09:48 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

70 zirvəsi

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:40 13.04.2021

 

“Müqəddəs kitabımızdan iki məqam mənim həmişə təsəlli yerim olub. Birincisi, səni yaradan Tanrıdan narazı qalan zaman özündən qabaqda gedənlərə baxıb küfr etmə. Qayıt geriyə bax görəcəksən ki, çox irəlidəsən və şükür edəcəksən. Həmişə geriyə baxıb şükür etmişəm...

İkincidə isə deyir: “Tanrı sənə nə verirsə, min şükür. Vermirsə, deməli, səni nədənsə qoruyur”. Bax həmişə əldə etmədiklərimə də yanaşmam bu müstəvidə olub...”

 

Qış nağılı

 

... Zimistanın təbiətə memar kəsildiyi, şaxtanın iliklərə işlədiyi uzun qış günləri idi. Yer də, göy də ağappaq örpəyə bürünmüş, sıldırımlar üzərindən özünü aşağı atan nəğməkar şəlalələr bir andaca qıvrım heykəllərə çevrilmiş, buzlar ağacların budağında, evlərin eyvanında iti qılınc kimi sıralanmışdılar.

Yardımlıda ilin bu üzü sərt vədəsində qışın qəzəbindən qorunmaq üçün bayır-bacadan əl-ayaq tamamilə yığılar, hər kəs evlərə, isti sobanın ətrafına toplanar, çırtaçırtla yanan  odunların al-qırmızı alov dilimləri ilə canını qızdırmağa çalışardı.

Bu diyarın qış axşamlarının da bir başqa nağıl dünyası olardı. Çanaqbulaq kəndində Feyruz kişinin ailəsi isə belə uzun və şaxtalı qış gecələrində naxışlı xalı üzərində oturaraq balaca Fəzailin və qardaşlarının üzüüstə uzanaraq lampa işığında növbə ilə oxuduqları nağıllara, dastanlara həvəslə qulaq asmağı sevərdilər.

Bu zaman isə bayırda çovğunun sovuraraq qəzəblə ordan-ora qovduğu qar dənələri pəncərələrdə sehrli və ecazkar mənzərələr cızar, onları nağıllar aləminə səyahətə səsləyərdi...

Biri vardı...

Dərələrdən, təpələrdən burula-burula hey uzanıb gedən qıvrım bir yolla kürəyində anasının azuqə üçün tədarük etdiyi çörək və kitablardan ibarət ağır yüklə qurşağa qədər yağmış qarı yara-yara güclə irəliləməyə çalışan balaca və cılız bir oğlan vardı...

Əlləri-ayaqları şaxtadan sızıldayır, yorğunluqdan kürəkləri qovuşur, addım atmağa taqəti çatmırdı. Dəli küləyin sovurduğu qar isə ətrafı dumana bürüyür, göz-gözü görmürdü, amma o tutduğu yoldan usanıb dönmür, irəliləyir, qonşu kəndə çatmağa çalışırdı.

Səhər saat 9-da məktəbdə olmalı idi...

Beləcə, balaca səyyah, ilin üç fəsli palçığına, qarına, şaxtasına baxmayaraq, kəndlərindən uzaq və məşəqqətli məsafəni qət edir, elm uğrunda çıxdığı bu yolda qətiyyətlə irəliləyir, onun zirvəsini fəth etməyə tələsirdi...

 

Xatirələr cığırında...

 

Zaman libasını geyib ömrün qürub üfüqünə doğru sürətlə axıb gedən acılı, şirinli, nisgilli, xoşbəxt anlardan ibarətdir həyat...

Sən hiss etmədən bir-birinin ardınca gözdən itir, ha çalışsan da çata bilmirsən, durdurmağa iqtidarın yetmir... Sadəcə onun hansısa məqamının, anının donmuş fotoları ilə ötənlərə nəzər sala, bir də xatirələr cığırıyla keçənlərə qayıda bilirsən...

Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, professor Fəzail İbrahimlinin “Ömür səhifələri”ni yaşının 70 zirvəsində vərəqləyirik...

