01:37 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

3. Səbrin kimi qəzəbin də böyükdür!
ANA SƏHİFƏ / SİYASƏT
00:52 10.04.2020


Çox haqsızlıqları gördün - səbir etdin!

Çox güclülərin zəifləri tapdaladığını seyr etdin, səbir etdin!

Çox zalımların azğınlığına şahid oldun - səbir etdin!

Səbrin özün qədər necə də böyükmüş, İlahi!

Gözlədin ki, haqsızlar düz yola qayıdar - gəlmədilər!

Gözlədin ki, güclülər zəiflərə rəhm etməyə başlayarlar - etmədilər!

Gözlədin ki, zalımlar, yolunu azmışlar, qudurmuşlar insafa, mürvətə dönərlər, fağıra, yoxsula, imkansıza kömək əli uzadarlar - uzatmadılar!

Bəlkə rəngli inqilabların aqibəti Səni razı salmadı...

Bəlkə din qardaşlarının bir-birinin qatilinə çevrilməsi xoşuna gəlmədi....

Bəlkə neft uğrunda savaşın bitməyəcəyini gördün...

Bəlkə özün işə qarışmasan dünyanın düzəlməyəcəyinə əmin oldun...

Bəlkə suriyalı uşağın hər şeyi Sənə açıq və səmimi danışması səbir kasanı daşdırdı...

Biz bəndələr bunları bilə bilmərik, İlahi!

Amma kükrəyən qəzəbinin böyüklüyü bizi qorxutdu!

Göndərdiyin koronavirus adlı bəlanın vahiməsi canımıza üşütmə, qızdırma saldı, bizi təngnəfəs edərək ciyərlərimizi dağıtdı!

Nə ölkə, nə dövlət, nə sərhəd, nə millət, nə dövlətli və kasıb tanımayan bu bəla hələ yüngül barmaq silkələməsidir - bunu dərk edirik!

Sən demə, zəlzələlər, daşqınlar, meşə yanğınları, sunamilər xırda-para xəbərdarlıqlar imiş!

Sadəcə, bizlər həmin xəbərdarlıqları başa düşməmişik!

Elə sanmışıq ki, bütün bunlar kortəbii hadisələr, öz-özünə baş verən təbiətin kataklizmaları imiş!

Zəlzələdə evi dağılanlar - evsiz qalır!

Meşə yanğınlarında meşəli ərazidə yaşayanlar - bütün əmlaklarını itirir.

Çaylar daşanda, torpaqlar sürüşüb üzərindəki evlər və binalarla bərabər axanda - hamı hər şeydən məhrum olur!

Düşmən hücum edəndə, şəhər və qəsəbələr topa-mərmiyə tutulanda isə evlər sakinlərsiz qalır, insanlar qaçqına, məcburi köçkünə çevrilərək yollara, düzlərə tökülür, işsiz, çörəksiz, hüquqsuz, müdafiəsiz qalıb, əslində, digər canlılarla bir sıraya düzülmüş olurlar.

***

Bilən yox idi ki, nə vaxtadək haqsızlıq, ədalətsizlik, insafsızlıq, qəddarlıq, zalımlıq, tamahkarlıq, özbaşınalıq və cəzasızlıq davam edəcəkdi?!

Göndərdiyin bircə virus - koronavirus az bir vaxtda insanları silkələyib ayıltdı, bir qədər durdurdu!

Əvvəlcə ona elə-belə baxdılar!

Boşuna verdilər!

"Bizə heç nə olmaz” - dedilər!

Başqa növ qriplər kimi ötəri xəstəlik saydılar!

Anlamadılar ki, bu, İlahi qəzəbdir!

Anlamadılar ki, bu, səbrin tükənmə əlamətidir!

Anlamadılar ki, bu, növbəti "təmizləmə əməliyyatı”dır!

Anlayanda şoka düşdülər!

Anlayanda başlarını itirdilər!

Anlayanda qaçıb gizlənməyə yer axtardılar!

Amma görün bütün təbəqədən olanları, bütün pillələrdə dayananları, bütün növ kresloda oturanları necə tutub yaxaladı!

Hələ çoxu başa düşməyib ki, milyonlar, milyardlar, trilyonlar Allahın qəzəbinin qarşısına sədd çəkə bilməz!

Hələ çoxu anlamayır ki, bu yalnız başlanğıcdır!

Hələ heç kim bunun nə qədər davam edəcəyini, necə və nə ilə sonuclandığını bilmir!

Təxminlər var, ekstrasens açıqlamaları ara-sıra səslənir, gümanlar, fərziyyələr eşidilir...

Görünən isə odur ki...

***

İndi nə qanlı, nə də təmiz neft pula gedir...

İndi adamlar pul hayından çox, can hayındadırlar...

İndi insanlar küçədə gəzməyə, səyahətə çıxmağa, restoranlarda yeyib-içməyə belə qorxurlar!

Heç buna imkan verən də yoxdur!

Deyəsən ən təhlükəsiz yer öz evimiz imiş!

Onda evləri olmayanlar və dağıdılanlar nə etsinlər?

Bax, Allahın qəzəbi buna tutub!

Görün dünyada nə qədər qapısı bağlı boş ev qalacaq!

Görün dünyada nə qədər zülmlə yığılmış pullar xərclənməmiş qalacaq!

Görün dünyada nə qədər zalım bir udum hava ala bilməyib boğulacaq!

İlahi qəzəb belə olur!

***

Özün rəhm elə yaratdıqlarına, İlahi!

Yolunu azmış dünyanı özün səbirlə nizama sal, Ulu Tanrım!

Səbrin kimi qəzəbin də böyükmüş, Allahım!


Bəxtiyar SADIQOV



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM