26 Sentyabr 2021 00:48
1180
SİYASƏT
A- A+

27 sentyabr saat 06:00...

 

Qələbə vədi ilə başlayıb Zəfərlə bitən savaş tariximizin şərəfli səhifəsinə çevrildi

 

27 sentyabr saat 06:00 radələri... 30 ilə yaxın müddət ərzində Azərbaycana qarşı davamlı təxribatlar törədən Ermənistan silahlı qüvvələri həmin gün növbəti hərbi əməliyyata başlayırlar.

Bu təxribatdan az sonra Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yenidən qoşunlarımıza əməliyyat apardığı barədə məlumat yayır və Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın buna cavab olaraq, bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərarın verildiyini açıqlayır.

Azərbaycan xalqı müharibənin başlayacağı günü səbirsizliklə gözləsə də, həmin anın artıq yetişdiyindən, verilən qərarın arxasında müharibənin başlanma xəbərinin dayanmasından hələ xəbərdar deyil.

Cəbhədə gərginliyinin artdığını eşidən hər kəs tarixi torpaqlarımızın işğaldan azad edilməsi üçün bu dəfə hərbi qüdrətimizi göstərməyin vaxtı çatdığını düşünərək Zəfər bayrağımızı öz gücümüz hesabına həmin torpaqlara sancmağı, bu münaqişənin birdəfəlik həllini arzulayır.

Və 44 gün sonra bu arzu, nəhayət ki, gercəyə çevrilir!

 

Müharibənin elə ilk günündə xalqa Zəfər vəd edildi

 

Düşmənin hücum əməliyyatına layiqincə cavab verən Azərbaycan beynəlxalq masalar arxasında 30 ilə yaxın davam edən mənasız danışıqlardan sonra Vətən müharibəsinə başladı. Xalq bu xəbəri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdən aldı: “Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikası sıradan çıxıb. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Bu müraciətdən sonra yaşından asılı olmayaraq, hər kəs qisasımızın alınması üçün əlindən gələni etməyə çalışdı. Əli silah tutan bütün kişilər - gənclər, hətta yaşlılar belə döyüşlərə könüllü qatılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyata alınmağa tələsdilər. Dəfələrlə ehtiyacın olmadığının bildirilməsinə baxmayaraq, qadınlar özlərinin bişirdikləri ləziz xörəkləri, toxuduqları corabları əsgərlər üçün göndərməyə çalışdılar, yaşlı pensiyaçılar özlərinin aylıq təqaüdlərini, işləyən şəxslər əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürdülər. Bu Vətənin övladı olan hər kəs müharibədən qalib çıxmağımız üçün bacardığını edirdi.

 Xalqına zəfər vəd edən və vədini yerinə yetirən Ali Baş Komandanın rəhbərliyi altında aparılan Vətən müharibəsinin elə ilk günlərindən xoş xəbərlər eşitməyə başladıq. Qəhrəman oğullarımızın canı-qanı hesabına işğal altındakı torpaqlarımız qarış-qarış, bir-bir azad edilirdi.

Müharibəni beynəlxalq hüquq prinsiplərinə uyğun olmaqla aparan Azərbaycanın əsas məqsədi 30 ilə yaxın erməni işğalı altında qalan tarixi torpaqlarımızı əsl sahibinə, yəni özümüzə geri qaytarmaq idi.

Bunu dövlət başçısı xalqa həmin gün etdiyi müraciətində də dedi: “Biz öz torpağımızda vuruşuruq. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır... Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir”.

 

Biz müharibə istəmirdik

 

Azərbaycan xalqı nə qədər əzmkar, döyüş ruhlu olsa da, yeni müharibənin başlamasının tərəfdarı deyildi və səbirlə erməni işğalçılarının torpaqlarımızdan çıxacağı günü gözləyirdi.

Torpaqlarımızın sülh şəraitində geri qaytarılmasını istədiyimiz dəfələrlə ən yüksək səviyyələrdə, ən ali tribunalarda da bildirilmişdi. Bunu Ali Baş Komandan İlham Əliyev bu il iyunun 26-da Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə növbəti dəfə xatırladıb: “Ümidlər var idi ki, Ermənistan rəhbərliyində heç olmasa özünüqoruma instinkti özünü büruzə versin və onlar öz xoşları ilə bizim torpaqlarımızdan çıxsınlar. Əgər bu olsaydı, müharibəyə ehtiyac qalmazdı. Biz müharibə istəmirdik və bu gün də istəmirik”.

Lakin Ermənistan torpaqlarımızın qeyd-şərtsiz geri qaytarılması təklifini birmənalı şəkildə rədd edərək işğalçılıq siyasətini davam etdirdiyi üçün İkinci Qarabağ müharibəsi qaçılmaz idi. İllərlə uzanan danışıqların heç bir nəticə verməməsi münaqişənin sülh yolu ilə həllini mümkünsüz edirdi. Bu münaqişənin yeganə həll yolu yalnız hərb gücündən istifadə idi.

 Milli Məclisin deputatı Hikmət Məmmədov söhbətimizdə bildirdi ki, əslində, Azərbaycan istəmədən müharibəyə cəlb edilmişdi. 30 ilə yaxın müddət ərzində torpaqlarımızın 20 faizi işğal altında qaldığı üçün istəsək də, istəməsək də müharibənin olması labüd idi. Çünki mənfur düşmən olan Ermənistan işğal etdiyi torpaqları sülh yolu ilə qaytarmaq istəmirdi: “Belə olduqda müharibə qaçılmaz idi və Azərbaycan da buna bütün gücü ilə hazırlaşırdı. Sadəcə, müharibənin nə vaxt və necə olması zərgər dəqiqliyi ilə hesablanmalı idi. Bütün beynəlxalq, hərbi-siyasi və strateji şərtlər lehimizə təmin edilməli, düzgün qiymətləndirilməli idi. Əks təqdirdə, ikinci bir məğlubiyyətin yükünü qaldırmaq bəlkə də mümkün olmazdı”.

Deputat qeyd edir ki, Azərbaycan Prezidenti böyük strateq və tarixi şəxsiyyət kimi, bütün bu strateji incəlikləri dəqiq hesablayaraq torpaqlarımızı işğaldan azad etdi, düşmənə yüzilliklər boyu unutmayacağı dərs verdi. Onun sözlərinə görə, heç bir müharibənin nəticəsini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Ancaq Azərbaycan Prezidenti uzun illər boyu qələbəmizin təmin olunmasına elə hazırlaşmışdı ki, hüquqi, hərbi-strateji, iqtisadi, siyasi-diplomatik sahədə heç bir çatışmazlıq yox idi. Buna görə də Azərbaycan xalqı öz böyük liderinə inanırdı və ondan qələbə gözləyirdi. Bu inamın, bu etimadın nəticəsi isə göz qabağındadır.

 

Azərbaycan xalqının birliyi - “dəmir yumruq”

 

44 gün davam edən hərbi əməliyyatların “dəmir yumruq” adlandırılması təsadüfi deyil. Çünki “dəmir yumruq” Azərbaycan xalqının iradəsini, dövlətimizin, ordumuzun gücünü, xalq-Prezident-ordu birliyini təcəssüm etdirirdi.

“Dəmir yumruğ”un gücü adi yumruq gücü deyil. Bunu Prezident İlham Əliyev də ötən il noyabrda Şəhidlər xiyabanında Azərbaycan xalqına etdiyi müraciətində demişdi: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, “dəmir yumruq”dur. Bu “dəmir yumruq”la düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirir ki, Azərbaycanda dövlət-xalq-ordu birliyi qələbə gününü bizə yaxınlaşdırdı: “Mən dövlət, xalq və ordunu bir-birindən ayırmıram. Çünki biz bu qələbə arzusunu birlikdə yaşamışıq. Bu qələbə üçün yalnız bir anı - Ali Baş Komandan, Prezident İlham Əliyevin əmr verməsini gözləyirdik. Ali Baş Komandan əmr verdikdən sonra ordumuzun bu missiyaya hazırlığı qələbəmizi təmin etdi. Bu, belə də olmalı idi. Qələbə çalacağımıza heç vaxt şübhə etmirdik, bunun sadəcə geci-tezi var idi”.

