26 Fevral 2020 12:54
2309
Qəbullar
A- A+

ABŞ hökuməti bizim istər neft və qaz kəmərləri, istərsə də enerji potensialımızın inkişafı ilə bağlı layihələrimizi hər zaman dəstəkləyib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

–Xoş gəlmisiniz. Sizi görməyə çox şadam.

Kurt Donnelli: Biz də Sizi görməyə şadıq.

Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında iştirakınıza görə sizə təşəkkür edirəm. Bu, həqiqətən də yaxşı ənənəyə çevrilib. Biz hər il nəticələri nəzərdən keçirir və gələcək işləri planlaşdırırıq. Biz artıq yekun mərhələyə yaxınlaşan Cənub Qaz Dəhlizi layihəsinin ildən-ilə çox mühüm icrasını müşahidə edirik. Ümidvaram ki, bu ilin sonunadək bütün işlər tam yekunlaşacaq. Bildiyiniz kimi, biz layihənin açılışını mərhələli şəkildə etmişik. 2018-ci ildə Bakıda təntənəli mərasim təşkil etdik və Cənub Qaz Dəhlizinin istismara verildiyini rəsmi olaraq elan etdik. Sonra əlbəttə ki, TANAP-la bağlı çox mühüm tədbir oldu. Ötən ilin noyabrında TANAP artıq Avropa sərhədinə çatdı. Bu, bizə "Şahdəniz” və digər qaz yataqlarından daha çox təbii qaz ixrac etməyə imkan verəcək. Çünki bizim planımız fəaliyyətimizi genişləndirmək və hələ ki, kəşfiyyat mərhələsində və ya yekun hazırlıq mərhələsində olan digər yataqlardan hasilat səviyyəsini artırmaqdır.

Beləliklə, bütün işlər qrafikə uyğun gedir. Mən bu mühüm layihənin icrasında göstərdiyi davamlı dəstəyə görə ABŞ hökumətinə minnətdarlığımı bildirmək istərdim. Bilirəm ki, Prezident Tramp şəxsən prosesdə iştirak edir. Onun fəal təmasları və iştirakı bizim əvvəllər üzləşdiyimiz müəyyən çətinliklərin öhdəsindən gəlməkdə çox yardımçı oldu. Hazırda biz heç bir başqa maneə görmürük. Qarşıdakı yol çox aydındır. Əminəm ki, səmərəli əməkdaşlığımız gələcəkdə davam edəcək, çünki ABŞ hökuməti bizim istər neft və qaz kəmərləri, istərsə də enerji potensialımızın inkişafı ilə bağlı layihələrimizi hər zaman çox dəstəkləyib. Bir daha xoş gəlmisiniz.

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnelli ilk dəfə Bakıya 2004-cü ildə gəldiyini, ötən dövr ərzində paytaxtımızda həyata keçirilən böyük inkişaf proseslərinin şahidi olduğunu vurğuladı. Cənub Qaz Dəhlizinin əhəmiyyətinə toxunan Kurt Donnelli bu layihənin tamamlanma mərhələsinə daxil olması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Kurt Donnelli Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Bakıda keçiriləcək nazirlərin altıncı toplantısının əhəmiyyətinə toxundu və bu formatda aparılan müzakirələrin önəmini qeyd etdi.

Görüşdə son dövrlərdə Azərbaycanda alternativ enerji mənbələrinin inkişafına dair fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video