22 Fevral 2019 01:14
1301
SİYASƏT
A- A+

92 yaşlı Saray nənənin PREZİDENTƏ ismarıcı var: “İlham, oğlum, Sən mənə ancaq yeni ev vermirsən, arxa-dayaq olmaqla ömrümə ömür qatırsan…”


Şamaxıdayıq. Havanın qarlı-şaxtalı olmasına baxmayaraq, burada həyat öz axarı ilə davam edir. 17 gün öncə baş verən təbii fəlakət yerli əhalini təşvişə salsa da, bu gün tamam başqa ab-hava hökm sürür. Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərin əksəriyyəti sökülərək yerində daha möhtəşəmi tikilir.

Fevralın 7-də Şamaxıya səfər edib yerli sakinlərə dəstək olan, dar gündə hər zaman xalqının yanında olduğunu isbatlayan Prezident İlham Əliyevin zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqlar uğurla icra olunmaqdadır.


200 qəzalı ev


Şamaxıda zəlzələnin yaratdığı fəsadlarla yerində tanış olan dövlət başçısı evləri qəzalı duruma düşmüş sakinlərə mənəvi cəhətdən böyük dəstək olmaqla yanaşı, onlar üçün yeni mənzillərin tikiləcəyini də söylədi.

Bakıya qayıdan kimi isə sərəncam imzalayaraq Prezidentin Ehtiyat Fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayırdı. Fevralın 8-9-da ilkin mərhələdə müəyyən edilən qəzalı evlərdə söküntü işlərinə başlanıldı.

Bu gün sökülən evlərin yerində tikinti-quruculuq işlərinə başlanılıb. FHN tərəfindən yaradılan xüsusi komissiyanın rəhbəri Kamran Əliyev deyir ki, Şamaxı üzrə 12, Ağsu və İsmayıllı üzrə isə hərəsində iki olmaqla 4 komissiya fəaliyyətini davam etdirir. Artıq Şamaxı rayonu üzrə 200 qəzalı ev müəyyənləşdirilib. Rayonun mərkəzi küçələrində isə 20-dən çox ev tamamilə sökülüb yenidən tikilir.


9 bal gücündə zəlzələyə davamlı


Sakinlər üçün tikilən yeni mənzillər əvvəlkinin sahəsinə uyğun inşa edilir. Əgər köhnə evin otaqlarının ümumi sahəsi 90 kvadratmetrə qədər olubsa, yerində 2 otaqlı, 90-dan 130 kv.metrə qədər sahə üçün 3 otaqlı, 150 kv.metrdən çox olubsa, 4 otaqlı yeni mənzillər tikiləcək. Hamam kompleksi isə vətəndaşların istəyinə uyğun inşa olunur. Yəni ya mənzilin daxilində, ya da həyətdə tikilir. Yeni mənzillər 9 bal gücündə zəlzələyə davamlı olacaq.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mütəmadi olaraq zəlzələ bölgəsinə gələrək rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədovla birgə qəzalı evlərə baxış keçirirlər. Sakinləri narahat edən bütün məsələlərə aydınlıq gətirilir. Yaradılan xüsusi komissiya fəaliyyətini davam etdirir və bütün müraciətlər araşdırılır.


FHN qarlı-şaxtalı havada da iş başındadır


Qarlı hava şəraiti müəyyət çətinliklər yaratsa da, FHN-in əməkdaşları iş başındadırlar. Rayon mərkəzindəki Salman Mümtaz, Səttar Bəhlulzadə, Vidadi küçələrində sökülən evlərin yerində tikiləcək mənzillərin artıq kürsüsü hazırdır.

Qış fəsli olduğu üçün betonun daha möhkəm olması naminə xüsusi qatqılardan istifadə edilir. Evlər tikilən ərazidə elektrik və qaz xətləri də kəsilib ki, görülən işlərə maneçilik yaranmasın.

Bəzi küçələrdə isə sökülən evlərin yerində yenisinin fundamenti qoyulur. Şahidlik etdiyimiz mənzərə onu deməyə əsas verir ki, burada yeni tikilən evlər qısa zamanda tam hazır olacaq. Kamran Əliyev də deyir ki, dövlət başçısının tapşırığına uyğun olaraq yeni evlər ən qısa zaman ərzində tikilib sakinlərə təhvil veriləcək.

Əlavə edək ki, evləri sökülən sakinlər müvəqqəti olaraq icra hakimiyyəti tərəfindən başqa mənzillərdə, ya da qohum evlərində yerləşdiriliblər.


Belə qayğıkeş Prezidenti hər kəs sevər


Tikinti-quruculuq işləri ilə tanışlıqdan sonra xüsusi komissiyanın qəzalı ev kimi qeydə aldığı bəzi mənzillərə baş çəkirik. Salman Mümtaz küçəsində Vahid Şıxıyevə məxsus 31 nömrəli 112 kvadratmetrlik evin yük divarları deformasiyaya uğrayıb, hörgülər tamamilə bir-birindən ayrılıb. Evin qəzalı olduğu barədə rəy verilib.