Azərbaycan cəmiyyətinin müharibədə böyük sınaqdan keçdiyi qənaətində olan hərbi ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin də dediyi kimi, biz bu müharibəni gənclərin sayəsində udduq. Azərbaycan Vətən sevgisi olan, bu torpaq üçün canından keçə bilən yeni gənc nəsil yetişdirməklə bu qalibiyyəti əldə etdi: “Çox zaman deyirlər ki, Birinci Qarabağ müharibəsində torpaqlarımızın 20 faizini itirdik. Amma mən deyirəm ki, biz torpaqların 80 faizini saxlamağa nail olduq. Bu gənclər Birinci Qarabağ savaşında öz canı-qanı hesabına Azərbaycan ərazisinin 80 faizini düşməndən qorumağa nail olan ataların övladlarıdırlar. Bu övladlar həmin 80 faizi yenidən 100 faizə çevirdi”.

Milli Məclisin deputatı Elman Məmmədov söyləyir ki, torpaqlarımızın işğal altında olduğu dövrdə hər bir azərbaycanlı onların azad edilməsi barədə düşünürdü. Bu müddət ərzində Azərbaycanın daxili və xarici siyasətinin yeganə məqsədi qüdrətli ölkəyə çevrilmək, güclü iqtisadiyyata, orduya, ümumxalq birliyinə nail olmaq idi. Bu birlik ordunun arxasında elə dayanmalı idi ki, düşməni torpaqlarımızdan çıxara bilsin: “Biz Azərbaycan Prezidentinin rəhbərliyi altında hər an bunun üçün çalışırdıq. Bu müdrik siyasət bizi qələbəyə apardı və biz torpaqlarımızı işğaldan azad etdik. Bu qələbə labüd idi. Çünki bu, Prezidentin rəhbərliyi altında ümumxalq hərəkatına çevrilmişdi və nəticədə xalq-iqtidar-ordu birliyi yaranmışdı. Ordu arxasında dəmir yumruq kimi dayanan xalqı gördü. Bu birlik sayəsində biz zəfər çaldıq”.

 

Azərbaycan əsgərinin önündə onu ruhlandıran sərkərdə var idi

 

Bu müharibədə Azərbaycan və Ermənistan yalnız hərbi texnika və silahlarla təminat baxımından bir-birindən fərqlənmirdi. Yüksək döyüş qabiliyyəti və savaş ruhunun olması bu müharibədə Azərbaycan hərbçisini erməni hərbçisindən fərqləndirən ən əsas keyfiyyət idi.

Azərbaycan əsgəri döyüş meydanından sağ-salamat qayıtmamaq ehtimalını gözə alsa da, əməliyyatlarda yüksək əhvali-ruhiyyə ilə iştirak edirdi. Bu həm də ona görə idi ki, Azərbaycan əsgəri arxasında deyil, məhz önündə onu düşmənlə döyüşə ruhlandıran baş sərkərdəsini, həmçinin generallarını, ali rütbəli zabitlərini görürdü. Bu müharibənin səngəri yalnız əsgər üçün deyildi. Bu səngərdə sıravi əsgər öz generalı ilə birlikdə düşmənə qarşı mübarizə aparırdı. Tovuz döyüşlərində şəhid olmuş general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ali rütbəli zabit kimi ön sıralarda döyüşərək qəhrəmancasına həlak olmaları da onu sübut edir ki, Azərbaycanın sıravi əsgərindən tutmuş ən ali rütbəli zabitinə qədər hər kəs döyüş tapşırığını ləyaqətlə yerinə yetirməyə, Vətən torpağı uğrunda fədakarlıq göstərməyə, canını fəda etməyə hazırdır.

Bütün bunlara görə idi ki, Azərbaycanın ali rütbəli zabiti sıravi əsgərlə bir sırada, eyni səngərdə döyüşürdü. Və onlar əsgərinə “irəli” deyil, məhz “arxamca” komandasını verirdi.

Ermənistanın hərbçiləri arasında isə vəziyyət tam əksinə idi. Müharibə dövründə erməni idmançı Eduard Vartanyanın dediyi fikirləri yada salaq: “Azərbaycan Ordusunun Cəbrayıla hücumu zamanı Ermənistan ordusunun baş qərargahında baş operativ idarə rəisinin birinci müavini Komitas Muradyan əsgərləri ataraq qaçdı. O, yanından keçən çörək maşınını saxlatdırdı, içindəki yaralı əsgərləri çıxardı və sürücüyə əmr elədi ki, onu döyüş meydanından uzaqlaşdırsın”.

