05 Oktyabr 2021 00:43
2706
SİYASƏT
A- A+

27 illik işğala 8 gündə son qoyuldu

 

1 il öncə Cəbrayılı azad edən uğurlu hərbi əməliyyat Vətən müharibəsinin şanlı səhifəsi oldu

 

Haqqında hələ yüz illər sonra da danışılacaq şanlı Vətən müharibəsinin 8-ci günü - 2020-ci il, 4 oktyabr...

 Azərbaycan xalqı bu müharibənin qüdrətli sərkərdəsi - Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevdən daha bir şad xəbər eşidir: “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”

1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş Cəbrayıl Vətən müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən azad edilən ilk şəhər idi. Dövlət başçısı məhz buna görə Cəbrayıl şəhərinin azad edilməsinin həm də rəmzi baxımdan Azərbaycan üçün vacib olduğunu söyləyib.

 

Döyüşlərin ən çox aparıldığı ərazilərdən biri

 

Cəbrayıl rayonunun Dağ Tumas kəndi yaxınlığındakı “Nəfəsli dərə” deyilən ərazidə yerləşən “Divlər sarayı” mağarası bu diyarın qədim Azərbaycan xalqının yaşadığı bölgələrdən biri olduğunu sübut edir. Araşdırmaçılara görə, Cəbrayıl rayonunun adı eyniadlı kənddən götürülüb. Həmin kəndin adı isə onun əsasını qoymuş Cəbrayıl adlı hörmətli şəxslə bağlıdır. Cəbrayılın “ağa”, “müqəddəs şəxs”, “ata” adlandırılması da təsadüfi deyil. Mənbələrdən alınan məlumatlardan aydın olur ki, həqiqətən Cəbrayıl ata bölgənin çox nüfuzlu adamı, ağsaqqalı olub, xeyirxah insan kimi tanınıb. Bu xüsusiyyətlərə görə Cəbrayıl ata ümumi qəbiristanlıqda deyil, dövrün adətinə uyğun olaraq ona məxsus torpaqların lap yuxarı başında - Alpaşa dağının hündür yerində ayrıca dəfn olunub və tək məzarı olub.

Cəbrayıl rayonu mərkəzi Cəbrayıl kəndi olmaqla, 1930-cu il avqustun 8-də yaradılıb. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 km2, əhalisi 24.300 nəfər olub.

Birinci Qarabağ müharibəsi zamanı cəbrayıllılar erməni işğalçılarına qarşı rəşadətlə vuruşublar. 1993-cü ildə Ağdam rayonu işğal olunub. Bu isə Cəbrayıl və Füzulinin işğalı üçün real zəmin yaradıb. Cəbrayıl fədailərinin və Zəngilan rayonundan köməyə gələn özünümüdafiə qüvvələrinin şiddətli müqavimətinə baxmayaraq, Cəbrayıl şəhəri 1993-cü il 23 avqust tarixində Ermənistan tərəfindən işğal olunub. Birinci Qarabağ müharibəsi dövründə Cəbrayıl rayonu 400 nəfərə yaxın şəhid verib.

1994-cü ildə Azərbaycan Ordusu Cəbrayılın Cocuq Mərcanlı kəndini, 2016-cı ilin aprelində baş verən 4 günlük müharibə zamanı isə bu kəndin 2.9 km şimal-qərbində yerləşən Lələtəpə yüksəkliyini işğaldan azad edib. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin elə ilk günündə azad edilən ərazilərimizin arasında Cəbrayıl rayonunun iki kəndi - Böyük Mərcanlı və Nüzgar kəndləri də olub.

Cəbrayıl rayonu 44 günlük müharibə dövründə döyüş əməliyyatlarının ən çox getdiyi ərazilərdən sayılır. Bu rayonda demək olar ki, müharibə başlayandan bitənədək ərazilərin işğaldan azad edilməsi üçün hərbi əməliyyatlar aparılıb. Cəbrayıl əməliyyatları həm də Azərbaycanın İranla sərhədinin müəyyən hissəsinin bərpasına imkan verib. Cəbrayıl azad edildikdən sonra Azərbaycan özünün üçrəngli bayrağını Cənubi Azərbaycanla Şimali Azərbaycanın Orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilən qədim Xudafərin körpüsünün də üzərinə sancıb.

 

“Biz hər an zəfər müjdələri gözləyirdik”

 

Cəbrayılın Əmirvarlı kəndində doğulan AMEA-nın müxbir üzvü, professor Novruz Quliyev deyir ki, mənfur qonşularımızın 27 sentyabr 2020-il tarixində törətdiyi növbəti təxribatdan sonra Ali Baş Komandan İlham Əliyevin ordumuza əks-hücum əməliyyatına başlaması əmrini verməsi xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Vətəndaşlarımız Ali Baş Komandanın və ordumuzun ətrafında bir yumruq kimi birləşdi: “Biz hər an zəfər müjdələri gözləyirdik. Prezidentin işğaldan azad olunmuş yaşayış məntəqələri haqqında verdiyi məlumatları sevinc göz yaşları ilə dinləyirdik və heç vaxt yaşamadığımız hissləri keçirirdik”.

N.Quliyev əlavə edir ki, Ulu Öndər Heydər Əliyev 1990-cı illərin əvvəllərində yaranmış son dərəcə mürəkkəb şəraitdə müstəqilliyimizi və dövlətçiliyimizi xilas etdi. Qısa müddətdə ictimai-siyasi vəziyyəti sabitləşdirərək sivil, demokratik dövlət qurdu, iqtisadiyyatımızın inkişafı üçün təməl prinsiplərini yaratdı. Dahi rəhbər Heydər Əliyev hakimiyyətə gələn ilk gündən mərkəzi hakimiyyətə tabe olan ordu hissələri yaratmağa başladı. 1993-cü ilin sonu - 1994-cü ilin əvvəllərində uğurlu Horadiz əməliyyatı keçirildi. Qısa müddətdə Füzulinin 22 kəndi, Horadiz qəsəbəsi və Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olundu. Eyni zamanda Beyləqanın işğal olunmaq təhlükəsi aradan qalxdı: “Ulu Öndər 2003-cü ilin prezident seçkilərində İlham Əliyevi dəstəkləmək üçün xalqa müraciət etdi. Dedi ki, onun həll edə bilmədiyi taleyüklü məsələləri İlham Əliyev həll edəcək və ona özü qədər inanır. Bu, həqiqətən də baş verdi”.

N.Quliyev bildirir ki, Prezident İlham Əliyev ölkəni daha da inkişaf etdirməklə, güclü ordu yaratmaqla, çox fəal xarici siyasət aparmaqla 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək tarixi qələbə qazana bildi. İlham Əliyev eyni zamanda siyasi arenada bütün xarici təzyiqləri dəf etdi, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə Qarabağ probleminin siyasi, tarixi və etnik aspektləri barədə dünya ictimaiyyətinə peşəkarlıqla məlumat verdi. Ən müasir silahlarla təmin olunan XXI əsrin ordusunu yaradan Ali Baş Komandanımız əsl sərkərdə kimi bütün əməliyyatlara özü uğurla rəhbərlik etdi və ordumuzu qələbədən qələbəyə apardı: “44 günlük müharibədə ordumuz bir dəfə də olsa geri çəkilmədi, daim irəli getdi. Bu inanılmaz sevinci bizə bəxş etdiyinə görə Prezidentə rayonumuzun sakinləri adından dərin təşəkkürümü bildirirəm. 44 günlük müharibədə zəfərin əldə edilməsində xalqımızın birliyi, vətənpərvərliyi, torpağa bağlılığı, qələbə əzmi böyük rol oynadı. Erməni faşistlərinin şəhərlərimizə atdığı raketlərdən yaxınlarını itirmiş və özləri möcüzə nəticəsində sağ qalmış, uçqunların altından çıxmış vətəndaşlarımız ancaq “irəli” deyirdilər. Övladlarını itirmiş valideynlər “Vətən sağ olsun” deyirdilər. Əlbəttə, belə xalqı heç kim məğlub edə bilməzdi”.

 

Xarabalığa çevrilmiş kəndlər, dağıdılmış evlər, məzarlar...

 

Azərbaycan Ordusu Cəbrayılı işğaldan azad edəndə erməni barbarlığının bir daha  şahidi olduq. Rayon xarabalığa çevrilib: tarixi, eyni zamanda, dini təyinatlı abidələrlə zəngin rayonlardan olan Cəbrayıldakı abidələr, hətta ən dəhşətlisi odur ki, məzarlar da dağıdılaraq talan edilib.

Ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və onların ilkin qiymətləndirilməsi məqsədilə  Arazboyu ərazilərdə aparılan monitorinq və müşahidələr göstərib ki, yaşayış məntəqələrində olmuş bütün evlər, binalar tamamilə dağıdılıb, yolların kənarındakı tut, qovaq, çinar, şam və meyvə ağacları kəsilib, bəzi yerlərdə isə tamamilə yandırılıb. Meşələrdə və yaşıllıq massivlərində qəsdən törədilmiş yanğınlar nəticəsində bitki örtüyü, münbit torpaq qatı və digər canlı aləm məhv edilib.

Erməni vandallığını sübut edən faktlardan biri də keçmiş sovet dövründən xüsusi qorunma statusu olan unikal təbiət abidələri siyahısına daxil edilmiş minillik qədim ağacların qəsdən kəsilməsi və zəngin təbiət tarixinin bilərəkdən silinməsinə şərait yaradılmasıdır. Qubadlı, Füzuli və Cəbrayıl rayonlarının ərazisində yaşı 1600, 900 və 500 il olan Şərq çinarlarının məhv edildiyi müəyyən olunub.

Azad edilmiş ərazilərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən çox tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri erməni vandalizminin qurbanı olub. Tikilmə tarixinə görə dövrünün möhtəşəm mühəndis qurğularından olan, Azərbaycan ilə İranın dövlət sərhədində yerləşən Xudafərin körpüləri işğal edildikdən sonra dağıntılara məruz qalıb. Bu, Ermənistan tərəfindən “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, “Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasət aparmasının göstəricisidir.

İşğal müddətində Azərbaycanın şəhər və kəndlərini bu qədər arxayınlıqla xarabalığa çevirməsində təkcə Ermənistanın özü deyil, həm də arxasında dayanaraq ona dəstək verən ölkələr günahkar sayılır. Çünki Azərbaycan dəfələrlə bu ərazilərin talandığı, müxtəlif məqsədlər üçün istifadə edildiyi barədə dünya ölkələrinə çağırışlar etsə də, əslində, bu vəziyyətdən Azərbaycanın çağırışlarına qədər də məlumatlı olan dövlətlər onun qarşısının alınması üçün heç bir tədbir görməyiblər.

Müharibədən iki gün əvvəl BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxış edən Prezident İlham Əliyev bir daha ermənilərin törətdiyi cinayətlər barədə məlumat verib. Dövlət başçısı nəzərə çatdırıb ki, Ermənistan işğal edilmiş ərazilərimizdə Azərbaycanın tarixi və dini abidələrini dağıdıb. Məqsəd isə orada azərbaycanlıların bütün izlərini silməkdir: “Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar edir və süni ekoloji böhran yaratmaq məqsədilə su ehtiyatlarından istifadə edir. Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edən Ermənistan onları beynəlxalq bazarlara ixrac edir. Bu, qanunsuz biznes fəaliyyəti və çirkli pulların yuyulması sxemidir”.

Milli Məclisin Təbii ehtiyatlar, energetka və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd edir ki, coğrafi baxımdan əsasən dağlıq ərazilərdən ibarət olan Cəbrayıl rayonu özünəməxsus flora və faunaya malik olmaqla təbiət abidələrinin mövcudluğuna görə də xüsusi çəkiyə malik olub. Lakin ermənilər işğal etdikləri ərazilərdə ekoloji vandalizm və soyqırımı həyata keçiriblər. İşğaldan əvvəl rayonda yaşı 400-1700, diametri 60/800 sm olan, təbiət abidəsi sayılan 14 qədim ağac tamamilə məhv edilib. 96 kəhriz və çox sayda bulaqların böyük bir hissəsi dağıdılıb. Meşə fondunun zənginliyi ilə seçilən Cəbrayılın ərazisində palıd, vələs, şah çinar, fıstıq, qovaq ağacları ilə zəngin olan 4629 hektar meşə fondunun 2319,7 hektarı, qeyri-meşə fonduna aid olan 409 (yol və çay qırağı və.s) ağac məhv edilib. Bundan əlavə, faydalı qazıntılarla zəngin 26 mineral xammal yatağından 13-ü qanunsuz olaraq istismar edilib. Bununla həm iqtisadiyyatımıza, həm də Azərbaycanın zəngin flora və faunasına ciddi zərbə vurulub.

