20 Oktyabr 2021 00:46
1400
SİYASƏT
A- A+

25 gündə 27 illik işğala son qoyuldu

 

İlham Əliyev Zəngilanı bölgənin mühüm nəqliyyat-logistika qovşağına çevirir

 

Vətən müharibəsinin 25-cü günüdür...

Bütün cəbhəboyu ərazilərdə hələ də gərgin döyüşlər gedir, işğal etdiyi torpaqlarımızdan geri çəkilmək istəməyən düşmən ciddi müqavimət göstərir...

Azərbaycan Ordusu üzərinə düşən şərəfli missiyanı yerinə yetirir. Bəzən bir yaşayış məntəqəsinin alınması üçün günlərlə qanlı döyüşlər aparılır. Təbii ki, 30 ilə yaxın müdafiə istehkamlarının qurulduğu, çətin relyef şəraiti olan bu torpaqların azad edilməsi heç də asan deyil. Hər yaşayış məntəqəsinin azad edilməsi böyük əzm, rəşadət tələb edir...

Amma bu çətin şəraitə baxmayaraq, hər gün üçrəngli bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Həyəcanverici, qürurla dolu olan bu günlərin hər birində yeni tarix yaradılır: hər gün Azərbaycan bayrağı yeni bir kənddə, yeni bir yüksəklikdə dalğalanır, qələbə xəbərləri bir-birini əvəz edir. İllərlə həsrətində olduğumuz bütün Qarabağ torpağının, havasının qoxusunu ciyərlərimizə doyunca çəkəcəyimiz günün çox yaxında olacağına hər kəs inanır. Ötən günlər ərzində şəhidlərimiz olsa da, bu, döyüş meydanındakı üstünlüyümüzə zərrə qədər təsir etməyib. Düşmən ona məxsus olmayan bu torpaqlardan qorxaraq qaçır, igidlərimiz isə Vətən uğrunda hər gün daha da irəli gedir.

2020-ci il oktyabrın 20-sidir...

Müzəffər Ali Baş Komandanımız xalqa müraciətində növbəti qələbə müjdəsini çatdırır: “Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir! Əziz xalqım, əziz zəngilanlılar, füzulililər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk.

Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!”

 

1400 ilə yaxın yaşı olan qədim türk torpağı

 

Azərbaycanın cənub-qərbində Ermənistan və İranla sərhəddə yerləşən Zəngilan rayonu strateji cəhətdən böyük əhəmiyyət kəsb edən mövqedə yerləşir. Tarixi məlumatlar azad edilmiş digər ərazilər kimi Zəngilanın da qədim Azərbaycan torpağı olduğunu sübut edir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə qoyulub. Deməli, Zəngilanın təqribən 1400 ilə yaxın yaşı var.

Tarix üzrə fəlsəfə doktoru Elçin Vəliyev bildirir ki, Zəngilan tarixən türk tayfalarının məskunlaşdığı ərazi olub. Rayonun toponimi də bunu birmənalı şəkildə təsdiq edir. Zəngilanın adı burada yaşayan türk tayfalarının - əvvəllər adı “sanqi” şəklində yazılan zəngilərin adından götürülüb. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngi çayı da vaxtilə öz adını ərazidə məskunlaşmış zəngi boyundan alıb. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngibasar) bölgəsində yaşayıblar. Ümumiyyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılıb. Zəngilər haqqında Asur mənbələrində də məlumat verilib. Asur qaynaqları zəngilərin, eyni zamanda, Urmu gölündən aşağıda yaşadığını açıqlayıb.

E.Vəliyev əlavə edir ki, Zəngilan rayonunun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati  bölgülərə məruz qalıb. 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə idi. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən, Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.

Tarixçi alim xatırladır ki, 1929-cu ildə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri, 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycandan alınıb Ermənistana bağışlanıb. Son iki yüz ildə vahid sərhədə malik olmayan Zəngilan 1930-cu ilin avqust ayının 8-də müstəqil rayon kimi formalaşıb və onun dəqiq müəyyən olunmuş ərazisi olub. 1967-ci ildə Zəngilana şəhər statusu verilib.