Uşaqlıq günlərinə baş çəkir, ən xoşbəxt çağlarına, atalı-analı günlərinə qayıdır, elmə, biliyə olan sevgi dəryasına baş vururuq...

Sadə müəllimlikdən professorluğa, deputatlıqdan parlamentin sədr müavini kimi ali kürsüyə yüksəlməsinə qədər keçdiyi uzun və zəhmətə dayanan həyat yoluna işıq tutmağa çalışırıq...

Və Fəzail müəllimin yaşam kitabını vərəqlədikcə, əldə etdiyi uğurların, müvəffəqiyyətlərin açarının möhkəm iradə və zəhmətinin, bir də uca Allaha olan tükənməz sevgisinin olduğunu görürük...

 

Uğur yolu

 

1951-ci ilin 12 aprelində, ilıq bir yaz günündə, Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olan Fəzail İbrahimli şagird olduğu zamanlardan elmə olan böyük həvəsi ilə seçilir, hərtərəfli biliyi ilə digər həmyaşıdlarından fərqlənirdi. Amma dahilərin “elmin şahı” adlandırdıqları riyaziyyata olan sevgisi ölçüyəgəlməz miqyasdaydı. Elə buna görə idi ki, hələ orta məktəb illərindən onun riyaziyyatçı olacağına, hətta bu sahədə alimlik mərtəbəsinə qədər yüksələcəyinə dair böyük qənaət vardı...

Amma qismət Fəzail İbrahimli üçün tamamilə başqa bir yol cızmış, sevdiyi riyaziyyatdan birdəfəlik ayırmış, lakin yenə də taleyini rəqəmlərin ixtiyarına verərək tarixlə uzlaşdırmışdı...

Bütün bunlar barədə az sonra Fəzail müəllim özü danışacaq, amma hələlik bu 70 ilin qısa arayışına nəzər salırıq:

1969-cu ildə Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsində ali təsil alan Fəzail İbrahimli buranı fərqlənmə diplomu ilə bitirib təyinatla ata-baba yurdu Yardımlıya göndərilib və 3 il ərzində doğulduğu Çanaqbulaq kənd məktəbində müəllim işləyib. Daha sonra hərbi xidmətə yollanan müəllim oradan qayıtdıqdan sonra 1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) əyani şöbəsində aspirant, 1982-ci ildən BDU-nun Tarix kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

Bir neçə dərsliyin, dərs vəsaitinin, monoqrafiyanın və elmi məqalələrin müəllifidir.

Fəzail İbrahimli elmlə yanaşı, həm də siyasi fəaliyyətlə məşğuldur. O, 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 2000, 2006 (təkrar), 2010, 2015 və 2020-ci illərdə keçirilən parlamant seçkilərində Milli Məclisə deputat seçilib və Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü olub.

2020-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir.

 

“Bu səhnəni oxuyanda hönkürtü ilə ağlamışdım...”

 

- Ailəmiz çoxuşaqlı idi, dörd bacı, beş qardaş olmuşuq. Atam bənna olub, ev tikən usta, anam isə evdar qadın... Biz uşaqlar bir-birimizin paltarını geyinə-geyinə, bir qabdan yemək yeyə-yeyə böyümüşük. Onu da deyim ki, heç vaxt ac olmamışıq, nə də xüsusi firavan həyat yaşamamışıq. Həmişə yeməyə çörəyimiz, geyməyə paltarımız olub...

Təsəvvür edin ki, bizim rayona 1964-cü ildə elektrik xətti çəkilib. Yəni mənim 10-12 yaşım olanda hələ bizdə elektrik yox idi. Dərslərimizi lampa işığında oxuyurduq.

Yardımlı çox səfalı, gözəl yerdir, yayı çox sərin keçir. Amma bu yerin qışı çox sərtdir. Dekabrda, yanvarda elə qar yağırdı ki, bir də martda əriyirdi. Özü də indiki qış fəsilləri sanki cılızlaşıb. O zaman qurşağa qədər qar vururdu yerə. Bütün qışı qarın üstündə gəzirdik.