Müharibənin elə ilk günündə Ermənistan hərbi komandanlığının fərari əsgərlərə silah tətbiq edilməsi barədə əmr verməsi, fərarilərin tutulub saxlanılması üçün işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postlarının qurulması erməni əsgərlərinin bu döyüşə hansı əhvali-ruhiyyə ilə getməsinin göstəricisi idi. Həmin postlarda silahın tətbiqi ilə ciddi insidentlərin qeydə alınması, bunun nəticəsində hətta ölən və yaralananların olması məsələsi ermənilərin özləri tərəfindən də mətbuatda kifayət qədər işıqlandırılmışdı. Erməni əsgərlərinin döyüş meydanından qaçacağını görən ordu rəhbərliyinin onların qolunu sükana qandallaması, çətin vəziyyətə düşə bilən əsgərin qaça bilməməsindən ötəri yük maşınlarının qapısındakı kilidlərin sındırılması faktı isə Azərbaycan hərbçilərinin ermənilərin döyüş meydanında qoyub qaçdıqları hərbi texnikalara baxış keçirmələri zamanı üzə çıxıb.

 

Biz güclü istehkam yaradan düşmənlə vuruşduq

 

“Global Fire Power” araşdırma şirkətinin dünya ölkələrinin orduları üzrə hazırladığı “2020: hərbi güc reytinqi” adlı reytinq siyahısında Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsi hesab edilib. Hərbi gücünə, büdcəsinə görə Azərbaycandan xeyli geridə qalan Ermənistan siyahıda yalnız 111-ci yerdə qərarlaşa bilib.

Bu imkanlarına baxmayaraq, Ermənistan böyük güc dövlətlərinin dəstəyi ilə işğal altında qalmış torpaqlarımızda uzun illər ərzində güclü mühəndis-istehkam sistemləri yarada bilmişdi. Belə güclü istehkam sistemi yaradan, güclü dövlətlərdən yardım alan Ermənistanı heç də zəif düşmən hesab etmək olmazdı.

Bu fikirlə razılaşan Şair Ramaldanov da hesab edir ki, aparılan döyüşlər də Azərbaycan Ordusunun zəif düşmənlə savaşmadığını açıq şəkildə göstərirdi: “Ancaq burada bəzi amillər var. Birincisi, haqq və nahaq. Azərbaycan əsgərinin işi haqq işi idi. Azərbaycan əsgəri öz torpağını azad edirdi, öz missiyasını yerinə yetirmək, Vətənindən didərgin düşənləri geri qaytarmaq üçün vuruşurdu.

İstər Ulu Öndər Heydər Əliyevin, istərsə Prezident İlham Əliyevin hakimiyyətdə olduqları müddətdə Azərbaycanın ordu quruculuğu birbaşa Ali Baş Komandanlığa bağlı olub. Ulu Öndərin dövründə də Azərbaycan Ordusu bölgənin ən güclü ordusu idi. Heydər Əliyevin kursunu davam etdirən Prezident İlham Əliyev Azərbaycan Ordusunu müasir səviyyədə inkişaf etdirərək onu döyüş hazırlığı yüksək olan 50 ən güclü ordu sırasına daxil edə bildi. Azərbaycanın bu savaşı XXI əsrin tələblərinə cavab verən müharibə sayılır. Əlbəttə, bu fikir elə-belə söylənilmir. Müasirlik amili bu müharibədə üstün oldu. Ancaq modern silahların istifadəsi üçün onu tətbiq edə bilən şəxsi heyətin olması vacibdir. Buna görə Azərbaycan Ordusuna intellektual potensiala sahib, müasir silah idarə edə biləcək mütəxəssislər cəlb edildi və yetişdirildi. Onlar müharibədə həmin silahlardan məharətlə istifadə etdilər”.

