26 May 2021 02:23
10637
SİYASƏT
A- A+

ABŞ Azərbaycanın təşəbbüslərini qətiyyətlə dəstəkləyir

 

C.Bayden İlham Əliyevə minnətdarlığını bildirdi

 

Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən qüdrətli ölkələrindən biri olan ABŞ-la münasibətlərin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir. Rəsmi Bakı ABŞ-la əməkdaşlığın inkişafına hər zaman xüsusi yer verir. Ölkələrimiz arasında enerji, nəqliyyat, infrastruktur, kommunikasiya və digər sahələrdə güclü təmaslar mövcuddur. Azərbaycanın Amerika ilə münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib.

 

Azərbaycanla münasibətə yüksək ehtiram

 

Münasibətlərin yüksələn xətt üzrə inkişafı bu baxımdan diqqəti daha çox cəlb edir.  Bu münasibətlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif sferalarını əhatə etməklə, hər iki dövlətin milli maraqlarına cavab verməkdədir. Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin 29 ili tamam olan əlaqələr davamlı şəkildə inkişaf edir.

Son 17 ildə demokratları və ya respublikaçıları təmsil etməsindən asılı olmayaraq dünyanın fövqəldövlətinə rəhbərlik etmiş prezidentlər və onların administrasiyaları Azərbaycanla münasibətlərə yüksək ehtiramla yanaşıb.

Bu günlərdə ABŞ Prezidenti Cozef R. Baydenin 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktub da iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi hesab olunur. Rəsmi Vaşinqton Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edərək həm regional, həm də qlobal problemlərin həllində onu yaxın tərəfdaşı kimi yüksək qiymətləndirir.

Məktubda deyilir ki, bu il Azərbaycanın müstəqilliyinin 1991-ci ildə bərpa edilməsindən 30 il keçir. Bu müddət ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıblar.

ABŞ Prezidenti Azərbaycanın qlobal miqyaslı təşəbbüslərini qətiyyətlə dəstəklədiklərini də vurğulayıb: “Amerika Birləşmiş Ştatları ötən il “Cənub qaz dəhlizi”nin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq. ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qalırıq”.

C.Bayden ümid edir ki, münaqişə və koronavirus pandemiyası ilə yaddaqalan bir ildən sonra Azərbaycanın bu çətinliklərdən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməklə və qonşuları ilə sülh içində yaşamaqla daha da firavan bir dövlət kimi çıxacaq.

Göründüyü kimi, dünyanın super dövləti olaraq ABŞ-la münasibətlərin yüksək səviyyəyə qaldırılması işində, əlbəttə ki, ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm rol oynayıb. Digər tərəfdən, ölkəmizin Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu da Azərbaycanla ABŞ arasındakı münasibətləri dərinləşdirən faktorlardandır.

 

ABŞ hər zaman iri enerji layihələrinin icrasında Azərbaycana yardımçı olub

 

Xəzər hövzəsinin enerji təhlükəsizliyi ABŞ-ın xarici siyasətində prioritetlərdən olduğundan Azərbaycanın başlatdığı qərbyönümlü enerji siyasəti Vaşinqtonun maraqlarına uyğundur. Ölkəmizin qətiyyətli enerji siyasəti ABŞ-Azərbaycan münasibətlərinin inkişafında təkanverici amilə çevrilib.

Mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatdakı müzakirələri zamanı İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərini dəyərləndirərək bildirib ki, Azərbaycanın ABŞ-la əməkdaşlığının əsas sahələri terrorizmlə mübarizə, istər İraqda, istərsə də Əfqanıstanda sülhməramlı əməliyyatlar, hazırda isə enerji təhlükəsizliyi və bəzi başqa sahələri əhatə edir.

Hələ 2016-cı ildə Vaşinqtonda olarkən o zaman vitse-prezident vəzifəsində çalışan cənab Baydenlə görüşünü, ikitərəfli gündəliyə daxil olan mövzuların müzakirəsini xatırlayan İlham Əliyev vurğulayıb ki, Prezident Baydenin o zaman regionun problematikasına dair dolğun məlumatı var idi və o, ABŞ ilə Azərbaycan arasında münasibətlərə böyük dəyər verirdi.

Əməkdaşlığın daha bir vacib sahəsi enerji təhlükəsizliyidir. Bu məsələni də dəyərləndirən Prezident ABŞ-ın hər zaman iri enerji layihələrinin icrasında yardımçı olduğunu, neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində hər zaman Azərbaycanı dəstəklədiyini söyləyib. Prezident Azərbaycanın bu əlaqələri daha da şaxələndirmək istədiyini də diqqətə çatdırıb: “Biz strateji tərəfdaş olaraq yaxından çalışmağa və əməkdaşlığımızı genişləndirməyə hazırıq. Hesab edirəm ki, ABŞ regionda münaqişədən sonrakı inkişaf sahəsində mühüm rol oynaya bilər”.

Bir sözlə, Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq yüksələn xəttlə inkişafdadır və beynəlxalq aləmdə güclü təsir imkanlarına malik olan, dünyanın super dövləti sayılan ABŞ-la qarşılıqlı əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətində zəruri istiqamətlərdən biridir. ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən milli dövlətçilik kursunun dönməzliyi ilə əlaqədardır. Bu iki dövlətin strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.

Əminliklə qeyd etmək olar ki, bundan sonrakı dövrdə ardıcıl qətiyyətli siyasi kursun inkişaf etdirilməsi nəticəsində Azərbaycan-ABŞ strateji müttəfiqliyi dönməz xarakter alacaq.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video