Komitə sədrinin sözlərinə görə, hökumətin qarşısında duran ən ümdə vəzifə ekoloji tarazlığın bərpası məqsədilə ərazilərin yaşıllıq zonalarının yenilənməsidir. Lakin təəssüf ki, təbiətimizə vurulmuş bəzi zərərləri aradan qaldırmaq mümkün deyil. Cəbrayılda Azərbaycanın dövlət reyestrinə daxil edilmiş təbiət abidələrinin məhv edilməsini görünməyən vəhşilik sayan S.Qurbanov hazırda həmin ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən monitorinqlərin aparıldığını və ərazinin zəngin təbiətinə vurulmuş zərərin dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını nəzərə çatdırır.

 

“Cəbrayıldakı vəziyyət Xorvatiyadan daha ağrılıdır”

 

Ucsuz-bucaqsız səhraya çevrilən, dağıdılmış Cəbrayılda ermənilər tərəfindən törədilmiş vəhşiliklər bu vandallığı canlı görmək məqsədilə oraya səfər edən xarici diplomatları da dəhşətə gətirib. Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun Cəbrayıla səfəri zamanı burada baş verənləri insanlıqdan kənar əməllər adlandırıb: “Burada məzarları qazıblar. Mən orada ağladım. Bu məzarlıqları görmək kiməsə təsir etmirsə, mən bilmirəm, o insanların vicdanı necədir. Qəbirləri qazıb meyitləri çıxarıblar, bu, insanlıqdan kənar bir hadisədir”.

Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm işğaldan azad olunan torpaqlarda gördüklərindən təsirləndiyini söyləyib. Diplomat yüz ildən artıq yaşı olan qəbirlərin, evlərin darmadağın edilməsini ermənilərin insanlığa sığmayan hərəkətlərinin sübutu olduğunu bildirib.

Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic isə Cəbrayılda törədilən vəhşiliklərin öz ölkəsində baş verənlərdən daha ağrılı olduğunu açıqlayıb: “Bu vəziyyət 30 il əvvəlki Xorvatiyanı xatırladır. Burada bəzi səhnələr daha da ağrılıdır. Xüsusilə qəbiristanlığın tamamilə dağıdılmasını görmək kifayət qədər ağrılı bir səhnədir. Bu kimi hallar onu göstərir ki, belə hadisələr, münaqişələr baş verməməlidir və bir daha bu cür mənzərələri yaşamamalıyıq”.

Cəbrayıla bu yaxınlarda səfər etmiş gürcüstanlı bloqçu Melisa Geladze isə öz təəssüratını belə bölüşüb: “Buraya baş verənləri, real vəziyyəti görmək üçün gəlmişəm. Cəbrayıl böyük ərazisi, əhalisi çox olan rayon olub. Qazılmış, dağıdılmış məzarları gördüm. Mən bilmirəm, bunu necə adlandırmaq olar?! Bilmirəm, bunu hansı xalq edər?! Qəbirdə olanların günahı nədir ki, sümüklərini çıxarırsınız? Təəssüratlarım çox dəhşətlidir”.

Müharibədən sonra - 2020-ci il dekabrın 23-də Qubadlı və Zəngilan rayonlarına səfər edən Prezident İlham Əliyev ermənilərin işğaldan azad edilmiş ərazilərdə törətdikləri vəhşiliklərin heç İkinci Dünya müharibəsi zamanı faşistlər tərəfindən belə törədilmədiyini söyləyib: “Bütün kəndlər dağıdılıb. Bütün kəndlərimiz, tarixi abidələrimiz, dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Bütün dünya bunu görməlidir. Heç İkinci Dünya müharibəsi zamanı faşistlər belə vəhşilik törətməyib. Görün, biz hansı vəhşi düşmənlə üz-üzə idik, biz hansı şər qüvvələri məğlub etdik?! Bölgəmizi, Qafqazı faşistlərdən azad etdik. Bütün bu kəndləri bərpa edəcəyik. Ancaq, ilk növbədə, bütün kəndlər, o dağıntılar sənədləşdiriləcək, uçota alınacaq. Düşmən bu cinayətlərə görə cavab verəcək”.