Rayon 1993-cü ilin oktyabr ayında Ermənistan qoşunları tərəfindən işğal olunub. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 60 gündən çox tam mühasirə şəraitində ermənilərlə vuruşublar. Zəngilanın işğala məruz qalan ən sonuncu rayon olduğunu söyləyən Elçin Vəliyev vurğulayır: “Nəhayət, 27 ildən sonra Zəngilan düşmən tapdağından xilas oldu. Oktyabrda işğal edilən Zəngilan elə oktyabrda da işğaldan azad edildi. Çox xoşbəxtik ki, möhtərəm Prezident İlham Əliyev bizə bu möhtəşəm tarixi yaşamağı qismət etdi. Mən bütün zəngilanlılar adından cənab Prezidentə təşəkkür edirəm. Dövlət başçısı bizə bu xoşbəxtliyi özünün qətiyyətli, məqsədyönlü siyasəti nəticəsində bəxş etdi”.

 

Zəngilandan sonra yol Qubadlıya idi

 

Füzulinin, Cəbrayılın işğaldan azad edilməsindən sonra başlanılan Zəngilan döyüşləri Vətən müharibəsinin ən uğurlu, düşmənin ən çox itki verdiyi və uzun müddət davam edən hərbi əməliyyatlarındandır. Ümumilikdə, Zəngilan rayonunun bütün ərazisi uğrunda döyüşlər müharibənin son gününədək aparılıb və 9 noyabrda rayonun 6 yaşayış məskəni azad edilib. Vətən savaşında Zəngilanın şəhər mərkəzi, 3 qəsəbəsi və 52 kəndi düşmən tapdağından xilas edilib.

Azərbaycan Ordusunun Ali Baş Komandanın əmrləri ilə apardığı Zəngilan əməliyyatlarının ilk mərhələsi oktyabrın 18-də başlayıb, iki gün sonra - oktyabrın 20-də uğurla başa çatıb. Oktyabrın 22-də isə rayonun Ağbənd qəsəbəsinin azad edilməsi ilə Arazboyu hərbi əməliyyatlar yekunlaşıb. Bununla da Azərbaycan-İran sərhədi tam nəzarətə götürülüb. Zəngilan uğrunda uğurla aparılan döyüşlər böyük əzmkarlıqla döyüşən Azərbaycan Ordusunu daha irəliyə - Qarabağın cənubuna, Zəngilanın kəndlərinə və Qubadlı rayonu ərazisinə doğru istiqamət götürməsinə imkan yaradıb.

Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Zəngilanın azad edilməsi üçün oktyabrın 18-dən başlayan döyüşlərə, əsasən, Azərbaycan Sərhəd Qoşunlarının komandanlığına tabe olan hərbi hissə və bölmələr cəlb edilmişdi. İki gün davam edən gərgin döyüşlərdən sonra Zəngilan şəhəri düşmən işğalından tamamilə azad edilib. Zəngilanın azad edilməsi ilə Azərbaycan həm İranla, həm də Ermənistanla olan dövlət sərhədlərini bərpa etməyə nail olub.

Ekspertin fikrincə, Zəngilanın ərazisində hazırda inşa edilən müxtəlif təyinatlı obyektlər, rayon və respublika əhəmiyyətli yollar, o cümlədən hava limanı bu rayonda fəaliyyət göstərən və sərhədlərin təhlükəsizliyini təmin edən strukturların fəaliyyətinə müsbət təsir edəcək: “Zəngilandakı hava limanından həm də hərbi yüklərin daşınması üçün istifadə ediləcək. Rayonun digər qonşu rayonlarla əlaqəsini təmin edəcək magistral yolların inşası isə Silahlı Qüvvələrin həm Qarabağ, həm də Şərqi Zəngəzur ərazisində manevr imkanlarını genişləndirəcək. Dövlətimizin apardığı uğurlu fəaliyyət nəticəsində düşmənin 27 il ərzində tamamilə xarabaya çevirdiyi Zəngilan rayonu yaxın illərdə beynəlxalq əhəmiyyətə malik nəqliyyat və logistika mərkəzlərindən birinə çevriləcək”.