Şair Ramaldanov əlavə edir ki, Azərbaycan Ordusu mümkün ola biləcək bütün variantları irimiqyaslı təlimlərdə məlum ssenarilər üzrə sınaqdan keçirirdi: “Müharibə zamanı bizim üçün heç bir istiqamət gözlənilməz deyildi. Biz bütün istiqamətlərdə uğurla döyüşə bilirdik. Əgər bir istiqamətdə uğur qazanırdıqsa, bu, başqa istiqamətə keçdiyimiz zaman da baş verirdi. Müharibədə bütün qərarları Ali Baş Komandanın özü verirdi. Ali Baş Komandan böyük sərkərdəlik məharəti göstərərək məhz uğur əldə edilən istiqaməti seçirdi və buna görə də biz hər gün yeni-yeni yaşayış məntəqələrini işğaldan azad edirdik”.

Elman Məmmədovun sözlərinə görə, Azərbaycan Ordusunun zəif Ermənistan ordusuna qalib gəlməsini düşünənlər səhv edirlər. Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal etdiyi ərazilərdə yaratdığı güclü hərbi mühəndis istehkam sistemləri dağıtmaq, həmin sədlərdən keçmək üçün son dərəcə güclü ordunun olması, ağıllı hərbi planlar tərtib etmək bacarığı olan, qətiyyətli, cəsarətli Ali Baş Komandan lazım idi: “Biz bilirdik ki, qarşımızdakı düşmən necə hazırlıqlar aparıb. Biz döyüş qabiliyyəti kifayət qədər yüksək olan, müdafiəyə uzun illər ərzində kifayət qədər güclü hazırlanmış bir orduya, dövlətə qalib gəldik. Ancaq bizim ordumuz bu ordudan döyüş qabiliyyətinə, vətənpərvərliyinə görə dəfələrlə üstün idi”.

Deputat qeyd edir ki, Ermənistan Azərbaycanın müharibədə qələbə çalacağını gözləmirdi. Bu dövlət Azərbaycanın getdikcə gücləndiyini dərk etsə də, o, xam xəyallarla yaşayır, Azərbaycan və Azərbaycan Ordusunun 1990-cı illərin əvvəllərində olan vəziyyətdə qaldığını fikirləşirdi: “Onlar həmişə bəyan edirdilər ki, əgər müharibəyə başlasanız, sizin daha bir necə rayonunuzu alacayıq. Hətta Bakıya gəlib çatacağıq. Onları belə xəstə xam xəyallar arxayınlaşdırmışdı. Ancaq “dəmir yumruq” onların başına elə dəydi ki, bu gün də özlərinə gələ bilmirlər”.

Elman Məmmədov deyir ki, Azərbaycan zabitlərinin, Ali Baş Komandanın hərbi bilikləri, dövlətimizin hərbi qüdrəti, hazırlanan əməliyyatların qətiyyəti, Azərbaycan əsgərinin döyüş ruhu, mübarizliyi bu zəfəri bizə qazandırdı.

 

İnformasiya savaşında qələbə

 

Müharibə dövründə Azərbaycan yalnız Ermənistanla vuruşmadı. Müharibənin ilk günlərindən məlum dövlətlər Azərbaycana müxtəlif yollarla təzyiqlər göstərirdi. Ölkəmizə qarşı hər zaman ikili standartlar nümayiş etdirən beynəlxalq aləm yenə də daha çox Ermənistanın haqsız mövqeyini qorumaqda israrlı idi. Prezident İlham Əliyev bu təzyiqlərə qarşı dözümlülük göstərərək savaşı sonadək davam etdirmək qərarından dönmədi.

“Biz Qərb mediasını yaxından müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi. Ermənistan tərəfində heç nə baş vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar 21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək üçün kassetli bombalarla “Smerç”dən istifadə ediblər? Heç kim ondan soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnız Azərbaycanı ləkələyir”, - deyən Prezident İlham Əliyev də müharibə dövründə BBC-yə verdiyi müsahibəsində xarici media qurumlarının Azərbaycana qarşı olan münasibətinə xüsusi diqqət çəkirdi.

