04 May 2021 00:44
990
DÜNYA
A- A+

ABŞ qoşunları Əfqanıstandan çıxır

 

Ölkənin gələcəyi böyük sual altındadır

 

Gözlənildiyi kimi, ABŞ-ın Əfqanıstandakı hərbi kontingenti bu ölkədən çıxmağa başlamışdır. Ötən ayın ortalarında ABŞ Prezidenti Co Bayden bəyan etmişdi ki, Amerika qoşunları payızda Əfqanıstanı tərk edəcək. Hərbi kontingentin çıxarılması sentyabrın 11-dək -  2001-ci ilin sentyabrında Nyu York və Vaşinqtonda törədilmiş terror aktlarının 20-ci ildönümünədək başa çatacaq.

Bayden izah etmişdi ki, ABŞ qoşunları Əfqanıstanda bu ölkəni birləşdirmək üçün yox, terrorçularla mübarizə aparmaq üçün yerləşdirilmişdi və amerikalı hərbçilər bu vəzifəni yerinə yetirmişlər.

Beləliklə, ABŞ-ın Əfqanıstanda 20 il davam etmiş hərbi mövcudluğu sona çatır. Ötən müddət ərzində bu ölkədə 2,4 mindən çox amerikalı hərbçi həlak olmuş, döyüş əməliyyatlarına trilyonlarla dollar pul xərclənmişdir. Hərbi kampaniya Əfqanıstan xalqına ucuz başa gəlməmişdir: əldə olan məlumata görə, ölkənin 100 mindən çox sakini öldürülmüşdür.

ABŞ rəhbərliyi ən uzunmüddətli hərbi missiyanı mümkün qədər tez başa çatdırmağı zaman-zaman düşünürdü. Nəhayət, Ağ Ev administrasiyası 2011-ci ildən bəri hərbi kontingentini tədricən azaltmağa başlamış, 2014-cü ildə əsas döyüş qüvvəsini çıxarmışdır. İndi qalan hərbi kontingent vətənə qaytarılacaq. Hərbçilərlə yanaşı, ABŞ-ın Kabildəki səfirliyinin əməkdaşlarının bir hissəsi də vətənə qayıdacaq. Dövlət Departamenti bildirmişdir ki, sözügedən dövlət qulluqçuları işlərini başqa yerlərdə görəcəklər. Əfqanıstanı amerikalı podratçılar da tərk edəcəklər.

Eyni zamanda ABŞ xarici siyasət idarəsi Amerika vətəndaşlarına Əfqanıstana səyahət etməkdən çəkinməyi tövsiyə etmişdir: “COVID-19, cinayətkarlıq, terrorizm, iğtişaşlar, adam oğurluğu və silahlı münaqişələr üzündən Əfqanıstana səyahət etməkdən çəkinin”. Hazırda Əfqanıstanda olan amerikalılara ölkədən kommersiya reysləri ilə mümkün qədər tez çıxmaq məsləhət görülmüşdür.

ABŞ-ın ardınca NATO-nun üzvü olan digər dövlətlər də qoşunlarını Əfqanıstandan çıxarmaq qərarına gəlmişdir. NATO üzrə müttəfiqlər hərbçilərini ABŞ-la əməkdaşlıq və əlaqələdirmə şəraitində geri çəkirlər.

Əfqanıstandan çıxan qoşunların təhlükəsizliyinin təmin olunması indi mühüm məsələdir. Güman olunur ki, ölkədəki radikal qruplaşmalar, xüsusilə “Taliban” hərəkatı ölkəni tərk edən xarici qoşunlara hücum edə bilər. Lakin ABŞ və NATO xəbərdarlıq etmişdir ki, ekstremist qrupların hər hansı hücumuna sərt reaksiya verəcək. Bununla belə, qoşunların çıxarılması prosesinin rəvan gedəcəyini gözləmək çətindir. Belə ki, radikallar heç də mütəşəkkil deyillər, ayrı-ayrı qruplaşmalar bir mərkəzdən idarə olunmur. Üstəlik, yerli hökumət xarici qoşunların təhlükəyə məruz qalmadan ölkədən çıxmasına zəmanət vermək iqtidarında deyil.

Bütün bunlara baxmayaraq, xarici qoşunların Əfqanıstandan çıxıb getməsi artıq vaxt məsələsidir. ABŞ və NATO-nun ölkədə hərbi kampaniyası başa çatmaq üzrədir. Bir neçə aydan sonra ölkədə heç bir əcnəbi hərbçi qalmayacaq. Amma xarici hərbi mövcudluğun olmaması heç də ölkənin qarşılaşdığı çoxsaylı problemlərin həll olunacağı mənasına gələ bilməz. Söhbət, ilk növbədə, daxili sabitliyin qorunub saxlanmasından gedir. Əfqanıstanda əcnəbi hərbçilərlə əməkdaşlıq etmiş yerli sakinlər ABŞ və NATO qoşunları ölkədən çıxandan sonra ekstremist qruplaşmaların onlardan intiqam alacağından qorxurlar. Radikallar bu adamları xain hesab edirlər.

Belə bir məqam da diqqətdən yayınmamalıdır ki, Əfqanıstanda əsas söz sahibi hökumət yox, “Taliban” hərəkatıdır: taliblər ölkə ərazisinin əksəriyyətinə nəzarət edirlər. Bu hərəkat daxili münaqişənin dinc yolla həllinə elə də maraq göstərmir. Belə bir şəraitdə Əfqanıstanda sabitliyi qoruyub saxlamaq asan görünmür. Həm də “Taliban” ölkənin gələcəyi üçün yeganə təhlükə deyil. Əfqanıstanda münaqişə başlayandan bəri İŞİD kimi başqa ekstremist qruplaşmalar da möhkəmlənmişdir. Yerli müşahidəçilər hesab edirlər ki, “Taliban” bu gün əvvəllər olmadığından daha güclüdür. İŞİD və digər terrorçu qruplar da nüfuzunu artırır. Ona görə də xarici qoşunların çıxarılmasının fəsadları təkcə Əfqanıstan üçün deyil, həm də region və bütün dünya üçün təhlükəli ola bilər.

Siyasi təhlilçilərin fikrincə, xarici qoşunların çıxarılması Əfqanıstan hökumətini ekstremist silahlı qruplaşmalarla üz-üzə qoya bilər. ABŞ Milli Kəşfiyyatının bu yaxınlarda açıqlanmış hesabatında deyilir ki, Əfqanıstan hökuməti nüfuzunu qoruyub saxlamaq üçün “Taliban”la mübarizə aparacaq, öz növbəsində “Taliban” da hərbi qələbə qazana biləcəyinə inanır. Hesabatda qeyd olunur ki, “Əfqanıstan Silahlı Qüvvələri iri şəhərlərin və hökumətin digər dayaq məntəqələrinin təhlükəsizliyini təmin edir, lakin ordunun fəaliyyəti yenə də müdafiə vəzifəsini həyata keçirməklə və ya 2020-ci ildə itirilmiş ərazilər üzərində nəzarəti bərpa etmək cəhdləri ilə məhdudlaşır”. O da məlumdur ki, Əfqanıstan təhlükəsizlik qüvvələri maliyyə-hərbi baxımdan ABŞ-dan asılıdır və Amerikanın dəstəyi olmadan bu qüvvələrin vəziyyəti çətin olacaq.

Bütün bunlardan görünür ki, Əfqanıstanın gələcəyi böyük sual altındadır. Xarici qoşunlar çıxandan sonra ölkə yenidən silahlı qarşıdurma meydanına çevrilə bilər.

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video