Axşamlar atam maraqlı bir rejim qurmuşdu bizim üçün. Hər gün şam yeməyindən sonra üç qardaş (aramızda üç yaş fərq var) növbə ilə Azərbaycan nağıllarından, dastanlarından qiraət oxuyardıq. Evdə hamı yerdən xalının üstündə oturardı və maraqla bizə qulaq asardı. Nağıl, ya da dastan qurtarandan sonra hər kəs yatmağa gedərdi. Bu minvalla düz 3 ay qış bizim evdə sehrli bir ab-hava hökm sürərdi. O nağıllarla yaşayar, dastanların ruhuna köklənərdik...

Yadımdadır, “Koroğlu” dastanının sonuncu hissəsini oxuyurdum, “Koroğlunun qocalığı”nı... Orada Koroğlunun ömrünün qocalıq dövründə tüfəngli bir adamla rastlaşması və bu icaddan sarsılaraq qılıncını yerə qoyması, “bu gündən etibarən mərdlik getdi, mən Koroğluluğumdan imtina edirəm” deməsi səhnəsini oxuyanda hönkürtü ilə ağlamışdım. Bu mənə çox pis təsir etmişdi...

Belə bir ruh aləmində böyüyürdük. Həmin günlər həyatımın ən ciddi səhifələrindən biri olub və həyatımda həlledici rol oynayıb.

Görünür mütəmadi qiraətlə məşğul olmağımız həm də məktəbdə hamıdan yaxşı oxumağımıza təkan verən nüanslardan olub. İndi məktəb yoldaşlarım da təsdiq edər ki, sinifdə 32 şagird olmuşuq, onların  içərisində riyaziyyatı ən yaxşı bilən mən olmuşam, bir də Məmmədzadə Məmmədov. Mənim isə Məmmədzadədən üstünlüyüm o idi ki, həm də humanitar fənləri mükəmməl bilirdim.

Bəxtim həm də o cəhətdən gətirmişdi ki, BDU-nun Filologiya fakültəsini qırmızı diplomla qurtarmış bir müəllim məktəbimizə gəlib bizə universitet səviyyəsində dərs deyirdi. Hündürboy, cüssəli olan Təyyar müəllim çox tələbkar idi. Hətta bir uşaq da tapılmazdı ki, sevdiyindən deyil, qorxusundan onun dərsini oxumasın. O, Azərbaycan dilini bizə elə öyrədib ki, indinin özündə də mənim hayıma çatır.

 

Xoşbəxt alın yazısı

 

- 4-cü sinfə qədər öz kəndimizdə məktəbə getmişəm. Ondan sonra 8-ci sinfə qədər qonşu kənddə oxumuşam. Hər gün səhər qonşu kəndə məktəbə gedib günorta qayıdırdıq. Çox məsafə yox idi, təxminən 1 kilometr yarım. Amma rayon üzrə cəmi 4 tam orta məktəbimiz vardı. Biri rayonun özündə idi, qalanları digər üç kənddə. Biz də sinifimizdən 12 nəfər 8-ci sinfi bitirəndən sonra Arus kəndinə təhsil almağa yollandıq.

O zaman 16 yaşım vardı və deyərdim ki, həyatımın ən çətin və ağır illəri o illər olub. Çanaqbulaqla Arus arasında 30 kilometrə yaxın məsafə var idi. Həftənin bazar günü axşamüstü evdən çıxırdıq ki, tezdən saat 9-da məktəbdə olaq. Kənd evlərindən birində bizə kirayə bir otaq vermişdilər, otaqda sadəcə çarpayılar vardı və həmişə soyuq olurdu. 4-5 nəfər birlikdə həmin otaqda qalırdıq.

