26 Oktyabr 2021 02:07
846
SİYASƏT
A- A+

26 oktyabr

 

Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08:00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir.

***

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi “İnstaqram” səhifəsində paylaşım edir:

“Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

***

Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozur.

Saat 08:05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini və Tərtərin, Ağdamın kəndlərini artilleriya atəşinə tutur.

***

Prezident İlham Əliyev xalqa növbəti dəfə müraciət edir. Dövlət başçısı Azərbaycan Ordusunun düşməndən azad etdiyi məntəqələrin siyahısını elan edir:

“Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!”

Prezident deyir ki, düzdür, azad edilmiş məntəqələrdə bir şey qalmasa da, Azərbaycan  öz doğma yurd yerlərini yenidən bərpa edəcək. Buna Azərbaycan xalqının da, dövlətinin də gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın:

“Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!

Mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

***

“Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır”.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.

***

Prezident İlham Əliyev İtaliyanın “Rai-1” televiziya kanalına müsahibə verərək Ermənistanın növbəti təxribatlarını açıqlayır.

Prezident deyir ki, atəşkəs hər dəfə Ermənistan tərəfindən pozulur. Bunun xronologiyası  da var: “Onlar təyin edilmiş atəşkəs saatından düz 2 dəqiqə sonra atəşkəsi pozdular. Bu gün saat 08.00-dan yeni atəşkəs qüvvəyə minib. İndi Bakıda səhər saat 10.00-dır. Saat 8-dən təxminən 3-4 dəqiqə sonra Tərtər şəhərinə yenidən bir neçə mərmi atılıb. Biz buna cavab vermirik. Ümid edirik ki, bu, təsadüfən olub. Lakin əgər bu, davam etsə, təbii ki, biz adekvat cavab verməyə məcbur olacağıq”.

Dövlət başçısı bir daha sülh razılaşmasının hansı şərtlər əsasında mümkün ola biləcəyini açıqlayır. Bildirir ki, Ermənistan tərəfindən də xoş məram göstərilməlidir. Əgər belə olsa, Azərbaycan Prezidentinin dediyi olacaq: “Əgər olmasa, biz hər bir halda bu torpaqları qaytaracağıq. Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nəyin bahasına olsa, qaytaracağıq. Ya dinc yolla, ya da müharibə yolu ilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistan rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır”.

***

Saat 18:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini atəşə tutur. Dağıntılar və yaralananlar var.

***

Müdafiə Nazirliyi işğaldan azad olunmuş Qubadlı şəhərindən və rayonun Xanlıq, Padar kəndlərindən videogörüntülər yayır.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video