 

“Azad edilmiş torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlayıb”

 

Prezident İlham Əliyev işğal altında olan tarixi torpaqlarımızı Ermənistana güzəştə getməyəcəyimizi dəfələrlə açıq şəkildə bəyan etmişdi. Cəbrayılın Cocuq Mərcanlı kəndinin, Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi zamanı isə Ermənistana və onun havadarlarının nəzərinə bir daha çatdırıldı ki, Azərbaycan işğalla barışmaq fikrində deyil, ölkəmiz bu torpaqları hərb yolu ilə almaq gücünə malikdir. Hələ müharibədən əvvəl Azərbaycanın Lələtəpə yüksəkliyini çox qısa zaman ərzində işğaldan azad etməsi bu gücün yenilməzliyini bir daha təsdiq etdi.

Lələtəpə yüksəkliyinin alınmasında iştirak edən Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şükür Həmidov (Vətən müharibəsi zamanı Qubadlı döyüşlərində həlak olub) bu əməliyyat haqqında danışarkən ermənilərin hərbçilərimizin gücünü gördükdən sonra qorxaraq qaçmağa başladığını söyləmişdi: “2016-cı il aprelin 1-i ön xətdə döyüş növbətçiliyi aparan bölmələrimizə düşmən qəfil hücum etdi. Şəxsi heyətimiz düşmənin müqavimətini qırdı. Düşmən müqavimət göstərməyə çalışsa da, döyüşçülərimizin gücünü gördükdən sonra əlindəki silahını atıb pərakəndə şəkildə qaçmağa başladı. Ermənilər təşviş içində idi. Bölmələrimiz əks-hücum ilə düşməni geri otuzdurdu, Lələtəpə yüksəkliyi və ətraf bölgələr düşməndən tamamilə azad edildi. Çox gözəl bir tarixi an yaşandı. Ordumuzun gücü, şəxsi heyətin döyüş ruhu ortaya çıxdı. Düşmənə və havadarlarına sübut olundu ki, Azərbaycan Ordusu 1990-cı illərdəki ordu deyil və ordumuzun vahid komandanlığı, orduda xidmət edə biləcək peşəkar zabitlər var. Əsgərlərimiz, döyüşçülərimiz böyük rəşadət göstərdilər. Lələtəpə yüksəkliyinə üçrəngli bayrağımızı sancdılar”.

Cocuq Mərcanlıya işğaldan sonra qayıdan həyat həm də Azərbaycanın Böyük Qayıdışının başlanğıcı idi. Prezident İlham Əliyev 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində Cocuq Mərcanlının bizim yenilməz iradəmizin rəmzi olduğunu bir daha nəzərə çatdırıb: “Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır”.

 

Cəbrayıl döyüşlərinin hərbi əhəmiyyəti

 

Cəbrayıl əməliyyatlarının uğurla başa çatmasında Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi mühüm rol oynadı.

Hərbi ekspert, mayor Ədalət Verdiyev hesab edir ki, Cocuq Mərcanlı və Lələtəpə yüksəkliyinin azad edilməsi Azərbaycan Ordusu üçün Araz çayı ərazisi boyunca uğurlu əks-hücum əməliyyatlarının həyata keçirməsi üçün mühüm bir plazdarm yaratmış oldu. Bu plasdarm, eyni zamanda, Füzuli və Cəbrayıl rayonları arasındakı magistral yolu daim atəş altında saxlamağa imkan verirdi. Bu isə düşmənin öz ehtiyatlarını döyüşə cəlbetmə cəhdlərinin qarşısının alınması üçün çox vacib idi. Ümumilikdə Cəbrayıl rayonunun azad edilməsi Azərbaycan ilə İran arasındakı dövlət sərhədinin bərpa olunmasında, eyni zamanda, Xocavənd rayonunun cənub kəndlərinin, ermənilər üçün böyük əhəmiyyət kəsb edən, xüsusi strateji mövqeyə malik olan Hadrut qəsəbəsi istiqamətində hücumlarımızın davam etdirilməsi üçün münbit şərait yaratdı: “Cəbrayıl rayonunun inzibatı mərkəzinin və 80 kəndinin azad edilməsi zamanı Azərbaycan Ordusu bir çox uğurlu əməliyyatlar həyata keçirdi. Soltanlı və Əmirvarlı, Dağ Tumas yüksəklikləri uğrunda çox gərgin və intensiv döyüşlər getdi. Bu ərazilərin azad olunmasında Azərbaycan Ordusunun quru qoşunları ilə bərabər, Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri də ciddi nailiyyətlər əldə etdilər”.