1969-cu ildən danışıram, o zamanlar ölkədə ümumi vəziyyət çətin idi. Kənd mağazalarında çörək satılmırdı, evdən özümüzlə bir həftəlik çörək götürürdük. Təsəvvür edin ki, 2-3-cü gün artıq çörəyimizin üzü kiflənirdi. Su ilə çörəyin üzünü təmizləyib ocaqda qızdırıb üç gün, evə dönənə qədər onunla dolanırdıq.

Belə çətinliklər var idi, amma dərsimizi əla oxuyub 5 alırdıq. Bu isə bizə aclığı da, çətinliyi də, kilometrlərlə yolu palçıqda, qarda piyada qət etməyin əziyyətini də unutdururdu...

Taleyin işinə baxın ki, zaman gəldi və Allah mənə elə bir fürsət yaratdı ki, cənab Prezident İlham Əliyevin  köməkliyi ilə yeniyetmə olarkən getdiyim o palçıqlı yolları illər sonra abadlaşdırmaq nəsibim oldu.

...2007-ci ildə cənab Prezidentin Cəlilabad səfəri zamanı birdən soruşdu ki, cənub zonasında nə problemlər var, ora üçün nə edə bilərik?

Mən o zaman cənab İlham Əliyevə müraciət etdim ki, Cəlilabaddan Yardımlıya qədər 40 min əhalisi olan 80 kənd var, amma onları əhatə edən asfalt yol yoxdur. Cənab Prezident bu məsələyə çox diqqətlə yanaşdı və o yolun çəkilməsinə göstəriş verdi. İndi həmin yol bizim kəndimizdən keçir və oxuduğumuz Arusun içindən də ötərək Yardımlıya qovuşur.

Təsəvvür edin ki, hər dəfə o yolu gedəndə çox yorulurduq, çiynimizdə yük olurdu, çörəyi, kitablarımızı yığırdıq. Zəif, cılız bir uşaq idim, yolu güclə gedirdim. Onu da deyim ki, fiziki durumum çox zəif olsa da, zehni durumum hamıdan iti işləyirdi...

 

“Riyaziyyatı dərk edirdim, ədəbiyyatı sevirdim, tarixi öyrənirdim...”

 

- Çox güclü və tələbkar müəllimlərimiz var idi. Riyaziyyatdan bir qayda idi ki, hər dəfə Məmmədzadə ilə mən növbə ilə çıxıb lövhədə tapşırığı həll edirdik. 11-ci sinifdə oxuyurdum, fevral ayı idi və müəllimimiz növbəti dəfə mənə həndəsədən bir tapşırıq verərək “müəllimlər otağı”na getmişdi. Və sinfə çox əsəbi qayıtdı.

Mən həndəsədən məsələni həll etmişdim, amma nəticəni doğru tapsam da, yolları düz deyildi. Bunu görən müəllim heç gözləmədiyim halda qəfildən gicgahımdan çox ağır bir zərbə vurdu. Bu haqsızlıqdan sarsılaraq daha bu məktəbdə oxumayacağıma qərar verdim. 12 nəfər uşaq da mənə qoşuldu və biz bir növ üsyan edərək bu məktəbdə oxumayacağımızı bildirdik. Bu söhbət rayon rəhbərliyinə gedib çıxdı. O zaman bir şərtlə məktəbdə qalmağa razı oldum ki, riyaziyyatdan dərsi öyrənsəm də, daha həmin müəllimə cavab vermədim.

Bax həmin zaman gicgahıma vurulan o qəfil zərbə məni riyaziyyatdan tamamilə soyutdu və yolumu tarixə yönəltdi. Bəlkə də o hadisə baş verməsəydi, bu gün riyaziyyat üzrə professor ola bilərdim. Düzdür, həmin müəllim mənə peşmançılığını bildirdi, amma artıq gec idi və qəlbim riyaziyyatdan  tamamilə sınmışdı...

Həmişə deyirəm, mən riyaziyyatı dərk edirdim, ədəbiyyatı sevirdim, tarixi öyrənirdim...

