20 May 2021 00:23
1598
İDMAN
A- A+

7 illik həsrətə son

 

“Neftçi” 2020-2021-ci il mövsümünün Azərbaycan çempionu oldu

 

Azərbaycan Premyer Liqasında 2020-2021-ci il mövsümünə yekun vuruldu. 272 günlük marafonun sonunda Azərbaycan çempionu, həmçinin bürünc medalla avrokuboklara vəsiqə qazanacaq komanda məlum olub.

Qızıl medalların sahibi mövsümün son matçında - “Dalğa Arena”da keçirilən “Neftçi” - “Qarabağ” qarşılaşmasında müəyyənləşdi. Çempionluq həsrətinə son qoymaq üçün paytaxt təmsilçisi mütləq qalib gəlməli, Ağdam klubuna isə ardıcıl 8-ci zəfər üçün heç-heçə də kifayət edirdi.

Bir həftə idi ki, Azərbaycanın diqqəti məhz bu oyuna yönəlmişdi. Pandemiya ucbatından qarşılaşma azarkeşsiz oynanıldı. Matç günü saat 18:00-ı göstərirdi. Həmkar dostumla qərara gəldik ki, görüşü paytaxtımızda yerləşən məkanlardan birində birlikdə izləyək. Adətən, qarşılaşmanın gedişində aparılan müzakirələr daha maraqlı və həyəcanlı olur. Bir neçə məkanda gördük ki, azarkeşlər “Neftçi” və “Qarabağ” formalarında böyük səbirsizliklə matçın başlamasını gözləyirlər. Bir sözlə, mövsümün final matçına böyük marağın şahidi olduq.

Görüşün baş hakimi Elçin Məsiyevin start fitindən sonra oyuna nəzarət “Qarabağ”da idi. Ağdamlılar topu özlərində saxlamaqla, qısa ötürmələrə üstünlük verərək “Neftçi” futbolçularını üzərlərinə çəkməyə çalışırdılar. Lakin paytaxt klubu meydançanın özlərinə aid olan hissəsində müdafiə olunmaqla daha çox əks-hücumlarda qol imkanları yaratmağı düşünürdü. Müdafiənin arxasına atılan toplar isə “Neftçi”nin qapısı qarşısında təhlükəli epizodlarla yadda qaldı.

“Qarabağ” isə topa daha çox sahib olan tərəf kimi görünsə də, bunu rəqib qapısı qarşısında real qol imkanlarına çevirmək əmsalı çox aşağı idi. Hətta bu azmış kimi müdafiədən oyun qurmağa çalışarkən Medinanın itirdiyi toplar Ağdam komandasının qapısı qarşısında təhlükəli epizodlar ilə yadda qaldı. Lakin İsmayıl İbrahimlinin itirilən toplardan sonra yaranmış mövqe səhvini sığortalaması Qurban Qurbanovun tələbələrini real qol imkanlarından xilas etdi. Beləliklə, ilk hissə daha çox komandaların meydançanın mərkəzində apardığı gərgin mübarizə ilə yadda qaldı. Fasilədən sonra “Neftçi” daha çox hücum etməyi düşünən tərəf kimi göründü. Çünki çempionluq üçün yalnız qələbənin vacib olduğu matçda “ağ-qaralar” cinahlardan hücumları təşkil etməyə başladılar. Lakin itirilən hər top “Qarabağ”ın sürətli əks-hücumlar qurması ilə yekunlaşırdı. “Neftçi” isə bu hücumları qayda pozuntusu ilə qarşısını alırdı. Belə epizodlardan birində Xayme Romeronun vurduğu zərbədən sonra qapı tiri “Neftçi”ni qoldan xilas etdi. 

Dəqiqələr irəlilədikcə paytaxt klubunun məşqçilər korpusu qalib gəlmək üçün həm oyun planında, həm də komandanın hücum gücünü artırmaq üçün dəyişikliklərə getdi. Görüşün son dəqiqəsində dəyişiklik faydasını verdi. Oyuna sonradan daxil olan Ahmed Ahmedov “Qarabağ”ın qapısı qarşısında yaranan qarışıqlıqdan istifadə edərək qüvvətli zərbə ilə hesabı açdı. Bundan sonra Ağdam klubunun bütün səylərinə baxmayaraq, görüşdə tarazlığı bərpa etmək mümkün olmadı. Yekunda matçın qalan hissəsini müdafiə olunmaqla keçirən “Neftçi” hakimin final fitindən sonra qələbə qazanaraq sayca 9-cu dəfə Azərbaycan çempionu tituluna sahib oldu.

Premyer Liqanı 3-cü yerdə başa vuran komanda isə “Sumqayıt” oldu. “Gənclər şəhəri”nin təmsilçisi səfərdə “Səbail”dən üstün oldu - 1:0.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video