11 Dekabr 2012 12:12
375
SİYASƏT
A- A+

ABŞ Nümayəndələr Palatası Komitəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilmişdir

 

Dekabrın 5-də ABŞ Nümayəndələr Palatasının Beynəlxalq Məsələlər Komitəsinin Avropa və Avrasiya altkomitəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilmişdir.

Dinləmələrdə altkomitəni onun sədri Den Berton (İndiana ştatı), konqresmenlər Qreqori Miks (Nyu-York ştatı), Cin Şmidt (Ohayo ştatı), Eliot Engel (Nyu-York ştatı), Deyn Roxrabaxer (Kaliforniya ştatı) təmsil etmişlər. Dinləmələrdə Heritage Foundation Tədqiqat Mərkəzi yanında Ketrin və Şelbi Kallom Devislər adına Beynəlxalq Araşdırmalar İnstitutunun böyük elmi işçisi Ariel Koen, American Enterprise Institutunun təmsilçisi, elmlər doktoru Maykl Rubin, Middle East Institutunun nümayəndəsi, professor Aleks Vatanka, Hayfa Universitetinin professoru, Cənubi Qafqaz və Xəzər regionu üzrə ekspert Brenda Şeffer çıxış etmişlər. 

Altkomitənin sədri Den Berton dinləmələri açaraq bu regionun Cənubi Qafqazda və bütövlükdə regionda təhlükəsizlik məsələləri üzrə altkomitənin maraqlarına uyğun və Birləşmiş Ştatlar üçün mühüm olduğunu xatırlatmışdır. Cənab Berton bildirmişdir ki, ABŞ qətiyyətli olmalı və regionda öz müttəfiqlərinə kömək etməlidir. Altkomitənin üzvləri Qreqori Miks (Nyu-York ştatı) və Cin Şmidt (Ohayo ştatı) təsdiqləmişlər ki, bu regionda təhlükəsizlik  milli təhlükəsizlik məsələsidir.

Panel müzakirələrinin iştirakçıları ABŞ Nümayəndələr Palatasının Beynəlxalq Məsələlər Komitəsinin Avropa və Avrasiya altkomitəsi tərəfindən qaldırılmış məsələ ilə bağlı sualları cavablandıraraq regionda siyasi şərait, təhlükəsizlik və iqtisadi əməkdaşlıq problemləri barədə söhbət açmış, öz tövsiyələrini bildirmişlər.

Professor Brenda Şeffer xatırlatmışdır ki, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal edilməsi bu regionun əsas problemlərindən biridir. Xanım Şeffer qeyd etmişdir ki, Şimali Osetiya və Abxaziya kimi Dağlıq Qarabağ da qeyri-legitim rejim tərəfindən idarə edildiyi üçün o, ABŞ-ın radarından kənardadır, bu isə həmin ərazilərdə qeyri-leqal fəaliyyətə şərait yaradır. Doktor Şeffer demişdir: "Dağlıq Qarabağdakı rejimə maliyyə yardımı ayrılması qanunların açıq-aşkar pozulması deməkdir".

Ariel Koen öz nitqində ABŞ hökumətinə təhlükəsizlik məsələlərinə dair tövsiyələr vermiş, həmçinin transanadolu qaz kəməri layihəsinin reallaşdırılması üçün Azərbaycana və Türkiyəyə kömək tədbirlərini gücləndirməyi məsləhət görmüşdür.

Maykl Rubin qeyd etmişdir ki, ABŞ-ın milli maraqları baxımından Ermənistan zəif bənd kimi çıxış edir. Erməni nüvə alimlərinin İranın nüvə proqramında potensial iştirakı, habelə 2003-cü ildə Ermənistanın silah alaraq onu məxfi şəkildə İrana satması bu fikri təsdiqləyən nümunələrdir.

Panel müzakirələrinin iştirakçıları diskussiyanın sonrakı hissəsində altkomitə üzvlərinin bir sıra suallarını cavablandırmışlar. Konqresmen Eliot Engel (Nyu-York ştatı) Amerika mətbuatında Azərbaycanın guya onun ərazisindəki hərbi bazalardan İsrailin İrana qarşı istifadə etməsinə icazə verməsi barədə məlumatlarla əlaqədar sual vermişdir. Doktor Şeffer bu sualın cavabında bildirmişdir ki, belə əsassız bəyanatlar naməlum mənbələrə istinad edir və dezinformasiyadan başqa bir şey deyildir. Konqresmen Miks Türkiyə-Ermənistan protokolunun perspektivləri ilə maraqlanmışdır. Aleks Vatanka və doktor Şeffer bu məsələni şərh edərək bildirmişlər ki, Dağlıq Qarabağ münaqişəsi tənzimlənmədən və Azərbaycan ərazisinin işğalına son qoyulmadan bu cür sazişlər həddən artıq radikal təsir bağışlayar və onlar Bakının mənafelərinə uyğun deyildir.

Sonda Cin Şmidt (Ohayo ştatı) qeyd etmişdir ki, ABŞ Azərbaycanı hərtərəfli dəstəkləməlidir, çünki Azərbaycan təkcə neft sənayesini inkişaf etdirməklə kifayətlənməyib, həm də beynəlxalq təhlükəsizliyin dəstəklənməsinə kömək edən Qərbi Avropa kimi regionlara enerji resurslarının şaxələndirilməsini nəzərdə tutur.

Dinləmələrdə ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədov, Milli Məclisin deputatı Asim Mollazadə, ARDNŞ-in ABŞ-dakı nümayəndəsi Rauf Məmmədov, ABŞ Azərbaycanlılar Şəbəkəsinin həmtəsisçisi Yusif Babanlı, "The Turquoise Council of American and Eurasians" təşkilatının direktoru Kamal Öksüz, Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin nümayəndələri iştirak etmişlər. Zalda Amerika Erməni Milli Komitəsinin üzvləri də vardı. Onlar Ermənistanın regionda qeyri-konstruktiv siyasəti barədə bütün neqativ bəyanatları eşitmişlər.

 

Yusif BABANLI,

AzərTAc

 

Vaşinqton

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video