Ev sahibi Vahid Şıxıyev bizimlə söhbətində bildirdi ki, Prezident İlham Əliyevin rayona səfəri, insanlara mənəvi dəstək olması onları çox qürurlandırıb: "7 fevral 2019-cu il, heç vaxt unutmayacağım tarixi bir gündür. Prezident Şamaxıya gəlib öncə qəzalı evlərə baxdı, sonra sakinlərlə görüşdü. Dedi ki, mən də sizinlə qürur duyuram. Belə ağır günlərdə nikbinliklə yaşayıb dövlətin, Prezidentin həmişə xalqın arxasında olduğuna inanırsınız. Bərpa işləri tezliklə başlamalıdır.

Dövlət başçısı belə olar, hər zaman xalqının yanında. Belə qayğıkeş Prezidenti hər kəs sevər və hər zaman dəstəkləyər”.


İlham Əliyev maddi və mənəvi dayağımız oldu, Mehriban xanım nəticəmi ölümdən qurtardı


Bu küçədəki Humayın Qəhrəmanovaya məxsus 30 nömrəli ev də qəzalı vəziyyətdədir. Ev sahibəsi, 87 yaşlı Humayın nənə deyir ki, 9 nəfər ailə üzvünün yaşadığı mənzillərdə yaranan fəsadlarla bağlı komissiyaya müraciət ediblər. Evə baxış keçirilib və qəzalı olduğu bildirilib:

"Zəlzələ bizi çox qorxutdu. Bəlkə də bu, son illərdə Şamaxıda baş verən ən güclü zəlzələ idi. İşıqların sönməsi əhalini vahiməyə saldı. Amma Prezident İlham Əliyevin Şamaxıya, məhz bizim küçəyə gəlib insanlarla görüşü hər kəsə təskinlik vermiş oldu. Biz yaxşı bilirik ki, dövlət başçısının işləri çoxdur. Amma dar gündə dövlət başçısının, Mehriban Əliyevanın insanların harayına yetişməsi, səbirlə dinləməsi onların qəlblərində sevgi hissi yaradıb. İlham Əliyev bizim də dayağımız oldu, Allah ona kömək olsun. Mehriban xanım Əliyevanı da xalq çox sevir. Çünki bu insan ona müraciət edənlərin hamısına kömək edir. Mənim yaş yarımlıq nəticəmin böyrəyində ciddi problem vardı. Bir böyrəyi tamamilə sıradan çıxmışdı. Mehriban xanıma müraciət etdik. Birinci vitse-prezidentimiz bizə yardımçı oldu və nəticəm ölümdən qurtuldu. İndi də bizə yeni ev verəcəklər. Tanrı Prezidentimizi, onun təmiz qəlbli xanımını qorusun”.


Prezidentə teleqram vurub minnətdarlığımı bildirdim


Rayonun Şəhriyar küçəsindəki 25 nömrəli ev də qəzalı vəziyyətdədir. 79 yaşlı Sədəf Vəliyevaya məxsus evin bütün divarları deformasiyaya uğrayıb. Uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkən Sədəf xanım burada qızı Sevinc Vəliyeva ilə birgə yaşayır.

Şamaxı rayon İncəsənət Mərkəzində müəllim işləyən Sevinc xanım deyir ki, mövcud durumla bağlı həm FHN-nin, həm də icra hakimiyyətinin fövqəladə hallar komissiyasına müraciət edib. Baxış keçirildikdən sonra evin tamamilə qəzalı olduğu bildirilib və onlar müvəqqəti olaraq başqa mənzildə yerləşdiriliblər:

"Zəlzələ bizi çox qorxutdu. Allah hamımızı qorudu. Əgər bir neçə saniyə də davam etsəydi, insan təlafatı ola bilərdi. Evdə bütün əşyalarımız sındı. Ancaq sağ qaldıq, bu günə şükür...

Prezidentimizin dərhal Şamaxıya gəlişi məni həqiqətən qürurlandırdı. İnsanlarla səmimi söhbəti, onları təmkinlə dinləməsi hər bir azərbaycanlıda fəxarət hissi yaradır. Çünki vətəndaşlar da rahatdır və bilirlər ki, ölkə rəhbəri həmişə onların yanındadır. Ona görə də xalq İlham Əliyevin ətrafında birləşib. Bu birliyin çox gözəl nümunəsini biz Şamaxıda bir daha gördük. Bu, heç zaman unudulmayan görüş oldu. Səhəri gün dövlət başçısına teleqram vuraraq öz minnətdarlığımı da bildirdim”.