Ə.Verdiyevin sözlərinə görə, əgər Cəbrayılın Nüzgar və Böyük Mərcanlı kəndləri 27 sentyabrda, yəni əməliyyatların ilk günündə azad edilmişdisə, sonuncu kəndləri - Yanarhac və Yuxarı Məzrə kəndləri 7 noyabrda - Ermənistanın kapitulyasiya aktını imzalamamışdan iki gün əvvəl azad olunmuşdu. Bu isə onu göstərir ki, müharibənin başladığı ilk gündən son günədək Cəbrayıl ərazisində müxtəlif istiqamətlərdə - həm Hadrut, həm Xocavənd, həm Qubadlı istiqamətində yerləşən kəndlərin işğaldan azad edilməsi üçün əməliyyatların aparılması davam etdirilib.

Cəbrayıl rayonunun azad edilməsi üçün döyüşlərin uzun müddət davam etməsi onun kəndlərinin sayının çoxluğu, ermənilərin bu istiqamətdə kifayət qədər ciddi mühəndis-istehkam qurğularına malik olması ilə əlaqələndirilir. Müharibə zamanı Azərbaycan Ordusu Cəbrayıl rayonu ərazisində düşmənə kifayət qədər ciddi zərbələr vurub, ona aid olan silah, sursat, texnika və digər avadanlıqları qənimət olaraq ələ keçirib. Həmin qənimətlərdən bir hissəsi hazırda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Digər bir hissəsi isə Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin özünə qarşı istifadə olunur.

 

Sərhəddə aparılan əməliyyatların müəyyən təhlükəsi var

 

Cəbrayıl rayonunun cənubdan Araz çayı boyunca İranla həmsərhəd olması onun strateji əhəmiyyətini daha da artırır. Cəbrayılda aparılan döyüş əməliyyatlarının bir hissəsinin həmsərhəd ərazidə aparılması məsələsinə toxunan keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirir ki, belə əməliyyatların müəyyən təhlükəsi var. Çünki müəyyən təxribatlar baş verə bilər. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin düzgün idarəetmə siyasəti Cəbrayıl döyüşlərinin də uğurla başa çatmasına səbəb oldu.

Onun fikrincə, düzgün idarəetmə siyasəti Azərbaycanı nəinki Cəbrayıl döyüşlərində, eləcə də bütün döyüşlərdə qələbəyə apardı: “Bu idarəetmənin başında Prezident, Ali Baş Komandan İlham Əliyev dayanırdı. Müharibədə gördük ki, həm ordumuz, həm iqtisadiyyatımız, həm cəmiyyətimiz müharibəyə hazır vəziyyətdədir. İnsanların öz övladlarını müharibəyə necə yüksək əhvali-ruhiyyə ilə yola saldığının şahidi olduq. Hərbçilər arasında böyük ruh yüksəkliyi yaşanırdı. Bu, böyük bir təbliğat işinin nəticəsi idi. Hərbi əməliyyatlar getdiyi zaman mülki əhalinin çətinliklər görməsinə imkan verilmədi - nə qaz kəsildi, nə işıq söndü, nə də ərzaq təchizatında problem yarandı. Bütün bu kompleks yanaşmanın əsasında düzgün idarəetmə dayanırdı”.

T.Zülfüqarov Cəbrayıl döyüşləri zamanı İranda yaşayan azərbaycanlıların verdiyi dəstəyi də xüsusi qeyd etdi: “Azərbaycan üçün o vaxtlar bu dəstəyi nümayiş etdirən videokadrlar çox önəmli idi. Orada yaşayan insanlar Arazın bu tayında gedən uğurlu döyüşləri sevinclə izləyirdilər. Təbii ki, bu mənəvi dəstək bizim üçün çox vacib idi”.

