25 Avqust 2021 00:18
858
DÜNYA
A- A+

ABŞ-ın Əfqanıstanda sərf etdiyi külli miqdarda vəsait niyə nəticəsiz qaldı

 

ABŞ-ın Əfqanıstana sərf etdiyi trilyon dollar hara xərclənib? İndi bu suala xarici KİV və ekspertlər cavab axtarırlar. “Pulun çox hissəsi birbaşa müharibəyə, nisbətən az hissəsi isə ölkənin bərpasına sərf olunub”. Bunu İsveçrənin “Neue Zürcher Zeitung” nəşri yazır.

Əfqanıstanın bərpası üzrə xüsusi baş inspektorun (SİGAR) məlumatına görə, bu müharibə amerikalılara təxminən 1 trilyon dollara başa gəlib. Vəsaitin böyük hissəsi (837 milyardı) müharibəyə xərclənib, 133 milyard isə bərpa xərclərinə sərf edilib.

Amma hətta bərpa xərclərinin də əksər hissəsi ölkənin təhlükəsizliyinin təmin edilməsinə gedib. Əfqan əsgərlərinin təliminə, narkoticarətə qarşı mübarizəyə və sülhün qorunmasına təxminən 89 milyard dollar xərclənib. 36,3 milyarda yaxın (ümumi xərclərin 3,7 faizi) vəsait ölkənin inkişafına, o cümlədən infrastruktur layihələrinə, sosial proqramlara, habelə səhiyyə sisteminə yönəldilib. Eyni zamanda pulun bir hissəsi narkotik maddələr alverinə qarşı mübarizəyə sərf olunub. ABŞ hökumətinin humanitar yardım layihələrinə xərcləri isə 4,2 milyard dollar təşkil edib.

“ProPublica” istintaq platforması vergi ödəyicilərinin pullarının israfçılıq, fırıldaqçılıq və ya qeyri-məqsədli şəkildə istifadəsini araşdıran nəzarət idarəsinin hesabatlarını toplayıb. SİGAR-ın 2015-ci il üzrə hesabatında qeyd olunur ki, ABŞ-ın Əfqanıstanda narkotik maddələr ticarətinə qarşı mübarizəyə 8,2 milyard dollar sərf etməsinə baxmayaraq, bu ölkə hələ də dünyanın ən böyük tiryək istehsalçısı olaraq qalır. Hətta əlavə 700 milyon dollar vəsaitin ayrılmasından sonra da vəziyyət dəyişməyib.

Ekspertlərin fikrincə, hələ hakimiyyətə gəlməzdən əvvəl “Taliban”ın gəlirlərinin 60 faizdən çoxu tiryək xaşxaşının yetişdirilməsindən əldə olunurdu. İndi isə onlar BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsinin məlumatına görə, dünyada tiryək istehsalının 85 faizinə malik olan ölkəyə nəzarət edirlər.

“ProPublica”nın araşdırmasına görə, Amerikanın digər bahalı layihələri də iflasa uğrayıb: 2 milyard dollar vəsait əfqanların müstəqil şəkildə xidmət edə bilmədikləri yolların tikintisinə yatırılıb. 660 milyon dollar isə zirehli texnikaya xərclənib. Amma əfqanlar bu texnikanın təmiri və xidməti üçün kifayət qədər hazırlanmayıb.

Bununla belə, amerikalıların Əfqanıstanda səyləri o qədər də hədər getməmişdir. Belə ki, onlar əfqan uşaqlarının, xüsusilə qızların təhsil alması üçün böyük səylər göstəriblər. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) təhsil layihələrinə, o cümlədən dərsliklərin hazırlanmasına, təqaüdlərin verilməsinə və universitetlərə hazırlıq kurslarının və ya təhsil sisteminin ümumi təkmilləşdirilməsinə təxminən 1,3 milyard dollar sərmayə qoyub. Bildirilir ki, amerikalıların ölkəyə gəlişindən sonra məktəblərdə davamiyyət əhəmiyyətli dərəcədə artıb.

Bundan əlavə, uşaq ölümü və orta ömür müddəti kimi digər göstəricilər də Amerikanın ölkədə mövcudluğu dövründə yaxşılaşıb, baxmayaraq ki, ABŞ-ın gəlişinə qədər də bu sahədə müsbət tendensiyalar müşahidə olunurdu.

“Taliblərin hakimiyyəti ələ keçirməsi göstərdi ki, Əfqanıstan Silahlı Qüvvələri baha başa gələn təlim keçmələrinə baxmayaraq, rekord qısa müddətdə məğlubiyyəti etiraf etmək məcburiyyətində qaldılar. Korrupsiya, pis idarəetmə və döyüş ruhunun olmaması - sərmayə qoyulan pulların gözlənilən uğuru gətirməməsi səbəblərindən yalnız bir neçəsidir. Üstəlik, Əfqanıstanın bərpası ilə bağlı bir çox layihələr də özünü doğrultmamışdır”. Bu isə “Neue Zürcher Zeitung” qəzetinin yazdığıdır.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video