Sevinc xanım deyir ki, təbii fəlakətlər başqa ölkələrdə də baş verir. Ancaq televiziya kanallarından izlənilən kadrlarda bir dəfə də görünmür ki, həmin ölkənin rəhbəri insanların harayına çatsın. Heç bir ölkədə belə hadisələrə Azərbaycan Prezidenti qədər həssaslıqla yanaşmırlar. Ona görə də xalq hər zaman dövlət başçısının həyata keçirdiyi siyasəti dəstəkləyir.

Bir qədər söhbətləşdikdən sonra 79 yaşlı Sədəf xanıma Allahdan şəfa diləyib ayrılırıq.


92 yaşlı Saray nənənin şəkil sevinci


Prezident İlham Əliyev Şamaxıya səfəri zamanı 92 yaşlı ağbirçək Saray nənə ilə görüşüb xeyli söhbətləşmişdi. Fevralın 9-da isə həm zəlzələ bölgəsində görülən işlər, həm də evləri qəzalı vəziyyətə düşərək müvəqqəti sığınacaqlarda yerləşdirilən sakinlərin durumu ilə maraqlanmaq üçün Şamaxıya səfərimiz çərçivəsində Saray nənə ilə söhbətləşib dövlət başçısı ilə görüşünün təəssüratlarını soruşmuşduq.

Yenidən nənəyə baş çəkib hal-əhvalını sormağı özümüzə borc bilib Həsənovlar ailəsinin müvəqqəti yaşadığı mənzilə yollandıq.

Salamlaşıb içəri daxil oluruq. Saray nənə döşəklərin üstündə bardaş qurub hələ bir yaşı tamam olmayan nəticəsi Emini oynadırdı. Bizi görüb tanıyır. Ötən səfərki görüşümüzdən hazırladığımız reportajın dərc olunduğu nömrəni Saray nənəyə veririk. Qəzeti əlinə alıb diqqətlə baxıb deyir: "Qadan alım, ay İlham! Allah səni qorusun, ay bala”.

Şəkli öpüb qəzeti köksünə sıxır. Sonra yenə baxır. Birdən şəkildə özünü də görür: "Bıy, mən də burdayam ki... məndən yazmısınız?” Qəzetin səhifələrini vərəqləyib qəzalı evlərdən, söküntü prosesindən çəkilən şəkillərə diqqətlə baxır. Bir qədər keçəndən sonra üzünü bizə tutub danışmağa başlayır:

"Heç kim evinin dağılmasını istəməz. Axı, o yurdu əllərinlə özün qurursan. 1964-cü ildə tikilən o evdə 5 övlad böyütdüm, nəvə toyu edib nəticə də gördüm. İndi neynəmək olar, zəlzələdir... İlham oğlum hər kəsin dayağıdır. Bizim də dadımıza çatdı. Dağılan evimizin yerində indi daha möhtəşəm ev tikdirir. Allah Prezidenti bu xalqa çox görməsin. Baxıram, televizorda hər gün, demək olar, insanlarla görüşür, söhbət edir, dərdlərini, problemlərini soruşur. Ürəyim açılır, elə sevinirəm ki... Bax, ona görə də xalq onu sevir. Ay jurnalist bala, get qəzetində mənim bu sözlərimi yaz: "İlham, oğlum, Sən mənə ancaq yeni ev vermirsən, arxa-dayaq olmaqla ömrümə ömür qatırsan...”


İlham Əliyev 55 yaşlı qəzalı evin yerində bizə daha möhtəşəm ev tikdirir


Saray nənənin oğlu Rasim Həsənov deyir ki, artıq köhnə evləri tamamilə sökülüb və yerində 4 otaqlı yeni ev tikilir. FHN-nin komissiyası ailə ilə məsləhətləşdikdən sonra evin daxili də müəyyənləşib. Hamam kompleksi də mənzilin içərisində insa olunacaq:

"Həsənovlar ailəsi adından cənab Prezidentə təşəkkürümü bildirirəm. Həmişə xalqının ağır günündə onun yanında olan İlham Əliyevin bu təbii fəlakət zamanı şamaxılıların da yanında olacağına çox-çox inanırdıq. Nə yaxşı ki bizim belə xeyirxah, insansevər Prezidentimiz var. Xalqa göstərdiyi dəstəyə, köməyə görə həmişə minnətdarıq”.

Həsənovlar ailəsi tezliklə yeni mənzilə köçəcək. Bu gün onların 55 il öncə tikilən köhnə evlərinin yerində 9 bal gücündə zəlzələyə davamlı, daha möhkəm və əzəmətli ev tikilir. Yeni mənzillərində görüşmək ümidi ilə ailə üzvləri ilə sağollaşıb ayrılırıq.

92 yaşlı Sayar nənənin və digər Şamaxı sakinlərinin səmimi fikirləri isə əsl reallıqdır. Çünki fəaliyyətini xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində quran İlham Əliyev hər zaman atdığı addımlarda xalqın maraqlarını üstün tutub. Ölkəmizdəki uğurların əsasında da məhz xalq-Prezident birliyi dayanır.

Rəşad BAXŞƏLİYEV,

Elçin ÇƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video