20 Aprel 2021 00:26
1076
DÜNYA
A- A+

ABŞ və Çin iqlim dəyişikliyi ilə mübarizədə birləşirlər

 

İki ölkə atmosferə tullantıları sıfırlamağı planlaşdırır

 

Dünyanın iki ən böyük iqtisadi gücü - ABŞ və Çin arasında davam edən ticarət müharibəsi indi əməkdaşlıqla müşayiət olunur. Ağ Ev administrasiyası dəyişdikdən sonra Vaşinqtonla Pekin, nəhayət, hələlik bir sahədə - iqlim dəyişikliyi ilə mübarizə istiqamətində səylərini birləşdirmək qərarına gəlmişdir. Ötən şənbə günü müvafiq qərar Çinin Şanxay şəhərində qəbul olunmuşdur.

İki dövlət birgə bəyanatla çıxış edərək beynəlxalq müqavilələr, o cümlədən 2016-cı ilin noyabrında qüvvəyə minmiş Paris iqlim sazişi çərçivəsində birgə işləməyə hazır olduğunu ifadə etmişdir. Sənədi ABŞ Prezidentinin xüsusi elçisi Con Kerri çinli həmkarı Se Çjenhua ilə razılaşdırmışdır.

Birgə bəyanatda deyilir ki, ABŞ və Çin bütün ciddiliyi ilə və təcili olaraq həll edilməli olan iqlim böhranını aradan qaldırmaq üçün bir-biri ilə və dünyanın qalan ölkələri ilə əməkdaşlıq etməyə sadiqdirlər. ABŞ və Çin Paris sazişinin həyata keçirilməsi istiqamətində birlikdə çalışmaq və başqaları ilə əməkdaşlıq etmək əzmindədir.

Tərəflər ətraf mühitə tullantıların sıfirlanmasına nail olmaq üçün öz uzunmüddətli strategiyalarını tərtib edəcəklər. Strategiyalar cari ilin noyabr ayında Qlazqoda (Böyük Britaniya) keçirilməsi nəzərdə tutulan BMT-nin iqlim dəyişikliyi haqqında çərçivə konvensiyasının iştirakçıları konfransının 26-cı sessiyasınadək hazır olacaq.

İki böyük dövlət arasında iqlimin müdafiəsi naminə əməkdaşlığın hansı nəticələrə gətirib çıxaracağını indidən söyləmək mümkün deyil. Tərəflər hələlik niyyətlərini açıqlamışlar. Vaşinqton və Pekin Yer atmosferinə tullantıları sıfırlamaqla yanaşı, planetdə temperaturun artım səviyyəsini 2 dərəcədən aşağıda saxlamaq və bu göstəricini 1,5 dərəcə ilə məhdudlaşdırmaq niyyətindədir.

ABŞ və Çin iqlim böhranını gələcəkdə tənzimləmək üçün yaxın perspektivdə tədbirlər görəcəklər. Tərəflər inkişaf etməkdə olan ölkələrdə karbontutumlu enerjidən “yaşıl”, azkarbonlu və bərpa olunan enerjiyə keçidə beynəlxalq investisiyaları və maliyyə dəstəyini maksimum dərəcədə artırmaq üçün lazımi addımları atacaqlar. Vaşinqton və Pekin Paris sazişinə uyğun olaraq, qlobal temperaturu qoruyub saxlamaq üçün 2020-ci illərdə tullantıların azaldılmasının konkret yollarının müzakirəsini davam etdirəcək. Tərəflər həmçinin aprelin 22-23-də ABŞ-ın təşkilatçılığı ilə virtual formatda iqlim sammitinin keçirilməsini alqışlamışlar.

İqlim dəyişikliyi problemini həll etmək və qlobal temperaturu qoruyub saxlamaq üçün hələ çox vaxt lazım gələcək, təxirə salınmadan ardıcıl və birgə səylər göstərmək tələb olunacaq. Çünki məsələ kifayət qədər ciddidir. İqlim dəyişikliyi və qlobal istiləşmə bəşər sivilizasiyasını birbaşa təhdid edir. Böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, hansısa ölkənin bu problemi təkbaşına həll etməsi mümkün deyil.

Təəssüf ki, iqlim böhranı özünü ciddi şəkildə göstərməyə başlayanda bir sıra dövlətlər yaxınlaşan fəlakəti ciddi qəbul etmirdi. Belə dövlətlərdən biri də ABŞ idi. Vaşinqton daha çox təkbaşına hərəkət edirdi. Xüsusilə Birləşmiş Ştatların 45-ci Prezidenti Donald Tramp 2017-ci ildə hakimiyyətə gələn kimi iqlim dəyişikliyi ilə beynəlxalq birliklə bərabər mübarizə aparmaq əvəzinə, iqlim böhranı ilə “dava”ya çıxmışdı, daha doğrusu, iqlim dəyişikliyini, qlobal istiləşməni inkar edirdi. Tramp hələ seçkiqabağı təşviqat kampaniyasının gedişində Paris iqlim sazişini sərt tənqid etmiş və söz vermişdi ki, dövlət başçısı seçilsə, ABŞ sazişdən çıxacaq. O, oval kabinetin sahibi olandan sonra vədini yerinə yetirdi. Prezident 2019-cu ilin noyabrında Paris sazişindən çıxdığını elan etdi. Tramp hesab edirdi ki, sənəd hazırkı redaksiyasında ABŞ sənayesini olduqca məhdudlaşdırır. Ağ Evin başçısı qərarını onunla əsaslandırırdı ki, saziş iqlim dəyişikliyi ilə mübarizəyə yox, başqa ölkələrin ABŞ üzərində iqtisadi üstünlük əldə etməsinə yönəlmişdir. Tramp bəyan edirdi ki, saziş ABŞ-da biznesin və vergiödəyicilərinin üzərinə qeyri-şəffaf iqtisadi öhdəliklər qoyur, milli sənayeni sarsıdır. Onun hesablamalarına görə, ABŞ Paris sazişində qalmaqla 3 trilyon dollar və 6,5 milyon iş yeri itirəcək. ABŞ lideri əlavə etmişdi ki, Vaşinqton gələcəkdə yenidən müqaviləyə qoşula bilər, amma daha sərfəli şərtlərlə.

O vaxt ABŞ Paris sazişindən çıxmaqla yanaşı, Yaşıl İqlim Fondunu maliyyələşdirməyi də dayandırmışdır. Bununla, fondun büdcəsi təxminən üçdəbir qədər azalmışdır.

Bu ilin yanvarında Co Bayden ABŞ Prezidenti kimi səlahiyyətlərini icra etməyə başlayandan sonra sələfinin bir sıra fərmanlarını, o cümlədən ölkənin Paris sazişindən çıxması haqqında qərarı ləğv etmişdir. Fevral ayında ABŞ-ın dövlət katibi Entoni Blinken Birləşmiş Ştatların yenidən sazişə qoşulduğunu bəyan etmişdir.

ABŞ kimi superdövlətin Paris iqlim sazişində iştirakı son dərəcə əhəmiyyətlidir. Söhbət təkcə bu ölkənin imkanlı olmasından getmir. ABŞ ətraf mühiti ən çox çirkləndirən ölkələrdəndir. Atmosferə tullantıların, xüsusilə istixana qazı tullantılarının təxminən yarısı Birləşmiş Ştatlarla Çinin payına düşür. Odur ki, Vaşinqtonun üzərinə düşən məsuliyyəti dərk edib hərəkətə keçməsi təqdirəlayiqdir.

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video