 

Zəngilan Böyük qayıdış proqramının başlanğıcını formalaşdıracaq

 

İndi təkcə zəngilanlılar deyil, bütün məcburi köçkünlər Böyük qayıdışın astanasındadırlar. Zəngilan işğaldan azad edilmiş rayonlar arasında yenidənqurma işlərinə ən tez başlanılan ərazilərdəndir. Artıq Qubadlı, Kəlbəcər, Laçınla yanaşı, Zəngilanın da baş planı hazırlanır. Yenidənqurma işlərinin ən innovativ layihələr əsasında həyata keçirildiyi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən “Ağıllı kənd” pilot layihəsi icra edilir. Layihə əsasən, 5 komponent - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri üzrə reallaşdırılır. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub.

İşğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanı da Zəngilandadır. Laçın, Füzuli hava limanları kimi, Zəngilan hava limanının da inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına səbəb olacaq. Bu hava limanları yükdaşıma, sərnişin xidmətləri göstərməklə yanaşı, hərbi məqsədlər üçün də istifadə ediləcək. Bütün bu işlər yalnız Azərbaycan dövlətinin vəsaiti hesabına, başqa ölkələrdən heç bir kredit götürülmədən icra edilir. Dövlət başçısının düşünülmüş iqtisadi siyasəti bu gün dövlətə Qarabağ və ətraf rayonlarda yenidənqurma işlərini öz maliyyə imkanları hesabına aparmağa imkan verir. Çünki Azərbaycan ötən illər ərzində yalnız ordunu gücləndirmək üçün maliyyə resursları yaratmayıb. Düşməni gec-tez torpaqlarımızdan qovacağına əmin olan Azərbaycan hələ müharibə başlamamışdan əvvəl azad ediləcək ərazilərdə quruculuq, bərpa işlərinin aparılması üçün maliyyə resursları yaratmaqla postmüharibə dövrünə hazırlaşıb.

Erməni qəsbkarlarının tamamilə dağıtdığı Zəngilan bu gün yenidən qurulmaqla ona qovuşmaq arzusunda olan sakinlərinin görüşünə hazırlaşır. Dövlətimizin maliyyə dayanıqlığı, görülən işlərin sürəti Zəngilan köçkünlərinin tezliklə öz doğma yurdlarına qayıdacağına təminat verir.

Prezident İlham Əliyev artıq zəngilanlılara şad xəbər verərək bu rayona ilk köçkünlərin qısa müddətdə köçəcəyini açıqlayıb: “Zəngilan rayonundakı “smart village” - “ağıllı kənd” kimi nöqtəvi layihələr var. İndi digər rayonların hərəsində bir pilot layihə həyata keçirəcəyik ki, insanları qaytara bilək. Mən vaxt müəyyən etmək istəmirəm, lakin düşünürəm ki, - düşünürəm yox, lap dəqiq deyirəm, - Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər. Başqa kəndlərə də bir il müddətində köçmək olar. İri şəhərlərin bərpası isə yəqin ki, vaxt tələb edəcək, lakin biz bunu mərhələli şəkildə planlaşdıracağıq. Tikinti, məskunlaşma mərhələli şəkildə aparılacaq. Amma bu da çox mürəkkəb işdir, təkcə tikinti baxımından deyil, logistika, insanların iş ilə, dolanışıq vasitələri, torpaq sahələri, texnika ilə təmin edilməsi - bunlar, çox böyük həcmli işlərdir, onu öz vəsaitimiz hesabına yerinə yetiririk, biz hər hansı kreditlər üçün müraciət etməmişik, əgər kimsə kömək etmək istəsə, əlbəttə, şad olarıq, istəməsələr, bu işləri özümüz görməliyik”.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyir ki, Zəngilan rayonu çox yaxın zamanlarda Böyük qayıdış proqramının başlanğıcına çevriləcək: “Azad edilmiş ərazilərimiz arasında ilk məskunlaşdırmanın aparılacağı rayonlardan birinin Zəngilan olacağı gözlənilir. Zəngilan həm də “ağıllı kənd” modelində qurulan ilk pilot rayon olacaq. Artıq bu rayonda “ağıllı kənd”in qurulması işləri başa çatmaq üzrədir”.

