10 Sentyabr 2021 00:37
813
İQTİSADİYYAT
A- A+

8 ayda AÇG-dən 3,4 milyard, “Şahdəniz”dən 130,1 milyon dollardan çox gəlir götürülüb

 

Bu neft-qaz mənbələri iqtisadiyyatımızın əsas dayaq sütunu olaraq qalır

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin yanvar-avqust aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından çıxarılan karbohidrogenlərin satışından əldə olunan gəlirləri açıqlayıb. Bu dövr ərzində “Şahdəniz” üzrə təbii qaz və kondensat satışından gəlirlər 130 milyon 137 min dollar olub. AÇG-dən isə həmin müddətdə 3 milyard 488,5 milyon dollar gəlir əldə edilib.

“Şahdəniz”dən indiyədək, yəni 2007-ci ildən bu il sentyabrın 1-dək qazın və kondensatın satışından 3 milyard 797 milyon dollar ümumi gəlir əldə olunub. Keçən il isə ARDNF-nin yataqdan gəlirləri 293,9 milyon dollar təşkil etmişdi. Bu ilin 8 ayında “Şahdəniz” yatağından çıxarılan təbii qaz və kondensat 130 milyon 137 min dollar gəlir gətirib. O cümlədən yataq üzrə kondensatın satışından gəlirlər 57 milyon 131 min dollar təşkil edib.

 Xatırladaq ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat həcmində dəyərləndirilir. Azərbaycan dünyanın ən nəhəng karbohidrogen yataqlarından olan “Şahdəniz”in sayəsində qaz ixrac edən ölkə kimi tanınıb.

 Prezident İlham Əliyev “Şahdəniz”i yüksək dəyərləndirərək demişdir: “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcəkdir. Eyni zamanda biz ixrac coğrafiyamızı genişləndirmək əzmindəyik... Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır”.

 “Şahdəniz” Bakıdan Adriatik dənizinin İtaliya sahillərinədək uzanan 3500 kilometrlik “Cənub qaz dəhlizi”nin əsas ehtiyat mənbəyidir. Keçən ilin son günü Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istifadəyə verilməsi ilə dəhliz tam fəaliyyətə başlayıb. Belə ki, TAP genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri) və TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) nəql olunan “Şahdəniz-2” qazını qəbul edərək Avropadakı istehlakçılara çatdırır. Gürcüstan və Türkiyə isə “Şahdəniz-1”dən 15 ilə yaxındır qaz alırlar. Mavi yanacaq Gürcüstana CQBK ilə çatdırılır. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya qoşulan xətt 2007-ci ildən yanacağı Ərzurumadək daşıyır. Bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. “Şahdəniz”in kondensatı isə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə vurulur.

 AÇG yataqlar blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu cari ilin yanvar-avqust aylarında 3 milyard 488,5 milyon dollar gəlir əldə edib. Qeyd edək ki, indiyədək, yəni 2001-ci ildən etibarən AÇG layihəsi üzrə gəlir 152 milyard 893 milyon dollar olub. 2020-ci ildə AÇG layihəsi üzrə gəlir 3 milyard 522,7 milyon dollar təşkil etmişdi.

 AÇG-dən əldə olunan gəlirlər bu yataqlar blokunda hasilatın ahəngdar və təhlükəsiz davam etdiyini təsdiqləyir. AÇG 1997-ci ilin noyabr ayında “Çıraq” platformasından ilk neftin alındığı vaxtdan indiyədək Azərbaycanın sosial-iqtisadi inkişafına böyük töhfələr verib. Prezident İlham Əliyev bu yataqların ölkəmizin əsas gəlir mənbəyi olduğunu dəfələrlə vurğulayıb.

 Hazırda yataqda 8 platforma fəaliyyət göstərir. Bunlardan 6-sı hasilat, 2-si isə emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat qurğusudur. AÇG-nin operatoru olan bp şirkətinin məlumatına görə, bu ilin birinci yarısında blokdan ümumi hasilat gündə orta hesabla 468 min barel olub. Belə ki, gündəlik hasilat “Çıraq”dan 30 min, “Mərkəzi Azəri”dən 111 min, “Qərbi Azəri”dən 118 min, “Şərqi Azəri”dən 78 min, “Dərinsulu Günəşli”dən 88 min və “Qərbi Çıraq”dan 43 min barel təşkil edib. Yəni yarım ildə AÇG-dən ümumilikdə təxminən 85 milyon barel, yəni 11 milyon ton neft hasil olunub.

“Azəri Mərkəzi Şərqi” AÇG-nin 9-cu platforması olacaq. Məlum olduğu kimi, 2017-ci ilin sentyabr ayında AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanmışdır. Saziş 2050-ci ilin əvvəlinədək davam edəcək. Bununla bağlı “Azəri Mərkəzi Şərqi” layihəsi həyata keçirilir. Yeni platforma da bu layihə çərçivəsində tikilir. 2023-cü ildə “Azəri Mərkəzi Şərqi”dən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun davam edir.

 1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli”nin tammiqyaslı işlənməsi müqaviləsi imzalanarkən tərəfdaşlar bu yataqların təxmini ehtiyatlarının 511 milyon ton olduğunu bildirmişdilər. İndi mütəxəssislər burada sərvətin daha çox - ən azı 1 milyard ton olduğu fikrini söyləyirlər.

 Göstərilən faktların özü də təsdiqləyir ki, Xəzərin qoynundakı bu nəhəng neft-qaz mənbələri - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” Azərbaycan iqtisadiyyatının əsas dayaq sütunları olaraq qalır.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video