29 Sentyabr 2021 01:09
537
SİYASƏT
A- A+

29 sentyabr

 

Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhəboyu gərgin döyüşlər davam edir.

Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərir.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını alır.

Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilir.

Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilir.

Gərgin döyüşlər davam edir. Düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edilir.

***

Səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir.

Səhər saat 07:00-08:00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilir.

***

Ermənistan növbəti provokasiyaya əl atır. Səhər saat 07:30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur.

***

Bütün cəbhəboyu döyüşlər davam edir.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə məxsus növbəti iki tank dəqiq atəşlə məhv edilir. Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirir.

İşğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun Eçmiədzin rayonunda dislokasiya olunan 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan məhv edilir.

***

Almaniya Kansleri Angela Merkel Prezident İlham Əliyevə telefonla zəng edir.

Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edən Angela Merkel hadisələrin gedişi ilə maraqlanıb.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədib, ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələrimizi, şəhər və kəndlərimizi atəşə tutub. Nəticədə iki gün ərzində hərbçilərimiz, 10 mülki şəxs, o cümlədən iki uşaq həlak olub, 29 mülki şəxs yaralanıb, 150 yaşayış evi dağıdılıb. Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb.

İlham Əliyev vurğulayıb ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət bu ölkənin siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.

***

“Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!”

Bu fikir Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsindəki paylaşımında yer alır. Paylaşımda daha sonra deyilir: “Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir”.

Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edən Mehriban xanım vurğulayır ki, bu gün xalq niyyəti, hərəkət və duaları ilə misligörülməmiş birlik göstərir: “Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

***

Rusiyanın “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedir. Verilişdə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırırlar.

İlham Əliyev hər zaman olduğu kimi yenə də qətiyyətli və prinsipial mövqeyini nümayiş etdirərək bildirir ki, artıq üçüncü gündür şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır. 

Dövlətimizin başçısı Ermənistanın bu savaşda Türkiyənin iştirakı ilə bağlı uydurmalarına da aydınlıq gətirərək deyir ki, Türkiyə Azərbaycana yalnız mənəvi dəstək göstərir. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfinin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət də yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.

Beynəlxalq ictimaiyyət qarşısında çıxış edərkən dəfələrlə rəzil duruma düşən Nikol Paşinyan növbəti dəfə də ənənəsini pozmadı. Verilişin aparıcılarının sualları qarşısında aciz qalan Ermənistanın baş naziri yenə də çıxışında heç bir fakta əsaslanmayan yalan və uydurmalar söylədi.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video