Milli Məclisin deputatı Hikmət Məmmədovun sözlərinə görə, istər müharibə, istərsə sonrakı dövr ərzində bir daha aydın oldu ki, Azərbaycan yalnız erməni faşizmi üzərində deyil, bu mənfur faşizmi dəstəkləyən, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, uzun illər davam edən, “status-kvo”nu əbədi etmək istəyən çoxsaylı güc mərkəzi üzərində də qələbə çalıb. İllər ötdükcə əldə etdiyimiz zəfərin nə qədər böyük olduğunu daha çox dərk edəcəyik. Milli kimliyimizin yeni miladı, milli qürurumuzun yeni səhifəsi olan bu qələbə tarixi düşmənlərimizin məğlubiyyəti olmaqla Azərbaycanı dövlət kimi tamamilə yeni bir inkişaf mərhələsinə qaldırmış oldu. Bu böyük qələbəni təmin edən, müharibə dövründə və ondan sonrakı “səssiz” müharibə mərhələsində bizə edilən bütün təzyiq və hədələrə qarşı duruş gətirə bilməmizin üç əsas səbəbi var. Bunlar Ali Baş Komandanın qətiyyətli və uzaqgörən olması, illərlə formalaşdırılmış və ən yüksək səviyyədə təchiz edilmiş milli ordu və xalqın öz böyük liderinə inamı, dəstəyidir. Digər çoxsaylı strateji amili buraya əlavə etməli olsaq da, böyük tarixi zəfərimiz bu üç mühüm strateji amilin təmin edilməsi sayəsində baş tutub.

Şair Ramaldanov deyir ki, müharibə dövründə diplomatiya sahəsində də müəyyən risklər var idi. Bu risklərin qarşısını Ali Baş Komandan İlham Əliyev qətiyyətlə alırdı: “Görürdük ki, müharibə vaxtı bizə mane olan qüvvələr var. Hətta ATƏT-in Minsk qrupunun üzvləri belə təzyiqlər göstərirdilər. Ancaq Prezident İlham Əliyevin apardığı siyasət sayəsində digər güc dövlətləri Azərbaycanın haqq işinə müdaxilə edə bilmədilər. Aprel döyüşlərindən sonra Prezident İlham Əliyev dedi ki, əgər Azərbaycan və Ermənistan ordusunu təkbətək qoysalar, Azərbaycan Ordusu qısa zaman ərzində işğalçı qüvvələri darmadağın edərək ərazi bütövlüyünü bərpa edə bilər. O zaman bizi təkbətək qoymadılar. Amma bu müharibədə Prezident İlham Əliyevin apardığı siyasət bizi o risklərdən qorudu. Nəticədə üçtərəfli Bəyanat ortaya çıxdı və biz ərazi bütövlüyümüzü tam şəkildə bərpa edə bildik”.

Hikmət Məmmədov Azərbaycanın müharibə dövründə də informasiya müharibəsinin qalibi olduğunu açıqlayır. O əlavə edir ki, müharibə dövründə Azərbaycan Prezidenti İlham Əliyev xalqı məlumatsız qoymayaraq dezinformasiyaların yayılmasına şərait yaratmadı. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı bütün xəbərlər birbaşa onun vasitəsilə xalqa çatdırıldı. Hətta Ermənistan da dəqiq informasiyaları Azərbaycan Prezidentindən öyrənirdi. Azərbaycan Prezidenti Ali Baş Komandan kimi eyni vaxtda bir neçə cəbhədə savaşdı və hamısında qətiyyətli və mütləq qələbə əldə etdi: “Hibrid müharibələrin çoxsaylı komponentləri içərisində ən əsaslarından biri psixoloji, digəri isə informasiya müharibəsidir. Digər bütün istiqamətlərdə olduğu kimi, bu iki mühüm istiqamət üzrə də Prezident

İlham Əliyev böyük qələbə əldə etdi. Dezinformasiyanın müharibə vaxtı çox önəmli silah olduğunu bilən Ali Baş Komandanımız xalqımızı bir an belə informasiyasız qoymadı. Müharibənin gedişi haqqında dəqiq xəbərlər verməklə az qala hər gün millətimizi yeni müjdələrlə sevindirdi. Buna paralel olaraq, dünyanın ən aparıcı media qurumları vasitəsilə beynəlxalq ictimaiyyətə haqq səsimizi çatdırdı. İmkan vermədi ki, hansısa sahədə informasiya boşluğu yaransın və bu boşluğu dərhal düşmənin dezinformasiya maşını doldursun. Məhz bu cür mükəmməl informasiya strategiyası qələbəmizi təmin edən əsaslardan biri oldu”.