Tələbəlik illərində də dərslərimi yüksək səviyyədə oxuyurdum. Kiçik qardaşımla bir yerdə ev kirayə edib qalırdıq. Böyük qardaşım isə orta məktəbi bitirib Rusiyada təhsil almağa getmişdi, yəni üçümüz paralel oxuyurduq (indi hər üçümüz professoruq).

Valideynlərimin göndərdiyi pulun üzərinə də öz əlaçılıq təqaüdümüzü qoyub kirayə pulumuzu, aylıq xərclərimizi ödəyirdik. Dərsdən beş alıb gələndə çox xoşbəxt olurdum, bu mənim üçün stimul idi. Tutaq ki, lövhənin qarşısında müəllim deyəndə ki, “çox sağ ol, Fəzail, bax tələbə belə olar”, - sanki dünyalar mənim olurdu...

 

Ömürdən pay olarmı?!

 

- Ailədə hər zaman bir-birimizə dəstək olmuşuq və bunun da uğurlarımızda böyük payı olub. Mənim üçün o adam qiblədir ki, anasını sevir. Üç övladımın, həyat yoldaşımın və özümün birgə sevgimiz anamın bir təbəssümünün qiyməti deyil.

Anamın öd yolunda daş var idi, tez-tez onu narahat edirdi. Atamın vəfatından bir il sonra, iyun ayı idi, axşam növbəsindən dərsdən evə gəlirdim, gördüm həyətimizdə təcili yardım var. Bildim ki, anamın üstünə gəlib. Baxdım ki, rəngi saralıb, elə bil dünyasını dəyişəcək. Bir müddətdən sonra anam nisbətən özünə gəldi, mən təcili yardımı yola salandan sonra həyətdə üzümü tutdum Tanrıya, dedim ki, “anamın 9 övladı var. Hərəsinin ömründən bir, mənim ömrümdən iki il kəs ona 10 il ömür ver”.

Vallah, elə də oldu. Anam dilədiyim ömür payı qədər yaşadı və düz 10 ildən sonra, iyun ayında dünyasını dəyişdi. Çox dəhşətli hissdir valideyn itirmək, bu yaşımda da məni kövrəldir...

 

Sovetin 70 il idi ki, söndürdüyü baba ocağımı İlham Əliyev sayəsində yandırdım

 

- Atam çox ağır həyat yaşamış insan olub. 1927-ci ildə 22 yaşında olanda, Novruz bayramı günlərində Şura hökuməti atası Əmiraslan kişinin mülkünü yandırıb yerləyeksan etmişdi, çünki babamın atası İbrahim bəy olub. Onun hökumət tərəfindən verilmiş “qəbalə” adlandırılan sənədi var idi. Babamgilin var-dövləti, torpaq sahəsi olub, yoxsullara, kimsəsizlərə hər zaman əl tutan adamlar kimi tanınıblar. Sovet dövründə babamın yurdunu dövlət torpağı elan edərək orada məskunlaşmağa icazə vermirdilər...

Bir haşiyə çıxım, əgər məndən soruşsalar ki, həyatının mənası nədir, deyərdim ki, “70 il ərzində söndürülmüş baba ocağını yandırmağım”. 1989-cu ildə atam rəhmətə getdi. Ondan cəmi bir il sonra SSR-i dağıldı və çox heyif ki, atam bunu görmədi. Qərara aldım ki, kəndimizi bərpa edim.

2002-ci ildə cənab İlham Əliyev millət vəkili olanda bununla bağlı ona müraciət etdim və köməyini istədim. İlham Əliyevin sayəsində baba yurdumu bərpa edə bildim, ocağını yandırdım.

Bu gün Qarabağın alınmasında millətin yaşadığı sevincin kiçik formasını biz o zaman yaşadıq.

 

Azərbaycanın ən şanlı tarixinə şahidlik etdik

 

- İlham Əliyev 2020-ci ildə də milyonlarla sönmüş ocağın işığını yandırdı, Qarabağı özümüzə qaytardı. Milli qürurumuzu, ləyaqətimizi yüksəklərə ucaltdı. Bir tarixçi kimi Azərbaycanın ən qürurverici günlərinə şahidlik etmək təsvirəgəlməz duyğu və hissdir. Millətimiz daim tarixin bütün keşməkeşlərindən keçib, zülmlərə düçar olub. Şuşanı itirməyimiz isə tamamilə ağır təsir etmişdi bizə, axı ora bizim qeyrət qalamız idi.