Zəngilanın iqtisadi potensialının geniş olduğunu nəzərə çarpdıran deputat rayonda bunun üçün kifayət qədər resursların olduğunu söyləyir. İqtisadçı əlavə edir ki, təbii ehtiyatlarına görə Azərbaycanın seçilən bölgələrindən olan Zəngilanda qızıl, mis və digər faydalı qazıntı yataqlarının olması bu rayonun sənaye məhsullarının istehsal potensialını xeyli artırır. Zəngilanda təkcə sənaye üçün deyil, həm də kənd təsərrüfatının inkişafı üçün əlverişli imkanlar var. Hələ işğaldan əvvəlki dövrlərdə bu rayonda heyvandarlıq, o cümlədən aqrar sektor inkişaf edərək iqtisadiyyatda xüsusi paya malik ola bilib. Ona görə də Zəngilanı kənd təsərrüfatı baxımından da vacib rayonlardan birinə çevirmək olar.

Vüqar Bayramov Zəngilanın geniş turizm potensialının olması qənaətindədir: “Zəngilanın təbiəti kifayət qədər cəlbedicidir. Bu rayonda həm qış, həm də yay turizmi üçün imkanlar var. Zəngilandakı dini, mədəni, hətta müalicəvi turizm imkanlarının mövcudluğu bu rayonun turizm potesialının geniş olmasından xəbər verir”.

Artıq Zəngilanın bərpa və yenidənqurma mərhələsinə qədəm qoyduğunu nəzərə çatdıran iqtisadçı rayonda infrastrukturun, xüsusilə nəqliyyat və logistika infrastrukturunun formalaşdırılması işlərinin həyata keçirildiyini açıqlayır.

Onun sözlərinə görə, Horadiz-Cəbrayıl-Ağbənd dəmir yolu xətti Zəngilanı Azərbaycanın dəmir yolu xəttinə inteqrasiya edəcək. Eyni zamanda yeni çəkilən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olacaq. Bu yol Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Bu baxımdan həmin yol Zəngilanın infrastrukturunun yenidənqurulmasında çox böyük əhəmiyyət kəsb edir. Bu infrastruktur logistik baxımdan da olduqca vacibdir. Digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Zəngilanın nəqliyyat və logistik imkanlarının daha çox istifadəsinə imkan verəcək. Çünki bu gün Zəngilan rayonunda formalaşan infrastruktur, eyni zamanda, Zəngəzur dəhlizinə inteqrasiya olunacaq ki, bu da rayonun strateji əhəmiyyətini artıracaq faktorlardan biridir”.

İşğal dövründə Zəngilan ermənilərin məskunlaşdığı ərazilərdən olub. Prezident İlham Əliyevin də dediyi kimi, indiyədək ermənilər bizim evlərimizdə yaşayıblar. Bundan sonra öz evlərimizdə özümüz yaşayacağıq.

Biz ermənilərin viran qoyduğu bu torpaqlara çox qısa zamanda yenidən həyat verəcəyik. Azərbaycanın səfalı məkanlarından olan Zəngilan rayonu tezliklə yenidən qurulacaq, bərpa ediləcək. Çox tezliklə burada tikilən evləri bu torpağın əsl sahibi olan Azərbaycan ailəsinin ocağı qızdıracaq. 30 il əvvəl olduğu kimi, yenə də bu torpaq üzərində Azərbaycan körpəsi böyüyəcək, bu torpağı onu bərəkətli edən, sevgisini ondan əsirgəməyən zəhmətkeş Azərbaycan kəndlisinin alın təri isladacaq, Azərbaycan müəllimi öz şagirdlərinə Qələbə tariximizi burada tikiləcək məktəblərdə öyrədəcək.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video