 

İlham Əliyev mifik erməni ideologiyasını məhv etdi

 

Azərbaycan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc deyir ki, İlham Əliyev strategiyası Qarabağı beynəlxalq masalardan birdəfəlik çıxarıb və onun yerini quruculuq gündəlikləri ilə əvəz edib. Onun strategiyası fədakar xalqının məğlubiyyət şüurunu unutdurur, min illərlə yaşı olan tarixinin qalibiyyət salnaməsinin qırılmaz bağlarını yeni dövlət və millət quruculuğunun təməllərinə daşıyır: “Levon Ter Petrosyanın sabiq müşaviri və əqidə silahdaşı olan, öz xalqının faciələrini açıq söyləyən Jirayr Libaridyan deyir ki, savaşı əvvəlcədən qazana bilməyəcəyimiz aydın idi və biz məğlubiyyətə məhkum idik. Onun “suverenlik və müstəqilliyimizin böyük bir hissəsini itirdik” sözləri ilk növbədə, İlham Əliyevin təkcə ərazilər uğrunda savaşı deyil, həm də ideya müharibəsini udmasını və mifik erməni ideologiyasının üzərindən xətt çəkməsini nəzərdə tutur”.

Deputat əlavə edir ki, iki əsrlik məğlubiyyət keçmişini dəyişmək mümkün deyil, lakin aldığımız dərslər yeni eranı Qələbə ilə başlamağa yol açdı: “İlham Əliyev bir millətin mədəniyyət və ideologiyasının səhv olduğunu bütün dünya erməniçiliyinə göstərməklə min illərin qələbəsini qazandı. Yeni eranın birinci 20 illiyini qələbə ilə keçirən

İlham Əliyev Qarabağ zəfərini möhkəmləndirərək Kəlbəcərdən Zəngilana qədər olan strateji coğrafi yüksəkliklərə nəzarəti təmin etdikdən sonra yeni siyasi doktrinə keçidi elan edir. O, uzun illər düşmənin adı ilə yanaşı işlənən İrəvan sözünün qədim və doğma mənasını ruhi, mənəvi düşüncələrə, təhlillərə, siyasi leksikona qaytarır”.

Zahid Oruc bildirir ki, bir vaxtlar Xəzərin ətrafında qurulan qlobal neft konsorsiumu və Qafqazları dəyişdirən iqtisadi müharibənin parametrləri indi Britaniya, Türkiyə, Rusiya və digər dövlətlərin Zəngilandan Kəlbəcərədək geniş bir zolaqda qızıl yataqları, təbii sərvətləri və böyük qayıdış ətrafında razılaşma formuluna köçürülür.

Onun fikrincə, əslində, “Əsrin kontraktı”nı Vejnəlidən Zod yataqlarınadək geniş zolağa daşımaq bir tərəfdən yeni torpaqlarda sülh və təhlükəsizliyi gücləndirmək üçün beynəlxalq zireh yaradır. Digər tərəfdən, aparılan müharibənin prinsiplərini heç vaxt unutmağa qoymur.

 

Bu müharibədə haqlı olan da, güclü olan da BİZ idik

 

Tariximizin yeni qızıl səhifəsini açan Vətən müharibəsində yenidən qazandığımız Qarabağ torpaqları indi canlanma mərhələsindədir. Postmüharibə dövrünü yaşayan Azərbaycan 10 noyabr Bəyanatının imzalanmasından ötən dövr ərzində Qarabağ bölgəsinin dirçəlməsi üçün yenidənqurma işləri aparır, hərbi, iqtisadi baxımdan mühüm strateji layihələr həyata keçirir.

Ancaq müharibə bitsə də, biz həm bu müharibəyə qədər, həm də müharibə dövründə olan erməni vəhşiliyini unuda bilmərik. “Biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək”, - deyən Prezident İlham Əliyev də erməni vəhşiliklərinin hər zaman yaddaşımızda qalacağını xatırladır.

Bizim unutmamalı olduğumuz və gələcək nəsillərə ötürülməli olan bir mesajımız var: Biz bu müharibəyə başlamadıq, amma qətiyyətli iradəmizin verdiyi güc hesabına bu müharibəni məhz biz bitirdik və onun qalibi də biz olduq. Çünki bu müharibədə haqlı olan da, güclü, mübariz olan da, uğrunda döyüşdüyümüz torpağımız üçün canını fədakarcasına qurban edə bilən də BİZ idik.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video