Politoloq əlavə edir ki, Cocuq Mərcanlı və Lələtəpə yüksəkliyinin azad edilməsi, əslində, böyük Qayıdışın artıq başladığını göstərirdi. İnsanlar uzun müddətdən sonra ilk azad edilən ərazilərdə yaşamağa başladılar. Bu da yeni tarixi dövrün birinci səhifəsi idi.

 

Erməni vəhşiliyinin günahkarı həm də beynəlxalq qurumlar və havadarlarıdır

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edir ki, Cəbrayılın iqtisadi baxımdan da potensialı kifayət qədər yüksəkdir. Bu rayonda vaxtilə baramaçılıq, xalçaçılıq (ayrıca Cəbrayıl xalça məktəbi var), xüsusi ilə “Qasımuşağı”, “Kürd”, “Qaraqoyunlu”, “Bəhmənli” adlı xovlu, zili, çuval, çul, məfrəc, heybə, xurcun, vərni, asmalıq, palaz, kilim, cecim kimi xovsuz xalçaları ilə məşhur olub. İşğaldan əvvəl Cəbrayılda 5 ipək fabriki olub. Rayon əhalisi o dövrdə, əsasən, üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olub. İşğaldan əvvəlki illərdə rayonda 60 min tondan çox üzüm istehsal olunurdu. Rayonda tikiş, xalça, cihazqayırma sexləri və müxtəlif sənaye obyektləri fəaliyyət göstərirdi.

C.Məmmədov qeyd edir ki, ermənilər Cəbrayılın bütün infrastrukturunu - məktəblərini, bağçalarını, xəstəxanalarını, fabriklərini, klublarını, tarixi abidələrini, məscidlərini və s. dağıdaraq, yerləyeksan edib. Onlar işğaldan əvvəl Cəbrayılda olan 5 tarixi əhəmiyyətə malik məscid binasını da barbarcasına dağıdıblar: “Hətta ürəkləri soyumayıb qəbirlərimizi də deşiblər. Bu, bir daha ermənilərin necə vəhşi və xəyanətkar bir millət olduğunu göstərir. Dünya isə hər zaman olduğu kimi, yenə də bu vəhşiliyə qarşı biganədir”.

Deputat deyir ki, insan hüquqlarından və demokratiyadan bəhs edən qurumlar özlərini görməzliyə vuraraq yenə dünyaya ədalət dərsi keçməyə çalışırlar. Ermənilər belə biganəlik və laqeydlikdən bəhrələnib yeni vəhşiliklər törətməyi planlaşdırırlar. Bu vəhşiliyin günahkarı həm də beynəlxalq qurumlar və ermənilərin havadarlarıdır: “Ancaq bütün bunlar bizim doğma dədə-baba yurdumuza qayıtmağımıza mane ola bilməz. Artıq bölgədə böyük quruculuq işlərinə başlanılıb. Yeni baş planlar hazırlanır, avtomobil və dəmir yolları çəkilir. Biz hər zaman böyüyüb boya-başa çatdığımız, dədə-baba torpağımız olan Cəbrayıla qayıtmaq arzusu ilə yaşamış, o günün çin olacağına qəti inam bəsləmişik. Artıq Vətən həsrətinə son qoyulub, bu gün nəhayət ki, yurd həsrətində olan ürəklərimiz yüngülləşir. Artıq bu qələbə günlərinin sevinci ilə yaşayırıq. Biz əminik ki, tezliklə öz yurdumuza qayıda biləcəyik. O gün uzaqda deyil!”

Deputat nəzərə çatdırır ki, Cəbrayıl işğaldan azad olunduqdan sonra bölgənin iqtisadi inkişafı üçün yeni imkanlar yaranıb. Artıq bir sıra layihələr üzərində işlər uğurla həyata keçirilir. Bölgənin relyefi, yerləşdiyi ərazi turizm üçün yeni imkanlar açır. Günəş enerjisindən istifadə, kənd təsərrüfatının inkişafı, yeni istehsal müəssisələrinin yaradılması üçün geniş imkanlar var.

...Cəbrayıl şəhərinin alınmasından sonra Vətən müharibəsi hələ 36 gün davam edəcəkdi. Yeni hədəflər üçün qanlı döyüşlər gedəcək, zəfər daha da yaxınlaşacaqdı.

Nəhayət, Qarabağ tam Azərbaycan olacaqdı!

Və oldu da...

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video