14 Iyul 2013 02:07
393
Təhsil
A- A+

3 ildə 13 məktəb binası tikilib

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının bölgələrə ən böyük töhfələrindən biri də yeni məktəb binalarının inşası ilə bağlıdır. Təkcə son üç ildə Şəmkir rayonunda 13 məktəb binası tikilib, yaxud əsaslı şəkildə təmir edilib. Ümumən yeni tikilən  binalardan altısı Heydər Əliyev Fondunun vəsaiti hesabına olub.

Sabirkənd Şiştəpə  bölgəsində yerləşir. Burada azı beş min nəfər əhali yaşayır. Barlı-bəhrəli kəndlərdən biri sayılır. Rayonun ən iri təhsil ocaqlarından biri məhz Sabirkənddə yerləşir. Şagirdlərin sayı doqquz yüz nəfərdən çoxdur. Rayon üzrə qabaqcıl məktəb kimi tanınır. Hər il 16-18 nəfər ali məktəblərə daxil olur. Ötən il 643 bal toplayan Kəklik Cavadova Bakı Dövlət Universitetində, 634 bal yığan Aytac Əliyeva isə Xarici Dillər Universitetində təhsil alır. Məktəbin azı doxsan yaşı var. Ötən əsrin iyirminci illərində  açılıb. Əvvəllər çox darısqal otaqlarda yerləşirdi. Sonralar uyğunlaşdırılmış binaya köçürülsə də, şəraiti heç də yaxşı deyildi. Ona görə də indi müasir quruluşlu üçmərtəbəli məktəb binası inşa edilir. 960 nəfər üçün nəzərdə tutulub. Bu, bölgənin ən iri məktəblərindən biri olacaq.

Məktəb binasının inşası "Şəmkir - 18" MMC-nin ustalarına həvalə olunub. Bu günlərdə Sabirkənddə olduq. Hər iş qabaqcadan tərtib edilmiş cədvəl üzrə gedirdi. Yuxarı mərtəbədə hörgü işləri, dam örtüyü başa çatıb. Aşağı mərtəbələrdə taxta döşənir, qapı-pəncərələr salınır, suvaq işləri aparılır. Su, işıq, kanalizasiya problemləri artıq həll olunub. Müasir üslublu istilik sistemi quraşdırılır. Əsasən rəngləmə və ətrafın abadlaşdırılması işləri qalır. İş icraçısı Fazil Cəfərov, ustalardan Nəvai Qarayev, Saməddin Alırzayev, Mahmud Qarayev və başqaları səylə, səliqə ilə çalışırlar.

Məktəb binasının tikintisinin gedişi ilə kənddə hamı maraqlanır. Müəllimlər, valideynlər tez-tez gəlib baxır, yeri düşəndə  ustalara qayğı, kömək göstərirlər. Burada işıqlı-yaraşıqlı onlarca  sinif otağı, bir neçə laboratoriya, fənn kabineti, kitabxana, yeməkxana və idman zalı olacaqdır. Təzə məktəb binası yeni dərs ilinə kimi istifadəyə veriləcəkdir. Kənd sakinləri son illərdə məktəb tikintisinə olan qayğı və diqqətdən ürək dolusu danışır, deyirlər ki, təkcə bu ətrafda, bir neçə məktəb binası inşa olunub, yaxud əsaslı şəkildə təmir edilib.

Təhsil şöbəsinin müdiri Məcid Şıxlı deyir ki, son illərdə Şəmkir rayonunda digər abadlıq və quruculuq işləri ilə yanaşı məktəb tikintisinə də xüsusi üstünlük verilir. Ümumtəhsil məktəblərinin yarıdan çoxu yenidən tikilib, yaxud əsaslı təmir olunub. Keçən il Abbaslı kənd 1 saylı, Düyərli kənd 2 saylı məktəblərinin hər biri üçün 480 yerlik yaraşıqlı  bina istifadəyə verilib. Seyidlər kənd məktəbi də təzə binaya köçüb. Düyərli 2 saylı və Günəşli tam orta məktəblərinin binaları əsaslı təmir olunub.

Cari ildə Ceyrançöldə və  Qaralar kəndində yeni məktəb binaları vaxtından əvvəl istifadəyə verilib. Hazırda Sabirkənddən əlavə Nazirlər Kabinetinin 2012-ci il 6 fevral tarixli sərəncamına əsasən Zəyəm qəsəbəsində iki saylı orta məktəb üçün 480 yerlik, Qasım İsmayılov və Seyfəli kəndlərinin hər birində 360 yerlik  məktəb binaları  inşa olunur. Dağ Cəyir və Yeni Göyçə məktəbində isə əsaslı təmir işləri görülür.

Məktəblərin  maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar  tədrisin keyfiyyətinin daha da yüksəldilməsi və təzə məktəb binalarının təmiz və abad saxlanılması üçün sistemli tədbirlər görülür. Xanalar, Ceyrançöl, Qaralar məktəblərində və başqa yerlərdə sanitar qrupları yaradılıb. Məktəbə ayaqqabı ilə girmək qadağandır. Bütün şagirdlər çəkələklə təmin olunur. Divarlarda, otaqlarda, dəhlizlərdə azacıq toz-torpaq müşahidə olunan kimi növbətçi "sanitarlar" o dəqiqə təmizləyirlər. Bununla yanaşı, yeni istifadəyə verilən binaların həyətlərinə ekoloji qruplar nəzarət edir. Hər hansı ağac və gül kolu quruyan kimi yenisi ilə əvəz olunur. Səkilər və istinad divarları müntəzəm surətdə təmizlənir. İmkan olan yerdə meyvə və bəzək ağacları əkilir. Sabirkənd məktəbinin fəalları təzəlikcə yol boyu iki yüzdən çox ağac əkiblər. Rayon təhsil şöbəsində dedilər ki, hər hansı məktəbin fəaliyyətinə qiymət veriləndə tədrisin keyfiyyəti ilə yanaşı kollektivdəki səliqə-sahmana da xüsusi diqqət yetirilir.

 

Əhməd İSAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video