulu hissəsində ilk kəşfiyyat quyusu qazılır


Bu sahə Xəzərin Azərbaycan sektorunda potensial perspektiv strukturlardan biridir

 

Abşeron yarımadasının dayazsulu hissəsinin Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazma işləri təxminən 2300 metr dərinliyə çatıb. Quyunun qazılmasına bu il avqust ayının 16-da başlanıb. Hazırda qazma əməliyyatları davam edir.

Azərbaycanda ən iri neft-qaz və ixrac layihələrinin operatoru olan bp cari ilin ötən üç rübünün yekunlarına aid hesabatında şirkətin Xəzərdə apardığı geoloji kəşfiyyat işləri barədə də ətraflı məlumat verib. Məlumatda o cümlədən Abşeron yarımadasının dayazsulu hissəsində həyata keçirilən tədbirlərdən bəhs olunur. Bildirilir ki, birinci kəşfiyyat quyusu layihə dərinliyinə çatdıqdan sonra əldə olunmuş məlumatlar təhlil ediləcək. Göstəricilər uğurlu olarsa, nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər.

Quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi hələ 2020-ci ilin avqust ayında ictimaiyyətə açıqlanıb. ƏMSSTQ-nin müzakirəsindən sonra sənəd hökumət tərəfindən təsdiqlənib və bununla da quyunun 2021-ci ildə qazılması üçün müvafiq icazələr alınıb.

Qeyd edək ki, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahə Xəzərin ölkəmizə məxsus sektorunda potensial perspektiv strukturlardan biridir. Müqavilə sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layın (kollektorun) dərinliyi 3000-5000 metr təşkil edir.

2014-cü il dekabrın 22-də SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və bp arasında bu strukturda birgə geoloji kəşfiyyat işlərinin aparılması və hasilatın pay bölgüsü haqqında saziş (HPBS) imzalanmışdır. Bundan bir neçə ay sonra saziş Milli Məclis tərəfindən ratifikasiya edilmişdir. Sənədə əsasən, müqavilədə bp-nin və SOCAR-ın hərəsinin 50 faizlik iştirak payı var. Bu sənəd 30 illik müddəti əhatə edir. Müqavilə ərazisində kəşfiyyat qazma işləri üçün üç perspektiv sahənin hərəsində bir quyunun qazılması planlaşdırılıb. Birinci quyu qurudan təxminən 15 kilometr məsafədə, suyun təxminən 22 metr dərinliyində qazılır. Onun potensial karbohidrogen ehtiyatı isə dəniz dibindən təqribən 2500 metr aşağıda yerləşir.

Xatırladaq ki, HPBS Milli Məclis tərəfindən ratifikasiya olunduqdan dərhal sonra müqavilə sahəsində üçölçülü seysmik tədqiqat proqramının həyata keçirilməsi üçün hazırlıq işlərinə başlanmışdır. 2015-ci ilin dekabr ayında ikiölçülü seysmik tədqiqat proqramı təhlükəsiz şəkildə sona çatdırılmışdır.

Üçölçülü seysmik tədqiqat proqramı üzrə ƏMSSTQ sənədinin ictimai müzakirələri aparılmışdır. Üçölçülü seysmik tədqiqat proqramı 2016-cı il mayın 31-də başlanmış və dekabrın 27-də müvəffəqiyyətlə yekunlaşmışdır. Bu tədqiqat 1300 kvadratkilometr ərazidən üçölçülü məlumatın əldə olunmasını əhatə etmişdir. Tədqiqat proqramı bp-nin qabaqcıl, patentləşdirilmiş Müstəqil Sinxron Mənbələr (Independent Simultaneous Source with Nodes-ISSNtm) texnologiyası vasitəsilə həyata keçirilmişdir.

2016-cı ildə ərazidən əldə edilmiş üçölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin dördüncü rübündə sona çatmışdır. SOCAR-la perspektivlik haqqında bildiriş imzalanmaqla bp-nin Abşeron yarımadasının dayazsulu hissəsində üç perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edilmişdir. Eləcə də quyuların qazılacağı yerlər müəyyənləşdirilmişdir.

bp şirkəti bu ərazidə dünyanın digər yerlərində dayazsulu hissələrdə geoloji kəşfiyyat işlərinin aparılması və onların işlənməsi zamanı qazandığı geniş təcrübə və səriştədən, eləcə də sənayedə mövcud olan ən qabaqcıl texnologiyalardan istifadə etmək imkanına malikdir. Mütəxəssislər hesab edirlər ki, sözügedən sahənin işlənməsi ilə SOCAR və bp arasında əməkdaşlığın yeni mərhələsi başlanmışdır. Bu mərhələ yeni ehtiyat mənbələri aramaqla Azərbaycanda neft və qaz hasilatının uzunmüddətli gələcəyini təmin etmək üçün birgə işləməyə imkan yaradacaq. Bu da ölkəmizdə karbohidrogenlərin hasilatının daha onilliklər boyu davam etməsinə töhfə verəcək.

bp-nin bu ilin üç rübünün yekunlarına aid məlumatında bildırilir ki, layihə çərçivəsində ikinci kəşfiyyat quyusu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi iyulun 1-də ictimaiyyətə açıqlanıb və hökumətə təqdim edilib. Sənəddə kəşfiyyat qazma fəaliyyətlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə olunan təsirazaltma tədbirləri təsvir edilir. Qeyd edək ki, ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərinin müəyyənləşdirilməsinin və minimuma endirilməsinin, mümkün halda isə aradan qaldırılmasının təmin olunmasıdır.

İkinci quyunun cari ilin dördüncü rübündə qazılmasına müvafiq icazələrin alınması üçün sənədin hökumətlə müzakirəsi davam edir.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video