Qarabağın alınması, bu bir torpağın alınması deyildi, 200 il tapdalanmış ruhumuzun özümüzə qayıdışı idi. Bu illər ərzində bir dəfə də olsun qələbə çala bilməmişdik. Cümhuriyyəti qurduq, amma onun da devrilməsində elə ermənilər həlledici rol oynadılar. Onlar hər zaman “böyük qardaş” kölgəsinə sığınıb bizə düşmən kəsiliblər, tariximizə ləkə salıblar. Biz Qarabağı azad etməklə onları yerləyeksan etdik. Həm dünya erməniliyi, həm də “Böyük Ermənistan” ideologiyası darmadağın oldu.

Təbii ki, güclü ordumuzun, iqtisadiyyatımızın, qeyrətli gənclərimizin və bunların hamısının başında Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində...

 

Deputatlıq böyük məsuliyyətdir

 

- Həyatımın 20 ili parlamentlə bağlıdır. Sıravilikdən başlamışam, indi də komitə sədriyəm, Milli Məclis sədrinin müaviniyəm... Deputatlıq böyük məsuliyyətdir. Oturuşunu, duruşunu, danışığını, cəmiyyətdəki mövqeyni, insanlara münasibətini tarazlayıb bu məsuliyyəti daşımalısan.

Səsini qazandığın seçicilərin etimadını doğrultmalısan. Hər zaman özümü qəbuluma gələn insanların yerinə qoyuram, onların problemlərini həll etməyə çalışıram. Axıra qədər qarşımdakı insana kömək etməyə cəhd göstərirəm.

 

Mənim həyat fəlsəfəm

 

- 70 yaş əslində əfsanəvi rəqəmdir. Bu yaş müstəvisindən baxanda uzun ömür yaşadığını görürsən. Ümumiyyətlə, yaşın dəyəri onunla ölçülür ki, sənin övladlarının valideyni var və sən onları valideynsiz qoymamısan. Bax bu gün mənim üçün bu yaşın bir özəlliyi də odur ki, övladlarım  atalıdırlar. Təbii ki, insan əbədi və əzəli yaşamır, amma Tanrıdan hər bir valideynin istəyi odur ki, dünyadan köçən zaman onun övladları qaymaq bağlamış olsun, artıq valideynsiz dünyanın hikmətini dərk etsinlər.

Hər kəs həyatı bir fəlsəfədə görür. Kimisi var-dövlətdə, kimisi vəzifədə, şan-şöhrətdə, elm aləmində ucalmaqda... Mənim həyat fəlsəfəmdə isə var-dövlətim övladlarımdır...

Bu bir ömür yoludur, yaşayırsan, yaradırsan...

Və illər sonra geriyə çevrilib baxanda öz imzanla rastlaşanda, sərt dolanbaclarda öz izinlə qarşılaşanda sənə bəxş edilən bu taleyi bada vermədiyini, qarşına qoyduğun məqsədlərə çatdığını görüb dünyanın ən xoşbəxti olursan...

Elə Fəzail İbrahimli də 70 illik ömrünə xeyli uğurlar, müvəffəqiyyətlər sığdırıb, həyatın bütün qatlarından keçərək uğur zirvəsinə yüksəlməyi bacaran və gələcəyə öz izini ötürən xoşbəxt insanlardan olub:

“Geriyə baxanda həyatımda heç nəyi dəyişməzdim, necə varsa, cür də saxlayardım. Tanrı nə qədər ömür veribsə, min şükür, amma hər zaman dua edirəm ki, övladlarıma, yaxınlarıma xəstə çöhrəmi görməyi nəsib etmədən, heç bir narahatlıq vermədən dünyadan köçməyi də qismətimə yazsın...”

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM